"Qağayı
ilə göndərilən
məktub"a 9 il sonrakı "sözardı"
"Rumın yazıları" kitabından
Arkadi Suçevyanu
(1952; rum.: Arcadie Suceveanu) - müasir Moldova ədəbiyyatının görkəmli nümayəndəsi,
şair, tərcüməçi, esseistdir.
"Literatura
Artistica" (Hyperion) nəşriyyatının (1979-1990)
redaktoru və baş redaktoru olub; 1990, 2010-cu illərdə
Moldova Yazıçılar İttifaqının sədrinin
müavini - icraçı direktoru vəzifəsində işləyib,
2010-2021-ci illərdə Moldova Yazıçılar
İttifaqının sədri olub. 2005-2013-cü illərdə
Rumıniya Yazıçılar Birliyi Kişinyov filialına rəhbərlik
edib, Moldova Pen Təşkilatının yaradıcısı və
üzvüdür. "Mənim adım sözdür"
(1979) kitabı ilə poetik debüt edib; "Tarazlıq
sahili" (1982), "Minilliyin sonundakı müraciət"
(1987), "Qolqof arxivləri" (1990), "Əbədi
Danimarka" (1995), "Varlıqlar, kölgələr,
epifaniyalar" (2011), "Erazmın surətləri" (2016)
və başqa şeir kitablarının, "Maqdeburq
yarımkürəsi" (2005), "Öldürücü
gözəllik" (2012) və başqa esse kitablarının
müəllifidir. Əsərləri dünyanın bir
çox dillərinə çevrilib. Şeirləri
"Ədəbiyyat qəzeti", "Dünya ədəbiyyatı"
dərgisində nəşr edilib. 2017-ci ildə
"Qağayı ilə göndərilən məktub"
şeirlər kitabı (bilinqva nəşr) Bakıda
işıq üzü görüb. Moldova Milli
Mükafatına (1998), Rumıniya Akademiyasının
Mükafatına (1997), dəfələrlə Moldova (1987, 1995,
1999, 2000, 2002) və Rumıniya Yazıçılar Birliyinin
(2015) ödüllərinə layiq görülüb.
Bu saydan etibarən Səlim Babullaoğlunun "Rumın
yazıları" kitabından ilk yazını - Arkadi
Suçevyanu barədə məqaləsini təqdim edirik.
Səlim BABULLAOĞLU
Həmişə
yenilik axtarışında olan insan ədəbiyyatdan, amma
xüsusən, hisslərin və düşüncələrin
sıxılmış, qatı təzahürü olan poeziyadan
yenilik gözləyirsə də, oxu, mütaliə prosesində
daha çox ona tanış olan məqamlara, yaşantılara,
"mən də bu cür fikirləşmişdim", "mən
də bunu və bu cür hiss etmişəm"
pıçıltısıyla sevinir. Litva şairi Antanas
Yoninasın təxminən, sitat etdiyim, çoxları kimi, mənim
də bölüşdüyüm bu fikrinin çoxlu səbəbləri
var, biri, bəlkə də ən əsası budur ki, insan həmişə
özünü başqa biri ilə tutuşdurmaq, öz
nüsxəsini tapmaq, görmək istəyir; bu, tənhalıqdan,
yadlaşmaqdan özünü qorumaq instinktidir.
Postmodernizmin çoxlu xüsusiyyətləri
və alətləri var: fraqmentarlıq,
müəllifsizlik, ironiya, sitatlılıq və sair və
ilaxır. Amma postmodernizmin fəlsəfəsinin əsas tezisi,
yaxud bu cərəyanın hərəkətverici qüvvəsi,
ideyası yalnız birdir: o inkişafa şübhəylə
yanaşır, özünəqədərki bütün nəzəriyyələri
və irsi, o cümlədən, ədəbi nümunələri,
fikir tarixinin "yazılı nailiyyətləri"ni
böyük sual işarəsi ilə sorğulayır;
çünki bütün cərəyanlar, "izm"lər
dalana dirənib, bəşər isə xilas olmayıb.
Rumın
şair, moldovalı ədib Arkadi Suçevyanu eyni qədər
güclü lirik və intellektual, "nihilizm"dən uzaq
postmodern poeziya nümunələri yaradan, görkəmli
şairdir. Və bütün yaxşı şairlər kimi, o
eyni zamanda həm əvvəlki irsə, xüsusən, milli və
dünya ədəbiyyatının şah nümunələrinə
"münasibət bildirərək" yazır;
özünü də, sakini olduğu, aid olduğu
çağdaş dünyanı da həmin dünyanın əski,
ölməz bədii inikası olan əsərlərin qəhrəmanları
ilə tutuşdurur. "Hamlet bizə Danimarkada da
çürümə var demək üçün yenidən
qayıdır..." epiqrafı ilə qələmə
aldığı "Yeni Danimarka" şeiri şairin ana
dilimizdə, Bakıda nəşr olunan "Qağayı ilə
göndərilən məktub" (əslində kitab Azərbaycan
və rumın dilindəki bilinqva topludur) kitabında xüsusi
yer tutur, yuxarıda söylədiyim məziyyətlərilə
ən parlaq nümunədir.
Klavdinin
hökmranlığı altındakı
Danimarka çürüyür (
"Something is rotten in the state of Denmark"), siyasi və mənəvi-əxlaqi
çöküş hökm sürür ki, bunu bizə Marsel
(Marcellus) deyir, Şekspir deyir. Suçevyanu isə ironiya ilə
"burda hər şey əladır, hətta bəlkə də
alidir" söyləyir, yəni çürümənin
normaya çevrildiyindən bəhs edir, bunun yüksək bir dəyər
kimi qəbul edilməsindən söz açır.
Şekspirin Hamleti tərəddüd
edir, təşviş içindədir,
özünü "olum, ya ölüm" deyə
sorğu-suala çəkir, ruhani-mənəvi saflıq, haqq-ədalət
axtarırsa, Suçevyanunun şeirində "Şahzadə
daha öz-özünü sorğu-suala çəkməyə
aludə deyil - bütün hallarda bunun bir mənası
qalmayıb", - deyir və mənəvi
narahatlığın, çək-çevirin, ciddi
sualların çağdaş dünyada faydasız, mənasız
hesab edildiyini göstərir. Hətta o həddə ki,
"Poloni "Ofeliyanın göz yaşları" MMC-nin
direktorudur, Yorikin kəlləsi məktəbdə əyani vəsaitdir";
dünyada ironiya, Orxan Vəlinin diliylə desək,
"nüks edir".
İngilis yazıçısı Culian Barns Şekspirə də tez-tez müraciət
etdiyi "Zamanın uğultusu" romanında
(Şostakoviçin həyatından bəhs edən növbəti
şedevrində) "Sarkazm - qəlbini itirmiş
ironiyadır" yazır.
Suçevyanunun şeirində bütün
bu dərin (!) ironiyaya rəğmən qəribə
bir sızıltı hiss edirsən; fikrimcə, bu
sızıltı həm də Arkadie Suçevyanunun
"ağıllı qəlbi"nin
sızıltısıdır, sarkazma çevrilməyib,
çevrilməyəcək.
Xatırlayıram, tərcüməyə başlayar-başlamaz (biz "Qağayı ilə
göndərilən məktub" toplusunu Qismət Rüstəmovla
bərabər çevirmişdik) və həmin şeiri ilk dəfə
oxuyanda məhz yuxarıda söylədiyim bir əsas
(özünü aid olduğu dünyanın əski, ölməz
əsərlərinin qəhrəmanları ilə
tutuşdurmaq kimi ) keyfiyyətinə görə Boris
Pasternakın "Hamlet", Kamal Abdullanın "Beyrəyin
kafir qızı ilə vidalaşıb əsirlikdən
qaçması", Zbiqnev Herbertin "Qoca Prometey"
şeirlərini xatırlamışdım.
Pasternakın "özü ilə
arasında bərabərlik işarəsi
qoyduğu" Hamleti (o Hamlet ki, şeir onun dilindən "nəql
olunur") , daha çox öz faciəsini (yəni fərdin,
şəxsin faciəsini), sistem və cəmiyyət
içində fərdi təklənmişliyi ifadə edirdisə,
Suçevyanunun şeirində bilinməz, məchul,
üçüncü şəxsin dilindən
"danışılır" şeir. Özü də fərdin
yox, cəmiyyətin faciəsi "nəql edilir". Bu
üçüncü şəxs müəllifdirmi, onun
alter-eqosudurmu, Horatsi, yaxud yeni Şekspirdimi, bunu yalnız
güman etmək qalır bizə.
Arkadi Suçevyanunun başlığında
kitab üçün ad seçdiyimiz "Qağayı ilə
göndərilən məktub" şeiri çağdaş
lirik poeziyanın şah nümunələrindən hesab oluna
bilər. Düz yadımda qalıbsa, mən bu şeiri öz
tərcüməmdə və kitabın təqdimatında qiraət
edəndə müəllif mətnin minor ovqatını
artırdığımı söyləmiş, mən də
zarafatla "görünür, bir bənd
artırmışam, həmin bəndin hesabınadır"
(şeirin orijinalı 20 misraydı, tərcümə isə
24 misrayla başa gəlmişdi) söyləmişdim.
Diqqətli oxucu ilk informasiyanı
şeirin adından alır. Məktub həm dənizin, həm
də azadlığın simvolu olan qağayı ilə
göndərilib. Demək ki, dəniz var. Sevgililər,
çox ola bilsin, hər ikisi sahildə yaşayır. Qağayı ilə göndərilibsə,
deməli, uzaqlıq və ünsiyyətin çətinliyi (və
yaxud yoxluğu) var; başqa tərəfdən, məktubun
çatacağına xəfif ümid də hələ var.
Daha sonra şeirə "daxil olan" "Tramvayın səsinin
batırdığı / Əski payız romansı tək qəmliyəm"
şeirin dominant, kədərli ovqatını müəyyən
etməklə yanaşı informativ yükünü də
boşaldır. Tramvay varsa, şəhər var. Şəhər
varsa, çağdaş həyatın səs-küyü var,
bu həyat isə romantik, mübhəm duyğuları eynən
tramvayın səsi kimi boğur. "Əski payız
romansı" öləziməkdə olan, ya da itirilmiş
sevginin nişanıdır; üstəgəl,
"payız" sözünün "dövriyyəyə
girməsi" həmin öləziməkliyi də
artırır; hərçənd payızdırmı, deyilmi,
bu, dəqiq bilinmir.
"Ovuclarım dopdolu qəm bardağı, / Kənarından
aşıb-daşır, birdənəm" deyişi
ovucları ilə üzünü qapayan adamı, o ovuclara, qəm
bardağına dolub-daşan göz yaşlarını
nişan verir.
Şam,
sükut rəngindəki
qarağaclar təkliyi, itirilmiş sevgi
hissinin çatdırılmasını gücləndirir.
"Burda sükut rəngində qarağaclar,/
Kürü tökər suya ulduz sürüsü" kimi bənddəki/şeirdəki
ən gözəl cümlələrdən ikisi həm
ağacların, təbiətin sükuta
daldığını, həm gecəni, həm məcazın
ecazını, unikal vizual səhnəni faş edir. "Burda məni
yalnız təklik qucaqlar, / Arzular ki, mən olum sevgilisi"
misraları isə artıq kulminasiyadır. Təkliklə
qucaqlaşmaq...bundan o yana yoxdur. Və nəhayət,
itirilmiş dünya - Atlantida ilə eyniləşən sevgi.
Bir də son:
"Məni
yorub dalğaların ağlığı,
Sən də ki, heç dillənmirsən,
birdənəm.
Tramvayın səsinin batırdığı
Əski
payız romansıtək
qəmliyəm".
Bütün
uğurlu, böyük şeirlərdə olduğu kimi
çevrə qapanır. Adı, başlığı ilə
dənizi nişan verən, sonda isə yenə dənizlə
bitən şeir. Dalğaların ağlığı,
ömrün yeknəsəkliyi, yenə də urbanizasiyanın
boğduğu eşq.
"Sən də ki heç dillənmirsən" - əvvəldə
söylənən xəfif ümid də çəkilir, qeyb
olur.
29 şeirin toplandığı
"Qağayı ilə göndərilən
məktub" kitabını keçmiş tarixlə vərəqləyir,
öz tərcümələrimə oxucu gözü ilə və
təkrar baxa bilməmək vərdişimə görə,
xüsusən, Qismət bəyin çevirilərini diqqətlə
oxuyuram. Təkrar özüm üçün təsdiq edirəm
ki, "Heraklitlə savaş", "Sebastyanın gəmisi",
"Əbədi Danimarka", "Qolqof tarixi", "Dəyirmançı
Don Kixot" (son üç şeir Qismət Rüstəmovun
çevirdiyi 21 şeirin arasındadır) şeirləri də
xaraktercə "Yeni Danimarka" şeirilə qohumdur.
İkinci şeir Sebastyan Bran(d)tın "Axmaqlar gəmisi",
satirik-didaktik əsəri, poeması ilə səsləşmədir
(bu şeir haqqındakı 8 il əvvəlki qeydlərimi
xatırlasam da, köhnə əlyazmalarımın arasında
tapa bilmirəm), yeni yozumdur. Və onun poeziyasının
intellektual-postmodern xislətinin gücündən,
dominantlığından xəbər verir.
"Xoşbəxtlik nədir?
Xoşbəxtsinizmi?" suallarına cavab verən yetərincə
ağıllı bir adam: - Mən idiot deyiləm ki, xoşbəxtlik
haqqında düşünüm. Xoşbəxtlikdən daha
vacib şeylər var, - demişdi.
Başqa
bir adam isə "xoşbəxtlik haqqında
düşünürsünüzmü?" sualına cavabında
demişdi ki, niyə də yox, bu axı təbiidir, insan
xoşbəxtlik üçün doğulub.
Yaşlandıqca ikinci ağıllı
adamın cavabı mənə daha
inandırıcı görünür.
Məsələn, bir çoxları
kimi, mən də elə kitablar, əsərlər,
romanlar var ki, o əsərlərin mütaliəsi zamanı (nə
qədər ağır mövzulardan bəhs etsə belə)
xoşbəxt oluram, oxu prosesinin bitməməsini, sonsuzadək
uzanmasını arzu edirəm, hətta 20-30 səhifədən
bir kitabı qorxa-qorxa bağlayır, gerisini tutya kimi sabaha,
sabahlar üçün saxlayıram. İndi bunları niyə
yazıram? Yəqin ona görə ki, ədəbiyyat,
yaradıcılıq həm də insanı, oxucunu xoşbəxt
eləmək üçündür, ən azı bir xoşbəxt
anı yaşatmaq üçündür; heç şübhəsiz,
düşüncələrə və hisslərə xitab edərək.
Hər halda "Cogito ergo sum" elə belə,
göydəndüşmə doğulmayıb. Yəqin, "Sentio,
ergo existo" də deyib, sonra isə hər iki fikri bu cürə
ümumiləşdirmək olar: "Düşünürəm,
hiss edirəm, deməli, varam".
Arkadi Suçevyanu bir müsahibəsində deyir ki, mənim xoşbəxtliyim,
şübhəsiz, yazı və xəyallar dünyası ilə
bağlıdır: "Bu zaman ruhum özünü azad və
sərbəst hiss edir, mən görünür, yalnız
"iş başında" olanda "xoşbəxtlik"
adlandırıla bilən nadir ekstatik sevinc, xoşbəxtlik
anlarını yaşayıram. Başqa sözlə, yalnız
qeyri-adi bir fikir kəşf etdiyim zaman, orijinal bir şeir və
ya hekayə oxuduğum zaman və təbii ki, günlər və
gecələr, aylar və ya hətta illərlə davam edən
zəhmət nəticəsində ruhumun dərinliklərinə
baş vuranda, xəyal edərək yazmalı olduğum
şeirləri, esseləri faş edəndə xoşbəxt
oluram".
Düşüncə, yazı prosesi müəllifi
xoşbəxt edirsə, deməli, o mütləq ən azı
bir oxucunu xoşbəxt edəcək. Bu isə artıq
böyük nəticədir, dünya bir adam qədər dəyişib,
başqalaşıb və bəlkə bir az da xoşbəxt
olub: mən bu sözləri Arkadi Suçevyanunun şeir
kitabını nəzərdə tutaraq deyirəm indi.
12 noyabr
2025-ci il
Səlim BABULLAOĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 28 noyabr, ¹45-46.- S.20-21.