Xidmət etmək istəyirsənsə...
Abid Tahirli-70
Azərbaycan dilinin orfoqrafiya
lüğətində əbədi
sözü ilə kökdaş, mənşə
etibarilə ərəbcə
olan bir abidə kəlməsi var.
Bu söz bir çox məna çalarına malik olsa
da, əsasən, heykəltəraşlıq
sənətində işlənir.
Görkəmli tarixi şəxsiyyətə, eləcə
də ictimai, siyasi, milli əhəmiyyətli
bir hadisəyə xatirə olaraq ucaldılan heykəl abidə mənasında anlaşılır. Yaşam
mədəniyyətinin nişanəsi
olan milli ornamentli qədim bir tikili də özlüyündə abidə
adlanır. "Abidə"
sözü məcazi mənalarda da işlənilir.
Mükəmməl bir
sənət əsərinin,
yaxud hadisənin böyük təsir gücünə malik olması,
insanlarda heyrətamizlik
kəsb etməsi onun ictimai fikirdə
abidə kimi dəyərləndirilməsini ehtiva
edir.
Bu yazıda məqsədimiz çağdaş dövrün
söz yaddaşında
məcazi, həm də müstəqim mənada milli-mənəvi-tarixilik baxımından ədəbi, elmi ictimaiyyətdə sevgi və qədirdanlıqla qarşılanan bir neçə abidədən
bəhs etməkdir. Bu
abidələrin yaradıcısı,
müəllifi filologiya
elmləri doktoru,
professor Abid Həmid oğlu
Tahirlidir. Onun abidələri Azərbaycan
mətbuatı tarixində
(xüsusən də,
mühacirət mətbuatında)
həmişəyaşarlıq qazanmış ədəbi
şəxsiyyətlərin şərəfli həyat
yolunu, yaradıcılıq
istiqamətlərini, mətbu
fəaliyyətini, siyasi
baxışlarını, türkçülük
ideyalarını, maarifçilik
görüşlərini... köklü şəkildə
araşdırdığı, təhlil süzgəcindən
keçirərək tədqiqat
postamentində ucaltdığı
əvəzsiz və möhtəşəm əsərlərdir.
Etiraf edim ki, Abid müəllimin mövzuları,
yaradıcılıq diapozonu,
toxunduğu problemlərə
baxış bucağı
o qədər geniş,
əhatəli, çoxistiqamətli
və zəngindir ki, sözə hardan və nədən başlamaqda çətinlik
çəkirəm. Yaxşı
ki, müxtəlif vaxtlarda
professorun mətbuatda dərc olunmuş çoxçeşidli, çoxşaxəli
yazılarını izləmişəm.
Və oxuduqlarımdan
belə qənaətə
gəlmişəm ki, Abid Tahirlinin
bütün əsərləri
sanbalı, dolğun araşdırma-təhlilləri, özünəxas tədqiqatçı
üslubu ilə yazıldığından cəfakeş
alimi müasir ədəbiyyatşünaslığın mənəvi sütunlarından
hesab etmək doğru olar...
***
Milli azadlıq hərəkatının
geniş vüsət aldığı, xalqın
öz müstəqilliyini
qazanmaq niyyətilə
Meydana axışdığı
vaxtlarda o, gənclik köynəyindən təzəcə
çıxmışdı. Zehni aydın, düşüncəsi iti,
ədəbi yaddaşı
güclü idi. Zamanın doğurduğu mövzular,
ölkədə baş
verən siyasi hadisələr, milli oyanış
dövrünün insan
şüurunda yaratdığı
yeni düşüncə forması
Abidin qələmində böyük
cəsarətlə ifadə
olunurdu. Bu, o zamandı
ki, əlahəzrət Söz
yeni məzmun kəsb etdiyindən təsiri də güclü idi...
Abid Tahirli yaradıcılığa
məktəbli çağlarından
könül versə də, sonralar Bakı mühiti, Meydan hadisələri onu cəsarətli, vətənpərvər
publisist kimi yetişdirdi. Xalqın düşdüyü vəziyyəti
ürək ağrısı
ilə duyması, hadisələrə vətəndaş
mövqeyindən yanaşması
jurnalistin bütün
yaradıcılıq imkanlarını
üzə çıxardı.
Bu da elə bir vaxtdı ki, Vətəni azad, müstəqil görmək istəyi ilə meydana axışanların ardı-arası
kəsilmirdi. Analitik düşüncəyə malik olan gənc Abid də baş verən hadisələrə
həssaslıqla, ürək
ağrısı ilə
yanaşır, görüb-eşitdiklərinə
sərrast sözü
ilə ciddi münasibət bildirir. Onun həmin hadisələrdən bəhs
edən bir çox yazılarını
meydanın içindən
qələmə aldığı
reportaj da adlandırmaq
olar. "Xalq tələb edir, haqsızlığa son qoyulmalıdır"
kimi çağırışları
xalqı daha da coşdururdu. Azərbaycanın
düşdüyü ağır
vəziyyət, Vətən
dərdləri, insanların
acınacaqlı halı
qələmində dil
açırdı.
Abid müəllimin həmin dövrün aynası timsalında qələmə
aldığı publisistik
yazıları ilə
ilk tanışlığım dövrün ən cəsarətli mətbu orqanlarından biri, "Odlar yurdu" qəzeti və "Sözlə yarananlar, sözü yaşadanlar"
kitabı oldu. Ermənilərin içimizdə
davamlı olaraq törətdiyi vəhşiliklər,
ölümlə nəticələnən
hadisələr, 1990-cı ilin
Yanvar qırğınları...
Həmin vaxtlar Abid müəllimin səsi Ağdamın Mərzili, Novruzlu, Kərkicahan, Qaybalı... kəndlərindən
gəlir, ordakı vəziyyətdən, ermənilərin
törətdiyi qırğınlardan,
sakinlərin əhvalından,
gördüklərindən ürək ağrısı
ilə məlumat verirdi. Qələmindən
od püskürən bu
gəncin hadisələrə
yaşından, başından
böyük və güclü olan düşüncə tərzi,
sərrast baxışlarının
səssiz harayı ilə qələmə aldığı məqalələri
Meydanda əldən-ələ
gəzirdi. Çünki,
Abid Tahirli qətiyyətli,
əqidəli qələm
sahibi kimi həqiqəti öz rəngində görür,
hadisələri düzgün
qiymətləndirməyi bacarırdı.
Milli ideologiyanı mətbuatda təbliğ etməsi, xalqın azadlıq amalı ilə yaşaması siyasi hadisələrə baxışlarının
yetkinliyini göstərirdi.
Abid müəllimin bu
istiqamətdə ərsəyə
gətirdiyi qələm
məhsulları "Vətən"
Cəmiyyətində, "Odlar yurdu" qəzetində fəaliyyət
göstərdiyi vaxtlarda
özünü aydın
şəkildə büruzə
verir. O dövrdə
"Vətən" Cəmiyyətinin
xarici ölkələrdə
yaşayan həmvətənlərimiz
arasında gördüyü
işlərdən bəhs
edən jurnalist yazırdı: "Vətən"
cəmiyyətinin fəaliyyəti
bilavasitə həmvətənlərlə
mədəni əlaqələrlə
bağlı olsa da, Azərbaycanda baş verən ictimai-siyasi proseslər, xüsusilə
də Dağlıq Qarabağ və onun ətrafındakı hadisələr haqqında
beynəlxalq ictimaiyyətə
operativ və obyektiv məlumat ötürür, xaricdə
Azərbaycan həqiqətini
yayır, mövcud informasiya blokadasını
yarmağa çalışırdı..."
Bu fikirlər həmin
dövrdə bəzi mühüm məqamların
diqqətə çatdırılması
baxımından xarakterikdir.
Belə ki, xalqın
milli oyanış dövründə
ictimai şüurun dirçəlişi və
yenilənməsində "Vətən" Cəmiyyəti
mühüm işlər
görmüşdür. Gənc
jurnalist Abid Tahirli yeni
epoxaya keçid mərhələsində bu
hadisələrin gerçək
üzünü projektor
işığında aydınladan
materiallarla həmin dövrün tarixinin yazılmasında iştirak
etmişdir. Başqa bir tərəfdən, onun mühacirət mətbuatına marağı
"Vətən" Cəmiyyətinin
xarici ölkələrlə
əlaqəsi dövründə,
"Odlar yurdu" qəzetində çalışdığı
vaxtlarda yaranmışdır.
Həm də bu, adi maraq
deyil, ömrü boyu onu bu
sahədə araşdırmalar
aparmağa, bir faktın, sənədin izi ilə başqa
ölkələrin arxiv
və kitabxanalarında
işləməyə sövq
etmişdir. Nəticədə
müəllif bir-birindən
maraqlı milli, ictimai
əhəmiyyətli mövzulara
işıq salaraq böyük yola qədəm qoymuşdur.
"Odlar yurdu",
"Vətən" cəmiyyətində
fəaliyyəti gənc
jurnalistin yaradıcılıq
potensialını üzə
çıxarır. Müəllif
bütün araşdırmalarını
ilkin, orijinal əlyazmalar, tarixi sənədlər, klassik mətbuat səhifələrindəki
mətnlər, səhih,
mötəbər mənbələr
əsasında aparır.
Qeyd etdiyimiz kimi, prof. Abid Tahirlinin ədəbi, elmi yaradıcılığında
mühacirət mətbuatı
və ədəbiyyatı
başlıca yer tutur. Belə ki, o, həyatının ən məhsuldar dövrünü
mühacirətdə yaşayan
görkəmli siyasi xadimlərin, tarixi şəxsiyyətlərin irsinin
tədqiqinə həsr
edib. Tədqiqatçının
mühacirət mətbuatı
tarixinə verdiyi töhfələri böyük
dəyərlər məcmusunda
qiymətləndirən xalq
yazıçısı Elçinin
bu fikirlərinə diqqət edək: "Abid
Tahirli bir çox məqalələrin,
kitabların müəllifi
kimi tanınmış
bir publisist olmaqla bərabər, bu gün mühacirət
problemləri, xüsusən,
mühacirət mətbuatı
sahəsində, bizim mühacirətdə yazıb-yaradan
Əhməd bəy Ağayev, Əlibəy Hüseynzadə, Ceyhun bəy Hacıbəyli, Mirzə Bala Məmmədzadə, Əhməd
Cəfəroğlu, Əbdülvahab
Yurdsevər, Şəfi
bəy Rüstəmbəyli
və b. mütəfəkkirlərimizin,
lazımınca tanımadığımız
və qiymətləndirmədiyimiz
qələm sahiblərinin
fəaliyyətinin və
yaradıcılığının öyrənilməsində
tanınmış bir
mütəxəssis tədqiqatçıdır".
Biz də bu qənaətdəyik ki, Azərbaycan
mühacirət mətbuatı
onun tədqiqatlarında
mövzularının ciddiliyi,
dərinliyi ilə diqqət çəkir. Araşdırmalar, etibarlı məxəzlər,
klassik mətbuatda, ümumən çoxlu sayda qəzet, məcmuə materialları
üzərində apardığı
araşdırmalar gördüyü
işə bütöv,
həm də məsuliyyətlə yanaşdığını
göstərir.
Əsas olan budur ki, tədqiqatçı
ilkin mənbələrlə
işləyir və mövzu ilə əlaqədar digər mətbuat xadimlərinin də fikirlərinə həssaslıqla yanaşaraq,
münasibət bildirir,
müqayisələr aparır.
Müəllif ciddi, əhatəli araşdırma
materiallarının əsasında
yaratdığı abidələri
mükəmməl formada
meydana gətirir. Heç şübhəsiz,
alimin əsərləri
bu gün də, sabah da tədqiqatçılar üçün
ciddi mənbələr
statusundadır. Tədqiqatçı-alimi
ilkin mənbələrlə
işləməkdən ötrü
uzaq məsafələr
qət etməyə sövq edən əlbəttə ki, Vətəndən
ayrı düşmüş
aydınlarımızın qürbət ellərdə
Azərbaycanın intibahı
naminə, milli qeyrət
hissilə gördüyü
işləri, mətbuat
tariximizə xidmətini
gələcək nəslə
çatdırmağı özünün
mənəvi borcu hesab etməsidir. Bu yerdə onu da deməliyik ki, Abid Tahirlinin
elmi əsərlərinin
dili, araşdırma metodu, müqayisə üsulları, ilkin məxəz-mənbələr, sənədlərlə işləməsi
tarixiliklə müasirliyin
qarşılaşdırılması prinsipinə əsaslanır.
Tədqiqatçı mühacirət
jurnalistikası tarixində
yer almış mühacirət mətbuatının
inkişaf meyillərini,
mərhələlərini, publisistikasının sənətkarlıq
xüsusiyyətlərini, məcmuə
və qəzetlərin
aparıcı mövzularını
zaman-zaman yeni faktların işığında
tədqiq edib.
Qeyd etdiyimiz kimi, prof. Abid Tahirlinin elmi, ədəbi yaradıcılığının
əhatə dairəsi
çox genişdir.
Bu baxımdan bir məqalədə tədqiqatçının
mətbuat tariximizə,
ədəbiyyatşünaslığa gətirdiyi elmi yeniliklərindən geniş
şəkildə bəhs
etmək mümkün
deyil. Onun yaradıcılığı bir
neçə elmi, monoqrafik əsərin mövzusudur. Digər tərəfdən, Azərbaycan
mətbuatının, xüsusən
də mühacirət
mətbuatının öyrənilməsi,
yeni istiqamətdən tədqiqi
bu sahənin bilicisi olan görkəmli
tədqiqatçı-alim Abid Tahirlinin açdığı
böyük yoldan keçir...
(Davamı gələn sayımızda)
Şəfəq NASİR
Ədəbiyyat
qəzeti.- 2025.- 28 noyabr, ¹45-46.- S.22.