Ölməyibsən ki?
Hərdən iynə
batır
dizinə,
get lap dərinə,
Su səp üzünə,
təsir
etməyəndə
De özünə
Ölməyibsən ki?
Divardakı kölgən
heç
səninkidir ki?
İnanma
Bakı metropolitenində
ingiliscə elanlar oxuyan səsə
inanma səsə, əgər o daxili deyilsə...
Videokadra,
əgər çiyindən
çəkilməyibsə,
insanınkı deyilsə...
Küləyə də inanma
əgər qapına, pəncərənə
meyilli deyilsə...
Əgər sirr deyilsə,
Ölməmisən ki?..
İsaya
da inanma,
insan deyilsə...
əgər ancaq peyğəmbərdirsə.
Əgər sən bunu deməyibsənsə...
De özünə
Ölməmişəm ki?
Güzgüdəki
Heç
sənsənmi?
Sənə nə dəxli
Şəxsiyyət vəsiqəsindəki...
Qəfil
bir dabanın üstə qanrılıb
Geriyə
dönsən,
Qədim
ruhları hürkütməsən,
görsən
ardınca gələn bütün
mələkləri, rəhmətlikləri,
Üzərindəki rəhbərliliyi...
Bir tabloya sığışdırsan
bu dağınıq mənzərəni
Demək,
şəxsiyyət vəsiqəsindəki
foton,
Bu aldadıcı fantom
hüceyrələrindəki ilkin atom
Elə sənindi...
Demək,
ölməmisən ki...
Düyməsini bas, qoy səsini
artırsın
Səsgücləndirici
Arxada burax bütün bu cındırtresti...
Süni
zəkaya dodaq büz,
de ki
- Day bəsdi!
Ölməmişəm ki...
İz gedir Azərbaycan
Tarix Muzeyinə
İstəyirsənsə biləsən kim?
Nə?
Hansı
laməkan qüvvə...
Gir əvvəlcə
öz köhnə şalvarının
cibinə,
get dərinə...
nəsə dəyəcək əlinə...
Ordadı
bütün lal sualların cavabı!
siqaretin,
ümidin son qullabı...
Gənc
Verterin iztirabı!
Aşıq bilincə bu sirri,
Götürəcək mizrabı...
pulunu istəyəcək, saathesabı!
Bir az da getsən aşağı,
ordan
çıxacaq uşaqlığının ilk silahı...
Su tapançası!
O sənlə danışacaq
Şifahı!
Deyəcək necə, hansı
gecə,
bu tapançadan atəş açdın əvvəlcə,
bir sovet zabitinə...
curətlənincə,
girişdin küçə itinə,
lap axırda atəş açdın bir dünya gözəlinə...
Bir az da getsən dərinə...
İz aparacaq səni,
Öz-özünə
Azərbaycan Tarixi Muzeyinə,
qalın
şüşəli bir
vitrinə...
Azığ mağarasından tapılmış
çənə,
bu ilk tarixi nümunə,
Məxsusdu elə adamyeyənə!!!
Davam edir
qədim
ənənə.
inan, bu gizli cinayət
Zəncirinə!
Həlak
olanların əziz xatirəsinə...
Məhmədciyə...
Mərsiyə,
1991-ci il Qarakənddə, 2024-də Aktauda,
2025-də
Tiflis səmalarındakı qəzanı törədən
eyni qara qüvvədi,
Eyni görünməz qüvə.
Eyni güllə...
Hələ
Çox
canlar yeyəcək
Bu muzeydəki qanlı çənə...
Ay maaaaaa
Əgər dünən yediyin
pitsa,
Bu gün də səni qusdurursa,
Hıçqırdırsa.
Əgər yaşadığın həyat
Bundan da
ucuzdursa...
Əgər son ümidlərin də
əriyibsə,
Mədə turşusunda.
Əgər gözlərin, gözəllərin
qanun pozuntusunda
Ucdantutma
Artıq
sevgi yoxdursa.
Əgər televizorunuzun ekranı
tam solubsa...
Əgər televizorun solunda
Xəstə rəhmətlik anan
oturubsa...
Ustaya veriləcək pul,
Televizorun
sağında
Yoxdursa...
Anan da güclə başını
döndərib sağa
Deyir:
"Bala... yoxdu usta...
Özün qalx bizim dama.
Əlac
qıl paslı, köhnə antenama...
Sən də, vallah, bir atılıma,
Qalxırsan dama.
Ordan qışqırırsan:
- Ay maaaaaaa...
Bir bax, sevdiyin teleserial,
Telesiqnal
Qayıtdımı ekrana?
Bir də təkrarlayırsan
- Ay maaaaaaa...
Sanki həyatını da
Uzatmaq istəyirsən o qadının,
Son səsləri bu qədər uzadanda...
Ay maaaaa...
Qayıtmır həyat daha o solmuş ekrana.
Ay maaaaaa...
Onlayn
Getmirəm, getmirəm hamı
kimi
Şuşaya.
Üzv olmuram Audivizual Şuraya,
Danışıram
mikrofona
yox...
danışıram axar suya...
Qoşulub uzaq üfüqlərdəki
qərib durnaya
Uzaq yad dünyaya,
Dəvət alıb
Gündoğanın xınayaxdısına
Girirəm
Tam onlayna.
Oflayn
Arzularını
son dayanacağına qədər,
Bir gözəlin duyacağı
qədər,
Kinoteatrın son oturacağına qədər
pusa-pusa,
min Əhmədliyə gedən
son avtobusa...
O avtobus xatırlatsa da dəmir mafəni,
Axıracan izləmə
o acı mənzərəni.
Sərnişinlər hər an
çoxaltsa da sənlə aralarındakı
məsafəni
Bu, davam edəcək
ancaq ilk
döngəyə kimi.
Sürücü pəncəsini basınca
əyləcə,
Sərnişinlərin biri,
aldığı əkszərbəylə,
qəfil
qucaqlaşacaq sənlə.
Dönəcək bir anlıq sevgilinə.
Sev,
həyatın bu hibrid
meyvəsini,
Sərt
sevgisini.
Yandır
nəm çəkmiş
kibritini.
Söndür həyatın
bu oflayn rejimini.
Bu nə qoşa zərdi?
Bu nə qoşa zərdi?
Bu nə qəzavü-qədərdi?
Bu nə zülmdü?
Mətbəxə su gəlmir iki gündü...
Xəstə anamın, Əlisəmidin
qarnına, ciyərlərinə isə
su gəlib?
"Azərsu" boru xətlərinimi dəyişib?
Kim? Hansı zalım? Çoxbilmiş alim,
papağı ulduzlu münəccim
Bu ziddiyyətləri, fərqləri
Birləşdirib?
Əlaqələndirib?
Hansı
iplə bərk-bərk
düyünləyib?
Belə
görürəm, çox
möhkəmdir
Bu ip.
Ay şoğərib! Şouqərib!
Deşifrələsən, qısa bir söz yaranacaq:
İcbari
Tibbi Sığorta Agentliyi - "TƏBİB!"
Bu nə qoşa zərdi?
Bu nə dərddi?
Niyə
telefonlarının hamısı
"səssiz"
rejimindədi?
Niyə
"Azadlıq", "Ədəbiyyat
qəzet"lərinin
Redaksiyaları bir vaxt
"Azərbaycan" nəşriyyatında
Eyni ayaqyolunu bölüşərdi?
Redaktorlarının gözləri məcburi görüşərdi?
Orda birləşərdi
Həyatın bütün fərqləri.
Axırda
qulağımı isidərdi
Son cümləndəki "i"
səsi:
"Ədəbiyyatda və siyasətdə
ortaq maraqlar hakimdi".
Bu nə qoşa zərdi?
Bu gecələr niyə göylərdə
ulduzlara
qənaət edərdi?
Ancaq yerdə hamısını
cəmləyərdi,
Xərcləyərdi
bir çirkab gölməçəsində.
Bir gözəlin gözlərində.
Hərdən hətta sənin
sifətində.
Sən də qoşulardın gecənin
Bu bədxərcliyinə.
Əlini
salıb kasıb, sallaq cibinə.
Təəssüflənərək
Xalqın
az sıfırlı məvacibinə!
Bilirəm, ağzın zəhərdi.
Niyə
ilk sevgilisini xatırlayanlar
Qəfil
yerə tüpürərdi?
Bu nə şəhərdi?
Bu nə xeyirdi? Bu nə şərdi?
Əlisəmid Kür bunu deyərdi.
Siqaretini
tüstülədərdi.
Siqareti tükənərdi.
Son siqaretini
o, həmişə səndən,
məndən istərdi.
Bilirdi,
bütün qoşa zərlərin,
siqaretlərin
fərqini.
Həmid HERİSÇİ
Ədəbiyyat
qəzeti.- 2025.- 28 noyabr, ¹45-46.- S.23.