Fransanın məşhur
"Pate" şirkəti
"Arşın mal alan" filmi çəkmək istəyirdi
Görkəmli
Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyli
1907-ci ildə 22 yaşında bütün Şərqdə,
Türk dünyasında islam aləmində ilk opera olan
"Leyli və Məcnun" operasını yazdı. Bununla
da təkcə Azərbaycanda deyil, bütün Qafqazda, Mərkəzi
Asiyada, İranda, Türkiyədə musiqili teatrın
yaranmasına təkan verdi. "Leyli və Məcnun"
operasının premyerası 1908-ci ildə Bakıda baş
tutsa da, sorağı çox geniş yayıldı. Bu günə
qədər "Leyli və Məcnun" operası bir
çox teatrların səhnəsində uğurla
nümayiş olunmaqdadır. Bundan başqa, Üzeyir bəy
1909-cu ildə "Şeyx Sənan", 1910-cu ildə
"Rüstəm və Zöhrab", 1912-ci ildə
"Şah Abbas və Xurşud Banu", "Əsli və Kərəm",
1915-ci ildə "Harun və Leyla", 1936-cı ildə
"Koroğlu", 1945-ci ildə "Firuzə" (opera
tamamlanmamışdır) operalarını yazmış və
musiqi teatrının yaranmasına və inkişafına
misilsiz xidmət göstərmişdir.
Məşhur
operaları ilə yanaşı, Üzeyir bəy Hacıbəyli
musiqili komediya (operetta-kiçik opera) janrında da əsərlər
yazaraq Şərqdə, Türk və İslam
dünyasında, Rusiya imperiyasında bu janrın əsasını
qoyur. 1909-cu ildə "Ər və arvad", 1910-cu ildə ən
məşhur əsərlərindən biri olan "O
olmasın, bu olsun" musiqili komediyaları uğurla səhnələşdirilir.
1913-cü ildə ölməz bəstəkar nəinki Azərbaycan
mədəniyyətinin, o cümlədən, dünya teatr səhnəsinin
nadir incilərindən olan "Arşın mal alan" əsərini
yazır. 25 oktyabr 1913-cü ildə Bakıda Tağıyev
teatrında premyerası baş tutan "Arşın mal
alan" ilk tamaşadan tamaşaçıların qəlbini
fəth etdi. Dünyada populyarlığına, sevilməsinə
və saysız-hesabsız teatrların səhnələrində
müxtəlif dillərdə tamaşaya qoyulmasına görə
çox az əsər tapmaq olar ki, "Arşın mal
alan"la müqayisə olunsun. Bu operetta 75-dən artıq dilə
(rus, gürcü, erməni, türk, özbək, tacik, fars, ərəb,
ingilis, fransız, alman, ispan, yunan, hindi, tamilli, çin, polyak,
bolqar, ukrayna, belarus, moldav, qazax, avar, kumık, ləzgi,
çeçen, aysor, udin, ivrit, rumın, macar, eston,
latış və b.) tərcümə olunub. Bütün
dünyada 300-dən artıq teatrda səhnələşdirilib.
Rusiyanın 28 şəhərində, Amerika Birləşmiş
Ştatlarının 13 ştatında, Çinin 8 şəhərində,
Polşanın 17 şəhərində, Gürcüstanın
16 şəhərində, Bolqarıstanın 17 şəhərində
və s. teatrlarlarda uğurla tamaşaya qoyulub və bu gün
də dünyanın müxtəlif teatrlarında səhnələşdirilməkdədir.
Məlumdur
ki, Üzeyir bəy "Arşın mal alan" əsərini
1913-cü ildə Sankt-Peterburq şəhərində
Konservatoriyada oxuduğu zaman qələmə
almışdı. Ordan əsəri Bakıya sənət
dostları, silahdaşları Müslüm Maqomayevə və
Hüseynqulu Sarabskiyə göndərir. 1913-cü il
oktyabrın 25-də Bakıda Tağıyev teatrında
"Arşın mal alan" musiqili komediyasının
premyerası baş tutur və dərhal da əsərin
şöhrəti hər tərəfə yayılır.
"Arşın
mal alan" musiqili komediyası Qafqazda və Türküstanda
Üzeyir bəy Hacıbəylinin digər əsərləri
ilə yanaşı, musiqili teatrların yaranmasına və
inkişafına təkan verdi. Əsər
tamaşaçıların qəlbini fəth etməklə
yanaşı teatr xadimlərinin diqqətini də cəlb
edirdi. Hər tamaşa anşlaqla keçirdi. Ona görə də
"Arşın mal alan"ı oynamaq üçün
bir-birinin ardınca erməni, gürcü, rus truppaları
yaranırdı. Tarixdə ikinci bir əsərlə
bağlı belə bir fakt yoxdur ki, eyni gündə, eyni şəhərdə
müxtəlif teatrlarda eyni tamaşa müxtəlif dillərdə
oynanılsın.
1915-1916-cı
illərdə Bakıda eyni gündə başqa-başqa
teatrlarda üç dildə - Azərbaycan türkcəsində,
erməni və rus dillərində "Arşın mal
alan" göstərilib. Tiflisdə isə eyni gündə
dörd dildə - Azərbaycan türkcəsində,
gürcü, erməni, rus dillərində "Arşın
mal alan" oynanılıb. Bütün tamaşalar da
anşlaqla keçib. Hətta həmin illərdə əsər
Amerika Birləşmiş Ştatlarında da uğurla səhnələşdirilirdi.
16 fevral
1917-ci il nömrəsində "Molla Nəsrəddin"
jurnalında yazılmışdır:
"...Nyu-York
qəzetlərinin birində xəbər verilir ki, Amerikada
"Arşın mal alan səhnələşdirilib. Həmyerlim
Üzeyir bəy Hacıbəylinin bu ecazkar operettası Amerika
tamaşaçılarının da rəğbətini
qazandı..."
15 sentyabr
1918-ci ildə "Millət" qəzetində Yusif Vəzir
Çəmənzəminli yazırdı:
"..."Arşın
mal alan" Amerika səhnəsində belə uğur
qazanmışdır... Bütün İslam dünyasında
ilk opera və operettanın müəllifi olduğumuzu
qürurla elan edə bilərik..."
Yazının
əsas mövzusuna keçməzdən əvvəl
"Arşın mal alan"la bağlı bir neçə
önəmli faktı da diqqətinizə çatdırmaq istəyirəm.
Bu faktlar Üzeyir bəy Hacıbəyli
yaradıcılığının ümumdünya musiqili
teatr janrının inkişafında xidmətləri kontekstində
yeni səhifələr açmış olur. Qeyd olunduğu
kimi, Üzeyir bəy "Arşın mal alan"ı
1913-cü ildə Sankt-Peterburq Konservatoriyasında oxuduğu
zaman qələmə almışdı. İlk olaraq o əsəri
polifoniyadan dərs deyən müəllimi, professor Vasili
Kalafatiyə göstərir. Dövrünün ən
tanınmış professorlarından olan Kalafati, öz növbəsində,
Sankt-Peterburq Konservatoriyasının rektoru, məşhur bəstəkar
Aleksandr Qlazunovdan əsərlə bağlı fikir bildirməyi
xahiş edir. Tanınmış bəstəkar
"Arşın mal alan"la tanış olduqdan sonra əsəri
çox bəyəndiyini və onun Rusiyada ilk operetta
olduğunu qeyd edir.
Vaxtı
ilə bunu mənə Üzeyir Hacıbəyli ev muzeyinin
direktoru Ramazan Xəlilov danışmışdı. Daha sonra
mən dövlət televiziyasında
çalışdığım zaman Üzeyir bəyə aid
veriliş hazırlamışdım və Ramazan Xəlilovdan
da həmin verilişdə müsahibə almışdım. O
mənim xahişimlə həmin verilişdə bu faktı bir
daha təsdiqlədi və bu haqda ətraflı
danışdı. Əfsuslar olsun ki, mənim
hazırladığım bir çox verilişlər kimi, bu
veriliş də efirə gedəndən sonra silinmişdi.
Bu tarixi faktı
təsdiqləyəcək mənbə axtarışım illərdir
davam edir. Çünki, XX əsrin
əvvəllərində, yəni "Arşın mal
alan" yazılan dövrdə Rusiyada böyük bəstəkarlıq
məktəbi formalaşmışdı. Qlinla, Musorqski,
Çaykovski, Borodin, Rimski-Korsakov, Skryabin, Qlazunov, Raxmaninov və
b. görkəmli bəstəkarlar yetişmişdi. Bu bəstəkarların
operaları, baletləri, simfoniyaları, kamera musiqisi əsərləri
hər yerdə ifa olunurdu. Lakin operetta janrında əsər
yazılmamışdı. Rusiyada vodevil janrında tamaşalar
səhnələşdirilsə də, bu əsərlər
operetta janrına aid deyildi. Onların müəllifləri bəstəkarlar
deyil, dramaturqlar idi. Tamaşadakı musiqi nömrələri
isə (rəqslər, kupletlər və s.) illüstrasiya
xarakteri daşıyırdı. Bu musiqi nömrələri
hadisələrin, süjet xəttinin inkişafına xidmət
etmirdi, musiqi tərtibatı rolunu oynayırdı. Baxmayaraq ki,
XIX əsrin sonları, XX əsrin əvvəllərində
Rusiyada operetta janrı çox populyar idi, amma bu janr rus bəstəkarlarının
diqqətini özünə cəlb edə bilməmişdi.
Bu fikri əsaslandırmaq
üçün tanınmış rus alimi M.O.Yankovskinin
"Operetta" kitabının üçüncü hissəsi
olan "Rusiyada operettanın yaranması və
inkişafı" bölümündə qeyd olunmuş məqamlara
diqqət edək:
"...Rusiyada
operettanın nüfuz etməsinin tarixi, onun buna az layiq olan rus
reallığına akklimitasiyası və bu janrın burada
sonrakı inkişafı özünəməxsusluğu ilə
seçilir.
Rusiyada
operettanın tarixi Peterburqun Mixaylovski teatrında Fransız
saray truppasının səhnələşdirdiyi "Orfey cəhənnəmdə"
(1859) tamaşası ilə hesablanır. Bu səksən illik
tarixin yetmiş ilini aktiv dövr hesab etmək olar. Xaricdən
alınma (import) özünəməxsus attraksion janr kimi
heç də təsadüfi deyil ki, ilk dəfə Peterburq
aristokrat salonlarının məişət dilində ifa
olunmuş operetta müxtəlif etaplardan keçmiş və
Qərbdə bu janrın keçdiyi yolları təkrarlayaraq,
tezliklə özünün səhnə ənənələrini
yaratmağı bacarmış, operetta aktyorlarının nəslini
yetişdirməyə müyəssər olsa da, bütün
bunlara baxmayaraq, mahiyyət etibarı ilə bu janr xaricdən
alınma (import) hesab olunur.
Rusiya
xaricdən alınmış janrı qəbul edib onu bədii
praktikasında tipik rus təsiretmə üsuluna çevirməyə
cəhd edərək dəyişikliyə məruz qoymuş,
lakin öz yaradıcı məktəbini, hansı ki, rus
operettasını həyata gətirəcəkdi, yarada biımədi..."
(M.O.Yankovski. Operetta. Leninqrad, İskusstvo, 1937.)
Rusiyada
teatrlar, əsasən, Avropa bəstəkarlarının
operettalarını səhnələşdirir və ya vodevil
göstərirdilər. Sovet hakimiyyəti qurulandan sonra
hökumət janrın populyarlığını nəzərə
alaraq, ideologiyasının təbliği üçün
operettanın imkanlarından istifadə etmək qərarına
gəlir. Yalnız XX əsrin 20-ci illərində rus-sovet
operettaları yaranmağa başladı.
Rusiyada
ilk operettanın müəllifi İsaak Dunayevski hesab olunur.
Dunayevski 1924-cü ildə "Həm bizimkilərə, həm
sizinkilərə" operettasını yazır. Buna qədər
uzun illər göstərilən tamaşalar operetta adlansa da,
bu janrın xüsusiyyətlərini özündə əks
etdirmirdi. Quruluş etibarı ilə operetta deyildi.
Beləliklə,
nəinki Qafqazda, türk dünyasında, islam aləmində,
o cümlədən də Rusiya imperiyasında ilk
operettanın (musiqili komediyanın) müəllifi Üzeyir bəy
Hacıbəyli olmuşdur.
Bütün
Qafqazın, Güney Rusiyanın, Türküstanın
teatrlarında ən məşhur və ən çox
oynanılan "Arşın mal alan" operettası yenicə
inkişafa başlayan kino xadimlərinin də diqqətini cəlb
etməkdə idi. 1916-cı ildə Rusiyada "Piron
qardaşları Filmi" Səhmdar Cəmiyyəti
"Arşın mal alan" operettasının müqayisəolunmaz
dərəcədə populyarlığını nəzərə
alaraq, Üzeyir bəy Hacıbəyliyə müraciət edərək
musiqili komediyanın motivləri əsasında eyniadlı film
çəkmək istədiklərini bildirirlər. Bəstəkarın
razılığını aldıqdan sonra "Piron
Qardaşları" Cəmiyyəti tanınmış rejissor
Boris Svetlova "Arşın mal alan" filmini çəkməyi
tapşırır.
Boris
Svetlov Rusiyanın ilk və məşhur kino xadimlərindən
biri idi. O, 1911-ci ildən kino sahəsində
çalışırdı. 1915-ci ildə B.Svetlov operator
Q.Lemberq ilə Bakıya gəlir və burada bir neçə
film çəkir. Svetlov və Lemberqin çəkdiyi filmlər
günümüzə gəlib çatmasa da, onlardan bəzilərinin
adları tarixdə qalmışdır. "Arvad",
"Kişilər arvadları hesabına məqsədə necə
çatırlar", "Knyaz Temir Bulat", "Ayaqyalın
eşq", " Ölümə bir saat qalmış",
"Neft və milyonlar səltənəti" və başqa
filmlərin adlarını göstərə bilərik.
B.Svetlov dərhal
hazırlıqlara başlayır və Azərbaycan
teatrları səhnəsində bu əsərdə
oynamış peşəkar aktyorları çəkilişlərə
dəvət edir.
Elə həmin
ildə, yəni 1916-cı ildə Rusiyanın Sankt-Peterburq
şəhərindən Bakıya gəlmiş işbaz
A.Belyakov bütün Qafqazda məşhur olan "Arşın
mal alan" filminin çəkilişlərindən xəbər
tutur. O başa düşür ki, bu böyük qazanc gətirəcək
bir işdir. Ona görə də qərara gəlir ki,
B.Svetlovu qabaqlayaraq, daha az vəsaitlə və həvəskar
erməni aktyorları ilə "Arşın mal alan"
filmini çəkib nümayişə çıxarsın.
Beləliklə, A.Belyakov cüzi vəsaitlə, qeyri-peşəkar
erməni aktyorları ilə çəkilişlərə
başlayır. İşbaz Belyakov yaxşı başa
düşürdü ki, "Arşın mal alan" adı
ilə ən zəif filmlə də böyük qazanc əldə
edə biləcək.
Həqiqətən
də, A.Belyakov 1916-cı ilin sonunda film üzərində
işini tələm-tələsik yekunlaşdırır.
1917-ci ilin ilk günlərindən bütün qəzetlərdə
yanvar ayının 3-dən Bakıda Böyük Dəniz
küçəsində yerləşən "Forum"
kinoteatrında "Arşın mal alan" filminin
nümayiş olunacağı haqqında elanlar çap olunur.
İlk nümayiş baş tutsa da, Üzeyir bəy Hacıbəyli
bundan xəbər tutur və vəkili Əlimərdan bəy Topçubaşovla
(görkəmli dövlət xadimi, Azərbaycan Milli Azadlıq
Hərəkatının liderlərindən biri, Azərbaycan
Xalq Cümhuriyyəti Fətəli xan Xoyskinin rəhbərlik
etdiyi ikinci kabinetdə xarici işlər naziri, 1918-ci il
dekabrın 7-dən 1920-ci il aprelin 27-nə - Rusiyanın
bolşevik işğalına qədər AXC Parlamentinin sədri)
Bakı şəhər rəhbəri Kovalyovun qəbuluna gələrək,
film onun icazəsi alınmadan çəkildiyi və əsərinin
təhrif olunduğu səbəbindən filmin
nümayişinin dayandırılmasını tələb
edir. Şəhər rəhbəri Kovalyov "Forum"
kinoteatrının direktoru Andreyevin adına əmr imzalayaraq
"Arşın mal alan" filminin nümayişinə son
qoyur. Bütün biletlərin satılmasına baxmayaraq,
yanvarın 4-dən filmin nümayişi dayandırılır.
Bir
neçə aydan sonra Boris Svetlov film üzərində
işini yekunlaşdırır və 1917-ci il aprelin 20-dən
başlayaraq "Arşın mal alan" filmi Bakıda və
başqa şəhərlərdə uğurla nümayiş
etdirilir. Belyakov isə Bakıdan uzaqlarda, Şimali Qafqazda və
Türküstanda qadağan olunmuş "Arşın mal
alan" filmini nümayiş etdirir və böyük qazanc əldə
edir.
1918-ci ildə
Rusiyanın məşhur "Xonjankov və Ko"
Kinofirması da "Arşın mal alan" filmini çəkməyi
qərara alır. Kinofirmanın nümayəndələri film
üçün maraqlı Şərq mövzusu tapmaq məqsədi
ilə Qafqaz və Türküstan şəhərlərinə
səfər edirlər. Bütün şəhərlərdə
insanların ən sevdiyi mövzunun "Arşın mal
alan" olduğunu görürlər. Ona görə əsərin
müəllifi Üzeyir bəy Hacıbəyli ilə
görüşüb onun razılığını
almağa cəhd göstərsələr də, bu
mümkün olmur. Çünki Üzeyir bəy "Hacıbəyov
qardaşları truppası" ilə İrana qastrol səfərinə
getmişdi. Bu səfər 1918-ci ilin mart ayından oktyabr
ayına qədər davam edir. Oktyabrın 24-də Üzeyir bəy
truppası ilə Bakıya qayıdır. Bu səbəbdən
də "Xonjankov və Ko" Kinofirmasının nümayəndələri
Bakıda onunla görüşə bilmirlər. Kinofirmanın
nümayəndələri geri qayıdır və Yaltadakı
kino fabrikində filmin çəkilişlərinə
başlayırlar. Oktyabr ayında Üzeyir bəy Hacıbəylinin
Bakıya qayıtdığından xəbər tutan
"Xonjankov və Ko" şirkətinin nümayəndələri
yenidən onunla görüşməyə gəlirlər.
Kinofirmanın nümayəndələri Üzeyir bəyə
çəkilişləri haqqında məlumat verir və
çəkilişləri davam etdirmək üçün
ondan razılıq istəyirlər. Üzeyir bəy bir qədər
düşündükdən sonra onunla görüşə gəlmiş
"Xonjankov və Ko" kinofirmasının nümayəndələrinə
etiraz edir. "Arşın mal alan" əvəzinə onlara
başqa əsərini, "O olmasın, bu olsun" musiqili
komediyasını təklif edir. Kinofirmanın nümayəndələri
bu əsərlə də yaxşı tanış idilər. Dəfələrlə
teatrda tamaşasını izləmişdilər. Ona görə
də onlar bəstəkarın təklifini qəbul edir və
Yalta kinofabrikində "O olmasın, bu olsun" filminin
çəkilişlərinə başlayırlar.
1920-ci il
26, 27, 28 mart tarixlərində "Azərbaycan" və
"Teleqraf" qəzetlərində Bakıda "Edison"
kinoteatrında üç gün ardıcıl yeni beşhissəli
"O olmasın, bu olsun" filmi nümayiş
olunacağı haqda elanlar dərc olunur.
1918-ci
ilin payızında Azərbaycan teatr truppası Türkiyəyə,
İstanbula qastrol səfərinə çıxırlar. Bu səfər
haqqında Türkiyə mətbuatında geniş məlumat
verilir və maraqlı resenziyalar dərc olunur. Azərbaycan
teatr truppası İstanbul tamaşaçılarının rəğbətini
qazanır və qastrol səfəri bir neçə ay davam
edir. Bu ərəfədə Fransanın "Pate" kino
şirkətinin nümayəndələri Şərq
mövzusunda çəkmək istədikləri film
üçün süjet axtarışı üçün
İstanbula gəlirlər. İstanbulda uğurla keçən
Azərbaycan teatr truppasının tamaşaları da
"Pate" şirkətinin diqqətini cəlb edir.
Fransalı kino xadimləri Azərbaycan artistlərinin
bütün tamaşalarını seyr edir və sonda
"Arşın mal alan" əsərinin film
üçün ən uğurlu olacağı qənaətinə
gəlirlər. Bu hadisəni həmin səfərdə
truppanın üzvü kimi İstanbulda olan Mustafa Mərdanov
belə təsvir edir:
"Bu
vaxtlar Fransanın "Pate" kinofilm şirkəti bizim
"Arşın mal alan" tamaşamızı görüb
onu ekranlaşdırmaq qərarına gəlmişdi. Bu
münasibətlə "Pate"nin sədr müavini
yanımıza gəlib bizi Parisə dəvət etdi. O, təklif
edirdi ki, Parisdə "Arşın mal alan"ı on dəfə
oynayaq, sonra da üç ayın müddətində operetta
ekranlaşdırılsın.
Fransaya
gedib-getməmək üstündə bir neçə gün
çəkən böyük mübahisədən sonra biz
Parisə yox, tezliklə Qafqaza, vətənimizə qayıtmaq
qərarına gəldik..." (Mustafa Mərdanov. 50 il Azərbaycan
səhnəsində. Bakı, 1959. səh. 52.)
Azərbaycan
artistləri Bakıya gələn kimi "Pate" şirkətinin
təklifi haqqında Üzeyir bəyə məlumat verirlər.
Üzeyir bəy bu məlumatı hökumət nümayəndələrinə
çatdırır. Müstəqilliyini yeni qazanmış Azərbaycan
Xalq Cümhuriyyəti dövlət tərəfindən
xüsusi bir komissiyanın yaradılması haqqında qərar
qəbul edir.
"...Azərbaycan
türkləri Paris və London kimi mədəniyyət mərkəzlərində
öz mədəniyyətlərinin xüsusiyyatının dərəceyi-tərəqqisini
nümayiş və təşviq etməyə təşəbbüs
etməlidirlər...
Bu barədə
lazımi hazırlıqlar görülməsi Üzeyirbəy
Hacıbəyli cənablarına
tapşırılmışdır. O da bunun icrası ilə məşğuldur.
Buradakı teatr işlərinə xələl vurmamaq şərtilə
xüsusi bir kiçik dəstə düzəltmək və
onu hazırlamaq, nə qədər çətin olsa da, bu
işi tezliklə düzəldəcəyi mühərrərdir."
(5 dekabr
1919 "Məşəl" №2)
1919-cu il
dekabrın 30-da rəsmi dövlət qəzeti "Azərbaycan"da
(rus dilində çıxan nömrəsində) qeyd olunur:
"Qərbi
Avropa xalqlarını Azərbaycanın mənəvi mədəniyyəti
ilə tanış etmək üçün Azərbaycan teatr
qüvvələrinin Parisə göndərilməsi məsləhət
görülmüş və bu işin təşkili bəstəkar
Üzeyir Hacıbəyliyə
tapşırılmışdır."
Göründüyü
kimi, gənc Azərbaycan dövləti milli mədəniyyətin
Avropada təbliğ olunmasına önəm verərək,
bütün çətinliklərə baxmayaraq bu işi həyata
keçirməyə qərarlı idi. Musiqimizin, ədəbiyyatımızın,
teatrımızın ən yaxşı nümunələri ilə
Avropa xalqlarını tanış etməklə yanaşı,
eyni zamanda bütün Şərqdə ilk Xalq Cümhuriyyətini
quran Azərbaycan dövlətinin də tanınması
üçün yaranmış imkandan yararlanmaq vacib hesab
olunurdu.
Əfsuslar
olsun ki, İstanbulda Fransanın "Pate" şirkətinin
diqqətini cəlb edən, Parisdə on gün
"Arşın mal alan" tamaşasını göstərmək
və sonra film çəkmək təklifinin
reallaşması qismət deyilmiş...
1920-ci il
27 aprel gecəsi qırmızı rus ordusu gənc Azərbaycan
dövlətinin sərhədlərini keçərək
ölkəni işğal etdi...
Kamil
ŞAHVERDİ
Ədəbiyyat
qəzeti.- 2025.- 28 noyabr, №45-46.- S.26-27.