"Hemşehri"dəki
Azərbaycan
Gəncəli Məhəmmədhüseyn Berkin
həyat hekayəsi
Noyabr ayının 22-si İstanbulun Yeniköy qəsəbəsində vaxtilə
İrəvanın Talın bölgəsindən Qarsa köçmüş Hüseyn xan Talınlının qızı Güvən xanımla görüşdüm. Qərbi Azərbaycandan köç edən mühacirlərlə
bağlı araşdırma apardığım
üçün Hüseyn xanın həyat hekayəsini ailə
arxivi əsasında öyrənmək istəyirdim. Güvən
xanım atasına aid nadir fotoşəkilləri, sənədləri
təqdim edərkən, illərdir adını eşitdiyim,
amma heç bir kitabxanada tapa bilmədiyim "Hemşehri"
adlı qəzetin iki nömrəsini gördüm. Bu qəzet
barədə mənə ilk dəfə tədqiqatçı
Cumhur Turan məlumat vermiş, mütləq axtarıb
tapmağımı istəmişdi. Təsadüfdən həmin
qəzetin iki sayı qarşımda idi. Qəzeti musiqiçi
Erol Özaydın çıxarıb və səhifələrdə
mühacirətdəki Azərbaycan musiqi ifaçıları
barədə maraqlı məlumatlar verib.
Ayda bir dəfə
sosial-mədəni qəzet kimi çıxan
"Hemşehri"nin ilk sayı 1979-cu ilin fevralında
işıq üzü görüb. Qəzetin sahibi və
yazı işləri müdiri Erol Özaydın, müəssisə
müdiri Cəfər Salman olub. Qəzetin ilk səhifəsində
məqsəd bu şəkildə izah olunub: "Qəzetinizin
adını "Hemşehri" qoyduq. Həyatda hər kəsin
bir çox idealı ola bilər. Amma mənim öyünəcəyim
tək nəsnəm həmşərilərimdir. Mən
onları dünyaya dəyişmərəm. Bu mənim
duyğum, eşqim, hər şeyimdir. Qəzetinizin
çıxış qayəsi hər biri ayrı-ayrı bir
cövhər olan və bir-birinə qardaşdan daha çox
bağlı olan sizləri bu nəşrimizlə
yaxınlaşdırmaq, unudulanları xatırlatmaq, küncdə-bucaqda
qalanları üzə çıxartmaq, səsini eşitdirə
bilməyənlərə tərcüman olmaq,
şadlığınızda və (Allah uzaq etsin) qara günlərinizdə
yanınızda, yaxınlığınızda olmaq və ...
daha necə ali və əsil xidmətlərdə
bulunmaqdır".
Qarslı
həmşərilərinə müraciət edən Erol
Özaydının özü də 12 avqust 1939-cu ildə
Qarsda doğulub. Bu şəhərdə Azərbaycan orkestri
yaradan Erol bəy musiqimizin Türkiyədə
tanıdılmasında önəmli rol oynayıb, plastinka
şirkəti yaradıb, Azərbaycan cəmiyyətlərinin
tədbirlərində iştirak edib (Onun fəaliyyəti
haqqında "Türkiyədəki Azərbaycan Cəmiyyətləri
(1920-1991-ci illər)" adlı kitabımızda ayrıca məqalə
mövcuddur).
Qəzetin ilk sayının birinci
səhifəsində Üzeyir Hacıbəylinin "O
olmasın, bu olsun" musiqili komediyasının İzmirdəki
tamaşası ilə bağlı məlumat verilib. Növbəti
səhifələrdə Qarsın tanınmış aktyoru və
musiqiçilərindən Fərmani Baydakın öz dilindən
həyat hekayəsi dərc olunub, onun "Arşın mal
alan"da oynayan sənətkarlarla birgə təsviri göstərilib.
Qəzetin növbəti səhifələrində uşaqlar
üçün nağıllar, "Qodu-qodu" nəğməsinin
mətni verilib. Eləcə də İrəvan əsilli mətbəəçi
Həmid Turanın və digər qarslı, iğdırlı
şəxslərin həyat hekayələri təqdim olunub.
"Gəncə üsyanında
yaralandım"
Qəzetin bu sayındakı
ən qiymətli məqalə isə gəncəli
xanəndə Məhəmmədhüseyn Berkin həyat hekayəsinin
öz dilindən təqdim olunmasıdır.
"1900-cü
ildə Gəncə şəhərinin Eldarlar küçəsində
anadan olmuşam. İlk və orta təhsilimi xüsusi məktəblərdə
(Mirzə Səməd, fars Abbas bəyin məktəbləri)
almışam. Atamın vəfatına görə liseyin ikinci
sinfindən ayrılaraq Cəmiyyəti-Xeyriyyədə katib
müavini olaraq iş həyatına qədəm qoydum. Musiqi həyatına
isə İrəvanda erməni məhəlləsindəki
Tiflis caddəsində Məhəmməd ağa,
Şeyxülislamov Cəlal bəy, Mirzə Əli Məhzun,
Kumbaraçı Yusif bəyin idarə etdikləri teatrda
oynanılan "Məşədi İbad"da qoçu
yamağı olaraq başladım (1917). Daha sonra bu teatrda
oynanılan "Arşın mal alan", "Əsli və Kərəm",
"Şeyx Sənan" və bunabənzər bir çox
opera, operetta və skeçlərdə rolum oldu.
Uşaqlıqdan bəri səsimin
çox yaxşı olduğunu söyləyən
çevrəmin təsiri ilə musiqi həyatına
başladım. Hətta uşaqlıq dostum olan Bağırla
gəzintilərə çıxar, birlikdə muğam, şərqi,
türkü oxuyardıq. Dostum Bağırın başqa bir
xüsusiyyəti də vardı: Ozamankı məşhur xanəndələrin
təqlidini etməklə ün qazanmışdı.
Daha sonra Gəncə şəhərinə yerləşdim.
Dövrün məşhur xanəndələrindən olan Məşədi
Məhəmməd Fərzəliyev, Bülbül və daha bir
çoxları ilə tanış oldum. Əqrəbam olan tarzən
Abbas Akçaylı ilə davamlı şəkildə musiqi
ilə bağlı çalışdıq. Gəncə
üsyanının çıxması ilə bu xəyallarımız
suya düşdü. Üsyanın ikinci günü
ağır şəkildə yaralanaraq xəstəxanada il
yarım yatdıqdan sonra buraxıldım. Tiflis şəhərinə
gedib bir il qaldım, daha sonra Türkiyəyə keçdim və
1922-ci ildə Qars şəhərinə yerləşdim. Eyni
tarixlərdə bu şəhərdə qurulan Türk
Ocağı, teatr, musiqi və folklor fəaliyyətləri
vardı. Dövrün sənətçilərindən -
Tağı Durmaz, Tahir bəy, Hüseyn xan Talınlı, Həmid
Ədhəmzadə, Fuad Araslı, Sadıx bəy, dəfçi
İbrahim bəy, qarmonçu Seyyid bəy,
nağaraçı Şaban bəy vardı. 1923-cü ildə
indiki millət bağçasında Kazım Qarabəkirin
şərəfinə "Məşədi İbad"
operettasını səhnəyə qoyduq. Beş il Qars
Türk Ocağında göstərdiyim fəaliyyətlərdə
aktyor və rejissor vəzifələrini yerinə yetirdim".
"Azərbaycan Musiqi Heyətinin təməlini
qoyduq"
Xatirələrində səhnə həyatında başına
gələn maraqlı hadisələrdən də
danışan Məhəmmədhüseyn bəy
şuşalı məşhur muğam ustadı, mühacirətdə
Azərbaycan Türk Musiqi Heyətini quran Məşədi Məhəmməd
Fərzəliyevlə (Türkiyədə Mehmed Ferzalı və
Mehmed Çaylı) olan tanışlığından da bəhs
edib:
"1927-ci
ildə Qarsdan ayrıldım. Bir il Ərzurum və Trabzonda
qaldıqdan sonra İstanbula gəldim. Eyni şəhərdə
fəaliyyətimi davam etdirməyə qərar verdim. Batumdan
mültəci olaraq İstanbula gələn və orada
tanış olduğum mərhum Həsən Danışmanla
birlikdə işə başladıq. Biz İstanbula gəlməmişdən
qabaq bu şəhərə Azərbaycandan bir teatr və musiqi
heyəti gəlibmiş, qrup geriyə qayıtdığı
zaman içlərindən tarzən Hüseyn bəy burada
qalıbmış. İranlı gazino sahibi İsmayıl
Temerli bəyin vasitəsiylə bu sənətkarla
tanış oldum. Birlikdə çalışmaq fikrimi
söylədim. Əvvəlcə qəbul etməsə də,
sonralar razılaşdı. Bu əsnada Məşədi Məhəmməd
Fərzəliyevin də iştirakı ilə 1928-ci ildə Azərbaycan
Musiqi Heyətinin təməlini qoyduq. İstanbulda olan
iranlı həvəskarların da qatılmasıyla qrupumuzu
daha da gücləndirdik. Sonralar heyətə qarmonçu Həmid
Çətin bəy, kamançaçı Möhsün bəy,
stajyer Dr. Kamil Arran (Rəfibəyli - D.Ə.), pianoçu
Ələkbər bəy kimi sənətçilər daxil
oldular. Bu çalışmalarımızın nəticəsində
ilk konsertimizi "Mulenruj" gazinosunda verdik. Gazino sahibi
İbrahim Dərvişzadə bizə dedi ki, "qrupunuzda bir
neçə xanım əməkdaşın olması
işinizi daha da artırar". Biz də bu fikrin məntiqli
olduğuna qərar verdik. Aramıza Leyla Çetin (Həmid
Çetin bəyin xanımı), Səriyyə xanım kimi
qadın sənətçilər də qatıldılar. Bir
il müntəzəm çalışdıqdan sonra Həmid
Çetin bəy xanımıyla birlikdə heyətdən
ayrılaraq ayrı bir qrup yaratdı. Bu qrup da bir biraxanada fəaliyyətinə
davam edirdi. İlk teatr fəaliyyətimizə Polşadan
İstanbula gələn Əziz Özer bəyin, qadın sənətkarlardan
Sara xanım (Səriyyə xanımın bacısı), Asiyə
xanım, Rüçhan xanım, Nəbahət xanım kimi sənətkarların
qatılması ilə 1929-cu ildə başladıq. Teatr
truppamız daha sonra Anadolunun İzmir, Manisa, Balıkesir,
Aydın, Antalya və bunun kimi bir çox şəhərlərdə
musiqi, teatr, folklor konsertləri verdi. Bu fəaliyyətimiz
1961-ci ilə qədər fasiləsiz davam etdi. Müxtəlif
səbəblərdən heyətimiz dağıldı. Fəqət
məndəki bu çalışma eşqi tükənmədi,
Qarsdan İstanbula gələn musiqiçi Erol Özaydınla
tanış oldum. Rəhbəri olduğu Qars Folklor və
Musiqi Dərnəyində səhnələşdirdiyi "Məşhədi
İbad" operettasında rejissor və aktyor olaraq 1971-ci ildə
iştirak etdim. Eyni tarixdə də sənət həyatıma
son verdim".
Məqalədəki məlumatlarda Məhəmmədhüseyn Berkin
ailə həyatı qurmadığı, fars və rus dillərini
bildiyi qeyd olunub. Bioqrafiyanın yayımlandığı tarixdə
İstanbulda "20-ci əsr" dərsanəsində
kitabxana məmuru kimi çalışdığı
bildirilib. İstanbulda Beyoğlu səmtində yaşayıb.
Qeyd edim ki, Azərbaycan Türk Musiqi Heyətinin Türkiyədəki
fəaliyyəti haqqında yuxarıda adını çəkdiyim
kitabımda geniş məlumatlar mövcuddur. Bu yaxınlarda
heyətə aid 6 ədəd peşəkar studiyada çəkilmiş
fotoşəkillər də əldə etmişəm. Həmin
şəkillərdə Berkin qeyd etdiyi Məşədi Məhəmməd
Fərzəliyev, Həmid Çetin bəy və heyətin
bütün xanım üzvləri də yer alıblar. Eləcə
də "Hemşehri" qəzetində də heyətin
üzvlərinin yer aldığı maraqlı iki fotoşəkil
verilib. Fotoların birində heyətin Anadolu səfərində
olduğu qeyd edilib, təsvirdə Məşədi Məhəmməd
Fərzəliyevin, tarzən Hüseynin və Məhəmmədhüseyn
Berkin olduğu bildirilib. Digər bir şəkil isə
1933-cü ildə Denizli şəhərində çəkilib,
orada da Berk və digər heyət üzvləri yer alıb.
Akademik Rafael Hüseynovun "Rəfibəylilər"
kitabında Məşədi Məhəmməd Fərzəliyevin,
Kamil Arranın olduğu heyətin "Mulenruj"da verdikləri
konsertin fotoşəkli də yer alıb.
"Qarsda ilk dəfə bir qadın sənətçi səhnəyə
çıxdı"
Qəzetin ikinci sayı
1979-cu ilin mart ayında işıq üzü görüb.
İlk səhifədə "Qars" sözünün
izahı verilib, İstanbulda keçirilmiş Qars gecəsi
haqqında məlumat dərc olunub. Qarsın bələdiyyə
sədrləri, valiləri və tanınmış şəxsləri
haqqında bilgilərin verildiyi bu sayda yenə
"Arşın mal alan", "O olmasın, bu olsun" əsərlərinin
mətnlərindən nümunələr və Firidun
Şuşinskinin (Şuşalı) "Hacı
Hüsü" məqaləsi təqdim olunub. Eləcə də
Cənubi Azərbaycandan əvvəlcə İrəvana, daha
sonra Qarsa köçən din xadimi Axund Malik
İşıqlının vəfatı xəbəri və həyat
yoldaşı ilə bir rəsmi də bu sayda verilib. İkinci
nömrədəki ən qiymətli məqalə isə yenə
azərbaycanlı aktyor Səttar Güldürün öz
dilindən həyat hekayəsinin təqdim edilməsidir:
"1905-ci
ildə Qarsın Arpaçay qəzasının Külverən
kəndində doğulmuşam. Həmin kənddə din
xocalarından dərs alaraq təhsilimi tamamlamışam. Bir
gün Tiflisdən Qarsa 10 nəfərlik bir teatr truppası gəlmişdi.
Qadın sənətçilərdən Banfila Karakaş,
kişi sənətçilərdən isə məşhur
İbrahim Xəlilov, Ələkbər Seyfi, Xəlil
İsfahanlı kimi böyük aktyorlar vardı. Teatr
truppası oyun göstərməzdən öncə Həmid bəyin
açdığı hotelin salonunda məşq edəcəklərini
eşitdim. Oraya gedərək sənətçilərlə
tanış oldum. Daha sonra bu heyət bir neçə oyun
göstərdikdən sonra Qarsdan ayrıldı. Məndəki
həvəs o zaman orada başlamışdı. Sonra
1922-1923-cü illərdə Məhəmmədhüseyn Berk
(Əsgər), Sadıx Çetinkaya (Gülçöhrə),
Nadir Taşdemir (Vəli), Tahir Ekinci (Sultan bəy), Fuad
Araslı (Süleyman), Tağı Durmaz (Telli və xala), mən
də Asiyə rolunda olmaqla bir teatr heyəti təşkil edib
"Arşın mal alan" operettasını oynadıq. O
zamanlar qadın sənətçi olmadığı
üçün mən Asiyə, Sadıx Çetinkaya
Gülçöhrə, Tağı Durmaz Telli və xala
rollarını oynamaq məcburiyyətində idik. Daha sonra heyətimizə
xanımım Gülpəri Güldür də qatıldı.
Bu şəkildə Qarsda ilk dəfə bir qadın sənətçi
səhnəyə çıxmış oldu. 1927-ci il
idi..."
"Xalid paşanın şərəfinə "Arşın
mal alan"ı oynayacağıq"
Səttar
Güldür Məşədi
İbad rolunu 50 dəfədən çox
oynadığını, hazırda Sarıyerdə Xalq Təhsil
Mərkəzində fəaliyyətini davam etdirdiyini bildirib. O,
Atatürkün önündə səhnələşdirdikləri
oyundan da bəhs edib:
"Bir gün Xalid paşa Qarsda idi. Türk Ocağı və Təmsil
Qolu başqanı Həmid Ersöz bəy bizi toplayaraq dedi:
"Yoldaşlar, şəhərimizdə olan Xalid
paşanın şərəfinə "Arşın mal
alan" əsərini oynayacağıq. Bir-iki məşqdən
sonra ertəsi gün əsəri oynadıq və bitdikdən
sonra səhər paşa bizi görmək istədiyini bildirdi.
Biz də hazırlaşıb valilik binasına getdik. Vali bizi
qonaq otağına apardı. Bir az sonra paşa gəldi və
bizi bir-bir təbrik etdi. Əsərdən olduqca məmnun
qaldığını bildirdi. Bir neçə gün sonra
Atatürkün Qarsa gələcəyi xəbərini
eşitdik. Trabzondan Türk Ocağı başqanı Həmid
Ersözə göndərilən bir teleqrafın mətnindən
Atatürkün də eyni əsəri görmək istədiyi
anlaşılırdı. Necə ki böyük xilaskar Qarsa gəldi.
Əsərdə oynayan Tağı Durmaz İğdırda
olduğuna görə tamaşa verə bilmədik. Lakin
Atatürk üçün bir gecə təşkil etdik.
Günün əhəmiyyətini bildirmək
üçün səhnəyə çıxan Türk
Ocağı başqanı həddindən artıq həyəcanlandığı
üçün nitqini yarımçıq qoydu. Daha sonra Atatürk
oturduğu yerdən xalqa xitabən bir çıxış
etdi. Zalı dolduran yüzlərlə Qars sakini
hönkür-hönkür ağlayırdı".
Səttar
Güldür və heyətinin Atatürkün
qarşısında müxtəlif oyunlar göstərdikləri
dövrün mətbuatından və digər xatirələrdən
də bəllidir.
Qəzetin bu sayında Məşədi Məhəmməd Fərzəliyevin
nadir bir fotoşəkli dərc olunub, tezliklə onun həyat
hekayəsinin veriləcəyi bildirilib. Eləcə də heyətdə
təmsil olunan Tağı Durmazın bioqrafiyasının və
Cənubi Qərbi Qafqaz hökumətinin qurucusu İbrahim
Cahangiroğlu haqqında da xatirələrin veriləcəyi
qeyd olunub. Təəssüf ki, qəzetin növbəti
nömrələrini əldə edə bilmədik.
Üçüncü sayın olub-olmadığını da
dəqiqləşdirə bilmədik...
İstanbul,
25.11.2025
Dilqəm ƏHMƏD
Ədəbiyyat
qəzeti.- 2025.- 28 noyabr, №45-46.- S.28-29.