Birinci Türkoloji Qurultayda
ədəbiyyat məsələləri
Qurultayın on altıncı iclasında
türkiyəli professor M.F.Köprülüzadə
"Türk xalqları
ədəbiyyatının araşdırılmasının
nəticələri və
perspektivləri" mövzusunda
məruzə etmiş,
lakin məruzə türkcə olduğundan stenoqrafik hesabata daxil edilməmişdir.
Akademik Bəkir Nəbiyev göstərir ki, "alimin
sonralar müxtəlif
araşdırma və
kitablarında yer almış bu məruzəsinin əsas müddəası türk
xalqları ədəbiyyatlarının
vahid, ortaq bir başlanğıcdan intişar tapması, onun özəyində əski türk mifoloji düşüncəsinin
və folklor mədəniyyətinin dayanması
konsepsiyasıdır. Uzun
bir zaman ortaq türk mədəniyyəti
içərisində təşəkkül
taparaq vahid mənəvi məkan kimi mövcud olan türk ədəbi varlığı
qədim türk yazılı abidələrinin
dilində, ruhunda, obraz və üslubunda
qabarıq şəkildə
görünməkdədir".
Əlbəttə, M.F.Köprülüzadə türk ədəbiyyatını
onu yaradan xalqın özünəməxsus
ideya-estetik axtarışlarının
məhsulu hesab etmişdir.
Ondan sonra tribunaya çıxan, Qurultaya şəxsən dəvət
olunmuş almaniyalı
professor Teodor Teodoroviç
Mentselin "Anadolu-Balkan türklərinin
ədəbiyyatının araşdırılmasının
nəticələri və
perspektivləri" mövzusundakı
məruzəsi isə
belə bir əsassız mülahizə
ilə başlayır:
"Bəşər tarixinə
qədəm qoyduqları
andan türk xalqları heç vaxt öz mədəniyyətlərinin
mərkəzində dayanmayıb.
Əhatəsində olduqları
Çin, hind, İslam-fars,
Bizans mədəniyyətləri
onları özlərinə
tabe edir və üzərlərinə
öz izlərini qoyurdular.
Yabançı təsirlər türklərin
onların özlərinəməxsus
olanların dəyərinə
baxışlarını da korlayırdı. Ən qədim dövrlərdən
etibarən türk xalqlarında bizə qədər ayrı-ayrı
dörd misralıq formalar - mani, türkü, türkani, tuyuğ şəklində
gəlib çatan xüsusi xalq ədəbiyyatı olmuşdur.
Yabançı təsirlər, başqalarını
yamsılama və meyarların dəyişdirilməsi
heç bir türk tayfasının öz ədəbiyyatına
müstəqil bir ədəbiyyat kimi yanaşmağa cürət
etməməsinə gətirib
çıxardı. Öz
xalq ədəbiyyatının
adının çəkilməsi
belə rəva bilinmirdi".
Əlbəttə, ən geci,
"Oğuz kağan"
eposundan başlayan, orijinal olduğu qədər də zəngin türk ədəbiyyatının inkar
edilməsi, ya məruzəçinin məlumatsızlığından,
ya da həmin ədəbiyyat (daha doğrusu, onu yaradan xalq və
xalqlar) haqqında Avropada formalaşmış
yanlış təsəvvürlərdən
irəli gəlmişdir.
Bununla yanaşı, çox təəssüf
ki, türk ziyalılarının
iştirak etdiyi möhtəşəm məclisdə
(o məclisdə ki, az
qala, hər bir mülahizə ciddi müzakirə obyektinə çevrilirdi!)
belə sayıqlamalar
cavabsız qalmış,
onlara heç bir reaksiya verilməmişdi.
Aşırı qonaqpərvərliyin
verdiyi sonsuz imkanlardan sui-istifadə edən professor isə davam etmişdi:
"Başqalarında olana üstünlük verilməsi
o qədər dərin
köklər salmışdı
ki, elmi və ya bədii önəm
aşılamaq üçün
bir çox türklər əsərlərini
yabançı dillərdə,
xüsusən də, ərəb və fars dillərində yazırdılar. Osmanlı
dövrünə qədər
fars dili Orta Asiya səlcuqlarının
saray və idarəçilik dili kimi qalmaqda idi.
Beləcə, türk
yaradıcılığının məhsulu olan çoxsaylı əsərlər
türk dilində olmayan ədəbiyyatlara məxsusdur".
Əvvəla, türklər yalnız
başqa dillərdə
ədəbiyyat yaratmaqla
qalmamış, yaradıcılığa
öz dillərində
başlamaqla əsrlər
boyu kifayət qədər mükəmməl
söz sənəti örnəkləri təqdim
etmişlər (və
həmin ənənəni
orta əsrlərin sonlarından müstəqil
türk xalqları da davam etdirmişlər) ... İkincisi, dünya ilə sıx əlaqədə olan, möhtəşəm imperiyalar
quran türklər heç ola bilməzdi ki, dünya mədəniyyətinə
(xüsusilə inkişaf
etmiş xalqların dillərinə, ədəbiyyatlarına,
incəsənətlərinə və s.) açıq olmasınlar... Nəhayət,
üçüncüsü, İslam dinini tanrıçılıq
əsasında könüllü
qəbul etmiş türklərin həmin dinin elm və sənət dilləri olan ərəb və farscada ərəblər və farslar qədər hünər göstərmələri,
üç dildə qələm işlədərək
doğma türkcənin
(türkcəni) də
ərəb və farsca səviyyəsinə
yüksəltmələri etnosun
təqlidçiliyidirmi?
Türklərin yaradıcılıq diapozonunun hər cəhətdən genişliyini
onlardan "məhdud etnik təəssübkeşlik"
tələb edən
alman alimi anlamadığına
görə tərəddüdsüz
demişdir:
"Özünunkü olana ehtiram göstərilməməsi,
özgəninki olanın
layiq olduğundan daha yüksək qiymətləndirilməsi və
təqlidini türk ədəbiyyatı tarixinin
tərtibində də
müşahidə etmək
olar. Digər müsəlman xalqlarında
olduğu kimi, burada da tərcümeyi-hal
üslubu tətbiq edilir. Əlamətdar olanı isə odur ki, bu üsula
meyl xüsusilə farsların tərcümeyi-halı
sona çatdırmağı
bacarmaları ilə yanaşı inkişaf edirdi".
Fars təzkirəçilərinin "tərcümeyi-halı sona
çatdırmağı bacarma"larında
nə ədəbiyyata,
nə də əsl tarixə aidiyyəti olmayan hansı konyuktur məqsədlərə xidmət
etdikləri məlum idi. Bütün orta əsrlər boyu hər cür
hərbi-siyasi nüfuzunu
itirmiş bir xalqın "ədəbiyyat
tarixçiləri" (və
ümumən saraya sığınmış hər
cür qələm adamları!) mənsub olduqları xalqın tarixini bu cür
tərcümeyi-hallara sığışdırmaqdan
başqa bir imkana malik deyildilər. Halbuki türklərin belə bir "sonluğ"a ehtiyacları
ona görə yox idi ki, ədəbiyyatı
yalnız bir türk kimi deyil, bir fars,
bir ərəb kimi də yaratmağın
(və bundan heç bir mükafat gözləməməyin)
təcrübəsinə yiyələnmişdilər.
Türklərdə, ümumən Şərqdə
Avropa tipində ədəbiyyat tarixi ənənəsi (ayrı-ayrı
ədəbi cərəyanların,
üslubların tarixi
inkişaf prosesinin izlənilməsi və s.)
olmasa da, hər halda, "təzkirə"dən
"tarix"ə meyil
bütün orta əsrlər boyu mövcud idi. Və bunu məruzəçi
də etiraf etmişdir:
"Tarixilik hissi bu qədər güclü olan, tarixə məhəbbəti
heç bir şübhə doğurmayan
türk xalqında ədəbiyyat tarixinin yazılmasına bu qədər diqqətsiz yanaşılması qəribə
olardı. Faktiki, cığatay ədəbiyyatı
və ədəbiyyat
tarixini görünməmiş
yüksəkliklərə ucaldan
şərq türklərindən
savayı bu, başqa bir türk xalqında - qərb Anadolu-Balkan türklərində
də var və ən zəngin şəkildə inkişaf
edir".
Qərb
və ya Anadolu-Balkan türklərinin oğuz-səlcuqların
varisi, xələfləri
olduqlarını göstərən
professor demişdir ki, onlar
ümumiyyətlə bütün
türk xalqları arasında ən yüksək siyasi və ədəbi inkişafa nail olublar.
Anadolu-Balkan dili müasir
mədəni Avropa dili səviyyəsinədək
inkişaf edib. Türklər Avropa ilə əlaqələri
xüsusən fransız
dili vasitəsilə genişləndirdilər".
Haqqında bəhs etdiyi mövzuya xüsusi diqqət cəlb etmək naminə üslubi maneralardan
"sui-istifadə" edən
T.T.Mentsel təmtəraqla
söyləmişdir:
"Digər türk xalqlarının ədəbi
fəaliyyətləri bir
o qədər də əhəmiyyətli olmadığından
yüksək inkişaf
etmiş cığatay
ədəbiyyatı, daha
sonra meydana çıxan Qazan və Azərbaycan ədəbiyyatları öz
araşdırıcılarını tapacaqlarından biz burada
Anadolu-Balkan türklərilə kifayətlənə bilərik".
Bu cür iddialı bir şəkildə mövzuya müraciət edən məruzəçinin
aşağıdakı fikrinə
gəldikdə isə,
onunla hesablaşmamaq mümkün deyil:
"Zəngin tarixi ədəbiyyatları ilə
yanaşı, Anadolu-Balkan türkləri
eyni dərəcədə
zəngin ədəbiyyat
tarixini də özünəməxsus şəkildə,
yəni sırf tərcümeyi-hal anlamında,
ətrafdakı mədəni
cərəyanlarla əlaqəyə
qətiyyən diqqət
yetirmədən, sərəncamındakı
materialları (çox
vaxt kasad da olsa) tənqidi baxımdan qətiyyən araşdırmadan inkişaf
etdirirdilər. Elə
ədəbiyyatın özünün
nə olduğunun araşdırılması da çox
maraqlıdır. Keçmiş
dövrlərdə ədəbiyyat
dedikdə, demək olar ki, müstəsna olaraq süni ədəbiyyat nəzərdə
tutulur. O, ədəbiyyatın
bütün digər növlərindən üstün
inkişaf etdirilir".
Lakin bu mülahizələrə
XX əsrin 20-ci illərində
artıq kifayət qədər geniş yayılmış Azərbaycan
ədəbiyyatı tarixşünaslığı
(F.Köçərli, S.Mümtaz
və b.) kontekstindən
yanaşsaq, düşünmək
olar ki, onların müəllifi mövzuya
"daxil"dən deyil,
xeyli dərəcədə
"kənar"dan, hətta
demək olar ki, "yuxarıdan aşağı"
baxır. Və ona görə də burada mövzunun mövcud araşdırmalar əsasında
obyektiv öyrənilməsindən
daha çox, əldə olunmuş illüstrativ materiallardan istifadə (ümumiyyətlə,
sui-istifadə) etməklə
müəllif "virtuozluğ"u
diqqəti cəlb edir.
Ən çox etiraz doğuran isə odur ki, məruzəçi
ədəbiyyat tarixşünaslığından
bəhs etdiyi halda, heç bir sərhəd qoymadan ədəbiyyatın
özü barədə
də mülahizə yürüdür:
"Sənətkarlıq baxımından
son dərəcə yüksək
olan forma və zahiri gözəllik əsas rol oynayır.
Əsl türk, əsl ərəb, yaxud əsl fars üçün yox, yalnız xüsusi hazırlıq görmüş adamlar üçün anlaşıqlı
olan süni, bəzəkli, bəlağətli
bir dil yarandı.
Türk konstruksiyalı
bu ərəb-fars sözləri qarışığı
yalnız yüksək
savad səviyyəsinə
malik adamlardan ibarət
dar bir çevrədə
anlaşılır. Yalnız
bu dildə yazılan əsərlər
ədəbi əsər
sayılır və ədəbiyyat tarixinə
daxil olurdu".
Bu pərakəndə qənaətlərin
bir-bir şərhinə
ehtiyac var... Axırdan
əvvələ getsək,
əgər orta əsrlərdə "ədəbiyyat
tarixi" yoxdursa, bu və ya
digər dil-üsluba məxsus əsər hansı prinsiplə ona daxil ola bilər?
"Yüksək savad
səviyyəsinə malik ... dar bir çevrədə
anlaşılan" ədəbiyyat
nə üçün
təəccüb doğurmalı,
onun hansı cəhəti qeyri-adi, qeyri-mədəni, yaxud qeyri-milli" sayılmalıdır?
"Xüsusi hazırlıq
görmüş adamlar"ın
ərəb və ya fars olması
ona görə ümumiyyətlə istisna
edilir ki, burada söhbət türk ədəbiyyatından gedir,
başqa tərəfdən,
"əsl türk"
deyəndə kimin nəzərdə tutulması
son dərəcə qaranlıqdır...
Ən mühümü
isə, türklərdə
orta əsrlər ədəbiyyatı təzkirələrin
seçib təqdim etdiyi "türk-ərəb-fars"
dilli - üçayaqlı
mətnlərlə məhdudlaşmır.
Və türk ədəbiyyatı tarixinə
bu cür "daltonik baxış"ın,
nəticə etibarilə,
ədəbiyyat tarixşünaslığına
sxematik münasibətə
gətirib çıxaracağı
qaçılmazdır.
Professor T.T.Mentselin üslubundakı
fraqmentallıq imkan vermir ki, onun fikirləri bu və ya digər
baxımdan konseptual əhəmiyyət kəsb
etsin. Klassik türk ədəbiyyatından
və ya ədəbiyyatlarından danışdığı
məqamda qəflətən
bu cür mühakimələrə keçmişdir:
"Fikrimizcə, istənilən
xalqın ədəbiyyatı
dil həyatı hadisələrinin yazılı
və ya şifahi şəkildə
ötürülmüş toplusundan ibarətdir. Odur ki, bu ədəbiyyatda
kitabələr və
xalq nəğmələri,
nağıllar və atalar sözləri, tapmacalar, dram əsərləri
və hər cür nəzm əsərləri, həmçinin
mühüm qəzet yazıları elə əsl süni poeziya qədər yer tutur".
Əgər elədirsə, hər
nə qədər
"klassik mötəbərliy"ə
yüksəlsə də,
bu və ya digər dil-ədəbiyyat
(üslub!) cərəyanın
bütövlükdə xalqın
ədəbiyyatı (nəticə
etibarilə, ədəbi
xarakteri!) kimi təqdim olunması cəhdləri nəyə
yarayar? Bu halda ki, bu qədər zənginlik var...
Son orta əsrlər təzkirələrinin təhlilinə
keçən məruzəçi
demişdir:
"Səciyyəvidir ki, türk
ədəbi toplularında
daha çox süni poeziyaya əsaslanmağa üstünlük
verilir. Digər əsərlər yalnız
tərcümeyi-hala dair
məlumatlardan sonra ötəri olaraq xatırlanır. Həmin tərcümeyi-hal materialları
isə bir çox hallarda çox kasaddır və yoxlanılmağa ehtiyacı var. Əvəzində,
hər yerdə duran qafiyəpərdaz söz verilir, odur ki, şairlərin qəbul edilmiş təzkirələrinin sayı
bir neçə minə çatır. Ənənəvi mühakimələrdən
uzaqlaşaraq ən yaxşı şairləri
seçmək üçün
bu qədər bol materialı nəzərdən keçirmək
kimi ağır bir vəzifənin öhdəsindən gəlmək
lazımdır".
Bu ağır vəzifəni
öz öhdəsinə
götürməyə cəhd
göstərən bəzi
Avropa ədəbiyyatşünas
- şərqşünaslara keçən məruzəsi
göstərmişdir ki, "türk ədəbiyyatı
tarixinin avropalılara
məxsus köhnə
təfsirləri türk
üslubunu, əlbəttə,
heç bir tənqidə məruz qoymadan qəbul edir, bəzi təzkirələrin tərcümədə
verilməsilə kifayətlənirdi".
Türk
ədəbiyyatının XVII əsrdə İtaliyadan başlayaraq, Avropada öyrənilməsi tarixinə
ötəri bir nəzər saldıqdan sonra T.T.Mentsel böyük rus türkoloqu, "Türk xalqları ədəbiyyatı
nümunələri" oncildliyinin
(Peterburq, 1866 və sonrakı illər) müəllifi, akademik V.V.Radlovun üzərində
dayanmışdır:
"Hazırda Radlovun fəaliyyəti çox vaxt lazımınca qiymətləndirilmir (halbuki
Birinci Türkoloji Qurultay İ.Qasıpralı
və V.V.Radlovun şərəfinə keçirilmişdir
- N.C., M.H., A.Q.), lakin bu
- haqsızlıqdır, çünki
Radlovsuz türkologiyanın
bir çox nailiyyətləri mümkünsüz
olardı".
Anadolu-Balkan
türklərinin ədəbiyyatlarının
tədqiqi tarixinin ən yeni dövrü barədə məlumat verilərkən, professor M.F.Köprülüzadənin
xidmətləri xüsusi
qiymətləndirilmişdir:
"Yalnız Fuad bəy Köprülüzadə müasir
elm səviyyəsində duran
çoxsaylı əsərlərilə
mahir sintetik, demək olar ki, avropasayağı elmi tərzdə yüksəlməyə
nail olmuş, türk ədəbiyyatı elminə
fəxri yer qazandıra bilmişdir".
Məruzəçi müasir türk ədəbiyyatşünaslığının
qarşısında dayanan
"ən əsas vəzifələr"i aşağıdakı
şəkildə müəyyənləşdirmişdir:
"1) qədim, önəmli, yalnız əlyazma şəklində qalan əsərlərin tədqiqi
və çapı (hansısa komissiyaların imkanları ilə);
2) bu günə qədər hər yerə səpələnmiş
material və sənədlərin,
o cümlədən, bütün
türk qəzet və jurnallarının toplanması;
3) ən önəmli monoqrafiyaların nəşri
(bu, bütün dövrün həqiqi təsvirini verərdi)".
Professor T.T.Mentsel məruzəsini belə yekunlaşdırmışdı:
"Türkiyə ədəbiyyat
tarixinin ümumi həcmində problemlərin
qoyulmasına türk əsərlərinin onların
fars və ya başqa orijinalları
ilə tutuşdurulması
yolu ilə tədricən nail olunmalıdır.
Yabançı ədəbiyyatların
Türkiyə ədəbiyyatına
təsirini dəqiq sübutlarla bu yolla müəyyənləşdirmək
mümkündür. Sonra ədəbiyyata
fəlsəfi, etnik, yaxud etik baxımdan
nəzər salmaq, daha sonra isə
poeziyanın hər bir növünün sistemləşdirilməsi və
onun qanuniliyinin anlaşılmasının formalaşdırılması,
bütöv bir dövrün refleksi kimi təqdim etməyə cəhd göstərilən ayrı-ayrı
rəhbər ədəbi
xadimlərin dəqiq səciyyələndirilməsi gəlir".
Əlbəttə, bu fikrin birinci hissəsi ona görə yanlışdır ki, hər
hansı xalqın ədəbiyyatını öncədən
hansısa təsir prizmasından baxaraq araşdırmaq ciddi metodoloji qüsurdur...
"Mövcud maneələrə
baxmayaraq Türkiyə
ədəbiyyatının araşdırılmasında
da geniş nöqteyi-nəzərlərdən
qurtulmaq mümkün olmayacaq" şəklində
ifadə olunmuş cümləyə gəldikdə
isə, görünür,
burada türk ədəbiyyatşünaslığında
yeni üslub, cərəyan
və ya təmayüllərin müdaxiləsi
imkanları nəzərdə
tutulmuşdur ki, bu, tamamilə gözləniləndir.
Hər şeydən əvvəl ona görə ki, XIX əsrin sonlarından başlayaraq Türkiyədə
hər cür divan ədəbiyyatı (və
ədəbiyyatşünaslığı)
üslubunu geridə qoymuş yeni ədəbiyyat
(və ədəbiyyatşünaslıq)
meydana çıxmışdı
ki, məruzəçilər bu barədə ümumiyyətlə bəhs
etməmişlər.
Q.E.Səədinin tatarca məruzəsindən
sonra səs çoxluğu ilə müzakirə açmamaq
barədə qərar
verilmiş, qətnamə
layihəsi hazırlamaq
üçün M.F.Köprülüzadənin
sədrliyi ilə komissiya yaradılmışdır.
Qurultayın sonuncu - 17-ci iclasında
qətnamələr qəbul
edilərkən məlumat
verilmişdir ki, "professor Köprülüzadənin məruzəsi
üzrə tezislər
hələ hazır deyil, yalnız qısa xülasə daxil olub".
Professor B.V.Çobanzadə təklif
etmişdir ki, "tezislər
əsas kimi qəbul edilsin və Rəyasət heyətinə tapşırılsın
ki, onların əsasında
ətraflı qətnamə
hazırlansın". Təklif
səsə qoyularaq qəbul olunsa da, nə qətnamə qəbul edilmiş, nə də tezislər ortaya çıxarılmışdır. Və beləliklə, türkiyəli professor M.F.Köprülüzadənin
əsas məruzəçisi
olduğu ədəbi
dil məsələsi
kimi, ədəbiyyat məsələsi də Qurultayın rəsmi münasibətindən kənarda
qalmışdır. Fikrimizcə,
bu, üç səbəbdən irəli
gələ bilərdi:
birincisi, Qurultay daha çox əlifba, orfoqrafiya və terminologiya kimi aktual məsələlərə
diqqət yetirdiyindən
bu məsələlər
ikinci dərəcəli
hesab olunmuşdur; ikincisi, həm ədəbi dil, həm də ədəbiyyat məsələləri
son dərəcə mürəkkəb
olduğundan (bunu müzakirələr də
göstərir) onlar haqqında bu və ya digər
dərəcədə ümumi
qənaətlərə gəlib
qətnamələr qəbul
etmək sonraya saxlanmışdır; üçüncüsü,
türkiyəli professora
etinasız yanaşılmışdır.
Göründüyü kimi, üç məruzənin
heç birində türk xalqlarının
yeni (və ən yeni)
ədəbiyyatlarının tədqiqi vəziyyətinə
toxunulmamış, yalnız
orta əsrlərdə
baş verib tarixə qovuşmuş ədəbi prosesin dəyərləndirilməsi üzərində
dayanılmış və
ona münasibət də həmişə obyektiv olmamışdır.
Nizami CƏFƏROV,
Mahirə HÜSEYNOVA,
Aysel QƏRİBLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 3 oktyabr, №36.- S.14-15.