Uroboros
Hekayə
Pifaqor
fikirli-fikirli tövlədən çıxdı. Astagəl,
ağır addımlarla hasara sarı yeridi.
Qocalmışdı, qəddi əyilmiş, saçları,
saqqalı ağarmış, seyrəlmişdi.
Qaşlarını çatmamışdı, üzü o qədər
qırışıq idi ki, elə görükürdü.
Balaca
bağça təndirxanaya bitişik idi. Qarısı təndirə
çörək yapırdı.
Hasarın
dibinə qalaqla yaş odun tökülmüşdü. Odun
tayasından qalın bir paya seçdi, torpağa
basdırdı. Sonra nazik bir xol qırdı, onu da iplə
payaya bağladı, xolun o biri ucunu torpağa sancdı. Çətinlik
çəkmədən xolu payanın ətrafında
fırlatdı. Nəm torpağın üzərində nazik
çevrə əmələ gəldi...
***
Bir az yol
getdik. Dodaqaltı mızıldanmaqdan başqa iş
görmürdü, yolboyu başını qaldırmadı.
Üzünü heç cür görə bilmədim. Nə
soruşdum, dillənmədi. Vergili adama bənzəyirdi. Gəlib
tinə çatanda çaya tərəf buruldu,
körpünün üstündə qoltuğundakı kətanı,
fırçaları yerə qoydu, boyaların
qapağını açmağa başladı.
- Bəs
məktəbə getmirsiz?
Cavab gəlmədi...
***
Girişi
əvəz edən tağın üzərində "Yeddi il
sual vermək olmaz" yazılmışdı.
Qapıdan
içəri keçəndə bir topa gənc adam
torpağın üstündə çömbəlib, geniş
kölgəli bir ağacın altında yavan çörək
yeyirdilər.
- Məktəb
buradır? - soruşdum.
Ayağa
qalxdılar, arxalarını çevirib getməyə üz
qoydular.
Gözlük
taxmış birisi ayaq saxladı, sual dolu
baxışlarını üzümə zillədi.
***
Sözə
başladım:
- Pifaqor
onlardan hansı idi?
-
Heç biri.
- Onlar niyə
getdilər?
-
İmtahandan kəsildin.
- Mən
qəsdən sual verdim axı...
- Kim pərgarsız
mükəmməl çevrə çəkə bilirsə,
yalnız onun buna haqqı çata bilər.
- Məgər
onlar çevrə çəkə bilirmi?
- Mükəmməl
çevrəni heç biri, amma ona yaxın bir şey çəkə
bilirlər...
- Yeddi
illik imtahandan heç kəsmi keçmədi?
- ...
- Bəs
Pifaqor hardadır?
- Onu hələ
heç kəs bilmir.
- Bəs
adamlar çevrə çəkməyi harda öyrəndilər?
- ...
- Pifaqoru
görən olubmu?
- Deyilənlərə
görə, bir neçə əsr əvvəl belə bir
şey olub...
- Bəs
məktəb hardadır?
- Gəl,
gedək.
Yola
düzəldik. Yenə özümü saxlaya bilmədim:
- Nə
yaxşı gün çıxdı?!
- Bura səni
kim gətirdi?
- Bir rəssam...
Körpüyə
çatdıq. İrəli düşdüm. Rəssam kətanın
üzərinə əyilmişdi. Yol yoldaşıma
çöndüm. Amma körpüdə məndən və rəssamdan
başqa heç kim yox idi. Rəssam geriyə qanrıldı;
gözündə gözlük vardı...
***
Saatlarla
gözümü kətandan ayıra bilmədim; tabloda günəşin
yumru çevrəsi mükəmməl çəkilmişdi.
Ürəkləndim, ayaq atıb tablodan içəri
keçdim. Yeriməyə başladım, körpünün
axırına çatdım, yol məktəbin həyətinə
daxil oldu. Bir dəstə adam çömbəlib yavan
çörək yeyirdi. Kimsə sükutu pozdu, ayağa
qalxıb getməyə üz qoydular. Kimsə sözə
başladı:
- Pifaqor
kim idi?
-
Hamısı... - dedim.
Yenə nəsə
soruşdu.
Tağın
altından keçib çölə çıxdım.
***
Tövlədən
çıxdım. Astagəl, ağır addımlarla hasara
sarı yeridim. Qocalmışdım, qəddim əyilmiş,
saçlarım ağarmışdı.
Balaca
bağça təndirxanaya bitişik idi. Həvva təndirə
çörək yapırdı.
Hasarın
dibinə qalaqla yaş odun tökülmüşdü. Odun
tayasından qalın bir paya seçib, torpağa
basdırdım. Nazik bir xol qırdım, onu da iplə payaya
bağladım, xolun o biri ucunu torpağa sancdım. Xolu
payanın ətrafında fırlatdım.
Nəm
torpağın üzərində nazik çevrə əmələ
gəldi.
Əli
BABAZADƏ
Ədəbiyyat
qəzeti.- 2025.- 3 oktyabr, №36.- S.5.