Pampas tükləri
Hekayə
Həkim
danışmırdı. A4 vərəqini iki əlilə tutub
bütün ciddiyyətiylə ürəyində oxuyurdu. Hərdən
də nöqtədən əvvəlki məntiqi vurğulu
sözü səsli təkrarlayırdı.
Yalnız
xəstə müdaxilə edəndə başını
qaldırırdı.
Xəstə:
- Orda elə
yazılıb e, mən elə hiss etmirəm axı. Ankoloqum
dedi ki, sən artıq sağalmısan, qarın
boşluğuna bir balaca su yığılıb. O da başqa
həkimlikdir. Bax, bu oxuduqlarınızın heç biri məndə
yoxdur. KT, UZİ səhv göstərə bilər, doktor?
Həkim
diqqətlə qadının üzünə baxıb
soruşdu:
- Nə
yoxdur sizdə?
Xəstənin
dili topuq vurdu:
-
Ağrı. Ağrı yoxdur, doktor, mənə elə gəlir,
orda çox şişirdiblər. Mən özümdə o əlamətləri
sezmirəm.
- Lap
yaxşı. İştahanız var?
- Hə,
mən iştahalı biriyəm. Hərdən olmur...
- Daha
çox hansı hallarda?
- Məsələn,
bu gün bir elə yoxdur, narahatam axı. Bir də qorxanda
olmur...
- Təbiidir,
bizim yaşda xəstələr daha çox qorxaq olur. Ən
çox nədən qorxursunuz?
- "Xərçəng"
sözünün özündən.
- Hə,
o sözdən hamı qorxur. Bilirsiniz, əslində, hamı
da axırda ondan ölür. Hamı deyəndə, əksər
insanlar... sadəcə diaqnoz fərqli qoyulur, amma
yaşlandıqca o proses gedir insanda.
-
Özünüzü ən çox nə vaxt yaxşı
hiss edirsiniz?
- Adamlarla
danışanda. Əvvəllər özümə təzə
paltar alanda lap yaxşı hiss edirdim. Amma indi danışanda.
- Təbii
ki, danışmaq insanı rahatladır. Danışın,
ürəyiniz istədiyi qədər, bu ki pulla deyil.
Hər
ikisi gülür.
Xəstə
yenə boşluğa baxır. Birdən: - doktor,
saçlarımın tökülməyi də məni narahat
edir, - sual dolu nəzərlərlə həkimə baxır, -
nə əlac qılım? Bilirsiniz, mən hələ işə
çıxıram, pensiyaya var. Adam bir az utanır şagirdlərin
qarşısına belə çıxmağa.
Qadın əli
ilə küləkdə qalxıb biz-biz durmuş seyrək
tüklərini arxaya doğru çəkdi.
Onu
müşahidə edən həkim, - bu, bir az da yaşla
bağlıdır, - deyib yenidən kağıza göz gəzdirdi.
Xəstə:
- Doktor,
sizin sahəyə aid olan hissəni oxudunuz?
- Elə
oranı oxuyurdum.
Həkim
vərəqi lap üzünə yaxınlaşdırdı.
Sifəti ciddi görkəm aldı.
- Doktor,
ağciyər həkimi dedi ki, sizin xəstəliyinizi
böyüdüblər. Məncə də, elədir,
çünki mən orda yazılanların heç birini hiss
etmirəm. Məndə problem yalnız bir şeydir...
Həkim
başını qaldırıb, xəstənin üzünə
baxıb, yenə diqqətlə onu dinlədi.
Bayaqdan səsini
çıxarmayan, pəncərənin yanındakı köhnə
kresloda oturub gözləyən cavan xanım dedi:
- Ana,
fikrini yayındırma doktorun, qoy axıra kimi oxusun.
Həkim:
- Yox, eybi
yox. Mən sadəcə beynimdə təhlil aparıram, -
gözlüyü çıxarıb dedi, - ümumiyyətlə,
insan öz bədənini müşahidə etməlidir. Xəstə
özü, özü haqqında daha dəqiq məlumat verir,
- həkim kağızı ortadan qatlayıb kənara qoydu.
Qadın
daha da ürəklənib ayağa qalxdı, - baxın, doktor,
tam bu hissədə əlimə nəsə dəyir.
Şiş kimi... amma mənə ağrı vermir, - köynəyini
aşağı saldı, - mən, bilirsiz, ağrımıram
heç... hər işi də özüm görürəm,
iki gündür ki, yürüyüş etmirəm, o da
sağ ayağım şişib deyə ola bilər. Sizcə
də, artıq şeylər yazıblar kağızlarımda?
-
Artıq şeylər?
- Məsələn,
pataloji... törəmə... Ağciyər professoru dedi ki, səndə
heç nə yoxdur, ciyərinə cüzi su
yığılıb, keçib gedəcək. Antibiotik
yazdı.
Həkim
kağızın yuxarı hissəsində yazılanı
oxudu, - düz edib antibiotik yazmaqda, - dedi, - ona aid hissədə
bu tələb olunur.
- Bəs
sizə aid hissədə nə tələb olunur, doktor?
- İndi
soyunarsınız, güzgüylə baxacam. Yan otağa
keçək, zəhmət olmasa.
- Ana, mən
çölə çıxa bilərəm? Su alacam.
- Hə,
qızım, get, gec gəlmə amma.
Qız
onların arxasınca baxıb, sonra otaqdan çıxdı.
Yolu keçən kimi meşə parkına düşdü.
Parkı iki bağban sulayırdı. Əlini
şırhaşırla axan suya vurmaq istəsə də,
fikrini dəyişib xiyabanla aşağı yürüdü.
Yaşıl təbii arkonun altındakı skamyada oturub xəfif
küləkdə yarpaqları xışıldayan ağaclara
baxıb düşündü: "Anamı bura gətirəcəyəm,
xoşlayır bu cür rəngarəngliyi. Nə qədər
ağac var burda. A, bir bax e, anamın xoşladığı
pampas otu da var ki". Qız qucağındakı
çantanı skamyada qoyub qüllə kimi uzanmış
pampasa doğru qaçdı. Barmaqları ucuna qalxıb onun
tel halva kimi yupyumşaq tüklərinə toxundu: "Anam məhlənin
ortasına əkmək istəyirdi bundan... görsə, sevinəcək..."
Parkın
aşağı hissəsinə cürbəcür güllər
əkilmişdi, bağban su şlankını darta-darta ora
doğru aparırdı.
"Anam
görəsən, bu gülləri görüb yenə bağbandan
istəyəcək? Hara getsə, öz həyəti
üçün gül istəyir axı. Bilsəydim, bayaq elə
bu yolla gətirərdim onu. Bu nə ağacıdır, görəsən?
Anam bilər, o biologiya dərsində keçir bu növlərin
hamısını. Piş-piş, gəl bura, piş-piş...
miyoldayırsan, can, yeməyim yoxdur axı üstümdə..."
Kürən
pişik ayaqlarına sürtünüb, sevimli səs
çıxarırdı.
Telefonu zəng
çalırdı, qız oturduğu yerə qayıtdı.
-
Qızım, çıxmışam. Sən hardasan?
- Ana, gəldiyimiz
yolu keç, məni görəcəksən. Park
varıymış burda. Yuxarı bax, "Meşə parkı"
yazılıb.
Qız
üzüyuxarı qalxdı. Anasına əl elədi.
Qadın
yolu tələsik keçdi, maşınlardan biri siqnal verdi.
- Ana,
gör nə gözəl parkdı. Bu vaxta kimi niyə bilməmişik
belə park var?! Gəl, sənə gülləri göstərəcəm.
Hələ gör nə tapmışam burda.
- Skamya
var? Oturardıq bir az.
- Hə,
o de qarşıda, salxım söyüdün altında dairəvi
oturacaq, gedək ora. Həkim nə dedi?
- Dedi,
sidik analizi ver, bir də gəl...
Qadın
boşluğa baxan kimi baxırdı ətrafa.
- Ana,
salxım söyüd əsərini xatırladın? Bu, o
ağacdır?
- Hansı?
Hə, söyüddür.
- Bayaqdan
o hündür ağaca baxıram, ana, yarpaqlarının hər
üzü bir rəngdədir, sən bilərsən adı nədir.
Qız əlini sağa uzatdı.
Xəstə
qadın uzun-uzadı ağaca baxdı. Ancaq onu
görmürdü, ağacdan çox-çox o tərəfə
baxırdı. Handan-hana dilləndi:
- Bilmirəm
ki. İstəyirsən, dur gedək vaxtında, başım
fırlanır nəsə.
- Onda
parkın aşağısı ilə gedək, bir güllər
var ki... Sənə bir şey göstərəcəm.
Qadın
kirimişcə ayağa qalxıb qızının qoluna girdi.
Onlar
gül xiyabanından keçdilər.
- Bax, ana,
bu da sənin bağda əkmək istədiyin pampas.
Bağbandan soruşaq, necə yetişdirirlər bunu?
Qadın
dimdik uzanan ota baxdı, - onun başında mənimkindən
çox tük var, - deyib, yoluna davam etdi. Qızı
anasının küləkdə yellənən, olduqca seyrəlmiş,
nataraz saçlarına baxdı, göz yaşlarını
içində boğmağa çalışdı.
Nurlana
İŞIQ
Ədəbiyyat
qəzeti.- 2025.- 3 oktyabr, №36.- S.31.