"İpəkdən
qanadlarla" əbədiyyətə
doğru, yaxud Bakilər
ömrü
Sentyabrın əvvəlində İstanbuldan
İbrahim Yıldırımın, ayın sonunda isə Yavuz Bülənd Bakilərin qara xəbərləri gəldi.
İkisi də Türkiyədə bir parça Azərbaycan idi. Biri Qərbi Azərbaycan, biri Qarabağ...
Beş
il öncə Yavuz Bülənd
barədə yazdığım
"İpəkdən qanadlarla"
essemdə də bu fikri bölüşmüşdüm:
Ağdam əsilli böyük türk şairi Yavuz Bülənd
Bakilər İstanbulda
bir Qarabağdır.
"Xəzərin qarşısında
bardaş qurub oturmuş" qara gözlü Qarabağ isə Yavuz bəyin dədəsi Hacı Muradın dastan şəhəridir:
Xəzər indi yerə enmiş buludlar məhşəridir,
Və Qarabağ - qara gözlü bir türkmən qızı kimi -
Xəzərin qarşısında bardaş
qurub oturmuş
Dədəm Hacı Muradın
dastan şəhəridir.
Bakilər 23 aprel 1936-cı ildə
Sivasda anadan olmuşdu. Bu sitatı isə onun "Həyat hekayəti"nə
istinadən yazıram:
"Bənim dədələrim
Qarabağın Ağdam
köyündən Türkiyəyə
köç etmişlər.
Sivasın Gürün
ilçəsində, Çarşıbaşı
məhəlləsində vəfat
edən və orada, bir təpə
üstündə gömülən
babamın dədəsi,
110 sənə yaşamış.
İmzasını: "Hacı
Mahmud əl Qarabaği",
- deyə atıyormuş.
İştə o dədəmizin
tutmuş olduğu soy
şəcərəmizə görə, mən 11 göbək ötəmizdəki
dədələrimi biliyorum.
Əldəki qeydlərə
görə bilinən
ilk dədəmiz: Hacı
Əli Murad və onun oğlu Hacı Əli Fərəhşad Qarabağda
doğulub yaşamışlar
və orada vəfat etmişlər... Qarabağdan qalxaraq Türkiyəyə köç
edən dədəmin
ismi Məhəmməd
Sabirdir. O dədəm,
Türkiyəyə köçüncə,
yaxınlarıyla birlikdə
Maraş şəhərinə
yerləşmişlər. Babamın
anlatdığına görə,
Məhəmməd Sabir dədəm
şairmiş. Münacatı
və Nəəti varmış. Hacı Əli Fərəhşadın
oğlu olan Məhəmməd Sabir Maraşda
yaşamış və
orada ölmüş..."
Yavuz Bülənd "Şükrü
səccadəsində çiçək
açan" bir ananın - Hayriyyə Bakilərin oğludur.
"Babam, zaman-zaman evə
gec saatlarda gəlirdi. Yəni rəsmi görəvi bitdikdən sonra, arkadaşlarıyla buluşur,
axşam yeməyini dışarıda yeyər,
sonra onlarla birlikdə, saatlar sürən söhbətlərə
girişirdi. İştə
öyləsi gecələrdə,
annəm bir qaz lampası altında oturaraq, bəzən bir xirqə və ya atqı hörərək,
bəzən də yırtılan corablarımızı
yamayaraq babamı bəklərdi. Çocuqluğumda,
bən həp yer yatağında yatardım. Yatağımı
gətirib annəmin yanına və ya arxasına sərərdim. Bana masal anlatmasını istərdim.
Annəmin səsi gözəldi. Anlatdığı
masallar əksəriyyətlə
türkülü masallardı.
Bən o masalları və türküləri dinlərkən yorğanı
başımın üstünə
çəkərək ağlardım.
Annəm, ağladığımı
bildiyi halda bilməməzliyə gəlirdi.
Şimdi də bənim irəli dərəcədə bir həssasiyyətim vardır.
Bu həssasiyyət iştə
o illərdən qalmışdır".
Bu həssasiyyətidir ki, Bakilərə
"unudulmuş türklüyün
ceyran ürəkli törəsi"ni və doğma Qarabağı öyrətdi.
"Ədəbiyyat qəzeti"nin
20 may 2005-ci il tarixli sayında
Yavuz Bülənd Bakilər
barədə "Çox
şükür, əslim
də, nəslim də bəlli, Türkəm, müsəlmanam
o dağlar kadar" adlı məqalə yazmışdım. Yazı
Selcuk Karakılıcın
2006-cı ildə İstanbulda
nəşr olunmuş
"Yavuz Bülent Bakilere
Armağan" kitabında
da yer almışdı.
Həmin yazıda
"Biz hələ Azərbaycanın
bütövlük davasını,
milli mənlik mücadiləsini
verməmişik. Və
bizim milliyyətçiliyimiz,
bəzilərinin iddia
etdiyi kimi, erməni milliyyətçiliyinə
deyil, əksinə, bəzən heç yerinə düşməyən
beynəlmiləlçiliyimiz ermənilərin davamlı
millətçiliyinə yenilib.
Qarabağın qurtuluşu
heç vaxt milliyyətçi ovqatın
oyanışından kənarda
baş verməyəcək,
savaşımızın məhvərində
milli varlıq amili dayanacaqsa, zəfər bizim olacaq".
14 il sonra məhz türk ruhunun şahlanışı ilə
Qarabağda Azərbaycanın
zəfər bayraqları
dalğalandı...
Bakilər çağdaş türk
poeziyasında Qarabağa
həsr olunmuş ilk şeirin müəllifidir.
Onun "Qarabağ həsrəti" şeiri
"Hisar" dərgisinin 1967-ci il yanvar sayında dərc olunub:
Şimdi
uzaklarda kalan bir şehir vardır
Camileri yıkılmış, minareleri
yarım.
Bu şehrin çilesini ben çekerim yıllardır
Hasretini
ben duyarım...
Çağrılsam yollarına düşebilirim.
Toprağına bayraklarla girebilirim.
Karasevdalılar gibi hasretim Karabağa
Uğruna
ölebilirim.
Bir gün biterse her şey Karabağı görmeden
...Üstüme okunmuş birkaç avuç mübarek
Karabağ toprağından serpilse
yeter.
O zaman, yəni bu şeiri
yazanda Bakilərin 31 yaşı vardı. Yaxşı ki, Qarabağın
qarasevdalısı olan
Bakilər 84 yaşında
Qarabağdakı zəfərimizə
ürəkdən sevinə
bildi. Hələ çox illər bundan qabaq, hələ
sovetlər dönəmində
yazmışdı ki:
Bir bayraq dalğalanır Ağrı dağının
başında,
Və duyulur sonra bir
Bozqurd səsi.
Varlığı bizdədir bayrağın,
amma
Qafqaz dağlarına düşər
kölgəsi...
Çox
gözəldir, deyilmi?
Bakilərlə bağlı
o qədər gözəl
məqamlar var ki... Yəqin
bunu çoxları bilmir, bu gün
bütün Türkiyənin
Azərbaycan sevgisini simvollaşdıran "Can Azərbaycan"
ifadəsinin müəllifi
Bakilərdir. İlk dəfə
Bakilər "Can Azərbaycan"
demiş və bir şairin dilindən qopan bir söz - bəlkə də bir misra bütün
Türkiyəni qapsamışdır.
Azərbaycan Yavuz bəyin
ürəyində bir
şah damardır. Kitabında ayət, bayrağında rüzgardır
və məfkurəsinin
adıdır:
Adına
əl-pəncə divan durduğum
Bin yıllık karasevdamız,
ilahimiz, ülkümüz
Türkülər söyləyərək içimdə gecə-gündüz
Bir çalar saat gibi kurduğum: Azərbaycan.
Anamın
göz yaşında,
kuşların kanadında
Bir iftar sofrasında, içdiyim suyun tadında
Kızımın türkü gibi
güzel Aybala adında
Yıllar
boyu arayıp durduğum: Azərbaycan
- deyən Yavuz Bülənd
Bakilər Azərbaycanda
tanınmağa, bəlkə
də bütün çağdaş türk
şairlərindən daha
çox haqqı olan şairdir... Elə burdaca bir qeyd edim
ki, Türkiyədə sırf
Azərbaycan türkcəsində
yazan böyük türk şairi Yavuz Büləndin dili türkolojidə yeni hadisədir.
Azərbaycan və Türkiyə türkcəsinin
bu qədər iç-içə gəlməsi
Bakilərdən başqa
heç bir şairdə təsadüf
olunmur.
Bakilərin Azərbaycanla bağlantısı
bununla da bitmir. Onun Azərbaycan türkcəsini türklərə
daha simsar edən başqa bir tapıntısı da
var: "Azərbaycanda bir
xitab şəkli olan "Ay bala"nı Türkiyədə isim olaraq qızına verən ilk insan mənəm. Bundan sonra, daha doğrusu,
"Duvak" kitabımı
qızım Aybalaya ithaf edincə, bu isim yayılmağa
başladı. Alparslan
Türkeş də nəvəsinə Aybala ismini qoydu. Türkiyədə
Aybalalar çoxalır.
Bilməm, Azərbaycanda
Aybala adlı qızlarımız varmı?"
Məndəki fotolarından biri
Bakilərin nişan mərasimində çəkilib.
Mərasimdə Alparslan
Türkeş də
var və Yavuz bəy şəklə belə bir tanıtım yazıb: "23 aprel 1965 tarixində evləndim. Üzüklərimizi Alparslan
Türkeş taxdı".
Başqa bir şəkildə Süleyman
Dəmirəllə bir
yerdədir. İndi isə,
yəni bu gün sentyabrın 29-da onun hüznlü xəbərinə Türkiyənin
Cümhurbaşqanı Rəcəp
Tayyip Erdoğan təziyə
sözləri yazıb:
"Nice güzel şiiri,
hatırayı, seyahatnameyi,
biyografiyi, mektup tarzında kaleme aldığı eşsiz eseri edebiyatımıza armağan eden Cümhurbaşkanlığı Kültür ve Sanat Büyük Ödülü sahibi Yavuz
Bülent Bakiler'in vefatından derin üzüntü duydum. Merhum Bakiler'e Allah'tan rahmet diliyor, ailesine, dostlarına ve edebiyat camiamıza başsağlığı dileklerimi
iletiyorum. Rabb'im mekanını cennet eylesin."
O, türk poeziyasında Nihal
Atsızla başlayıb,
Arif Nihat Asya ilə davam edən silsilənin son iki böyük şairindən biriydi. Niyazi Yıldırım Gəncosmanoğlunu Qarabağ
işğal olunduğu
ərəfədə itirdik.
Yavuz Bülənd Bakilər
isə, şükür
ki, Qarabağın işğaldan
azad olunduğu günlərə şahid
oldu...
Bakilər nəinki Azərbaycanla
Türkiyəni birləşdirən
bağların ən etibarlılarından idi, bəzi məqamlarda, hətta aşırı azərbaycançılıq edir,
məsələn, Arif
Nihat Asya ilə söhbətində Asyanın
dilindən çıxan
bu sözləri təshih etmədən tirajlayırdı: "Şəms
Təbrizinin də, Mevlananın da Azəri olması lazım gəlir. Zatən, bizim Peyğəmbərimizin
də Azəriliklə
əlaqəsi var... Peyğəmbərimizin
neçənci babası
olan Hz. İbrahimin ləqəbi Azər idi". Bunu "Bayraq" şairi Arif Nihat Asya Yavuz Bülənd Bakilərlə
söhbətində deyir:
"Zatən, bizim Peyğəmbərimizin də
Azəriliklə əlaqəsi
var... Mevlananın Azəri
olması lazım gəlir" və s. Başqa bir yerdə, yenə də Yavuz bəylə söhbətində Asya
"Dilimizin qaynağı
Azərbaycan torpağıdır...
Gələnəklərimizin, görənəklərimizin qaynağı
Azərbaycandır" - söyləyir.
Bakilərin "Arif
Nihat Asya ihtişamı"
kitabından gətirdiyim
bu sitatları Türkiyədə qatıldığım
bütün konfranslarda
ayrıca xatırladıram.
1986-cı
ildə "Türk edebiyatı" dərgisində
çap olunan və Bəxtiyar Vahabzadəyə ithaf etdiyi manifest səviyyəli
"Azerbaycan Yüreğimde
Bir Şahdamardır" şeiri
isə Türkiyənin
Azərbaycan oriyentasiyasını
bəlirləyən və
Azərbaycanla bağlı
Türkiyədə yazılmış
ilk poetik mətn kimi unudulmaz oldu. 1967-ci ildə
"Hisar" dərgisində çap olunmuş "Qarabağ həsrəti"
şeiri ilə Qarabağ türk poeziyasının obrazlar sisteminə necə daxil olmuşdusa,
1986-cı ildə yazdığı
"Azerbaycan Yüreğimde
Bir Şahdamardır" şeiriylə
də türk poeziyasında ilk dəfəydi
ki, Azərbaycan poetik sözün ayrıca predmetinə çevrilirdi:
Kuşluk
vaktine kadar geceler boyu
Savrularak
okuduğum yine Şehriyar.
Ala ceylanlara benzer hep Azeri türküler
Dinlediğim tar.
Ayrılmaz başımdan, bırakmaz
beni artık
Selamsız, sabahsız bir efkar.
Ve yüreğim bin yıllık
destanlarla tutuşur.
Büyür Azerbaycan kadar!
Azerbaycan:
Dedem Korkut şafağı
Mübarek dilimi süt gibi sağar.
Bazen rüzgar olur iliklerimde
Bazen yağmur gibi üstüme yağar.
Götür beni Aras, al beni
Hazar!
Türkü Türkten başka
şimdi kim anlar.
Yaram derin, merhemim yok, vaktim dar
Bir destan yazar gibi
yaz beni Anar!
Duy beni Bahtiyar! Duy beni Şahmar!
Geçen zaman üstüne, dökülen
kan üstüne
Kılıç-kalkan üstüne
Ve ağzı köpüren yeleli atlar üstüne
Benim bir yeminim var:
Azerbaycan
yüreğimde bir şahdamardır
Ben Yakub gibiyim uzun yıllardır.
Onda Yusufumun kokusu vardır.
Ve hasreti gönlümde büyük
Türkistan kadardır.
Ayettir kitabımda, bayrağımda
rüzgardır
Azerbaycan
yüreğimde bir şahdamardır.
Şimdi
Azerbaycanda mevsim bahardır
Ama türküleri yine, baştan başa efkardır...
Düşlerime yağan kardır.
Boynu bükük bir diyardır!..
Yardır...
Azerbaycan
yüreğimde bir şahdamardır.
***
Yavuz bəy gözlərini
"Xəzərin qarşısında
bardaş qurub oturmuş" Hacı Əli Muradın Azərbaycandakı yollarından
ayırmayan sivaslı
Cezmi Bakilərin oğludur. "Babam Cezmi Bakilər, əski ifadəylə Rüştiyyədən məzundu,
çeşidli şəhərlərimizdə
Nüfus Müdiri olaraq hizmət verdi. Ədəbiyyata, tarixə və təsəvvüfə çox
maraqlı bir kişiydi. Annəm 1978 yılında, babam isə 1980 yılında vəfat etdilər. İkisi də Sivas torpağında sonsuzluq uyğusundadırlar".
Yavuz bəyin barəsində
kitab yazmaq niyyətindəydim.
Tərcümeyi-halını istəmişdim. 2008-ci ilin
yanvarında gözəl
xətlə yazıb göndərdiyi "Yavuz Bülent
Bakilərin kendi ağzından hayat hikayesidir" adlı 8 səhifəlik əlyazma qeydlərində, sadəcə
"Sivas torpağında sonsuzluq
uyğusundadır", - deyib
keçdiyi Cezmi Bakilərin vəsiyyətini
daha əvvəllər
"Türküstan...Türküstan"
kitabında xatırlatmışdı:
"Qəbiristanda ruhuma
"Quran" tilavətindən sonra, təkrar, həm mənim üçün, həm də Azərbaycan torpaqlarında yatan soydaşlarımız üçün
bir fatihə ilə üç "İxlas" surəsi oxumalarını bütün
camaatdan istə. Ruhum o zaman şad olacaqdır".
Bu gün Bakilər də Sivasda həmin məzarlıqda torpağa verildi.
Yavuz bəy "Yavuz Bülent Bakilərin kendi ağzından hayat hikayesidir" adlı səkkiz səhifəlik yazıyla birgə mənə bir neçəsini bu yazıda təqdim etdiyim çoxlu şəkillər də göndərmişdi və
həyat hekayətindən
parçaları və
şəkillərdən bir
qismini sonralar "Ədəbiyyat qəzeti"nin
23 yanvar 2015-ci il tarixli
sayında təqdim etmişdim.
***
O, Osmanlı ilə Türküstanın təəssübünü
bir yerdə və fərq qoymadan çəkə biləcək qədər
qeyri-adi türkdür.
1986-cı ildə "Türküstan...
Türküstan" kitabında
Əmir Teymurla bağlı yazdıqları
hələ zaman-zaman ibrətlə
oxunacaq. Teymuranə sevgisi və düşüncəsiylə Yavuz bəy Namik Kamalın deyil, İsmayıl bəy Qaspıralının, Əli
bəy Hüseynzadənin
və Hüseyn Cavidin varisidir.
Şəxsi kitabxanamın rəflərində
Yavuz Bülənd Bakilərin
bütün kitabları
var. Hamısı da avtoqrafla.
İyirmi il öncə
mənim üçün
İstanbuldan Bakıya
gətirdiyi iyirmi beş kitabı da yanaşı düzmüşəm.
Burda, eyni zamanda avtoqrafla onun özünə bağışlanmış kitablar
da var. Məsələn, Kabaklının
çoxlu kitabları
ilə yanaşı,
Yavuz bəyə bağışladığı
"Sultanüş-Şuara" Necip Fazıl" kitabı: "Sevgili Yavuz Bülent beye, bir ustaddan bir
genc ustaya şiirli armağan". Nəcip Fazil Kısakürəyin, Nihat Sami Banarlının,
Arif Nihat Asyanın... kitabları, osmanlı tarixindən bəhs edən çox qiymətli kitablar...
Həmin
iyirmi beş kitabın tarixçəsini
yazmaq istəyirəm.
2004-cü il 10 aprel. "11-ci Xəzər şeir axşamları"nda iştirak
etmək üçün
Bakilər Bakıya gəlib. Təyyarədən
enən kimi elə hava limanındaca
onu qarşılayan dostum Elçin İsgəndərzadəyə mənimlə
görüşmək istədiyini
deyib (Bu barədə sonra biləcəm.
İndi isə təfsilata
varmıram)... Çiskinli
bir gecədə görüşdük. "Elit"
otelinin foyesində Bəkir Sıtkı Ərdoğana "Bekir bey, Azer
Turan ismini duydunmu?" Ərdoğan:
"Hayır, əfəndim,
heç duymadım".
Ərklə, "Duymadınsa
duy ve unutma",
- deyə əlavə
etdi. Bəkir Sıtkı mütəvazi
bir səslə: "Nasıl əmr edərsiniz, əfəndim",
- dedi. Bizi belə tanış etdi. Sonra üçümüz
bir yerdə şəkil çəkdirdik.
Mənəm, Bakilərdir
və nur topasına bənzəyən
Bəkir Sıtkı Ərdoğandır. Zəki
Mürenin ifasından
tanıdığımız əfsanəvi "Min bir gecə"nin - "Hançı"nın
müəllifi.
Qürbətdən gəlmişim, yorğunum
hançı,
Şuraya
bir yatak sər yavaş-yavaş.
Aman qaranlığı görməsin
gözüm,
Bəyaz
pərdələri gər,
yavaş-yavaş...
Sonra ikinci mərtəbədəki
otağa qalxdıq. Ərdoğan nazikcə üzr istəyib yatağına girdi. Yorğanı başının
üstünə çəkdi.
Bu, həmin Bəkir Sıtkıdır. İllər
öncəsi, yolların,
sərhədlərin qapalı
olduğu çağlarda
gecələr yorğanı
başıma çəkib,
"VEF" radiosunda Zəki
Mürenin ifasında dinlədiyim "Hançı"nın
müəllifi Ərdoğan...
Əfsanə bu qədər yaxınımda
idi...
Biz isə Bakilərlə gecədən keçmişə
qədər qəhvə
içib söhbət
etdik. Türk birliyindən danışdıq;
ortaq ədəbiyyatımızın
Füzuli, Mehmet Akif, Cavid
kimi dəyərləri
barədə fikir bölüşdük...
- Sənə kitablar gətirmişəm, bunlar
çox qiymətli kitablardır, - deyib otağın bir küncündə yığılmış
kitablara işarə etdi. Təyyarədən enən kimi onu qarşılayan Elçin İsgəndərzadədən
məni soruşduğunu
dedi.
İyirmi
beş kitabı Yavuz bəy mənə nə üçün gətirmişdi?
- Sənin "İrfan çobanı"
kitabını oxumuşam.
Nəfis bir kitabdır. Düşündüm
ki, bu kitabları da oxusan, yararlı olar... Heyrətlənmişdim.
Kitabımı oxumuşdu.
Xüsusən, kitabda
Mehmet Akif Ərsoy barədə
yazdığım "Acıyın
əldəki yurda"
essemi təqdir edərək, "Sovet gerçəkliyində böyümüş
biri bunu nasıl yaza bildi?" - dedi...
- Biz sovet dönəmində böyüsək də, müsəlman-türk olaraq
yaşadıq, Yavuz bəy...
Sizin bir kitabınız mənim dünyagörüşümü dəyişdi.
- Hanki kitabım?
- "Üsküpdən Kosovaya".
- Oxumusanmı?
- Əvət.
- Nə zaman?
- Dediyiniz həmin sovetlər dönəmində.
- Öyləmi? Nerədən
buldun?
- Bəxtiyar Vahabzadə vermişdi babama.
- Nədən babanıza vermişdi?
- Olurdu belə. Sizin də, Niyazi Yıldırımın
da bütün kitablarını
babama vermişdi. Hətta sizin onun üçün imzaladığınız "Üsküpdən
Kosovaya"nın üzərinə
belə sözlər də yazmışdı:
"Türk yazıçısı
Bakilərin kitabını
sənə təqdim etməklə xoşbəxtəm"...
Həmin
kitabdan Üsküp, Kosova barədə öyrəndiklərimi, Ərzurumlu
Aşıq Qəhrəmanın
erməni məzalimi barədə yazdığı
müdhiş şeiri
heç unutmadım.
1981-ci ildə İnstitutun
birinci kursundaykən, bəlkə də bir neçə dəfə təkrar oxuduğum o kitab mənə
SSRİ-nin mahiyyətini,
erməni qəddarlığının
miqyasını anladan
ilk qaynaq olmuşdu.
***
Mənə hər yeni kitabını
göndərərdi. Ya
Məmməd Aslandan, ya özünə çox əziz bildiyi Səadət Qarabağlıdan, ya Elçin İsgəndərzadədən,
ya Xanəmirdən...
İndi o kitabları vərəqləyirəm.
İlk görüşümüzdə şeirlər kitabı
"Harman"a bu sözləri yazdı:
"Muhterem Azer Turan kardeşime hayranlıkla... Yavuz Bülent
Bakiler. 11.4.2004"
"Gedənlərin ardından"
kitabına isə bunu yazıb: "Hatırasını ebediyen
unutmayacağım sevgili
kardeşim, aziz dostum Turan idealinin
yolçusu Azer Turana yüregimin sesiyle. 26.5.2006. Yavuz Bülent
Bakiler. İstanbul"
"Yavuz
Bülent Bakilere Armağan" kitabına baxıram. Dediyim kimi, Selcuk Karakılıc
bu kitaba mənim "Çox şükür, əslim də, nəslim də bəlli. Türkəm, müsəlmanam
o dağlar kadar" yazımı da daxil edib. Avtoqrafı belədir: "Özü
özümden, sözü-sözümden
Azer Turan kardeşime Turan ülküsü ve sevgisiyle. 7.7.2006. Bakiler".
Hər kitabda belə isti, doğma avtoqraflar... "Sözün
doğrusu" kitabının
iki cildi, "Gönlümdekiler ve Ötekiler", "Unutamadıklarım",
Üsküpden Kosovaya",
"Türküstan... Türküstan",
"Arif Nihat Asya İhtişamı", "Azerbaycan
yüregimde bir şahdamardır", "1944-1945. Irkçılık-Turançılık davasında Sorgular Savunmalar", Selcuk Karakılıcın "Yavuz Bülent
Bakiləre Armağan"
kitabı...
***
"Yavuz
Bülent Bakilere Armağan" kitabının
müəllifi Selcuk Karakılıc Bakıda Yunus Əmrə İnstitutunun rəhbəri
təyin olundu. Bakıya gələn kimi telefonla məni aradı. Bakilərin salamlarını
çatdırdı və
onun tövsiyəsi ilə görüşməli
olduğumuzu bildirdi...
***
"1950-ci
ildən bəri Turançılıq düşüncəsiylə
yaşayıram" - deyən
Bakilərin Turana yönəlmiş düşüncə
çevrəsində Azərbaycanın
yeri Türkiyə qədər əziz, Səmərqəndin yeri Krım qədər munis, Üsküpün yeri Kərkük qədər doğmadır...
O, Turan məfkurəsinin
romantiki idi:
Yüz illərdən bəridir Altaylardan Tunaya
Bizim türkülərimizdir söylənən.
Danışılan dil, bizim dilimizdir,
Rəng-rəng, naxış-naxış uzanan torpaq deyildir
Kilimlərimizdir...
Bizim türkülərimizdə qürbət
var artıq,
Həsrət var, ürək var, torpaq
var, balam.
Könlümüzü sımsıcaq alan torpaqlar
Tanrı
Dağlarına qədər
Bismillahlarla uzanar
Kim demiş vətənimiz Ədirnədən Qarsa kadar...
Və bir də... ənənəçi və
milliyyətçi Bakilərin
mistik halələrə
bürünmüş "Şaşırdım kaldım
işte" adlı sevgi şeiri. Bakilərin könül şeirlərinin ən gözəli. Həm də ənənəçi
və milliyyətçi
olmayan Cemal Süreyanın ən gözəl eşq şeirləri ilə yarışmaq gücündədir.
Bəlkə də yanılıram, amma Bakilərin bu şeirini Cemal Süreyanın "Ölkə"
şeiri ilə yanaşı qoyub müqayisəli oxumaq və təhlil etmək də olar. Demək, belə də olurmuş. Həm turançı olursan, həm ənənəçi,
həm də minillik ənənəvi şeir dilində, Cemal Süreya qədər ifrata varmadan, təsəvvüflə
moderniteni bir araya gətirib eşqin və sevgilinin "üfüq cizgisindən sonsuzluq dairəsinə" qədər
yayılmış gözlənilməz
obrazını yaradırsan.
Bu, Bakilərin ədəbiyyat
estetikasıdır. Tutaq
ki, Cemal Süreyada sevgilidirmi, ölkədirmi,
bədəndirmi, ərzdirmi,
ayırd etmək mümkün olmadığı
kimi, Bakilərdə də təxminən, belədir. (Amma "Şaşırdım
kaldım, iştə"
şeirindəki sonsuzluq
dairəsi, təbii
ki, sevgilidir):
Sözde,
senden kaçıyorum
dolu dizgin atlarla.
Bazen sessiz sedasız ipekten kanatlarla.
Ama sen hep bin yıllık bilenmiş inatlarla,
Karşıma çıkıyorsun en serin imbatlarla,
Adını yazıyorsun bulduğun
fırsatlarla,
Yüreğimin başına noktalarla...
Hatlarla...
Baş başa kalıyorum sonunda heyhatlarla.
Sözde,
senden kaçıyorum
dolu dizgin atlarla.
Ne olur bir gün
beni kapında olsun dinle.
Öldür bendeki beni...
Sonra dirilt kendinle!
Çarpsan kara sevdayı en azından yüzbinle...
Nasıl
bağlandığımı anlarsın kemendinle...
Kaç
defa çıkıp
gittim buralardan yeminle...
Ama her defasında geri döndüm SENİNLE...
Hangi düğüm çözülür...
Nazla... Sitemle... Kinle...
Ne olur bir gün
beni, kapında olsun dinle...
Şaşırdım kaldım işte, bilmem ki n'emsin..?
Bazen kız kardeşimsin... Bazen öpöz annemsin...
Sultanımsın susunca, konuşunca
kölemsin...
Eksilmeyen
çilemsin...
Orada ufuk çizgim, burda yanım yöremsin...
Beni ruh gibi saran sonsuzluk dairemsin...
Çaresizim... Çaremsin...
Şaşırdım kaldım işte bilmem ki n'emsin...
***
"Camiləri yıxılmış,
minarələri yarım"
Ağdam işğaldan
azad olunanda "Bənim dədələrim
Qarabağın Ağdam
köyündən Türkiyəyə
köç etmişlər",
- deyən Yavuz Bülənd
Bakiləri xatırladım...
Ertəsi
gün İstanbula,
Yavuz bəyə zəng
vurdum. Səsi gümrah idi: - Göz yaşlarıma
hakim ola bilmədim... Əgər
Qarabağı ziyarət
etmək mənə nəsib olmazsa, sənə bir böyük qardaş vəsiyyətim olacaq. Məzarıma iki ovuc Qarabağ torpağı gətirib səpərsən...
- Çox yaşayın,
Yavuz bəy, - demişdim.
İnşallah, gələn
il özünüzün iştirakınızla
sizin 85 illiyiniz Ağdamda qeyd edilər. Sizin buna hamıdan daha artıq haqqınız çatır. Siz ki, 53 il əvvəl "Bir gelen olsaydı Karabağımdan
/ Gider ayaklarına gözlermi sürerdim",
- deyən Yavuz Büləndsiniz...
Sizin həsrətinizin
yaşı daha qədimdir...
***
85 illiyi nə Ağdamda, nə də Bakıda qeyd edildi. Gələn
il 90 yaşı olacaqdı.
Bu ərəfədə belə
bir Bakiləri itirdik... Dünən
İstanbul, bu gün
Sivas ayaqdaydı. Türk
milliyyətçi şeirinin
son böyük şairini
əbədi səfərə
kədər dolu bir izdiham yola
salırdı...
29 sentyabr - 1 oktyabr 2025
Azər TURAN
Ədəbiyyat
qəzeti.- 2025.- 3 oktyabr, №36.- S.10-12.