Adil Mirseyid üçün...
Hər şeir yazanda,
səni
sətirlərin arasında
görürəm,
gülürsən, baxırsan -
yəni
varsan.
Amma əslində yoxsan,
sətirlərin arasından başqa
heç
yerdə görünmürsən,
gülmürsən,
sevinmirsən,
ağlamırsan -
yəni
yoxsan.
Şeir
yazmaq belə bir gözəllik, dostum,
dostum,
əziz
dostum.
Bütün şeirlərim sənə
ismarlanmış kimi,
bütün susqunluğum
səninlə danışırmış kimi,
bütün zamanım səninlə
keçirmiş kimi.
Bitmək
bilməyən qaranlıqların
içində
işıqsan, deyirəm.
nursan, deyirəm,
bəs niyə bu qədər
yaxınsan,
bu qədər uzaqsan? - deyirəm.
...Hər şeir yazan kimi
sətirlərin arasından boylanırsan,
yaxşı ki, bu gözəllikdə,
-
şeir
kimi varsan,
şeir
kimi varsan!
Bir ovuc
Dodaqlarımda iki-üç şeirlik
pıçıltı,
barmaqlarımın arasından süzülən
sözlər.
Hərfləri tütün kimi
sarıyıram vərəqə...
Xəbərim var ki,
ayağımın
altında yer yarpaqlayır,
yarpaqların üstündə kölgəm
gedir.
Udqunduğum günlər dolaşır
boğazımda...
qəhərdi, bilirəm.
Hər şeir qəhərdi,
hər qəhər bir nəmli baxış.
Üzümü dəyişdirmək istəyirəm
bir ovuc suda...
Bir ovuc suda axır
ulduzlar.
Hər şey ulduz kimi ölür,
ulduzlar şeir kimi.
Ölü şeirlər yazıram
bir ovuc suda...
bir ovuc adamlar qalıb
oxumağa.
Ovcumu yumuram bərk-bərk,
adamları qoymuram getməyə.
Kim dünyanı sevdisə...
Başqa
bir yol da yoxdu,
durub çıxıb gedəsən.
Gözünü yaşamaqdan
çəkib, yığıb gedəsən.
Nə başqa bir yer də var,
başqa
saatlarıyla.
Hanı
başqa adamlar,
başqa
həyatlarıyla?!
Başqa
bir yer axtardım,
bu yer məni açmadı.
Bu yol mənə yatmadı,
bu yol məndən qaçmadı.
Keçmişdə qalır hamı,
keçmiş necə evdisə.
Ölüm gəlib apardı,
kim dünyanı sevdisə.
Sol
Küləklər də sol tərəfindən
əsir adamın,
yağışlar da soldan yağır.
Atılan
daşa sağ çiynini döndərirsən,
daş
da sağdan adlayıb
sola dəyir.
Və kürəyindəki yükləri
sanma kürəyin daşıyır,
sol tərəfin daşıyır
o yükləri də,
o sancıları, o ağırlıqları
da.
Hara dönsən, sol tərəfindi...
sağından vursalar da,
adam solundan ölür.
Yuxu
Oyandım, sübhədək yata
bilmədim,
bu gecə taletək qarışıb yuxum.
İşığa danışdım,
suya söylədim, -
yenə
də canımdan çıxmadı qorxum.
Deyirlər, tərsinə yozular
yuxu,
bilmirəm, yalandı, ya doğru, Allah!
Bu gecə yuxumda rüşvət görmüşəm,
-
mənim
sabahımı sən
qoru, Allah!
İyun,
1990-cı il
Yaşamaq dərsi
Daha sıxılmaqdan qorxmayır
gözüm,
sıxılıb-sıxılıb polad olmuşam.
Daha yıxılmaqdan qorxmayır
dizim,
yıxılıb-yıxılıb, yenə
durmuşam.
Çoxunun kölgətək izində
bitən
çilçıraq ömürlər
aramır məni.
Axı,
var-dövlətin içində
itən
o çirkab ömürlər
yaramır mənə.
Əzəldən ehtiyac içində
yandım,
ehtiyac içimdə odlanır yenə.
Qayğıdan doğulan Sabahım,
Salam!
Əzablar yaşamaq öyrətdi
mənə...
Nəvələrim Adəmə,
Mikayıla, Vahidə və
Nisaya
Səhərlər uşaqlar üçün
açılmalı,
gecələr uşaqlar üçün
nağıl kimi düşməli,
həyat
uşaqlar üçün
var olmalı.
Qış qarıyla,
yaz çiçəkləriylə, quşlarıyla,
yay oyunlarıyla, günəşiylə,
dəniziylə...
payız
rəngləriylə, bar-bəhəriylə
uşaqlar üçün gəlməli...
Bütün gözəlliklər
sevincləriylə, sevgiləriylə
uşaqlar üçün olmalı.
Bircə
ölüm uşaqlar
üçün gəlməməli!..
Vaqif Səmədoğluna
İyirmi
birinci əsrə keçəcəyik bir azdan, -
keçmək olmur Arazdan.
Vaqif Səmədoğlu
İyirmi
birinci əsrə keçdik, Şair,
iyirmi birinci əsr İyirmi yanvardan
keçib
gəldi bu şəhərə -
şəhər qan içində
çıxdı səhərə.
Yağan
yağış yuya bilmədi
küçələrdə
qan izini,
biz o gecə gördük
iyirmi birinci əsrin gerçək üzünü.
...Gün gəldi tikanlı məftilləri
qırıb
keçdik
Arazı,
keçdik
o taya -
qara çadraya bürünmüşdü
Təbriz...
Bundan öncə Təbrizi
xalça naxışlarında,
miniatürlərdə
görmüşdük biz.
Miniatürlərdə gördüyümüz
şəhərə
bənzəmirdi Səttarxanın, Şəhriyarın
şəhəri...
Təbrizin yolları dolanbadolan,
Təbrizin pəncərələrində
yüz əlli illik ayrılıq kədəri.
Ərk qalasının divarlarında
şəhidlərin
qan izi,
Təbriz
əzan səsləriylə
qarşıladı bizi.
Arazı
keçdik, Şair,
Arazı
keçdik,
Təbrizin suyunu içdik,
Şair,
Təbrizin
suyunu içdik -
amma Təbriz torpağında
bir çinar ağacı əkə bilmədik,
üzü gündoğana baxan
bir ev tikə bilmədik...
Xoşbəxtlik
Xoşbəxtlik gələndə
qırıq-qırıq gəlirsə...
Bir gün əllərin sevinirsə,
bir gün gözlərin gülürsə,
bir gün də səsin
xoşbəxt olursa...
Sonra qırıq xoşbəxtliklər
qırıq xəyallar kimi
gözlərinin suyunda
zədələnirsə...
Sən xoşbəxt
olmadığını anlayırsan.
Anlayırsan ki,
xoşbəxtlik gələndə
bütöv gəlməli,
tam gəlməli.
Və üzünün ikisi də xoşbəxt olmalı,
gözünün ikisi də gülməli -
biri güləndə,
biri ağlamamalı.
Xatırla
Xatirələr yaralıdı, dəymə
heç,
dərd
qapısı aralıdı,
döymə heç,
istəyirsən... mənə bir
şey demə heç,
ara-sıra bulud-bulud xatırla.
Hərdən də bir xəyalları al, gedək,
o yolları gözlərindən
sal, gedək,
istəyirsən... xəyallarda qal,
gedək,
ayrılığı umud-umud xatırla.
Kimsə
itsin dumanında illərin,
qayıtmasın gümanında illərin,
istəyirsən... səndə qalsın
əllərim,
sonra məni unut, unut, xatırla.
Təkcə sən
Başqa
şəhərdəyəm...
başqa
adamların arasında,
ömür ötürürəm ayrı küçələrdə.
Ayrı
sabahlara dururam,
ayrı
axşamlarda uyuyuram...
hər şey ayrı...
hər şey başqa.
Başqa
havalardayam,
ay başqa,
gün başqa,
mən başqa.
Və bircə sən başqa deyilsən,
elə həmənsən,
gözlərimdə gətirdiyim kimisən.
Məndən savayı
Dincəl,
o gəlməyən günlərdə
dincəl,
incəl,
üzüldüyün tellərdə
incəl,
indi düşünürsən, boşuymuş
səncə,
bir ömrə bu gəliş-gediş havayı?..
Çəkil, çəkilməyən rəsimdən çəkil,
sevə
bilmədiyin isimdən
çəkil,
sevda tilsimiymiş, tilsimdən çəkil,
bitsin ayrılığın bu bəm harayı.
Atlan, ürəyimin başından
atlan,
gördün qış sərt
keçir, qışından
atlan,
çırman, gözlərimin yaşından
atlan,
gör
hara düşürsən məndən
savayı.
Avqust,
2023
Elçin İSGƏNDƏRZADƏ
Ədəbiyyat
qəzeti.- 2025.- 3 oktyabr, ¹36.- S.13.