"İnnab
ağacı" salamımızı
aldı
Teatr elə bir möcüzəli
məkandır ki, burda
hər bir mövzu, hər cür mətləb estetik aynaya, obyektiv güzgüyə çevrilə bilər. Yetər ki, zövqlü, dünyagörüşlü, fəhmli
olasan. Və ən əsası, işinə sevgi ilə yanaşasan.
Tarixi müharibə fabulası,
real qəhrəman hərbçi
obrazı və kukla teatrı. Kukla teatrı sənəti üçün
insan xarakterlərinin parlaq, qabarıq məziyyətlərini əks
etdirmək, rəvayətə
özünəxas inandırıcılıq
hopdurmaq və obrazlı etalonluq kimi xassələr səciyyəvidir. Bu xassələr
Kukla teatrlarının
repertuarına satirik, bir sıra Cənub-Şərqi
Asiya ölkələrində
isə qəhrəmanlıq
və vətənpərvərlik
mövzusunda qurulmuş
tamaşaların daxil
edilməsinə imkan verir. Abdulla Şaiq adına Dövlət Kukla Teatrının növbəti yeni tamaşasında
bu imkanlardan maksimum istifadə edilib, ərsəyə
"İnnab ağacı"
adlı baxımlı,
eşidimli bir tamaşa gəlib. Teatrın rəhbərliyinin
sifarişi ilə
1941-1945-ci illər Böyük
Vətən müharibəsində
faşizm üzərindəki
qələbənin 80 və
iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi
Aslanovun (1910-1945) anadan
olmasının 115 illiyinə
töhfə, Prezident
İlham Əliyevin Həzi
Aslanovun yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamın
daha bir realizəsi olaraq Sevinc Nuruqızının
"Salam, innab ağacı"
əsərinə quruluş
verdi. Həm də tamaşanın uşaqlar və böyüklər üçün
eyni dərəcədə
maraqlı, ibrətamiz
və yaddaqalan olmasını təmin edərək. Teatrın baş rejissoru Anar Məmmədovun səhnələşdirib quruluş
verdiyi "İnnab ağacı" səhnə
əsəri kukla teatr sənətinin "qara kabinet" tərzində hazırlanıb.
Musiqi tərtibatı bütünlüklə rus-sovet
bəstəkarlarının məxsusi olaraq həmin müharibə mövzusunda bəstələdikləri
təkrarsız təsir
gücünə malik mahnılardan
ibarətdir.
Tamaşa
balaca Həzinin atası Əhəd kişinin innab ağacı tingini gətirib oğluna hər bir kişinin
bu dünyada ağac əkmək kimi missiyası olmasını ciddi və eyni zamanda
uşağın anlaya
biləcəyi formada izah etməsi ilə başlayır. Səkkiz yaşlı Həzi innab ağacı tingini torpağa əkir, sulayır və həmin ağac bu gün də
Lənkəranda görkəmli
sərkərdə, sovet
hərb sistemi tarixinə bacarıqlı
hərbçi imzasını
həkk etmiş tank qoşunları general-mayoru
Həzi Aslanovun ev-muzeyinin həyətində
göz oxşamaqdadır.
Həzinin ailəyə, ata
yurduna bağlılığı,
ana Vətənə sevgisi,
valideyn nüfuzunu dərk etməsi, millətinin genofondunun yaşarılığına cavabdehlik
hissi (bütün analar kimi Nüşü
ananın da toy edib, gəlin gətirib nəvə sahibi olmaq arzsunu qulaqardına
vurmayaraq və ayrıca təqdirəlayiq
cəhət kimi şəxsən özünün
seçib-sevdiyi həmkəndlisi
Xavərlə evlənib,
iki oğul atası olub), gələcəyin hərb
mütəxəssisi kimi
məqsədyönlülüyü, cəsarəti, qorxmazlığı,
qətiyyəti, silah yoldaşlarına sadiqliyi
(son döyüş ərəfəsində
Azərbaycan Sovet Sosialist Respublikasının
müdafiə naziri təyin edilməsi və Bakıya gəlib vəzifəsinin icrasına başlamaq haqqında əmrin teleqram mətnini alıb oxusa da, çətin döyüşqabağı
cəbhə yoldaşlarını
qoyub-gedib nazir kabinetində
oturmağı ağlına
sığışdırmır, müdadiə naziri vəzifəsinin icrasına
həlledici döyüşdən
sonra başlamaq qərarını verir...lakin...əfsuslar ki, həmin döyüşdə
qəhrəmancasına həlak
olur), insanpərvərliyi
(gərgin döyüş
zamanı valideynləri
həlak olmuş balaca Mityanı xilas edir) - bütün
bu keyfiyyətlər bir kukla tamaşasının
daxilindən, bir kuklanın ifasından çıxıb təsəvvürlərə
sirayət edə bildi; hər hansı sünilik, pafos, şüarçılıq,
deklamasiya olmadan. Kukla teatrında personajların səhnə
görünüşü, dekorasiya və obrazların səsləndirilməsi
daha böyük əhəmiyyət kəsb
edir. Çünki səhnədəkilər aktyorlar
deyil, qara fonda siyah libaslı,
qaramtıl rübəndli
kuklaçı-aktyorların əllərinə keçirib
idarə etdikləri kuklalardır. Burada vacibdir ki, kuklalar və dekorasiya həm gerçək görünüşə uyğun
şəkildə və
həm də kukla teatrı qaydaları çərçivəsində
hazırlansın, personajların
səs tembri son dərəcə təbii intonasiyada olsun. "İnnab ağacı"nda
bütün bu cəhətlər sadəcə
gözlənilməyib, bədii
həllini tapıb. Tamaşanın dekorasiyası
ilə (quruluşçu
rəssam, teatrın baş rəssamı
İqbal Əliyev) yerli-yerində
istifadə edilən sənədli hərbi xronika kadrları ayrı-ayrı qütblərdə
qalmayaraq ardıcıllıq
və tamlıq yaradırlar. Sentyabrın
27-si Anım Gününə
həsr edilən və rus dilindəki
versiyasının (tərcümə
- Elşadə Əzizova)
Bakı premyerası baş tutan (daha əvvəlki premyera tamaşası bu ilin iyununda
Sankt-Peterburqda keçirilən
II Beynəlxalq "DEMMENİFEST -
2025" Kukla Teatrları
Festivalında təqdim
edilib və tamaşa festivalın əlamətdar tamaşalarından
biri kimi ölkəmizi təmsil edib) "İnnab ağacı"nda obrazları
teatrın rus bölməsinin aktyorları
-Lina Məmmədova, Rauf Babayev, Araz Həsənli səsləndirirlər. Bu aktyorların
hər biri bir neçə personajın danışıq
tərzinə cavabdehdir.
Tamaşa boyunca eyni aktyorun fərqli
rolu səsləndirməsində
yeknəsəkliyə imkan
verilməməsi, uşaq,
gənc, orta və ahıl yaşlı olmasından asılı olaraq hər birinin nitqinin dəqiq tapılması, inandırıcı,
səmimi intonasiyalarla
çatdırılması xüsusi qeyd edilməlidir. Aktyorlar rus dilində aksentsiz danışırlar.
Hətta rus olduqlarını zənn etmək olar. Amma bu heç bir
uyarsızlıq, çaşqınlıq
yaratmır. Tam əksinə,
tamaşaçı hər
bir obrazı tanıyır, anlayır və sevir.
Səhnədə baş verənləri
izlədiyim məqamların
birində "Sevinc Nuruqızı tamaşaçını
təsirləndirməyi bacarır"
qeydi keçdi ağlımdan. "İnnab
ağacı" keçmiş
SSRİ-nin şanlı
azərbaycanlı hərbçisi
Həzi Aslanovun həyat və fəaliyyət yolunu həm başlıca süjet kimi canlandıran və həm də oğlunun "qara" kağızını alan
Nüşü ananın
müharibəsiz dünyaya,
hərbsiz yaşama çağırış, savaşlara
nifrət monoloquna köklənmiş qlobal və təəssüf
ki, aktual bir mövzunu qulaqlardan beyinlərə, ordan isə ürəklərə
ötürən səhnə
əsəridir. Yaradıcı
heyət layihəyə
o dərəcədə ürək
və peşəkarlıqla
yanaşıb ki, innab
ağacını sanki
hər birimiz torpağa əkirik, yarpaqlarının xışıltısını
eşidirik, qol-budaq atıb bar verdiyini görürük, duyuruq. Hər bir ağacın
öz energetikasının
olması prizmasından
yanaşsaq, tamaşadakı
innab ağacı sanki hər birimizin salamını alıb insanlara salamatlıq güvəni verir...
Samirə BEHBUDQIZI
Ədəbiyyat
qəzeti.- 2025.- 3 oktyabr, №36.- S.23.