"Güzgü"dəki
həqiqət
Qorxmaz Quliyev: "Güzgü"
məqalələr toplusu
Qorxmaz Quliyevin məqalələr
toplusu adlandırılan
"Güzgü" monoqrafiyası
ilə tanışlığımız
əsərin təqdimat
mərasimindən başladı.
Əslində, biz Qorxmaz
Quliyevlə eyni universitetdə, amma ayrı-ayrı kafedralarda bir müddət çalışmışıq və bizi o zaman əsərin elmi redaktoru Ü.Rəhimova
tanış etmişdi.
Elə o vaxtdan bəri Q.Quliyevin
yaradıcılığı diqqətimizi çəkdi.
Əsəri oxuduqdan sonra qərara gəldik ki, indi fikirlərimizi bölüşdürməyin
əsl vaxtı gəlib çatmışdır.
Oradan başlayaq ki, dilimizdə
"güzgü" etnonimi
bəzən "ayna",
bir sıra dialektlərdə isə
"ayna" sözü
şüşə mənasında
işlədilir. Məsələn,
həssas bir düşüncədə belə
deyilmişdi:
Könlümün şişəsinə bir ləməçik dəysə sınar,
Sən bunun insafına bax götürüb daşı vurur.
Dilimizdə, həmçinin "aynabənd", "qəlbimin
aynası" ifadələri
də vardır. Ayn-ərəbcə "E" hərfinin
səslənməsindən alınan bir fonemdir. İndi məşhur
olan "Ayfon"lar (iPone) da elə "mənim səsim", bəlkə də "obrazımın səsi"
mənasını verir,
hərçənd ki, insan
təfəkküründəki obrazlar səsli də, səssiz də ola bilər. Bundan başqa, dilimizdə "eynim açıldı" ifadəsi
də vardır ki, bu da insanın təkcə çöhrəsinin
deyil, həm də qəlbinin açılmasını, yaxud
qəlbinin sevinməsini,
psixi halının yaxşılaşmasını, xoş hisslərin onu bürüməsini, bir sözlə, əhval-ruhiyyəsinin düzəlməsini
nəzərdə tutur.
Mikayıl Müşfiq
yazırdı:
O mənim sevgilim, o mənim anam.
Onsuz üzüm gülməz, açılmaz aynam.
"Ayna" sözünün
yaranmasının tarixi
çox qədimdir, dünyanın ilkin xalqlarının dillərində
bu söz, suda insanın öz çöhrəsini,
yaxud öz əksini görməsi ilə bağlı olaraq meydana çıxmışdır. İnsanların
tədricən sosiallaşması
şüurun yeni məzmunda
inkişafını təmin
etdi və xarici aləmdəki obrazların daxilə köçürülməsi prosesi
sürətləndi. Obrazlara,
xəyallardakı ideallara
yönəlişli həyat
insanların mənəviyyatını
dəyişdirdi. Müxtəlif
obrazların ideallaşdırması,
təfəkkürün qradasiyasını
tamamilə yeni mərhələyə
qaldırdı. Məsələn,
uşağa Eyn-Əli
adının qoyulması
çox yəqin ki, valideynlərin gələcəkdə
övladlarının Həzrəti-Əlinin
sakral obrazında formalaşması arzusunu ifadə etmişdir. Məişət səviyyəsində
"filankəsin üzünə
getdim, yaxud çıxdım, işim
düzəldi və ya kimi isə
gördüm, işim
uğursuz alındı"
- kimi müxtəlif mistik düşüncələr
hələ də mövcuddur. Q.Quliyevin
"Güzgü" əsərində
bütün bunlar ətraflı şəkildə
təsvir olunsa da, müəllifin əsas ideyası etnonimik düşüncələrdən, semantik müqayisələrdən,
linqvistik təhlillərindən
və onların profan məntiqindən yüksəkdə dayanır.
Baxmayaraq ki, müəllif
bu əsərdə
"güzgü"nün məişətlə bağlı
bütün detallarını
ətraflı şəkildə
izah etmişdir, lakin əsərin əsas ideyası insanın maddi mövcudluğunun güzgüdəki
əksi deyil, onun həyatdakı mənəvi obrazının
necə formalaşmasıdır.
İnsanın özünə,
öz daxili aləminə boylanması
"Güzgü" əsərinin
əsas leytmotivini təşkil edirsə də, məsələnin
mahiyyəti bu tərzi-hərəkətin bütün
insanların həyatına
və məişətinə
həmişə adi, sıradan bir vaqeə kimi daxil olmasını nəzərdə tutmur. Hələ oraya qədər, insanın özünü, öz həqiqi obrazını mənəviyyatının güzgüsündə
görənə qədər
gedib çatması lazımdır.
Q.Quliyev "Güzgü"
əsərində məsələni
məhz belə qoymuşdur; "sən güzgüdə özünə
baxanda kimi görürsən, sənin
daxili obrazın bu çoxüzlü prizmanın hansına daha yaxındır?" Əsas həyati sual da elə "qəlbin gözü" və ya "qəlbin görməsi"
ilə bağlıdır.
Güzgü effekti geniş mənada, insanın özünə
qayıtmasının, özünü
tapmasının, qiymətləndirməsinin
ifadəsidir. Baxmayaraq
ki, fiziklər çoxdan
sübut etmişdir
ki, insanın güzgüdəki
əksi onun görmə aperturasından
keçən işıq
effektindən alınır.
Görmə mexanizmi zatən elə qurulmuşdur ki, işığın
sınması nəticəsində
gözdə istənilən
predmetin obrazı tərsinə proyeksiya olunur. Gözün aperturasında predmetin tərsinə alınan proyeksiyası insan üçün düzgün
şəkil effekti hasil edir. Amma qəlbin proyeksiyası gözün proyeksiyasından
fərqli olaraq düzünədir, birbaşadır,
yəni insanın qəlbinə onu təzədən çevirmək
lazım gəlmir. Bir
az da dəqiq desək, öz təbii quruluşuna görə gözümüz
bizi aldada bilər, amma şükür ki, qəlbimiz
aldatmır.
"Güzgü" əsərində
haqlı olaraq, Q.Quliyev düşünür
ki, güzgünün qarşısında
dayanan adam öz individual obrazının
fenotekstual mahiyyətində,
hər şeydən əvvəl, Karl Yunqun dediyi həmin kollektiv şüursuzluq aktının genotekstual obrazını görür.
Güzgü qarşısındakı
tipikləşdirilmiş obraz,
əslində, ideallaşdırılmış
bir təfəkkür
modelidir. Bütün bəşəri xüsusiyyətlərin
ilkin əsası təbiətdən gəldiyi
kimi ədəbiyyatdakı
obrazların tipikləşdirilməsi
prosesi də universal qanunların nəticəsidir,
təbiətdən alınma
bir keyfiyyətdir. Buna
görə də bir obraz çoxlu
obrazların ümumiləşdirilməsi,
onların vahidə gətirilməsi prosesinin nəticəsi kimi meydana çıxır, bu bir unifikasiyadır,
qaloqrafik variantdır.
Çox yəqin ki, Nəsimi elə bu unifikasiya məqamında Haqqa çevrildiyini iddia edirdi. Buna görə
"Güzgü"dəki bəşəri mövcudluğun
məzmunu düşündüyümüz
qədər sadə deyildir. "Quş" adlı bir pritçada
yazıldığı kimi,
əvvəllər təbiət
güclü, insanlar zəif olduğundan qədim insanlar təbiəti yamsılamaq
məcburiyyətində qalırdılar
ki, primitiv özünüqoruma
instinktlərini təmin
etsinlər. Sonralar güclərin balansı dəyişildi, insanlar əlavə güc əldə etdikcə təbiət acizləşdi,
bu dəfə mövcudluğunu təmin
etmək üçün
təbiət bizi yamsılamaq məcburiyyətində
qalır...
Güzgü effektinin mahiyyətini
izah edərkən müəllif, insanın özünü tanımasını
onun həyat təcrübəsindən və
müdrikliyindən asılı
olması ilə əlaqələndirir. O, haqlı
olaraq yazır ki, insanın özünü
tanıması onun ölümü dərk etməsi ilə başlayır. Hamletin sualı varlığın
mahiyyətini təyin
etdiyi kimi, ölümün dərkini
də qloballaşdırdı,
insan yeganə canlıdır ki, ölümün
labüdlüyünü lap əvvəlcədən "anlayır".
Q.Quliyevi, həmçinin
insanın ikili-dual obrazındakı "təqlid"lə
bağlı olan bir sıra məsələlər
və təqliddəki
"güzgü effekti"
narahat edir. Müəllif düşünür
ki, təqlid bir az inikasa, bir
az təcəllaya bənzəsə də, əslində, tamamilə fərqli bir mahiyyət daşıyır.
Hələ Aristoteldən
gələn "mimesis"dən
aydındır ki, insan
məhz təbiətin
təqlidindən sonra
kimliyini qazanmışdır.
Q.Quliyev Platonun irəli sürdüyü təhkiyənin
- "sadə" və
"təqlid" növləri
üzərində xüsusi
dayanır və onların hamısını
müəllifin öz
sözünü deməsi
kimi xarakterizə edir. "Təqlid" xüsusi bir fenomen olaraq "cəmiyyət", "həyat"
və "səhnə"
arasında səliqə
ilə yerləşdirilir.
Əlbəttə, "təqlid",
"mimesis" bütövlükdə insan cəmiyyətinin özünün və onun sosial dinamikasının
mövcudluğu üçün
vacib bir faktor olmuşdur və onu yalnız
səhnə və müəlliflə bağlı
izah etməklə iş başa çatmır. Zatən insanın özünün
mövcudluğu, bütövlükdə
onun təbiəti təkrar etməsindən,
təqlidi yaradıcılığından
sonra reallaşmışdır.
Daha doğrusu, "təqlid"in yeni məzmununda
mövcudluğun fərqli
mahiyyəti kəşf
olunmuşdur. İstər-istəməz
müasir musiqi əsərlərinin kover versiyaları yada düşür,
hər təkrar, hər interpretasiya fərqli bir sənət, yeni bir nəfəsdir və məhz bu kəsilməzlik
qanunu sivilizasiyanı ayaqda saxlayır. Tarix boyu insan
təfəkkürünün yeni məzmunda formalaşması
üçün bənzətmələr-appersepsiyalar,
məna köçürmələri,
metaforalar, interpolyasiyalar
böyük rol oynamışdır, amma
"güzgü-təqlid" deyilən nəsnə, təkcə təbiəti,
yaxud özünü və ya digərlərini
təkrarlamaqla qurtarmır,
bitmir. Təqlidin əsl mahiyyəti C.Centilenin sübut
etmək istədiyi protoideyaların növdəyişkənliyindən
qaynaqlanır. C.Centileyə
görə, xronotop məzmun daşıyan yaradıcı təqlid, özünün ruhi-hissi mahiyyəti ilə bədiilikdən daha çox dini məzmuna yaxındır və buna görə də bütün fəlsəfi düşüncələrin
protoideyası dini təsəvvürlərlə, poetik
fikirlə kəsişir.
Bibliyadakı cümlələrin
rusca "stix" adlandırılması, yaxud
Peyğəmbərlərin şair hesab edilməsi, qətiyyən,
təsadüfi deyildir.
F.D.Şleyermaher də deyirdi ki, "həqiqi din - özündə
sonsuzluq duyğusunun hissi məzmununu və real tamını əks etdirir".
Beləliklə, teoloji düşüncənin
zamanca metafizik təfəkkürə ən
uyğun mövqedə
yerləşməsi təkcə
mistika ilə fəlsəfəni deyil, həm də ədəbiyyatla fəlsəfənin
yaxınlıq dərəcəsinin
göstəricisidir. "Təqlid"lə,
"mimesis"lə bağlı
məsələnin mürəkkəbliyi
həm də orasındadır ki, teatr təkcə müəllifin
deyil, həm də aktyorların mənəvi dünyası
ilə həmahəngdir.
Səhnə ilə həyat arasında qalan aktyorlar elə seçim etməlidirlər ki, dayandıqları
məkan onlara nə cəmiyyətə qarışmağa, nə
də səhnədəki
obrazlarda həll olub getməyə imkan verməsin.
Q.Quliyevin "Güzgü"
əsərində tədqiqata
cəlb edilmiş mühüm bir məqam da müəllifin
"xaosmos" anlayışına
münasibətidir, daha
doğrusu, bu anlayışı Azərbaycan
ədəbiyyatı fonunda
diqqətdən keçirməsidir.
Q.Quliyev bu məqsədlə klassik ədəbiyyatımıza
müraciət etmişdir.
Müəllif M.F.Axundovun, C.Məmmədquluzadənin
və digərlərinin
yaradıcılığını bu kontekstdə tədqiqata cəlb etmişdir, müqayisələr
aparmış, "xaos",
"kosmos" və
"osmos" anlayışlarının
hər üçünə
öz münasibətini
bildirilmişdir. Burada
söhbət nizamdan, xaosdan və onların təbii birləşmə cəhdindən,
daxili təkandan, esksesdən, mənəvi-ruhani
təzyiqin gücü
ilə yaranan daxili axma prosesindən,
yaxud diffuziyadan gedir. A.F.Losevin
(1983-1988) "Xaos və
nizam" əsərində bu məsələ maddi ilə mənəvinin, materializmlə
idealizmin kontekstində
öz həllini tapmışdır. Hətta
A.F.Losev mənəvi cəhətdən
"üçüncü müstəvi" məsələsini
də həll etmişdir. Lakin Q.Quliyevi
İrland yazıçısı
Ceyms Coysun (1882-1941)
"Uliss" (1922) və
"Finneqan üçün
yas" (1939) əsərlərində
irəli sürdüyü
və sonralar
postmodernist Delyozun və
Qvattarinin devizə çevirdiyi "tsiklik mövcudluq"la bağlı
düşüncələri daha çox maraqlandırır. Əgər
biz Ceyms Coysun "Uliss" romanına Z.Freydin baxış
bucağından baxsaq,
burada irland xalqının əzilmiş
mənəviyyatının izlərini görmüş
olarıq. Baxmayaraq ki,
Ceyms Coys özü əslən həmin millətə məxsus birisi deyildi, amma mənəviyyatı
tapdanmış bir mühitdə yetişdiyinə
görə ruhunun bütün yaralı nöqtələri irland xalqının tarixi keçmişi ilə bağlı idi.
Q.Quliyevin "Güzgü"
əsərindəki həqiqətin
mahiyyəti, əslində,
bundan ibarətdir. Müəllif bu həqiqətin bədii nümunələrdə, ayrı-ayrı
əsərlərdə paylanmış
damlalarını, qəlpələrini
diqqətlə axtararaq
tapır və onları ümumi mövzunun rəflərinin
altına səliqə
ilə düzür. Belinski deyirdi ki, "həqiqət - qum dənələrinin içərisinə
səpilmiş qızıl
zərrəciklərinə bənzəyir, onları toplamaq üçün tonlarla qum ələmək
lazım gəlir".
Müəllifə cansağlığı və yaradıcılıq
uğurları arzulayırıq.
Sədaqət ƏLİYEVA
Ədəbiyyat qəzeti.- 2025.- 3 oktyabr, №36.- S.29.