Payız nağılı
Elə
ki payız gəldi -
yenə
soyuq, darıxmaq...
Yenə
sözümə baxmır
bu ürək ey, bu "axmaq"...
Yarpaqlar
veyillənir
tinində küçələrin.
Payız
ömrü uzanır
bu qərib gecələrin.
Yavaş-yavaş çəkilir
arılar
öz "evi"nə.
Payız
"soğan doğrayır"
kəpənəyin kefinə.
Göydə köçəri quşlar
buludlarla
yarışır -
yuyur göyün üzünü,
yuyur, payız yağışı.
Cığırlar mürgü döyür,
yol özünə sığınır.
Gedib qonaq-qarası,
kol özünə sığınır.
Sarı
yarpaqdan geyib
böcəklər qış kürkünü.
Durnaların başlayıb
uzaqlara
"sürgün"ü.
...Uzun payız gecəsi
təşnəsiyəm nələrin...
Boyunu oxşayıram
uzaq
xatirələrin...
Şəhid səsi
Vətən şəhidlərimizin
doğma ruhuna sayğıyla...
O gün sükut xor oxuyurdu - sükut,
o gün sükut xor oxuyurdu - qulaqbatıran,
o gün bütün nəğmələr
səssizliyə köklənmişdi,
bütün səslər sükut
nəğməsi oxuyurdu.
Səsi
batan saatın
əqrəbləri səssiz çırpınırdı,
bütün telefon zəngləri
səssizliyə qurulmuşdu.
Qulaqlar səssizliyə şəklənmişdi,
quşların səsi boğazına
tıxanmışdı,
bütün güllələr səssizliyə
açılırdı.
...Təyyarələrin səsini
buludlar;
maşınların səsini yollar;
qatarların səsini relslər;
gəmilərin səsini dənizlər;
çayların səsini daşlar;
arıların səsini çiçəklər;
vüsalın səsini
ayrılıqlar udmuşdu...
Dalğaların səsini qağayılar;
qağayıların səsini
dalğalar udmuşdu.
...Dizə qədər sükuta batmışdı
səssizlik,
sonra bütün səslər açıldı.
Sən bütün səslərin
Ucalığındasan - sükut səsinlə, Şəhidim,
bütün səslər batacaq
- sənin səsindən
başqa!
Müharibədən sonrakı torpaq
Köksünə basdırılan minalar
ürəyinin ritmini pozurdu Ana
torpağın.
Hər
mina çıxarılanda,
elə bil ürəyindən tikan çıxarılırdı.
Göz-göz yara kimi görünürdü
sinəsində minaların yeri.
...İndi
doğma nəfəsdən
canı
isinir Ana torpağın:
iyirmi səkkiz iliydi
döl verməyən qısır
bətnində
ah göyərirdi.
Qarabağ
Torpağın elə dadlı,
suyun elə şirindi,
havan elə gözəldi,
daşın elə ağırdı
-
düşüb dünyanın başına...
Söz verib gedən oğlan
"...Əziz və dəyərli dostlar. Bir qız status paylaşıb ki, 30 ilə
alınmayan Qarabağı
aldılar, məni alan olmadı. Mən burdan o xanıma səslənirəm:
-Gözəl insan, gözəl xanım, sən gecə-gündüz əsgərlərimiz
üçün dua elə, Qarabağ alınsın, səni axtarıb-tapıb mən özüm alacam",- deyən şəhid Daşqın Şəfiyevin
unudulmaz xatirəsinə...
Savaşda Ana yurdun
dadına
yetən oğlan.
Canı,
qanı, nəfəsi,
Varlığı - Vətən oğlan!
Vətənlə
bir can oldun,
gülləyə nişan oldun,
sinəsi
şan-şan oldun,
yaralı
bədən oğlan!
- Onu alacam, - dedin,
yalanmı çıxdı vədin?!
Niyə
geri dönmədin,
dönmədin nədən, oğlan?!
O qız pozdumu andı,
kim deyir adaxlandı?!
Dönəcəksən, - inandı,
söz verib gedən oğlan...
Turan şərqisi
İndi bütün dualar
üzü qibləyə, Turan
eşqinə oxunur.
Tanrı
hüzurunda
səcdədədi Türk.
Turan sevdası sınır tanımır -
dünyanın yaxası əlimizdədi.
Ulu bir tarixin silinməz
rəqəmləri üstə ayaqdadı
Türk:
zaman Tezliklə, məkan Cahan.
Anaların bətnində qan
yaddaşı yetişir,
qan yaddaşı doğulur.
Yaddaş
bağları təzələnir
aşiqlərin könlündə...
Sevinc nəməri paylayırıq,
Turan eşqinə.
Bütün aydın sabahlar
Qurd üzünə açılsın.
...İçimdə Türk
sevdası var,
bütün sevdalardan öncə...
İkinci etiraf
Yenə
doyunca vurdum
sənsizliyin sağlığına...
Nə yeyib, nə içdimsə və
nə düşündümsə
geridə
izi qaldı:
yarımçıq pivə bakalı,
bir az
saçaqlı pendir,
"cipsi" ovuntuları,
xəyal
qırıntıları,
bir də bir udum
həsrət.
Sərxoşam indi,
yenə
unutdum səni...
Ayılanda darıxacam.
Hər şey yaxşı
olmadı
Hamı
sakit oldu, kəmərləri bağladı,
təlimata uyğun hərəkət elədi.
Ancaq hər şey yaxşı olmadı.
Hökumə Əliyevanın ruhuna
sayğıyla...
Qəzada
həyatını itirən
insanlara
Tanrıdan rəhmət diləyirəm.
Göy üzündə titrək
səsin
neçə ürəyi dağladı.
Qəm çilənmiş harayından
-
göy məhvərindən laxladı.
Ruhun göylərə çəkildi,
ahın
buluda büküldü.
Gözlər gözünə dikildi
-
hamı
kəmərin bağladı.
Oralar Tanrı yanıdı,
canın
hesabat anıdı,
səni
kainat tanıdı,
göylər yadında saxladı.
Səndən xəbər tutanacan,
ananacan,
atanacan,
hayın
bizə çatanacan
sənə mələklər ağladı.
26.12.2024
Kəlbəcərdə gördüklərim...
Qaracaoğlan sayağı
Of, içimdə dağ azarı,
üz tutmuşam dağa sarı.
Sərt
qayalar - dağ hasarı
zirvələnir yollar boyu.
Qırağında ocaq daşı,
-
nə gur yanır, ocaq daşır.
Çəmən-çiçək ocaqlaşır,
zər ələnir yollar boyu.
Misqal-misqal sıxıb balı,
min çiçəkdən sağıb
balı,
arıya
bax, yığıb balı
şələlənir yollar boyu.
Moruq tutub dərələri,
kim yığa, kim dərə, ləli?!.
Sular axır - dərə ləli,
şirələnir yollar boyu.
Bir yol axtar, cığır
ara,
bu yol gedib çıxır
hara...
Çəhlimlərə, cığırlara
gül ələnir yollar boyu.
Daş ağıllar, qalacıqlar,
mən gedirəm, qalacaqlar.
Cərgə-cərgə alaçıqlar
binələnir yollar boyu.
...Evimdə yata bilmədim!
Yağı düşmən yurd
yerlərimizi vəhşicəsinə
talayıb. Evlərimizi
söküb-dağıdıb. Demək olar ki, daşı daş
üstündə qoymayıb qalsın. Doğulub boya-başa çatdığım
doğma ocağı ziyarət etmək fürsətim oldu.
Ancaq uşaqlıq və
gənclik xatirələrim
divarlarına hopan evimizdə bircə gecə qalmaq imkanım olmadı.
Şər qarışdı, axşam
düşdü,
evimdə
yata bilmədim.
Yorğun-arğın yol gəlmişdim -
evimdə
yata bilmədim...
Neçə ildi həsrət
çəkən,
Dam-daşına qübar çökən,
atam tikən, düşmən
sökən
evimdə
yata bilmədim.
Taledi - bir sınaq kimi,
qınaq
yox bu qınaq
kimi:
bircə
gecə qonaq kimi
evimdə
yata bilmədim...
Sərin-sərin yuxum gəldi,
yeri sərin, yuxum gəldi,
elə şirin yuxum gəldi,
evimdə
yata bilmədim.
Gözlərimdən min ah dərən
-
yuxularım pərən-pərən.
Xatirələrim bar verən
evimdə
yata bilmədim.
Arzuma çatıb dincəldim,
başımı qatıb dincəldim.
Çöllərdə yatıb dincəldim,
evimdə
yata bilmədim!
Avqust 2021
Kəlbəcər etüdləri
Burda gözəlliklər əlçatan
deyil,
boylanır zirvədən, ətəyə
gəlmir.
İlahi
ucalıq könüllərində
-
onlar düzə enmir, mətəyə gəlmir.
Bir çiçək aləmi
çıxıb püşkünə,
ənbər çiçəklərin batıb müşkünə,
arılar
güllərin düşüb
eşqinə,
çöllərdən yığılmır,
pətəyə gəlmir.
Çiçəklər şax durur, əymir qəddini,
ötüb sərhəddini, keçib
səddini:
bütün gözəlliklər aşıb həddini -
heç
sığala yatmır,
ütüyə gəlmir...
...İp atdım,
tovladım dünən
səməndə,
insafsız düşmədi yenə
kəməndə,
yeyib - xamlayıbdı çöldə-çəməndə,
üzəngiyə yatmır, yedəyə
gəlmir.
Baxıb
gözəllikdən doymayır
ovçu,
ovçu
marağına uymayır
ovçu,
əliyə, cüyürə qıymayır
ovçu,
barmağı çaxmağa, tətiyə
gəlmir.
2025
Namiq DƏLİDAĞLI
Ədəbiyyat qəzeti.- 2025.- 3 oktyabr, ¹36.- S.28.