Bir pişik, bir
kişi və iki qadın
Cuniçiro Tanizaki 24 iyul 1886-cı ildə Tokionun Nihonbaşi bölgəsində varlı bir tacir ailəsində dünyaya gəlib. Üç bacı və üç
qardaşının ən böyüyü olan Cuniçiro
rahat uşaqlıq keçirib. Ancaq böyüdüyü ev
1894-cü ildə Tokio zəlzələsində
dağılıb və bu, Tanizakidə ömürlük zəlzələ
qorxusuna səbəb olub. Zəlzələdən sonra Tanizaki
ailəsinin vəziyyəti pisləşib və Cuniçiro
başqa bir adamın evində yaşayaraq müəllim kimi fəaliyyət
göstərməyə məcbur olub. Maddi çətinliklərə
baxmayaraq, o, Hibiya liseyinə, sonra isə 1908-ci ildə Tokio
İmperator Universitetinin Ədəbiyyat fakültəsinə
daxil olub. Üç ildən sonra təhsil haqqını
ödəyə bilmədiyi üçün təhsili
yarımçıq qoyaraq Universitetdən uzaqlaşıb.
Tanizaki
ədəbi karyerasına 1909-cu ildə bir jurnalda
çıxan təkpərdəli pyeslə başlayıb.
Yazıçının adı 1910-cu ildə nəşr
olunan "Şisesi" hekayəsi ilə məşhurlaşıb.
Tanizaki 1915-ci ildə evlənib, lakin xoşbəxt evliliyi yox
idi və 1920-ci illərin əvvəllərində həyat
yoldaşı yazıçının dostu Sato Haruo ilə
yaxın münasibət qurub. Bu vəziyyətin
yaratdığı psixoloji gərginlik
yazıçının o dövrdəki bəzi əsərlərinə
çox təsir edib.
Tanizakinin
şöhrəti 1924-25-ci illərdə yazdığı,
sinif, cinsi ayrı-seçkilik və mədəni kimlik məsələlərini
araşdıran "Naomi: Bir axmağın sevgisi"
romanı ilə birlikdə yüksəlib. Onun 1929-cu ildə
lezbiyanlardan bəhs edən "Manci" romanı
böyük diqqət çəkib. İkinci Dünya
müharibəsindən sonra o, Yaponiyanın ən böyük
yazıçısı kimi tanınıb. 1964-cü ildə
o, Amerika İncəsənət və Ədəbiyyat
Akademiyasının fəxri üzvlüyünə layiq
görülüb. Tanizaki yapon yazıçılar arasında
bu üzvlüyü alan ilk yazıçıdır.
Yazıçı 1964-cü ildə Tokionun cənub-qərbindəki
Yuqavara, Kanaqava şəhərinə köçüb və
burada 79 yaşını qeyd etdikdən qısa müddət
sonra 30 iyul 1965-ci ildə ürək tutmasından vəfat
edib. Onun məzarı Kyotodakı Honen-in məbədindədir.
Tanizakinin
"Bir pişik, bir kişi və iki qadın" kitabından
qısa hissələri təqdim edirik.
Xanım
Fukuko,
Xahiş
edirəm, məni bağışlayın. Mən bu məktubu
Yukinin adından istifadə edərək yazdım. Amma təəssüf
ki, Yuki deyiləm. Belə dediyim üçün, əminəm
ki, mənim kim olduğumu bilmisiniz, elə deyilmi? Elə zərfi
açan kimi dərhal "deyəsən, o
qadındır", deyə vəziyyəti başa
düşmüsünüz, sonra da mütləq ki əsəbiləşmisiniz:
"Bu nə kobudluqdur... Dostumun adından icazəsiz istifadə
edib mənə məktub yazmaq da nə deməkdir? Bu nə
kobud adamdır?!" Amma, lütfən, anlayın, xanım
Fukuko, belə etməkdən başqa çarəm yox idi,
yaxşı bilirdim ki, zərfin arxasına əsl adımı
yazsaydım, siz onu almamışdan əvvəl məlum adam
onu tapıb yox edərdi, mən bu məktubu
oxumağınızı çox istəyirdim. Amma xahiş
edirəm, sakitləşin; mən, əlbəttə ki, sizi
günahlandırmaq, ya da özümü yazıq kimi göstərmək
niyyətində deyiləm. Əgər belə etsəydim,
bundan on-iyirmi dəfə uzun bir məktub yaza bilərdim, hətta
beləsi də kifayət etməzdi; amma bu nöqtədən
sonra nəyisə gizlətməyin nə faydası, elə
deyilmi? Ehh, dərdim məni o qədər gücləndirib ki,
daha o qədər də ağlamıram; mənim kədərim
böyükdür, ağlamaq istəyim də ondan
böyük, amma artıq bunlar haqqında düşünməyəcəyəm,
bacardığım qədər nəşəli həyat
yaşamağa qərar vermişəm. Əslində
insanın taleyini Allahdan başqa heç kim bilmədiyi halda,
başqasının xoşbəxtliyini lənətləmək,
paxıllıq etmək ağılsızlıqdır.
Əlbəttə,
bilirəm ki, sizə belə bir məktub göndərmək
kobudluqdur - mən təhsilsiz qadınam, amma bu qədərini
də bilirəm. Sağ olsun, cənab Tsukamoto, bu barədə
mənə dəfələrlə xəbərdarlıq edib.
Amma "o adam" mənə məhəl
qoymadığından, sizdən xahiş etməkdən
başqa çarəm qalmayıb. Bunu deyəndə, sizdən
çətin bir şey tələb edəcəyimi
düşünməyin, o qədər də çətin
şey deyil. Sizin evinizdən götürmək istədiyim bir
şey var. Qorxmayın, təbii ki, "o kişini
qaytarın" deməyəcəm. Əslində, bu
kiçik, əhəmiyyətsiz şeydir... Lilini istəyirəm.
Cənab Tsukamotonun dediyinə görə, o kişi "Mən
Lilini verməyə razıyam, amma Fukuko ondan ayrılmaq istəmir",
deyirmiş.
Bu,
doğrudur, xanım Fukuko? Mənim tək istəyimə siz
mane olursunuz? Xahiş edirəm, yaxşı fikirləşin,
xanım Fukuko, mən sizə həyatımdan çox dəyər
verdiyim insanı... hətta sadəcə onu yox, o insanla birlikdə
qurduğumuz xoşbəxt yuvanın hər şeyini, tamamilə
hər şeyi sizə verdim. Sınıq bir boşqab belə,
götürmədim, hətta cehizimi belə,
qaytarmadınız. Ola bilsin ki, beləsi daha
yaxşıdır, ağlıma pis xatirələri gətirəcək
əşyaları götürməməyim daha yaxşı
oldu, amma heç olmasa, Lilini mənə versəz, noolar ki? Mən
sizdən qeyri-mümkün bir şey istəmirəm; məni əzib
keçməyinizə dözdüm. Bütün fədakarlığımın
qarşılığında tək pişik istəyirəm,
çoxdur bu? Sizin üçün kiçik bir heyvandır,
amma mənim üçün tənhalığıma məlhəm
olacaq bir dərmandır... Mənim zəif olduğumu
düşünməyinizi istəmirəm, amma Lilisiz
özümü çox tənha hiss edirəm. Bu dünyada o
pişikdən başqa mənimlə yoldaşlıq edə
biləcək heç kim yoxdur. Siz artıq məni məğlub
etmisiniz, daha çox işgəncə vermək istəyirsiniz?
Yox, yox,
siz o cür adam ola bilməzsiniz. Mən yaxşı bilirəm
ki, Lilini buraxmayan siz deyilsiniz; o adam vermək istəmir. O,
Lilini çox sevir. Həmişə deyirdi ki, mən səndən
ayrıla bilərəm, amma bu pişikdən qətiyyən
ayrı qala bilmərəm. Lilini həm yemək, həm də
yatmaq vaxtı məndən çox əzizləyirdi. Elədirsə,
bəs niyə dürüstcə "Pişiyi mən vermirəm",
demir, günahı sizin üstünüzə atır? Bunun səbəbini
düşünün, lütfən...
O adam sevmədiyi
məni qovdu, sevdiyi sizinlə birlikdə yaşamağa
başladı. Mənimlə olanda Liliyə daha çox
ehtiyacı vardı. İndi isə əksinə, o şey sizin
ikiniz aranızda maneədir, elə deyilmi? Yoxsa, o adam indi də
Lilisiz qala bilmir? Əgər belədirsə, deməli, sizi də
mənim kimi özündən aşağısəviyyəli
hesab edir. Ayy, üzr istəyirəm, istəmədən
ağzımdan belə şey çıxmasına icazə
verdim... Yox, canım, elə gülməli şey olmaz, əlbəttə
ki; amma o adam pişiyə olan sevgisini gizlədib, günahı
sizin üstünüzə atırsa, bu pişikdən
ayrılmaq istəmədiyinin sübutu deyilmi, sizcə? Nə
deyim, belə şeylər məni maraqlandırmır
düzü. Amma, xahiş edirəm, diqqətli olun, sadəcə
pişik deyib məsələni boş buraxsanız, pişik
belə, sizin yerinizi ala bilər. Bunu məsləhət olaraq qəbul
edin, özümdən çox, sizi düşünərək
deyirəm bunu: Lilini o kişinin yanından mümkün qədər
tez uzaqlaşdırın. Əgər o, heç vaxt buna
razı olmasa, biləcəksiniz ki, işin içində
iş var.
Fukuko məktubu
sözbəsöz oxuyub Şozo ilə Lilini izləməyə
başladı: sirkəli soya sousuna batırılmış at
skumbriya məzəsi ilə içən əri Şozo,
uzandığı yerdən əlindəki içki
qabını süfrənin üzərinə qoyub
"Lili" deyə səsləndi və at
skumbriyasını yemək çubuqlarıyla tutub
qaldırdı. Lili arxa ayaqları üzərində ayağa
qalxdı, ön pəncələri ilə kiçik yemək
nimçəsinin kənarına söykəndi.
***
- Heyy, nə
oldu? - Pişiyə qulluq etməyə qısa ara verən
kişi, arvadına doldurmaq üçün bir qab uzadarkən,
gözü yol çəkən həyat yoldaşına
narahat nəzər saldı...
- Səninlə
danışmaq istədiyim bir şey var, - Fukuko başqa
heç bir şey demədi. O, susdu və narahat halda oturdu.
- Nooldu?
Mövzu nədir?
- Bu
pişiyi Şinako xanıma ver.
- Nə
deyirsən?
Qəfildən
belə dəhşətli söz eşidən kişi
qıcıqla gözlərini çevirə-çevirə
qırpdı. Amma arvadının ifadəsi ciddiydi, geri
addım atmağa heç fikri yox idi. Şozo tamamilə
çaşdı:
-
İndi, heç bir səbəb olmadan...
- Səbəb-məbəb
axtarmağa ehtiyac yoxdur, sabah cənab Tsukamotonu
çağır, ver bunu aparsın.
- Nooldu
axı, birdən-birə nə baş verdi?
- Olmaz,
deyirsən?
- Bir az səbirli
ol. Niyə belə bir şey istədiyini demirsən, mən nə
etməliyəm? Səni əsəbiləşdirən nəsə
olub?
"Yoxsa,
Lilini qısqanırdı?" Şozo bu ehtimalı fikrinə
gətirdi, lakin tez də ağlından çıxardı.
Çünki bu qadın pişikləri çox sevirdi.
***
- Bu
skumbriyaların hamısını pişiyə yedizdirmisən,
elədir? Sənin yediyin, təkcə bu iki-üç dənə
balıqdır, elədir? - deyə soruşdu. Bu dəfə səsi
mülayim idi.
-
Saymamışdım, nə bilim.
- Mən
hamısını saymışdım. Boşqabda əvvəl
on üç balıq var idi və sən Liliyə on balıq
yedizdirdin, ancaq üçünü yedin.
- Ola bilər
yedizdirmişəm, noolacaq ki? Günahdır?
- Təbii
ki, bu sənin günahındır, başa düşmürsən
ki, günah haradadır? Bax, diqqətlə düşün.
Söhbət ondan getmir ki, mən pişiyi qısqanıram.
Bilirsən ki, mən sirkəli skumbriyanı ağzıma
qoymuram. Sən sevirsən deyə, ürəyin istədiyini
dedin deyə hazırladım. Belə deyib, sonra heç yeməməyin,
hamısını pişiyə yedizdirməyin...
***
- Elə
şey yoxdur. Mən özüm yemək istəyirdim, amma Lili
imkan vermədi, ətəyimdə dolanıb durdu. Fikrimdən
çıxıb nə qədər vermişəm.
- Yalan demə.
Elə Liliyə yedizdirmək üçün
özünün sevmədiyin şeyə "ürəyim istəyir",
deyib bişirtdirdin, elədir? Pişik səninçün məndən
qiymətlidir.
- Lənət
olsun, ay qız, bunu hardan çıxardırsan? - Şozo səsini
bir az yüksəldib, həm də bir az gülümsəyərək
dedi. Amma arvadının sözləri qarşısında
sarsıldığı bəlli olurdu.
- Deməli,
sənin üçün ən dəyərli olan mənəm?
- Əlbəttə,
sənsən! Boş danışma, and içirəm.
-
Ağzınla demə, sübut göstər. Yoxsa, sənin
sözünə inanmayacağam.
-
Yaxşı, bu gündən bir də skumbriya almarıq.
Keçdi narahatlığın?
- Bu
söhbəti kənara qoy. Mənim xətrimə Lilini o
qadına verəcəksən. O pişik getsə, heç bir
problem olmayacaq.
Ciddi
demirdi hər halda. Amma, o, məsələyə yüngül
yanaşmamalı idi, yoxsa məsələ ciddiləşə
bilərdi. Şozo yorğun halda qollarını və
ayaqlarını düzgün oturma vəziyyətinə gətirib
dizlərini bir-birinə yaxınlaşdırdı, irəli əyildi,
əllərini yavaşca dizlərinin üzərinə qoydu və
yazıq-yazıq dedi:
- Deməli,
ona işgəncə veriləcəyini bilə-bilə onu o yerə
verək, deyirsən? Belə amansız sözlər sənə
yaraşırmı? Lütfən, belə sözlər
danışma...
- Aha, bax,
deməli, pişik daha qiymətlidir. Lili adlı
başağrısına çarə tapmasan, məni yox bil.
- Boş-boş
danışma!
- Məndən
deməkdir, bilirsən, heyvanlarla müqayisə edilməyi
heç sevmirəm.
Bu qədərmi
incimişdi? Birdən gözlərindən yaş axdı. Ola
bilsin ki, Fukuko da bunu gözləmirdi, o, tez,
çaşmış ərinə arxasını çevirdi.
Fukukonun
adıyla yazılmış məktubun gəldiyi səhər
Fukuko əvvəlcə belə fikirləşirdi:
"Aramıza belə soyuqluq salmağa çalışmaq
hansı növ həyasızlıqdır? O, məni bu tərz
hiyləyə düşəcək qədər axmaq hesab
edir?" Sinakonun pis niyyəti bəlli idi: Fukukonu
qızışdırmaq, Lilinin varlığından narahat olmasına
səbəb olmaq: əgər pişiyin evdən göndərilməsinə
nail olarsa, bu onun əllərini bir-birinə vurub onu ələ
salmaq deməkdi: "Bax, mənə gülürdün, amma sən
də pişiyi qısqanırsan! Deyəsən, ərindən
çox da sevgi görmürsən?!" Ya da bəlkə də
o qadın düşünürdü ki, planım gözlədiyim
kimi baş tutmasa belə, bu məktubla evin dincliyini
pozmağım məni sevindirməyə kifayət edər. Bu
tələnin qarşısını almağın ən
yaxşı yolu cütlüyün barışmağa
çalışması, sadəcə məktub vasitəsilə
aralarında heç bir problem olmadığını göstərmək,
hər ikisinin Lilini sevdiklərini və ondan ayrılmaq niyyətlərinin
olmadığını açıq şəkildə bildirmək
idi.
Təəssüf
ki, məktub pis vaxtda gəlmişdi. Skumbriya sousu
iki-üç gün idi ki, Fukukonun beynini qurcalayırdı. Məktub,
o, ərinə yaxşı dərs verməli olduğunu
düşünməyə başlayanda gəlmişdi.
***
Əvvəlcə
onun məqsədi sadəcə onu incitmək idi. Onun Lilini
qovmaq niyyəti yox idi. Vəziyyətin nəzarətdən
çıxmasında və geridönməz ultimatuma
çevrilməsində Şozonun münasibəti
böyük rol oynadı...
***
Fukukonun əri
başqa məsələlərdə arvadının hər əmrini
yerinə yetirərkən, bu xüsusi məsələdə
israrlı idi və onu rədd edirdi: "Noolacaq axı, nə
böyük məsələdir ki? Pişikdir də"... Yəni,
Liliyə olan sevgisi Fukukonun gözlədiyindən də
güclü idi. Bu məsələ daha həll
olunmamış qala bilməzdi.
Cuniçiro TANİZAKİ
Tərcümə
etdi:
Nilufər
Hacılı
Ədəbiyyat
qəzeti.- 2025.- 3 oktyabr, №36.- S.30-31.