"Cahangiranə bir dövlət çıxardıq bir əşirətdən"...

 

(Əvvəli 35, 36-cı saylarımızda)

 

"Babalarımız oğuzlar-türkmənlər" silsiləsindən

 

Uğursuz mərkəzləşdirmə cəhdləri və Osmanlı

 

Beləliklə, etiraf etməliyik ki, türkmən bəyliklərinin tarixdəki rolu, demək olar, birbaşa və bütünlüklə aponaj və ülüş əsaslı hərbi-torpaq sistemi çərçivəsində araşdırılmalıdır. Əşirət dövlətlərinin məhdud inkişaf təmayülləri nəzərə alınarsa, bu sistem kifayət qədər praktik idi və qarşıda duran militarist məqsədlərə çatmaq üçün əlverişli imkanlar yaradırdı. Ancaq eyni zamanda bu sistemin özündə həqiqi dövlətçilik meyilləri üçün ziyanlı rüşeymlər daşıdığı da aşkardır və həmin rüşeymlərin intişar tapması hətta tayfa konfederasiyaları üçün ölümcül nəticələr verə bilirdi. Hər şeydən əvvəl dövlət-əşirət əksliyinə müncər edə biləcəyimiz həmin bariz əlamətlərdən bir neçəsinə nəzər salaq:

- mərkəzdənqaçan qüvvələrinahzadələr, əmirlər, tayfa və qoşun başçıları...) dövlətə meydan oxuyacaq dərəcədə güclənməsi;

- mərkəzi hakimiyyət orqanlarının əşirət idarəçiliyi ilə qaynayıbulğaşması;

- orduda çoxbaşlılıq, vahid komandanlığın formal xarakteri, xroniki intizamsızlıq, məhəlli qoşunların ikili tabeçiliyi;

- əşirətlərarası mənafe toqquşmaları və s. və i.a. 

Amma türkmən bəyliklərində bu sistemin anadangəlmə nöqsanlarını görən, onu islah etmək istəyən hökmdarların olmadığını düşünmək də düz deyil. Hələ Qaraqoyunlu Qara Yusifin mərkəzi idarə aparatı yaradılması, oğlu Cahanşahın isə dövlətin mərkəzləşdirilməsi istiqamətində müəyyən cəhdlər göstərdikləri məlumdur. T.Nəcəflinin yazdığına görə, "Lakin müstəqilliyə can atan yerli feodallar və hərbi-köçəri əyanlar bu işə hər vasitə ilə maneçilik törətmişdilər. Bu dövlətdə siyasi mərkəzləşmə cəhdləri istər-istəməz türk-monqol hərbi-köçəri elitasının, tayfaların zəifləməsi və qüvvələr balansının dəyişməsi ilə müşaiyət olunurdu. Ölkənin iqtisadi və siyasi cəhətdən dağınıqlığı da dövlətin mərkəzləşdirilməsi prosesinə ciddi mane olurdu".

C.Vuds Qara Yülük Osmanın Ağqoyunlu ulusunu "tam inkişaf etməmiş İranslam bürokratik idarə aparatına malik bəyliyə" çevirdiyini vurğulayır. Onun qənaətincə, hakimiyyətinin gücünü Anadolunun dağınıq və narazı köçəri hərbi elitasından alan Qara Osman idarəçilik aparatında müsəlman şəhər bürokratiyasının iştirakına da şərait yaratmışdı və artıq şəhər təbəqələri Ağqoyunluların iqtisadi, siyasi və sosial sistemində təmsil olunurdu.

Bu dövlətdə mərkəzləşdirmə siyasəti Uzun Həsənin səltənət dövründən davamlılıq qazanır, başlıca siyasi qayğılarından biri kimi diqqət mərkəzində saxlanılır. Ağqoyunlu idarəçilik sistemində Uzun Həsənin apardığı inzibati islahatlar əvvəlcə torpaqlar və ticarət mərkəzləri üzərində nəzarəti gücləndirmək və maksimum gəlir əldə etməklə dövləti aqrar xarakterli ənənəvi İranslam imperiyasına çevirmək məqsədi daşıyırdı. O, radikallıqdan mümkün qədər çəkinir, dövləti törədən kənarlaşmamaq şərtilə daxildən möhkəmləndirmək, təbiri caizsə, "yumşaq mərkəzləşmə" yolu tuturdu. C.Vudsun yazdığına görə, "Uzun Həsən 1469-cu illə 1473-cü il arasındakı dövrü daha çox mərkəzləşdirilmiş dövlət administrasiyasının yaradılması və daha bəşəri ideologiyanın formalaşdırılmasına həsr edir. Lakin 1473-cü ildə Osmanlılar tərəfindən Başkənddə məğlubiyyətə uğraması (Otluqbeli döyüşü nəzərdə tutulur - N.M.) nəinki Ağqoyunluların xarici torpaqlar hesabına genişlənməsinə son qoyur, eyni zamanda dövlətin daxili məsələlərində effektiv fəaliyyətinə əngəllər yaradır". Bununla belə hakimiyyətinin son dövründə də Uzun Həsənin islahat cəhdlərindən geri çəkilmədiyi, oğlu Uğurlu Məhəmmədin üsyanından sonra isə bu işə daha qətiyyətlə girişdiyi faktdır. O, soyurqal torpaq sahibliyinin məhdudlaşdırılması uğrunda mübarizəyə başlamış, lakin mülki və hərbi əyanların etirazı ilə qarşılaşmışdı.

...1478-ci ildə Uzun Həsən öldü və taxta oğlu Xəlil gəldi. Onun atasının mərkəzləşdirmə xəttini davam etdirəcəyindən ehtiyatlanan hakim qüvvələr o biri şahzadələri öz tərəflərinə çəkərək status-kvonu qorumağa çalışdılar. Amma Sultan Yaqubu iqtidara gətirdikdən az sonra yanıldıqlarını anladılar. O, taxta çıxar-çıxmaz Şabankarə və Fars vilayətlərini mərkəzdən idarə edilən torpaqlar kimi ali inzibati şuranın sərəncamına verdi və apanaj sisteminin atasının dövründə başlamış islahatını sürətləndirdi. Torpaq mülkiyyəti konkret xidmət müqabilində və qısa müddətə verilməyə, vilayət hakimləri tez-tez dəyişdirilməyə başladı. Onları dəstəkləyən əyalət orduları bir tayfanın əlinə keçməsin deyə qayda qoyuldu ki, hərbi qüvvələr müxtəlif tayfalardan təşkil olunsun. Sultan Yaqub bir qədər də irəli gedərək dövlət əraziləri hesabına ruhanilərə və hərbi əyanlara verilmiş soyurqal sahələrinin xəzinəyə yük olması mülahizəsi ilə bunların da bir qismini ləğv etdi. Mərkəzdənqaçma meyillərini cilovlamaq, separatçı əmirlərin müqavimətini qırmaq məqsədi ilə o, lələsi və vəziri, "sədr" vəzifəsi və hüdudsuz səlahiyyətlər verdiyi Qazı İsa Savəçinin məsləhəti ilə vergi islahatları keçirmək, vilayət tayfa başçılarının və hərbi əyanların iqtisadi mənafelərinə zərbə endirmək qərarına gəldi. Sultan həm də istehsalçı təbəqələr hesabına hakimiyyətinin sosial bazasını genişləndirmək məqsədi güdürdü. Vergilər 70 min tümən məbləğində azaldıldı, sənətkarlardan, şəhər tacirlərindən alınan tamqavat vergisi ləğv edildi. Tranzit əməliyyatlarından rüsumlar yalnız dövlət tərəfindən alına bilərdi. Görülən tədbirlər, o cümlədən, köçəri hərbi elitanın istismar formalarından olan tamqavatın ləğvi dövlətin gəlir sisteminin "vəhşi" ticarət və vergi üsulundan azad edilməsi, qayda-qanunla toplanan vergi sisteminə keçilməsi demək idi" (C.Vuds). Lakin Sultan Yaqubun vaxtsız ölümü ilə onun yaratdığı mərkəzləşmiş dövlət strukturu tamamilə çökdü. Ondan sonrakı Ağqoyunlu sultanları isə - vəziyyət get-gedə pisləşsə belə! - islahat və mərkəzləşmənin adını da dilə gətirməyə cəsarət etmədilər. Ta ki iqtidara Uzun Həsənin asi şahzadəsi Uğurlu Məhəmmədin oğlu, Fateh Sultan Məhməd və Sultan II Bayəzidin saraylarında böyümüş, Osmanlı dövlətçilik ənənələri ruhunda tərbiyə almış Gödək Əhməd gələnə qədər.

Sultan Əhməd Təbriz taxtına çıxdıqdan az sonra türk tayfa qanununu (oxu: törəni -  N.M.) ləğv edir, hərbi elitanı Müqəddəs qanuna (oxu: şəriətə - N.M.) tabe etdirir (C.Vuds). Hərbi-tayfa başçılarına görk olsun deyə qüdrətli Bayandur-Pornək qrupunun nüfuzlu sərkərdələrindən Hüseynəli xanla Müzəffər bəyi edam etdirir, mərkəzləşdirmə əleyhdarlarının hərbi və iqtisadi gücünü sarsıtmağa hesablanmış sərt tədbirlər keçirir, şəriətdə nəzərdə tutulmayan 20-yə yaxın vergi və mükəlləfiyyəti, ən əsası isə əvvəlki sultanların verdikləri soyurqalları ortadan qaldırır. Lakin çox keçmədənmirlər Əhmədi Osmanlı sülaləsinin qayda-qanunu əsasında hərəkət etdiyinə görə təqsirkar bildilər" (Şahin Fazil) və o, islahatçılıq fəaliyyətinin əvəzini canı ilə ödəməli oldu.

Göründüyü kimi, Ağqoyunlu hökmdarlarının mərkəzləşdirmə cəhdləri uğur qazanmamış, yaxud qazanmışsa da, müvəqqəti və aldadıcı olmuş, ən əsası isə ölkəyə rifah və inkişaf deyil, qan-qada, qarşıdurma və mənasız müharibələr gətirmişdir. Tarixçilər bunu müxtəlif səbəblərlə - ulusun sosial-siyasi quruluşu, iqtisadi maraqların barışmazlığı, tayfa mentalitetinin özəllikləri ilə, eləcə də islahatların qeyri-ardıcıllığı və natamamlığı ilə izah edirlər. Bu fikir və şərhlərin hər birində "səmərəli toxum" tapmaq mümkündür, amma fakt faktlığında qalır ki, bəylik dövründə də, imperiya dövründə də Ağqoyunlu dövləti tayfa konfederasiyası olaraq anadangəlmə ziddiyyətlərindən, köçəri ənənələrinin əsarətindən qurtula bilməmişdir. Sultan Yaqubun ölümündən sonra isə dövlətin əsasları sarsılmağa, konfederasiya quruluşu dağılmağa başlamış, tənəzzül prosesləri sürətlənmiş və dərinləşmişdir.

Bəs necə olmuşdu ki, Osmanoğulları qısa müddətdə qüdrətli bir mərkəzləşdirilmiş dövlət yaratmış, Namiq Kamalın dediyi kimi, bir əşirətdən cahangiranə bir dövlət çıxarmış, bu çətin işin öhdəsindən gələ bilmişdi? Səbəbi Osmanlının uclarda, Bizansla sərhəd bölgəsində bir qəza bəyliyi kimi meydana çıxmasında və digərlərindən fərqli olaraq bu yoldan sapmamasında axtaranlar, zənnimizcə, yanılmırlar. Orxan bəyin dövründə Qərbi Anadolunun türkləşməsi, əsasən, başa çatmış, cihad hərəkatının davam etməsi üçün perspektivlər tükənmişdi və Trakya yolu ilə Bizansın içərilərinə doğru irəliləmək, qəza hərəkatını Rumelinə keçirmək vəzifəsi də onun öhdəsinə düşmüşdü. Orxan bəy və oğulları Süleyman və Murad uc boylarını Rumelinə qədər genişləndirmiş, bununla da əski Bizans torpaqlarında müsəlman türkmənlərlə ortodoks rumlar (yunanlar) iç-içə yaşamağa başlamışdılar. Düzünə qalsa, bu birgəyaşayışın əsası hələ Səlcuqilər dövründən qoyulmuşdu. İ.Ortaylı Sultan Məsudun özünü həm yerli xristianların əmiri saydığını, onların da onu özlərininki qəbul etdiklərini, "tam bir simbioz hökm sürdüyünü" göstərir.

Osmanlı bəyliyinin əhalisi hələ yaranışdan yekcins deyildi. Doğrudur, bəylər fəth etdikləri qala şəhərlərə, əsasən, türkmən obalarını köçürürdülər, amma müsəlman olmayan yerli əhalinin hüquqları da qorunur, təhlükəsizliyinə zəmanət verilirdi. Xristian əhalinin cizyə vergisi ödəməsi nəzərə alınmasa, Osmanoğulları hüquq baxımından onlarla müsəlmanlara fərq qoymurdular. Dövlətə biət edən hər kəs dinindən etnik mənsubiyyətindən asılı olmayaraq, eyni status daşıyırdı. Təsadüfi deyil ki, Kamal Karpat Osmanlı bəyliyini formalaşdıran ünsürlər arasında "bir qrup əşirət rəisi", əxilər, qazilərlə birlikdə "Qərbi Anadolu Balkanların əksəriyyəti XIII əsr monqol zülmündən qurtulmağa çalışan xristian dərəbəyləri"ndən söz açır. Onun fikrincə, Osmanlı bəyliyi rəsmən "bir sıravi türk qəbilə birləşməsi tərəfindən qurulsa da, başlanğıcdan bəri qəbilələrdən kənar bir siyasi qurum kimi inkişaf etmişdir". 1397-ci ildə bolqar, 1459-cu ildə serb "prenslikləri" ilhaq olunmuşdu. (1453-cü ildə Konstantinopolun fəthini, 1492-ci ildə Qranada əmirliyinin aradan qaldırılması ilə İber yarımadasının müsəlmanlar tərəfindən işğalına son verilməsini xristianlaşdırma təhdidi altında İspaniyadan qaçmaq məcburiyyətində qalan 20 min yəhudi ərəbin Selanikdə məskunlaşmasını, sonrakı fütuhatlar nəticəsində macarların, ərəblərin Osmanlı əhalisinin tərkibinə qatılmasını da yaddan çıxarmayaq). Aydın məsələdir ki, vahid güclü mərkəzi dövlət yaratmadan dini-mədəni baxımdan bir-birindən son dərəcə fərqlənən bu etnik-sosial qrupları idarə etmək mümkün deyildi. Bəyliyin inkişaf yolu təbii olaraq məhz bu səmtə yönəlmişdi. 

..."Xudavəndigar" (hünkar/xotkar) adlandırılan Murad bəyin dövründə axınçı bəyləri şəriətin hökmünə əsasən, Rumeli qəza səfərlərində əldə etdikləri qənimətin, o cümlədən, müharibə əsirlərinin beşdə birini ulu bəyə verməyə başladılar. Bu əsirlər "qul", yəni, bəyin şəxsi mülkiyyəti hesab edilir, "qapı qulları" adlandırılırdı. Onların sayı artdıqca bəy qonağı daha da böyüyür güclənirdi. Murad bəyin dönəmində əsasən hərbi təyinatlı "yeniçəri" (yeni+çəri/çərik) təsisatının qurulması ilə ulu bəyin "qapısı" digərlərindən əsaslı şəkildə fərqlənməyə başladı. Yeniçərilər tədriclə Osmanlı nizami ordusunun yalnız böyük bəyə mənsub olan xüsusi bölümünə çevrildi. İslam dövlətlərinin hərbi-siyasi ənənəsində qullardan xüsusi əsgərlər yetişdirmək təcrübəsi mövcud idi. Abbasi xəlifələrinin "məmlük" ("mülk olan") kölələrdən ayrıca bir ordu yaratdıqları tarixdən məlumdur. Sonrakı müsəlman dövlətlərində, xüsusən Məmlüklərdə (necə deyərlər, adı üstündədir) bu üsuldan istifadə olunmuşdu. M.Kuntun fikrincə, Osmanlı bəyləri həmin ənənəni davam etdirir təkmilləşdirirdilər. Vaxt keçdikcə, hərbi səfər axınlarda əsir götürülənlərlə yanaşı əhalinin qeyri-müsəlman təbəqələrindən "qapı qulları" seçilməyə başladı.

"Sultani-Rum" deyə anılan Yıldırım Bayəzidin dövründə məxsusi "qul devşirmə" sistemi formalaşdı bununla da Osmanlı cəmiyyətində yeni bir sosial təbəqənin əsası qoyuldu. Fəth edilmiş Balkan ölkələrindən, xüsusən ucqar dağ kəndlərindən cizyə vergisi ya digər öhdəliklər qarşılığında müəyyən sayda xristian oğlan uşaqları seçilib Osmanlı paytaxtına gətirilir, müsəlmanlaşdırılıb hərbi bürokratik vəzifələr üçün yetişdirilirdi. Serb tarixçisi Radovan Samarçiçin yazdığına görə, imperiya dövründə hər 3-7 ildən bir Balkan Anadolu kəndlərində belə toplanışlar keçirilir, padşah üçün qul hazırlanması məqsədi ilə hər bölgədən təxminən 8-20 nəfər sağlam güclü oğlan seçilib, türk ailələrinə verilir, tərbiyə olunur, müsəlmanlaşdırılırdı. Onlara türk (Osmanlı) dili İslam elmləri öyrədilir, bəziləri idarəçiliyə cəlb olunmaq məqsədi ilə Əndərun məktəbinə, qalanları isə "əcəmioğlanlar" yetişdirilməsi üçün yeniçəri ocağına götürülürdü. Devşirmələrə zəruri bilik bacarıqlar, ən başlıcası isə Osmanlı padşahına mütləq sədaqət duyğusu aşılanırdı. İstanbulun fəthindən sonra Sultan Məhmədin köçüb getməsinlər deyə şəhərdəki yunan əhalidən vergi almadığı, "xümsi-sultani" olaraq payına düşən əsirlərə azadlıq verdiyi, Bizans əsilzadələri arasından ihtida edən (İslamı qəbul edən) gəncləri sarayına alaraq məmurluq üçün yetişdirdiyi (Rum Məhməd, Paleoloqlardan Xasmurad Paşa qardaşı Məsih Paşa s.) bəllidir.

Həqiqətən istər Əndərundan, istərsə yeniçəri ocağından çıxıb ali məqamlara yüksəlmiş vəzir alimlərin, dövlət sənət adamlarının hətta ən müxtəsər siyahısına belə nəzər yetirdikdə devşirmə sisteminin Osmanoğulları üçün strateji əhəmiyyət kəsb etdiyinə, mərkəzləşdirmə siyasətinin əsas prioritetlərindən birinə çevrildiyinə inanmamaq olmur. Amma bu siyahıya nəzərən belə düşünmək , zənn edirik, doğru olmaz ki, guya "Osmanlı imperiyasının qurucuları etnik kimlik düşüncəsinə varmamışlar" (K.Karpat). Faktlar göstərir ki, həm Osmanlılar özlərini, həm digər türkmənlər onları Oğuz xan soyunun təmsilçiləri kimi tanımış, tarix kitablarına da belə keçmişdir. Aşıqpaşazadə "Təvarixi-Ali Osman" əsərində Ərtoğrul Qazini Oğuz xan oğullarından Gök Alpa bağlayır. II Muradın 1449-cu ildə Qaraqoyunlu hökmdarı Cahanşahın yanına elçi göndərdiyi Şükrullahın "Behcətül-təvarix"də etdiyi qeydlər bu cəhətdən maraqlıdır. Şührullah Mirzə Cahanşahla görüşünü belə təsvir edir: "Buyurdu ki, Sultan Murad mənim axirət qardaşımdır, bundan başqa həm əqrəbamdır. Əqrəbalığın səbəbi ilə maraqlandıq. O, tarixçi Mövlanə İsmayılı çağırtdırdı buyurdu ki, Oğuz tarixini gətirsin. Mövlana İsmayıl monqol yazısı (Ayşə Atıcının fikrincə, uyğur əlifbası nəzərdə tutulur) ilə yazılmış bir kitab gətirdi. O kitabdan anlaşıldı ki, Oğuzun Gök Alp, Dəniz Alp, Yıldız Alp, Ay Alp adında oğlanları olmuşdur. Mirzə buyurdu ki, qardaşım Sultan Muradın nəsəbi Oğuz oğlu Gök Alpa gedib çıxır. Gök Alpın oğulları ilə Qızıl Buka oğlu - Kaya Alp oğlu - Süleymanşah oğlu Ərtoğrul qırx beşinci göbəkdən qohumdur. Qara Yusifin nəsəbi isə qırx birinci göbəkdən Dəniz Alpa bağlanır. İki padşahın nəsəbi bilinincə Mirzə buyurdu: "Qardaşım Sultan Muradın nəsəbi bizim nəsəbimizdən ağadır (yüksəkdir - N.M.) Göy dəniz arasında fərq qədərdirsə, o qədər".

Osmanlı bəyliyində oğuzçuluq şüurunun, türkmən kimliyinin, ana vətən anlayışının, ümumi keçmiş ortaq əcdadlar haqqında xatirələrin, qan ruh qohumluğuna dayanan etnik eyniyyət təsəvvürlərinin, vahid (türkmən) ənənələr sisteminə mənsubluq düşüncəsinin geniş yayıldığına sübutlar az deyil. Dil birliyi ən önəmli bariz faktor kimi aşkarlanır. "Dolayı" qohumluq əlaməti kimi nəzərdən keçirilə biləcək adqoyma sistemi aşkar etnik markerlərdəndir. Son Anadolu Səlcuqi sultanlarının adlarını (Əlaəddin, Qiyasəddin, İzəddin, Məsud s.) erkən Osmanoğulları (Ərtoğrul, Osman, Orxan s.) ilə müqayisə etsək, etnik şüur fərqini açıq-aydın görmək mümkündür. Eləcə ilk dönəmdə yeni doğulan Osmanlı uşaqlarına Orxan, Savçı, Yaxşı, Qorqud, Oğuz kimi adların verilməsi şəksiz etnik təzahürdür. Fateh Sultan Məhmədin nəvəsini Oğuz adlandırması isə daha diqqətçəkicidir.  

Uzun Həsənin səltənət dövrünə qədər Ağqoyunluların da Osmanlılara qohum münasibəti bəslədikləri bəllidir. Qara Yülük Osman oğulları II Sultan Muradla yazışır, Həmzə bəy hətta ona bir qoşun başçısı kimi müəyyən xidmətlər göstərirdi. Cahangir Osmanlı sultanı ilə əlaqəni üzmür, özünü onun "mülazimi" adlandırır, məktublarında "bizim məmləkətimiz elə sizindir, bu ev ilə o ev birdir", - yazırdı (Ş.Fazil). Amma bu yaxınlıq simsarlıq da Cahangirin sonradan qardaşı Uzun Həsənin Osmanlılara qarşı döyüşlərində yer almasına maneə törətməmişdi. Burada təəccüblü bir şey yoxdur. Sadəcə məsələni etnik birlik həmrəylik müstəvisində deyil, bir-birinə alternativ kimi meydana çıxmış xanədanlıqlar müstəvisində araşdırmaq lazım gəlir. Türkmən, onun törəsinə, müqəddəs saydığı dəyərlərə sədaqət gördüyü dərəcədə bütün türkmənləri "özününkü" saya bilərdi, eyni zamanda nəsil, oba, qəbilə, tayfa maraqları güdərək, bu gün bir, sabah başqa xanədana, bəyliyə təbəiyyət göstərə bilərdi. Yəni, bəlli bir vaxta qədər bəyliklər arasında gedən mübarizələrin milli kimliyə, böyük hesabla, aidiyyəti yox idi. Uzun Həsən qardaşı Cahangirin Qaraqoyunlulara sığınmasının yolverilməzliyini vurğulayanda anaları Saray xatuna demişdi: "Ağqoyunlu Qaraqoyunlu döyüşçüləri bir-birinə gedib-gəlirlər, bir-birinə kömək edirlər, onların münasibətləri həmişə belə olub. Lakin bizim xanədanın böyük əmirləri heç vaxt Qaraqoyunluların yanına getməyiblər".

Türkmən bəylikləri arasında ixtilaflar isə bir qayda olaraq siyasi dominantlıq üstündə düşür daha çox təbii-universal qanunauyğunluqla şərtlənirdi. Fəxri Uğurlunun sözləri ilə desək, dünya xəlq olunandan kainatda bütün varlıqlar hakimiyyət uğrunda fasiləsiz yarışırlar; güclü gücsüzü, qoçaq əfəli sıradan çıxarır, heç kim heç kimə rəhm eləmir. Təbiətdə bərabərlik, qardaşlıq, mərhəmət deyilən bir şey yoxdur, mərhəmət hissi təbiətə ziddir təbii seçmə elə buna əsaslanır. Qədimə getdikcə, insan cəmiyyətinin təbiət qanunları ilə həmahəng yaşadığını görürük. Təbiətdən nəsibini almış yüksək iradə ehtiras sahibləri öz üstünlüklərini başqalarına qəbul etdirir, onlar üzərində hökmranlıq edirlər. Bu məntiqlə, "hakimiyyət iradəsi haqdır, onun istədiyi, qamarladığı varsa, halalıdır. Heç bir fatehi qətl, qarət, zorakılıq əməllərinə görə qınamaq olmaz, çünki o, təbiətin hökmünü yerinə yetirir". Sənaye texnologiya inqilabının baş verdiyi XIX əsrə qədər insanlıq tarixinin, əsasən, müharibələr tarixi olması da bununla bağlıdır. Dövlətlərin gücü əraziləri ilə ölçüldüyündən, cəmiyyətlərin başlıca gəlir mənbələri əkinçilik, heyvandarlıq, müəyyən nisbətdə isə ticarət olduğundan, ərazilərin zor gücünə genişləndirilməsi təbii, hətta vacib sayılırdı. Müharibələr qalib dövlətlərə hərbi mülki qüdrət, bol qənimət vergilər, ucuz qüvvəsi, əlverişli ticarət yolları qazandırırdı.

Türkmən bəyliklərinin istisnasız olaraq, hamısı özünü monqol istilası dövründə süquta uğramış Anadolu Səlcuqiləri dövlətinin qanuni varisi hesab edir bu dövləti yenidən canlandırmaq qayəsi daşıyırdı. Amma Murad bəyin dövründə Osmanlı bəyliyi Rumelinə yiyələnərək bir addım önə keçmiş, gücünü artırmış, onların bir çoxunu hökmü altına almışdı. Doğrudur, müstəqilliyini qoruyub saxlamış Qaramanlılar hələ Osmanlının tabeçiliyi altına düşən bəyləri ona qarşı qaldıra biləcək qədər güclü idilər, tez-tez onları itirilmiş ərazilərini geri qaytarmaq üçün qızışdırır, onlara dəstək verir, bəzən hətta onların "pozulmuş hüquqları" uğrunda əldə silah döyüşürdü. Torpaqlarını, statusları əldən vermiş türkmən bəylərinin Qaramanlılara sığınmaqdan, onun dediyi ilə oturub-durmaqdan başqa çarələri yoxdu, Türkmən əşirətlərinin varlığı şərəfi naminə hər cür qəddarlığı sanksiyalaşdıran törə ilhaq edilmiş torpaqların alınmasını mütləq şəkildə tələb edirdi! Odur ki, Murad bəy fitnənin qarşısını kəsmək üçün kafirlərlə cihad davası apardığını bunun üçün torpaqlarının təhlükəsizliyinin vacib olduğunu əsas göstərərək Qaramanlıların hücumlarına qarşı ruhanilərdən dəstək istədi müvafiq fitva aldı. Qaramanlılar, könülsüz olsa, şəriətin hökmünə boyun əyməli oldular rəqabətə, müvəqqəti olsa, ara verdilər.

Dominantlıq mübarizəsi Bayəzid dövründə daha da alovlandı. Artıq Osmanlı dövləti qərbdə Dunay, şərqdə Fərat çaylarına çatan sərhədləri ilə mərkəzləşmiş qüdrətli bir imperiyaya çevrilmişdi. Sultan Bayəzid Germiyan, Saruxan, Aydın, Candar, Menteşe Hamidoğullarını hökmünə tabe etdirdi, bəzi bəyliklərə sancaq statusu verdi (Aqşin Somelin "Osmanlı Ensiklopediyası"nda "sancaq" - tayfalar şəklində yaşayan Anadolu bölgələrində əşirət rəislərinin vərəsəliyinə əsaslanan inzibati vahid kimi təqdim edilir; sancaq yarımmüstəqil olub yalnız müharibə dövründə Osmanlı ordusuna əsgər vermək öhdəliyi daşıyırdı), sülalələrin hüquqlarını məhdudlaşdırdı, Qazi Bürhanəddinin dövlətini ortadan qaldırdı, Qaramanlıların məğlubedilməzliyi mifinə ağır zərbə vurdu. Bəzi bəyliklərin hakim xanədan üzvləri Rumelinə köçürüldü, onlara münbit torpaqlarda yurdluq, malikanə timarlar verildi. Əli Sinan Bilgilinin məlumatına görə, Candar bəyi İsfəndiyar Sinop şəhərinə, Saruxan bəyi Xızırşah Dəmirçi məntəqəsinə sahib olmuşdu.

Bununla belə bəylərin çoxu durumlarından xoşnud deyildilər, dövlətlərini, bayraqlarını qaytarmaq qayəsi ilə yaşayır, müstəqillik iddialarından əl götürmürdülər. Əmir Teymur tarix səhnəsinə çıxanda ondan aman diləyir, kömək istəyirlər. Əlbəttə, Anadoluda Osmanlı kimi mərkəzləşmiş böyük bir dövlətdənsə, zəif dövlətciklərin olması Əmir Teymurun da işinə yarayırdı. Osmanlı bu dövrdə Mərmərə Egey bölgələrinin ən güclü dövlətinə çevrilsə , İslam dünyasını bütün Asiyanı ələ keçirməyə çalışan qüdrətli Teymuri imperiyası ilə onu müqayisə etmək olmazdı. Nəticə məlumdur. Bəyliklər bərpa olundu, üstəlik, Ankara döyüşündə Sultan Bayəzidin ordusundakı türkmən birliklərinin fərarilik edərək kütləvi şəkildə qarşı tərəfə keçməsi Osmanoğullarının onlara etimadını dərindən zədələdi yaddaşlarında silinməz iz buraxdı. Teymurun himayəsinə girən türkmən bəyləri öz irsi torpaqlarında əvvəlki qaydada hökm sürməyə başlayanda köhnə narazılıqlar yenidən baş qaldırdı. Sultan Bayəzidin oğlanları bu dövrdə onların hüquqlarına hörmətlə yanaşsalar belə, dəfələrlə gizli açıq təcavüzə məruz qalmışdılar. Fitrət dövrü başa çatdıqdan sonra I Sultan Məhmədin təmkinli davranışlarına baxmayaraq, onu teymurilərin gözündən salmağa çalışır, Ağqoyunlu Qara Yülük Osman hətta Sultan Şahruxu Osmanlıya qarşı yeni müharibəyə təhrik edirdi. Amma bütün maneələrə rəğmən, Yıldırım Bayəziddən cəmi 30-40 il sonra Osmanlı dövləti onun cızdığı sərhədlər daxilində bərpa olundu.

Fitrət dövrünün acı dərslərindən ibrət çıxarmış Sultan II Murad dövlətin əsaslarını möhkəmləndirməyə başlayarkən ilk növbədə vəzirlərin, əyanların, bəylərin nüfuzunu qırmağa səy göstərdi. Əski bəylik sistemini təmsil edən əyan-əşrəf gücünü mənsub olduğu qəbilə əşirətlərdən alır, onlara arxalanırdı. Sultan Murad boy-bəy birliyini parçaladı, mərkəzdə əyalətlərdə bəylərin nüfuzunu laxlatdı, sarayda tərbiyə görmüş "qul" "bəndə"ləri onlarla eyni mövqeyə gətirdi bununla da de-fakto dövlət hüququnun tətbiqinə start verərək, mərkəziyyətçi sistemə keçidin əsasını qoydu. Lord Kinross yazır: "II Muradın dönəmində əski təbəqənin yerini alacaq yeni daha fəal bir idarəçilər sinfi meydana gəldi. Sultan Fateh Məhməd dönəmində bu sinif nüfuzunu artıraraq böyüdü dövlətdə hökmran mövqe tutmağa başladı. Bu, əsilzadələrdən ya türk bəylərindən fərqli olaraq üstünlükləri atadan oğula keçən bir kəsim deyildi, bir məmur zümrəsi idi". Əlbəttə ki, bəylik hüququnun Çandarlı Xəlil Paşa kimi nüfuzlu tərəfdarları öz yeni həmkarlarına qısqanclıqla yanaşır, onlara yuxarıdan aşağı baxır, onları gözdən salmağa çalışırdılar. Bu rəqabət II Sultan Məhməd dönəmində zirvə nöqtəsinə çatdı. Kəsə desək, bir sosial orqanizm olaraq yaranışından bəri Osmanlı bəyliyinin daxilində ətrafında yığılıb qalmış bütün dərin ziddiyyətlər məhz Sultan II Məhmədin səltənəti dövründə - çox vaxt da onun öz səyləri ilə! - aşkara çıxarıldı həllini tapdı ki, bu da Fatehi klassik Osmanlı imperiyasının həqiqi yaradıcısı kimi təqdim etməyə əsas verir.

A.Somel Osmanlıda sosial-siyasi müxalifətin "dövlətin mərkəzləşmə yönündəki inzibati iqtisadi siyasətinə etiraz kimi meydana çıxdığını" yazır 3 əsas qüvvədən -  köçəri tayfalardan, bəyliklərdən qalma xanədan mənsublarından axınçı bəylərdən bəhs edir. Başqa sözlə, bu dövrdə (elə sonralar da!) Osmanlı dövləti daxilində siyasi ziddiyyətlərin türkmənlərə, türkmən bəylikləri ilə münasibətlərə, habelə türkmən törəsi əsasında qərarlaşmış hərbi-siyasi sistemə birbaşa aidiyyəti olduğunu təsbit edir. Əsasən, Əmir Teymurun himayəsi altında torpaqlarına qayıdıb bəyliklərini bərpa etmiş, sonra isə yenidən Osmanlı asılılığına düşmüş bəylərdən ibarət olan bu "müxalif blokun" başında hələ müstəqilliyini qoruyub saxlaya bilmiş Qaraman bəyləri durur. Durumları ilə barışmaq istəməyən bəylər onların təşviqi ilə pozucu fəaliyyətlərini davam etdirirlər.

Sultan Məhməd Qaramanoğullarının xəyanətinə hələ ilk dəfə səltənətə gələrkən (1444) şahid olur. Onlar hakimiyyəti oğluna təhvil verməzdən əvvəl Sultan Muradla bağladıqları əhdnaməni pozaraq dəyişiklikdən dərhal sonra Anadoluda genişmiqyaslı hücum kampaniyasına başlayır, Konya ətrafındakı Bəyşəhər, Ağşəhər, Seydişəhər Oxluqhisarı ilhaq edirlər. Xaricdən serblərin, macarların, bolqarların güclü təzyiqləri ilə üzləşən 12 yaşlı Sultan Məhməd bu şəhərləri onlara, demək olar, könüllü şəkildə güzəştə getməli olur: bundan sonra Qaramanlıların sakitləşəcəyini düşmən səfinə keçməyəcəyini düşünür. Bu zaman xaçlı qüvvələri Osmanlı üzərinə növbəti səlib yürüşünə hazırlaşırdılar. Qaramanlı bəyləri isə bu həssas mövzuda sürüşkən mövqe tutur, manevr edir, macarlarla əlaqələri gücləndirərək Osmanlını təhdid altında saxlayırdılar.

Sultan Məhməd Konstantinopolu fəth etməkdə qərarlı idi, altdan-altdan planlar qurur, kəşfiyyat apartdırırdı. Onun niyyəti Osmanlının güclənməsini istəməyən, bunu özləri üçün ölümcül təhlükə hesab edən Qaraman Kastamonu bəylərini (Candaroğulları ya İsfəndiyaroğulları) ən azı Bizans serblər qədər qorxudurdu. Xəlil İnalcıq yazır: "Bu səbəblə onlar Manisada olan Sultan Murada elçilər göndərərək gənc sultandan şikayət etmiş, Sultan Murad isə oğlunu onu təşviq edən vəzirləri danlayaraq gərginliyi yumşaltmışdı". Həmin il Sultan Məhməd həm paşalar arasındakı çəkişmələrin acı nəticələrini dadmış, əhalinin xofunu dağıtmaq, Ədirnədən Anadoluya kütləvi köçləri dayandırmaq üçün xeyli əlləşməli olmuşdu. Daxili xarici basqılar altında tezliklə taxt-tacı Sultan Murada qaytarıb Manisaya qayıdan Məhməd bəy sonradan heç vaxt Ədirnədə üzləşdiyi problemləri yaddan çıxarmamış, dövləti istədikləri zaman böhran girdabına sürükləyə bilən qüvvələrlə sonadək mübarizə aparacağına and içmişdi.

Tarixdən bildiyimiz kimi, II Məhməd 1451-ci ildə atasının ölümündən sonra ikinci dəfə taxta çıxanda sədrəzəm Çandarlı Xəlil Paşa tərəfdarları (yeniçəri ağaları, əşirət rəisləri s.) hələ kifayət qədər güclü idilər. Bunu nəzərə alan gənc sultan onu vəzifəsində saxladı, amma səlahiyyətlərini məhdudlaşdırdı, divanında Şihabəddin Zağanos kimi qulluqdan yetişmiş paşaların mövqeyini möhkəmləndirdi. İstanbulun fəthindən sonra isə o, artıq Şərqdə "sultanül-bərreyn xaqanül-bəhreyn" (iki qitənin sultanı, iki dənizin xaqanı), Qərbdə isə "qeysəri-Rum" (Roma kayzeri) ünvanı ilə tanınır, qəbul olunurdu. X.İnalcığın qeyd etdiyi kimi: "Fəth sayəsində II Məhməd mütləq hüdudsuz iqtidar qazandı. O artıq özünü bir dünya imperiyasının sahibi hesab edirdi. Bu inancı bir tərəfdən onun sürəkli fütuhat fəaliyyətinin, digər tərəfdən mərkəziyyətçi hökumətinin təməli hərəkət nöqtəsi oldu". Fateh Sultan Məhməd iqtidarını məhdudlaşdıran ya potensial olaraq belə bir təhlükə doğuran heç nəyə dözmür, heç kimə rəhm etmirdi. Südəmər qardaşı Əhmədi boğdurub, "qarındaşlarını nizami-aləm üçün qətl etmək caizdir" hökmünü verəndə , kazəskər Molla Güranini müstəqil hərəkətlərinə görə istefaya vadar edəndə hakimiyyətin bölünməzliyi prinsipini əsas götürürdü.

Çox keçmədi ki, ruhaniləri razı salıb, inzibati həyatın müxtəlif sahələrində "örfi qanunlar" vermə səlahiyyəti əldə etdi, "təşkilat qanunnaməsi" hazırladıb idarəçi sinfin hüquq öhdəliklərini müəyyənləşdirdi, Osmanlını, müasir təbirlə desək, bir qanun dövlətinə çevirmək istiqamətində ardıcıl addımlar ataraq, "Hunlardan bəri davam edən dövlət-hüquq anlayışında əsl inqilab yaratdı" (Ə.S.Bilgili). Çandarlı Xəlil Paşanı dara çəkdirdi, dövləti özəlləşdirmiş qüdrətli bəy ailələrini siyasi həyatdan uzaqlaşdırdı, onların mülkiyyət vəqflərində olan torpaqları dövlətin nəfinə müsadirə etdi, irsi aristokratiyanı cilovladı, nomenklatur sistem yaratmaqla hakimiyyət iyerarxiyasını tam şəkildə nəzarətinə götürdü.

Beləliklə, Osmanlı sultanı dövlətin tək yeganə legitim gücü, məmləkətin şəriksiz sahibi məqamına yüksəlir, məşvərət məclisi sayılan Divani-Humayunun qərarları da yalnız onun təsdiqi ilə qüvvəyə minir. Sultan Məhməddən əvvəl "Dövləti-ali-Osman", yəni Osmanoğullarının dövləti adlandırılan dövlət məhz onun islahatları sayəsində həqiqi bir sultanlıq mahiyyəti qazanaraq bu adı doğrultmağa başlayır. Yeni bir dövlətçilik anlayışı bərqərar olur. Milli dini kimliyi artıq vətəndaşlara hər hansı sosial imtiyaz vermir. Osmanlı identikliyi bütün etnik sosial-psixoloji kimliklərin fövqünə yüksəlir ictimai-siyasi hadisələrin həlledici amilinə çevrilir. Türkmənlər arasında müxalif əhval-ruhiyyəni qızışdıran bir başqa səbəb isə ucların hakimi durumuna gəlmiş, çox vaxt dövlətə vergi belə ödəməyən, sərhəd bölgələrində hərəkət sərbəstliyi qazanmış axınçı bəylərin fəaliyyətinin məhdudlaşdırılması olur: Fateh yeniçərilər "şər`i-şərifi" təmsil edən qazılar göndərməklə bu bölgələrdə irsən hökm sürən bəyləri göz altına alır. Amma ölkənin sabitlik təhlükəsizliyi üçün əsl təhdid mənbəyi keçmiş türkmən bəyliklərinin xanədan mənsubları köçəri əşirət rəisləri idi ki, onlarla münasibətlərin "aydınlaşdırması" bir neçə mərhələdən keçmiş, vəziyyətə uyğun olaraq gah şiddətlənmiş, gah da yumşalmışdı.

Məmlük sarayında böyük nüfuza malik Dülqədiroğlu Süleyman bəyin Qaramanlı İbrahim bəyin qızları ilə izdivaca girməsindən aydın olur ki, Fateh iqtidarda möhkəmlənməmiş bəyliklər adlı-sanlı türkmən ailələri ilə münasibətləri kəskinləşdirmək istəmirdi. Qərbdən böyük təzyiqlər altında qaldığı bir zamanda bəyliklərə qarşı loyal davranır, onlarla dinc yanaşı yaşamaq siyasəti yeridirdi. Amma "dəyirman bildiyini eləyirdi". Devrilmiş Germiyan, Aydın Menteşe bəylərinin varisləri ölkə sərhədlərini pozmağa çalışan tabe Balkan dövlətləri Bizansın hücumlarından ruhlanaraq baş qaldırdılar, Hamid elindəki bir neçə qalanı ələ keçirən Qaramanoğlu İbrahim bəyin təcavüzü gücləndi. Sultan Məhməd Anadolu səfərində Qaramanlı birliklərini növbəti dəfə Toros yamaclarına sıxışdırsa da, qüvvələrini bölüb, zəiflətməmək, Konstantinopol fəthinə hazırlaşmağa vaxt qazanmaq üçün İbrahim bəy ona dəstək verən türkmən bəyləri ilə sülh təmin etmək qərarına gəldi, bu məqsədlə hətta Əlaiyyə qalasını əzəli rəqibinə öz əli ilə təhvil verdi.

 

Nizaməddin MUSTAFA

 

Ədəbiyyat qəzeti.- 2025.- 11 oktyabr, ¹37.- S.8-10.