XI Bakı Beynəlxalq
Kitab Sərgisi çərçivəsində
“Unudulmaz Əfəndiyevlər
irsi” adlı tədbir
keçirilib
XI
Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində
oktyabrın 4-də Azərbaycan ədəbiyyatının
görkəmli xadimləri – Xalq yazıçıları
İlyas Əfəndiyev və Elçin Əfəndiyevin xatirəsinə
həsr olunmuş “Unudulmaz Əfəndiyevlər irsi” adlı tədbir
keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə
iki görkəmli ədibin zəngin yaradıcılıq
irsini əks etdirən “İlyas Əfəndiyev: Geriyə
baxarkən” və “Elçin və kino” kitablarının təqdimatı
gerçəkləşib.
Nəşrlərin ideya müəllifi
Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr
müavini Günay Əfəndiyevadır. Kitabların elmi məsləhətçiləri
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və
“Şərq-Qərb” nəşriyyatının baş
redaktoru, filologiya üzrə fəlsəfə doktoru Nərgiz
Cabbarlıdır.
Təqdimat mərasimini açan
Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli
İlyas və Elçin Əfəndiyevlərin Azərbaycan ədəbiyyatı
tarixində xüsusi yerə malik olduqlarını, milli
dramaturgiya və nəsrin inkişafına mühüm töhfələr
verdiklərini vurğulayıb.
Tədbirdə Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq
yazıçısı Anar, Azərbaycanda Atatürk Mərkəzinin
direktoru, akademik Nizami Cəfərov, Bakı Bələdiyyə
Teatrının rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov,
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov,
Özbəkistan Respublikasının Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli
səfiri Bahrom Aşrafxanov, tədqiqatçı, filologiya
elmləri doktoru Abid Tahirli, “Şərq-Qərb” nəşriyyatının
baş redaktoru Nərgiz Cabbarlı, “Şərq-Qərb” nəşriyyatının
direktoru Sevil İsmayılova çıxış ediblər.
Natiqlər yazıçılarla bağlı xatirələrini
bölüşüb, onların əsərlərinin ölkənin
ədəbi həyatı üçün əhəmiyyətindən
danışıb, İlyas Əfəndiyevi və Elçin
Əfəndiyevi fərqləndirən yüksək insani
keyfiyyətləri vurğulayıblar. Qeyd edilib ki, Əfəndiyevlər
ailəsinin yaradıcılığı Azərbaycanın mədəni
irsinin önəmli tərkib hissəsidir, eyni zamanda, yeni nəsil
yazıçılar və oxucular üçün ilham mənbəyidir.
Çıxışçılar tərəfindən
bildirilib ki, onların yaratdıqları ədəbi-bədii
nümunələr Azərbaycanla yanaşı, Türk
Dünyasında, eləcə də beynəlxalq ədəbi
çevrələr və oxucu auditoriyasında böyük
maraq doğurur, milli mədəniyyətimizin
tanıdılmasında mühüm rol oynayır.
Sonra Milli
Məclisin deputatı
Günay Əfəndiyeva çıxış edərək tədbirdə
iştirak edən, Əfəndiyevlər ailəsinin zəngin ədəbi
irsinin qorunub saxlanılması və təbliği
ideyasını dəstəkləyən hər kəsə təşəkkürünü
bildirib.
Təqdimat mərasiminin bədii
hissəsində muğam televiziya
müsabiqəsinin qalibi, xanəndə Nisbət Sədrayeva,
tarzən Rüstəm Müslümov və Azərbaycanın
Əməkdar artisti, kamança ifaçısı Toğrul
Əsədullayev çıxış ediblər.
Tədbirdə Türkiyə, Özbəkistan
və Tacikistanın Azərbaycandakı səfirləri,
tanınmış mədəniyyət,
incəsənət, ədəbiyyat
xadimləri, KİV və
ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Ədəbiyyat
qəzeti.- 2025.- 11 oktyabr, ¹37.- S.3.