Bir foto və dörd kartpostal
l Türkoloji Qurultay -100
Həyat
yolları ləkə
götürməyən iki
böyük insanın
- Fuad Köprülünün və Əli bəy Hüseynzadənin bu fotoda üzlərində
ləkə yeri var. Bu
mürəkkəb ləkəsi
tarixdəki ağ ləkələrdən daha
betərdir. Yəni stalinizmin barmaq izləridir... Üstündə
mürəkkəb ləkəsi
olan bu şəkil
I Türkoloji Qurultay günlərində, daha doğrusu, qurultay bitəndən 10 gün sonra çəkilib. Əli bəy Hüseynzadə və Fuad
Köprülü Hüseynzadənin
qohumları arasındadırlar.
Bu şəkil barədə
çox yazmışam.
Türkoloji Qurultayın
100 illiyi ərəfəsində
yenidən bu 100 yaşlı şəklə
qayıtmağım səbəbsiz
deyil. Çünki burda həm də talelər var.
Şəkildə oturanlar: soldan Əli
bəy Hüseynzadənin
qardaşı arvadı
Minəxanımdır. Onun
qucağındakı körpə
nəvəsi böyüyəndə
tarix elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının akademik-katibi
olacaq Hacımurad İbrahimbəylidir. Hacımurad
müharibə illərinə
qədər Zaqafqaz Hərbi Məktəbinin direktoru olmuş Hacıağa İbrahimbəylinin
oğludur. Hacıağa
İbrahimbəylinin bacısı
Töhfə xanım Tolstoyla dostluq etmiş görkəmli maarifçi Əli Qasımovun həyat yoldaşıydı. Töhfə
xanımın oğlu
Ənvər memar Elbəy Qasımzadənin
atasıdır. Digər
oğlu Əkrəm isə məşhur opera müğənniləri Fidan
və Xuraman Qasımovaların atasıydı.
Şəkildə Minəxanımın
yanındakı Əli
bəyin xalası qızı Bədum xanımdır. Sonra üzləri,
az qala, görünməz edilmiş
Əli bəy Hüseynzadə və Fuad
Köprülü əyləşib.
Köprülünün yanındakı
balaca Aynülhəyatdır.
Aynülhəyat xanım
Hüseynzadənin qardaşı
nəvəsi və rəhmətlik akademik Əfrand Daşdəmirovun
anasıdır. Sonrakı
İsmayıl bəyin
qızı Böyükxanımdır
- Həyatın anası.
Ayaq üstə soldan birinci Minəxanımın qardaşı
Əzizdir. Əziz
1920-ci illərdə Sənaye
İnstitutunun professoru
idi. 1926-cı ildə
Bakıya Türkoloji Qurultaya gələn Əli bəy Hüseynzadənin daha çox ünsiyyətdə
olduğu qohumlarından
biri o olub; 1926-cı ildən sonra İstanbula gedib ömrünün axırına
kimi orada yaşayıb. Milliyyətcə
çeçen olan Səlma xanımla evlənib... Ayaq üstə dayananlardan ikinci adam isə,
ehtimalıma görə,
Hüseynzadənin xalası
oğlu və İsmayıl bəyin qaynı Əhməd Ağa olmalıdır. Üçüncüsü Əli
bəy Hüseynzadənin
qardaşı İsmayıl
Hüseynzadədir. İsmayıl
bəy 1868-ci il martın
17-də Salyanda anadan olmuşdu. Müəllim idi. Əli bəyin
qardaşı olduğu
üçün və
həm də Azərbaycan milli ordusunun zabiti Sultan Hüseynzadənin
atası olduğuna görə başı müsibətlər çəkmişdi.
Türkoloji Qurultaydan sonra bir neçə
dəfə həbs olunub, nəhayət,
1937-ci ildə təkrar
həbs edilərək
sürgün olunub.
1943-ci ilin qışında
sürgündə - Qazaxıstanda
dünyasını dəyişib.
Şəkildə onun
yanında dayanan oğlu Şəmsəddin
Hüseynzadədir. Şəmsəddin
bəyin yanındakı
isə İsmayıl müəllimin qaynı Əhməd
Ağanın qızı,
sonralar Mirzə Ələkbər Sabirin oğlu Məmmədsəlim
Tahirli ilə ailə quracaq Naib xanımdır.
Naib xanım 1911-ci ildə
doğulmuş, 1991-də dünyasını
dəyişmişdi. Sabirin
oğlu ilə evliliyindən Sabir, Zakir və
Fəridə xanım
dünyaya gəlmişdi.
Naibin övladlarının
üçü də
Tahirli soyadını daşıyır. Şəkildə
sonuncu dayanan Böyükxanımın baldızı
Zəkiyyədir...
Şəkil sürgün yollarından
keçib. Bakıdan Sibirə aparılıb, Sibirdən Bakıya qayıdıb. Şəklin
üzərinə mürəkkəbi
başı müsibətlər
çəkmiş İsmayıl
bəy dağıdıb
ki, Əli bəy Hüseynzadə və Fuad
Köprülü tanınmasın.
***
Şəklin yeganə nüsxəsi,
yəni orijinal nüsxə Şəmsəddin
bəyin qızı Cəmilə xanımdadır...
Şəkildəki adamların
kimliyini də 2008-ci ildə Əli bəy Hüseynzadə barədə kitab yazarkən
o mənə tanıtdırmışdı.
Və 4 kartpostal
Əli bəy Hüseynzadə
Fuad Köprülü ilə
birgə Dram Teatrının
arxasında, Şah döngəsindəki evin ikinci mərtəbəsində
- yaxınlarının mənzilində
əqrəbaları ilə
görüşüb. Bakıdan
13-16 mart tarixlərində İstanbula
- həyat yoldaşı
Ədhiyyə xanıma
və övladlarına
məktublar yazıb:
"Əzizim Ədhiyyə, bir həftə əvvəl Türkoloji Qurultay qapandı. Şimdi mənim söyləməklərim daha
təfsilatlı olaraq
bir kitab halında burada çap olunmaqdadır. Bir qaç
günə qədər
bitəcək. Qurultaydan
sonra Salyan deyil, Gəncəyə gedib orada iki
gün qaldıq. Dün övd etdik (qayıtdıq). Bütün əqrəbam
buradadır. Batumdan, ya Odessadan münasib
bir vapor bəkliyoruz".
"Əzizim, sevgili Saidəm. Burada amcan İsmayıl və bütün əqrəbalarla görüşüyorum...
Minaxanım, Böyükxanım,
Əhməd Ağanın
qızı Naib xanım,
Sultan bəyin qızı
Şeyda xanım və digər əqrəbam cümlənizə
selam ediyorlar".
"Mini-mini
qızım Feyzavər,
sana buradan Böyükxanımın çocuqları
Həyat xanımla Hacımurad selam ediyorlar. Annələriylə
nənələri də
sənin, Saidənin və Məhməd Səlimin gözlərindən
öpüyorlar".
"Məhməd Səlimə.
Əzizim, amcan və bütün sair əqrəbamız şimdi buradadırlar. Həpsi və əz cümlə Əzizlə Şəmsəddin
selam ediyorlar".
Heç
bir qaynaqda olmayan bir həqiqət
Hüseynzadənin Ədhiyyə
xanıma yazdığı
məktubdadır: "Türkoloji
Qurultay qapandı. Şimdi mənim söyləməklərim daha
təfsilatlı olaraq
bir kitab halında burada çap olunmaqdadır. Bir qaç
günə qədər
bitəcək". Deməli,
həmin günlərdə
Bakıda nəşr olunmuş "Qərbin iki dastanında türk" əsəri Əli bəy Hüseynzadənin Türkoloji
Qurultayda söylədiyi
məruzənin mətnidir
və Ədhiyyə xanıma yazdığı
məktub bu barədə müzakirəyə
yer qoymur.
Məncə, Türkoloji Qurultayın
100 illiyi ilə bağlı hazırlanacaq
kitablara bu fotonun da, bu məktubların da daxil edilməsi zəruridir. Çünki bu şəkildə və Bakını təsvir edən kartpostallarda zamanın obrazı var...
7 oktyabr 2025
Azər TURAN
Ədəbiyyat
qəzeti.- 2025.- 11 oktyabr, №37.- S.7.