Bir ürək, bir bayraq, bir
Vətən...
Şəhid Denis Proninin hekayəsi
Vətəni sevmək millətdən
deyil, vicdandan başlanır.
Yaranışdan bəri insanın
Vətən sevgisi heç zaman dəyişməyən
və hər zaman düşüncə mövzusu
olan bir hissdir. Vətəni sevmək iman və vicdan nümunəsi sayılır.
Bu mənada, vətən
sevgisi bəzən millət duyğusundan da üstün olur.
Azərbaycanın igid oğlu,
"Neftçilər uşağı"
kimi tanınan, milliyyətcə rus Denis Pronin üçün tək böyüdüyü
Bakı şəhəri
yox, bütöv Azərbaycan sadəcə doğulduğu ölkə
deyildi - sevdiyi, qoruduğu, mənsub olduğu müqəddəs
Vətən idi. Bu gün onun şəhidliyindən
5 il ötür.
Vətən müharibəsi başlayanda
Denis düşünmədən ön cəbhəyə yollandı. Könüllü
şəkildə, heç
kimin çağırışı
olmadan silaha sarıldı və döyüşə getdi.
Füzuli
uğrunda döyüşlərdə
qəhrəmancasına şəhid
oldu. Onun adı Azərbaycan tarixində vətəndaşlıq
borcunun ən saf ifadəsinə çevrildi.
Denisin şəhidliyi göstərdi
ki, bu torpağı sevmək üçün
milliyyət deyil, ürək, iman və vicdan gərəkdir.
O, millət fərqinə baxmadan bu ölkənin
bir övladı kimi döyüşdü və Vətənə sədaqətinin möhürünü
qanı ilə vurdu.
Bu gün onun yadigarı
olan bir övladı bu xalqın şərəfidir,
bu dövlətin etibarına əmanət edilmiş müqəddəs
bir dəyərdir.
Denisin övladı təkcə atasının yox, həm də Azərbaycan xalqının
gələcəyə daşınan
ümididir.
İndi
Denis Pronin-Əliyevin yaşadığı
məhəllədə onun
xatirəsinə Azərbaycan
bayrağı dalğalanır.
O bayraq Denisin ruhunu, Vətənə sədaqətini və Azərbaycan adını göylərdə daşıyan
bir rəmzdir.
Bu, onunla fəxr edən məhəllənin,
xalqın və dövlətin minnətdarlıq
salamıdır.
Bu torpaq Albert Aqarunoviç Aqarunov kimi yəhudi
əsilli qəhrəmanları,
Denis Pronin kimi rus əsilli igidləri ilə vahid bir ideyanı
- bir Vətəni, bir Azərbaycanı yaşadır.
Onlar sübut etdilər ki, Vətən sevgisinin dili, dini, milliyyəti
yoxdur.
Biz bu ölkədə milli birliyimiz və vicdanımızla güclüyük.
İllərdir düşmənlərimiz çalışsalar da, bu
xalqın damarlarına
nifaq sala bilməyiblər, çünki
bu torpağı sevənlərin qanı eyni bayraq üçün
axır.
Albertin və Denisin taleyi bu torpağın
ən ali həqiqətini göstərir:
Vətəni sevmək üçün
millət deyil, vicdan və mənəviyyat lazımdır.
Bu torpağı sevənlərin
dili, dini, soy kökü fərqli ola bilər, amma onların ürəyi eyni söz deyir
- Azərbaycan!
Biz bu ölkədə milli birliyimizlə güclüyük.
İllərdir düşmənlərimiz çalışsalar da, bu
xalqı bir-birinə vura bilməyiblər, çünki bu Vətəni sevənlərin
qanı eyni bayraq üçün axır.
Ruhun şad olsun, Denis!
Sən Azərbaycan adının böyüklüyünü qanla
yazdın, övladın
isə bu Vətənin sarsılmaz gələcəyidir.
Bu yazı Azərbaycan üçün can verən
bütün vətəndaşların
ruhuna ithaf olunur.
Samir
ƏSƏDLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 11 oktyabr, №37.- S.10.