Akademik prezidenturanın
passionarlıq paradiqması
Bir neçə gündən
sonra, oktyabr ayının 16-da akademik
İsa Həbibbəylinin növbəti
doğum günüdür.
İsa Həbibbəyli çoxşaxəli
fəaliyyəti ilə
bütövlükdə müasir
Azərbaycan elmi, mədəni və ictimai mühitinin istər ideya-mənəvi,
istərsə də təşkilati-struktur baxımdan
şəkillənməsində ciddi "impakt faktoru" olan azsaylı ziyalılarımızdan
biridir. Onun yaradıcı alim təfəkkürü
nəzəri-metodoloji əsasları
etibarilə müxtəlif
ictimai-humanitar elmi istiqamətləri vəhdətdə
əhatə etdiyindən
əsərlərində həm
elmi, həm də ictimai baxımdan ən problematik, aktual və konseptual məsələlər əhatə
olunur, fəaliyyəti
bütün hallarda ümumictimai məzmun kəsb edir. Ona görə də belə şəxsiyyətlərin
bioqrafiyaları ilə
bağlı xüsusi
tarixlər onların personalarının cəmiyyətə
təqdimatından daha
çox, aktual elmi, ictimai məsələlərdən
bəhs etmək üçün, həm də çox yaxşı bir bəhanə və əlverişli bir imkandır. Səmimi etiraf edək ki, İsa müəllim Akademiyanın
prezidenti seçildikdən
sonra çoxsaylı İsasevərləri, ən
yaxın həmkarlarını,
dostlarını, xüsusən
də, yaxın çevrəsində olan komanda üzvlərini belə bir imkandan
məhrum edib. Ötən il, 75 illik yubileyi ərəfəsində
İsa müəllim özü
haqqında bir cümlə belə yazılmaması üçün
bütün nüfuzundan,
əlaqələrindən istifadə
etdi, bəzən, hətta bir sıra media qurumları ilə, ədəbi-elmi mühitin nüfuzlu nümayəndələri ilə
"savaşa qalxdı".
Səhv etmirəmsə,
ötən il onun bu qadağasını pozmağa yeganə olaraq yazıçı Anarın cəsarəti çatdı. Gərgin elmi, təşkilati, ictimai fəaliyyətlə
müşayiət olunan
bir il göz qırpımında ötdü.
Yəqin ki, Akademiyanın
80 illik yubileyinə qızğın hazırlıq
getdiyi bu günlərdə İsa müəllimin,
çətin ki, öz
doğum günü yadına düşmüş
olsun. Akademiyanın hər onillik yubileyi elmin təntənəsi olmaqla yanaşı, həm də onun dövlət
və xalq qarşısında hesabatıdır.
Bu baxımdan Akademiya prezidentinin üzərinə
xüsusi ümummilli və tarixi məsuliyyət düşür.
Bu məsuliyyəti bütün
varlığı ilə
dərk edən
İsa müəllim üç
ildir ki, hamımızın
gözləri qarşısında
bütün obyektiv çətinliklərə, subyektiv
mülahizələrə baxmayaraq
yorulmadan, qeyri-adi bir həvəslə, ilahi bir eşqlə
çalışır. Və
zaman keçdikcə bu
fəaliyyət ictimai
şüurda xüsusi
effekt yaradır -
"akademik İsa Həbibbəyli"
adı Akademiyanın,
"Akademiya" sözü
İsa Həbibbəylinin assosiativ
işarəsinə çevrilir.
İndi İsa Həbibbəyli personasından yazmaq Akademiyadan yazmaq deməkdir, Akademiya haqqında danışmaq
İsa Həbibbəylinin fəaliyyətlərindən
danışmaq deməkdir.
Ona görə də hesab etdik ki, İsa müəllimin bu doğum günü bəhanəsilə akademik
personanın psixoloji portreti kontekstində səksən illik yubileyi ərəfəsində
olduğumuz qocaman, müdrik Akademiyamızın
müasirləşən və
yeniləşən obrazını
da təsvir etsək, nə qədər təvazökarlıqdan uzaq
olsa da, düşünürük
ki, bizim dayandığımız
nöqtədən aydın
müşahidə etdiyimiz
akademik İsa Həbibbəylinin
fəaliyyətinin bu istiqamətinin geniş ictimaiyyətə təqdiminin
elmi olmaqla yanaşı, ictimai də əhəmiyyəti
vardır.
Akademiyanın digər prezidentlərindən
fərqli olaraq İsa
Həbibbəyli Akademiyanın
rəhbəri vəzifəsinə
olduqca mürəkkəb
və məsuliyyətli
bir vaxtda seçilmişdir. Bu mürəkkəblik
onunla əsasən xarakterizə olunurdu ki, həmin dövrdə cənab prezident İlham Əliyevin 2022-ci ilin iyul ayındakı sərəncamına əsasən
elm və təhsilin strukturlaşması yeni modelə
transformasiya olunmalı
idi. Bir tərəfdən,
illərlə formalaşmış
ənənəvi struktur
mümkün qədər
az itkisiz və ağrısız sökülməli, digər
tərəfdən isə,
yeni struktur tamamilə
yeni biçimdə, dünyanın
çağırışlarına və ölkənin maraqlarına uyğun olaraq qurulmalı idi. Vaxtilə Cəfər Cabbarlı Mirzə Fətəli Axundov haqqında yazırdı ki, "bəlli
olduğu üzrə Mirzə Fətəlinin mühiti əski Şərq ənənəsinin
pozulduğu, yeni Qərb
mədəniyyətinin araya
soxulduğu bir dövrün mücəssəməsidir.
Həyatın bir tərəfi sökülür,
dağılır, o biri
tərəfi başqa,
tam başqa bir biçimdə tikilirdi. Burada Mirzə Fətəli bir mühəndis kimi bu sökülən və tikilən binanın başı yanında durmuş, amansız qələmi ilə bura sökülməlidir,
bura isə belə tikilməlidir"
deyir". 2022-ci il sərəncamından
sonra Azərbaycan Milli
Elmlər Akademiyasının
yeni nəzərdə tutulan
struktura transformasiya vəziyyəti, təxminən,
Cəfər Cabbarlının
təsvir etdiyi derekonstruksiya situasiyasına
bənzəyirdi. Akademik
İsa Həbibbəyli bir
mühəndis kimi
"bu sökülən
və tikilən binanın yanı başında dayanaraq bura belə sökülməlidir, bura
isə belə tikilməlidir", deyən
mühəndis missiyasını
öz üzərinə
götürür.
Tarixi Akademiyanın tarixi ilə eyni olan
akademik Mirəsədulla
Mirqasımovdan başlamış
və özündə
neçə-neçə görkəmli
ziyalının adını
cəmləşdirən "akademik prezidentlik təsisatı" öz xüsusi ənənələri
olan bir məktəb olaraq formalaşmışdır. Biz vaxtilə
Akademiyanın doqquzuncu
prezidenti akademik Mahmud Kərimov haqqında məqaləmizdə bu təsisatı nəzərdə
tutaraq belə bir fikir ifadə
etmişdik ki, "Azərbaycan
elmi elitasının ən görkəmli ziyalılarının təmsil
olunduğu bu silsilədə hər prezidentin öz üslubu, öz dəsti-xətti olub".
Bu kontekstdə Akademiyanın
on ikinci prezidenti olaraq İsa Həbibbəylinin
fərdi idarəçilik
üslubu hansı xüsusiyyətləri ilə
seçilir?
İsa Həbibbəylinin şəxsiyyətini
xarakterizə edən ən başlıca keyfiyyət aşıb-daşan
yaradıcı və qurucu fəaliyyət enerjisidir. Qeyd etdiyimiz kimi, o, yorulmadan, xüsusi həvəs və eşq ilə fəaliyyət göstərir.
Onun iş qrafiki heyrətamiz dərəcədə sıxdır.
İsa müəllimin Akademiya
Rəyasət Heyətinin
binasında yerləşən
iş otağının
pəncərəsindəki işıq, bəzən gecə yarısına qədər sönmür və bu işığın
şölələri bütün
respublika miqyasında elmi-ədəbi mühitimizin
daha da aydınlanmasında
müstəsna rol oynayır. Hətta bu qədər mürəkkəb iş qrafikinin məlum məhdud zamana sığdırılmasına, müxtəlif xarakterli mürəkkəb informasiyaların
yaddaşda saxlanılmasına,
çoxsaylı tapşırıqların
icrasına dəqiqliklə
nəzarət edilməsinə...
heyrət etməmək
olmur. Necə ola bilər ki, səhər tezdən xarici ölkə səfirliyinin nümayəndəsi ilə
yüksək səviyyəli
görüşü bütün
dövlətçilik və
diplomatik etiketlərinə
əməl edərək
keçirib, arada qalan yarım saatlıq vaxtda aparat əməkdaşları
ilə verilən tapşırıqların icrası
ilə bağlı müşavirə keçirəsən,
saat 11-də mühüm
bir dövlət səviyyəli tədbirə
sədrlik edib, orada şifahi olaraq dərin məzmunlu nitq söyləyib, günorta ağır bir gündəlikdən ibarət
Rəyasət Heyətinin
iclasını axşam
saat 7-yə qədər
idarə edəsən?
Sonra isə gecə yarısına qədər
iş otağında növbəti elmi-təşkilati,
ictimai fəaliyyətlə
bağlı işlərlə
məşğul olasan?
Və nümunə üçün şərti
olaraq göstərdiyimiz
bu qrafik şənbə və
bazar günləri də
daxil olmaqla həftənin bütün
günləri davam edə?
Bu fəaliyyət enerjisini, qurub-yaratmaq eşqinin daxili anatomiyasını başa düşmək üçün Lev Qumilyovun
passionarlıq nəzəriyyəsinə
müraciət etmək
lazımdır. Lev Qumilyova
görə, passionarlıq,
müəyyən bir məqsədi həyata keçirməyə istiqamətlənən
qarşısıalınmaz daxili canatmadır. Alimə görə, o şəxslər passionar hesab edilir ki, onlarda bu impuls
özünüqoruma instinktindən
yüksək olur. Tarixin təkəri məhz passionar şəxsiyyətlərə minnətdar
olaraqdan irəliyə
doğru hərəkət
edir.
İsa Həbibbəyli məhz passionar şəxsiyyətdir.
Onun fəaliyyət enerjisi daxili stixial əsasa dayandığı üçün
heç bir halda müəyyən bir məqsədə nail olmaqla sonuclanmır. Burada ən ali məqsəd özü elə qurub-yaratmaq üçün
fəaliyyət göstərməyin
özüdür.
Bu daxili stixial potensiyada bir neçə istiqamət özünü ayrıca olaraq göstərir. Birincisi, intellektuallıqdır.
İsa Həbibbəyli yuxarıda
da qeyd etdiyimiz kimi, dar ixtisası
etibarilə peşəkar
ədəbiyyatşünasdır. Təbiidir ki, bir şəxsin tarix, iqtisadiyyat, fəlsəfə,
folklor, ədəbiyyat
sahələrinin hamısını
peşəkar səviyyədə
bilməsi, ictimai-siyasi
məsələlərdən baş çıxarması
mümkün deyildir.
Lakin İsa Həbibbəyli zəngin ümumnəzəri-metodoloji
yanaşma bazası hesabına bütün bu elm sahələrinin problemlərinə dərindən
nüfuz etməyi, onları uğurla koordinasiya etməyi bacarır. Hesab edirik ki, onun intellektuallığı belə
universal bazadan, möhkəm
nəzəri-metodoloji əsasdan
qaynaqlanır.
Metaforik
olaraq belə bir yanaşma var ki, elmdə fakt tikinti materialı, analitika, nəzəri-metodoloji
ümumiləşmə isə
memarlıq konstruksiyasıdır.
Adını unutduğumuz
bir rus akademiki
qeyd etmişdir ki, əgər bir kimyaçı yalnız kimyanı bilib, başqa heç bir şey bilmirsə,
onda o heç kimyanı da bilmir. Burada ümummetodoloji, ümumfəlsəfi biliyə
sahib olmaq nəzərdə
tutulur. Məhz buna görə də 2022-ci ildən akademik İsa Həbibbəylinin ideya memarlığı və icraçı mühəndisliyi
ilə yenidən rekonstruksiya olunan, fiziki zaman etibarilə o qədər də uzun müddəti əhatə etməyən,
lakin Akademiyanın tarixi inkişafında tipoloji olaraq yeni keyfiyyət mərhələsi
kimi özünü göstərən, ən əsası isə, uzunmüddətli gələcək
inkişafın vektorlarını
özündə sxemləşdirən
yeniləşmə və
islahatlar mərhələsini
xarakterizə etmək
üçün bu mərhələdə görülən
çoxşaxəli istiqamətlər
üzrə faktların
sadalanması səmərəsiz
metoddur. Təsəvvür
edək ki, Akademiyanın
yeniləşmə mərhələsinin
yalnız istiqamətlərinin
tam olmayan siyahısı
aşağıdakılardan ibarətdir: struktur islahatları, elmi prioritetlərin yenidən müəyyənləşdirilməsi, beynəlxalq əlaqələrin
inkişafı, türk
dünyası ilə elmi əməkdaşlıq
əlaqələrinin inkişafı,
gənclər siyasəti,
elektron elmin inkişafı, elmin informasiya siyasətinin yenidən qurulması, elmin normativ-hüquqi bazasının gücləndirilməsi,
yüksəkixtisaslı kadr
hazırlığının yeni beynəlxalq standartlara uyğunlaşdırılması, Qərbi Azərbaycan tədqiqatları, Qarabağ
və Şərqi Zəngəzurla bağlı
tədqiqatlar, şəxsiyyətlərin
öyrənilməsi, Nobelçilik
hərəkatı, milli ideya
axtarışları və
s. çoxsaylı elmi,
elmi-təşkilati, ictimai
tədbirlər. Bütün
bu istiqamətlər üzrə isə onlarla, bəlkə də yüzlərlə tədbirlər, layihələr,
nəşrlər, faktlar...
Ona görə də akademik İsa Həbibbəylinin
islahatlar konsepsiyasının
AMEA-nın yeniləşmə
və islahatlar mərhələsinin əsas
özəlliyi əvvəlki
mərhələdən fərqli
olaraq ictimai və humanitar elmi istiqamətlərin bütün səviyyələrdə
prioritetliyidir. Akademik
İsa Həbibbəylinin sistem
yanaşmasında milli humanitar
elm ümumən milli mədəni
düşüncə sisteminin
üzvi tərkib hissəsidir. Əsasən,
ictimai və humanitar elmi müəssisələrin fəaliyyət
göstərdiyi AMEA-da hazırda
əsas vəzifə bu istiqamətdə fəaliyyətin dövlətin
mədəni-mənəvi, ideoloji sahədəki inkişafına yönəldilməsidir.
Məqsəd ictimai-humanitar
elm sahələrindəki tədqiqatlar
vasitəsilə coğrafi
xəritəmizdən heç
də az əhəmiyyətsiz olmayan
"ideoloji ərazi"mizin
və "ideoloji sərhədlər"imizin keşiyində
ayıq-sayıq dayanmaq
və Akademiyanı Azərbaycanşünaslığın baş qərargahına çevirməkdir! Bu vəzifədən
irəli gələrək,
həyata keçirilən
çoxşaxəli tədbirlərin
nəticəsi olaraq
elm, xüsusən də,
ictimai-humanitar elmlər
artıq sırf laboratoriya və şöbə divarları
arasından çıxıb
cəmiyyətin ideoloji
və mədəni qan-damar sistemində pultasiya edən canlı prosesə çevrilmişdir. Bu prosesi
obrazlı olaraq ictimai və humanitar elmlər vasitəsilə millətin
öz tarixi yaddaşını zamanın
rəqəmsal kitabəsinə
həkk etməsi kimi də mənalandırmaq
olar. Bu mərhələ
həm də humanitar intellektual transformasiyaların milli-mənəvi
özünüdərklə qarşılıqlı ahəngidir.
Akademik İsa Həbibbəyli
bu mərhələdə
klassik və modernin sintezini yaratmağı bacarmışdır:
o, ənənəyə dərin
hörmətlə yanaşır,
amma hər addımında yeniliyi, axtarışı, modernizmi,
elektron elmi, süni intellekti əsas prinsipə çevirir. Onun elmi-intellektual liderliyində
Akademiya, bir növ, milli ideya laboratoriyasına çevrilir
və bu laboratoriyada yalnız nəzəri bilik yox, həm də
milli ruh mayalanır.
İsa Həbibbəylinin ideyası
humanitar elmlərin millətin özünüanlama
vasitəsinə deyil,
özünüyaratma, sinergetik
özünütəşkil vasitəsinə çevrilməsinə
əsaslanır. Bu baxımdan
tarix, arxeologiya, fəlsəfə, ədəbiyyat,
folklor, sənətşünaslıq
yalnız keçmişi
anlamaq üçün
deyil, həm də gələcəyi mənalandırmaq üçündür.
Akademik
İsa Həbibbəylinin islahatlar
konsepsiyasının fəlsəfi
qayəsini "keçmişin
gələcəklə dialoqu
təşkil edir. Onun islahatlar konsepsiyasının fəlsəfi
platformasında belə
bir fikir dayanır ki, elm artıq yalnız bilik yığımı yox,
milli özünüdərkin fəlsəfi mexanizmidir.
AMEA-nın fəaliyyəti
bir millətin zamanla söhbətə çıxmasına, öz
taleyini anlamağa, keçmişindən gələcəyinə
körpü salmağa
yönəlməlidir. AMEA-nın
bu dövr fəaliyyəti, əslində,
bir millətin öz keçmişini
"indi" də oxumağıdır. Zaman burada
yalnız xronoloji ardıcıllıq yox, ideyaların, düşüncələrin,
mənəvi sorğuların
axarıdır. Burada tarix və müasirlik
birləşərək cəmiyyətin
əxlaqi və ideoloji təməllərini
möhkəmləndirir.
Akademik
İsa Həbibbəylinin islahatlar
konsepsiyasının koqnitiv
xarakteristikası yalnız
ixtisaslaşmaya deyil, inteqrasiya və sinergetik təfəkkürə
əsaslanır. Burada
tarix filologiyaya və etnologiyaya, fəlsəfə texnologiyaya,
sosiologiya ədəbiyyata,
folklor antropologiyaya söykənir. Məhz bunun nəticəsidir ki, Akademiyada son dövr araşdırmalarda fikir sərhədləri silinir,
intellektual məkanlar bir-biri ilə dialoqa girir. Burada elmi bilik
yalnız nəticə
deyil, həm də prosesdir, hər yeni yanaşma insanın özünü,
millətini, cəmiyyətini,
taleyini anlamağa bir addım yaxınlaşmasıdır. Burada
onu da vurğulamaq lazımdır ki, AMEA-nın
əsas funksiyası və missiyası
fundamental elmi araşdırmalardır.
Digər təşkilati
tədbirlər yardımçı
xarakterlidir. Məhz bunun nəticəsidir ki, Akademiyada bu dövrdə koqnitiv çeviklik əsas prinsipə çevrilmişdir:
sahələrarası dialoq,
multidisiplinar yanaşma,
analitik və sintetik metodların vəhdəti bunun əyani nümunəsidir.
Bu dövr Azərbaycan
elmi üçün intellektual sərhədlərin
genişləndiyi, ideya
sərhədlərinin tədricən
aradan qalxdığı
bir dövrdür.
Akademik
İsa Həbibbəylinin konseptual
yanaşmasında Akademiyanın
ideoloji dayaqları Heydər Əliyev irsindən, Azərbaycançılıq
ideologiyasından, milli kimlik
şüurundan, dövlətə
sədaqət anlayışından
qidalanır. Akademiya öz fəaliyyəti ilə yalnız bilik istehsal etmir, həm də ideya yaradır,
cəmiyyətin ruhunu
möhkəmləndirir. Bu, konfranslar, monoqrafiyalar, layihələr timsalında
əyaniləşən ideologiyanın,
necə deyərlər,
"yumşaq gücü"dür.
Bu güc milli mövcudluğu
qoruyur. Akademik İsa Həbibbəylinin rəhbərliyində
AMEA Heydər Əliyev
ideallarını XXI əsrin
elmi kontekstinə çevirən bir ideya generatorudur.
Dördüncü Sənaye İnqilabının
səsi, süni intellektin qlobal yüksəlişi, ekoloji
çağırışlar və iqtisadi rəqəmsallaşma - bütün
bunlar Azərbaycanın
elmi məkanında bir oyanış zərurətini doğurdu.
Bu çağırışların
fonunda akademik İsa Həbibbəylinin rəhbərliyi ilə elektron elm Akademiyada
hərəkat səviyyəsinə
yüksəlmişdi. Mübaliğəsiz
demək olar ki, bu istiqamətdə
görülən çoxsaylı
tədbirlər nəticəsində
Akademiya türk dünyası üçün
nümunə ola bilər. Bu hərəkatın strateji
vizyonu, milli dövlət maraqlarını
və qlobal elmi trendləri ahənglə birləşdirərək
Azərbaycan elminə
yeni nəfəs verir.
Akademik İsa
Həbibbəylinin passionarlığının
əsasında dayanan digər mühüm keyfiyyətlərdən biri
mənəvi potensialdır
ki, fəaliyyətində
intellektuallıqdan heç
də az rol oynamır. O, zəngin daxili mənəvi potensiala malikdir, insanpərvərdir,
xeyirxahdır, emosionaldır,
kövrəkdir...
Onun şəxsiyyətində
hər kəsi özünə cəlb edən inteqrativ ruh bu mənəvi
potensiyaya dayanır. Bütün titullarına,
şöhrətinə baxmayaraq
o, xarakterində "el-oba
sadəliyi"ni bütün
naturallığına qədər
qoruyub saxlamışdır.
Elə bunun nəticəsidir ki, onun ətrafında zahiri imicləri ilə sadə əyalət adamlarını
daim görmək mümkündür. Akademik
İsa Həbibbəyli
onlarla ünsiyyətə,
onların qayğıları
ilə məşğul
olmağa da həmişə vaxt tapır.
Məlumdur ki,
passionarlığın son
dərəcə mühüm
xüsusiyyətlərindən biri onun sirayətedici
təsirə malik olmasıdır ki, bu da passionar
induksiya adlanır. Qumilyova görə, insanlar passionar, harmoniyalı (sakit həyat yaşayanlar) və subpassionar (faydalı işlər üçün faydasızlar)
olmaqla üç qrupa ayrılırlar ki, harmoniyalı şəxslər passionarların
təsir dairəsinə
düşərkən passionarlara
çevrilirlər, subpassionarlar
isə çevrədən
kənara atılırlar.
Bu qanunauyğunluq akademik İsa Həbibbəylinin öz komandasına münasibətdə
özünü tamamilə
doğruldur. Onunla sıx əməkdaşlıqda
olub sakit oturmaq mümkün deyil. Ya onun
iş tempinə uyğunlaşmalı, şərti
mənada harmoniyalılıqdan
passionarlığa keçməli,
ya da subpassionar
olaraq çevrədən
kənarlaşmalısan. Elə
bu qanunauyğunluğun
nəticəsidir ki, hazırda Akademiyanın Rəyasət Heyəti və elmi müəssisələrinin
bütün kadr potensialı hərəkətə
gəlmişdir.
Passionarlığın daxili balansının nəticəsidir ki, akademik İsa Həbibbəylinin idarəçilik
fəlsəfəsində radikallıqla
liberallıq, tələbkarlıqla
xeyirxahlıq onun şəxsiyyətində "qızıl
orta xəttə" birləşmişdir. Məhz
bunun nəticəsidir
ki, akademik İsa Həbibbəyli işgüzar münasibətlər
kontekstində sərt
irad bildirdiyi şəxsin fərdi məişət qayğısı
ilə doğma övladı kimi ilgilənə bilər. Belə balans həm işgüzarlığı,
həm mənəvi münasibətləri özündə
əks etdirən inteqrativ sosial sahə yaradır.
Ötən əsrin
sonlarında - bütün
bəşəriyyətin ikinci
minilliyi tamamlayıb üçüncü minilliyə
qədəm basmağa
hazırlaşdığı bir vaxtda dünya
ictimai-humanitar elmi düşüncəsinin ən
nüfuzlu avtoritetlərindən
olan, fransız antropoloqu Klod Levi-Strossun gələcəyi
modelləşdirən bir
ümumiləşdirici mülahizəsi
anoloji baxış və yanaşmalar sırasından önə
sıçrayaraq sürətlə
"paradiqmalaşdı": "XXI əsr, ya ictimai
elmlər əsri olacaq, ya da
ümumiyyətlə olmayacaq!"
Həm dünyada, həm də Azərbaycanda bir-birindən
fərqli çoxsaylı
interpretasiyalara məruz
qalan bu qənaət XX əsr ümumtürk humanitar elmi düşüncəsinin
zirvə şəxsiyyətlərindən
olan Yaşar Qarayev idrakı ilə ilk təmasdaca
dərhal növbəti
daha ciddi və düşündürücü
elmi problemin qoyuluşunu şərtləndirdi:
"Bəs bu ictimai elmlər özü XXI əsrdə
necə olacaq?"
XXI əsrin dörddə
biri qədər zaman məsafəsini qət etdiyimiz hazırkı dövrdə
akademik İsa Həbibbəylinin rəhbərliyi
ilə ictimai və humanitar elmlərin inkişafı istiqamətində görülən
əməli işlər,
hesab edirik ki, həm Klod
Levi-Strossun çağırışına,
həm də professor Yaşar Qarayevin sualına verilən ən uğurlu cavabdır. Hesab edirik ki,
elmi yaradıcılıqla
belə məşğul
olmaq, belə eşqlə işləmək,
fəaliyyət göstərmək
həm ümumbəşəri,
həm də milli-mənəvi dəyərlərə,
dövlətə və
xalqa sadiqliyin ən böyük nümunəsidir.
Sərxan XAVƏRİ
Ədəbiyyat
qəzeti.- 2025.- 11 oktyabr, №37.- S.12-13.