Vətən sağ olsun...
Müqəddəs Şəhidlərimizin unudulmaz xatirəsinə...
Otuz illik
həsrətdən sonra torpaqlarımız düşməndən azad edildi. Hər gün kəndimizdən çəkilmiş
videolara baxıram. O ikimərtəbəli, eyvanından
qırmızı gülləri
saçaq-saçaq tökülən
yaraşıqlı evimizdən,
bənövşəli, nanəli
böyük həyətimizdən
əsər-əlamət yoxdu.
Sanki burada belə bir ev, həyət
heç olmayıb. Təkcə qonşumuz - balaca oğlu ilə birlikdə gözlərim önündə
şəhid olmuş
o büllur səsli xanəndə Şahmalı
Kürdoğlunun hasarındakı
günbəzin dibində
qalan bir ovuc daşdan bilirəm ki, burada bizim də evimiz
vardı...
İndi hər gün bizə torpaqlarımızı,
yurdumuzu qaytaran, bu böyük zəfəri bəxş edən şəhidlərimizdən
yazıram. Onların cənnətdəki doğum
günlərini təbrik
edirəm. Düşünürəm
ki, dünyada ən şirin və ən kövrək xatirələr şəhidlərimizlə
bağlı olanlardı.
Həmin xatirələr,
sadəcə kağız
üzərinə yazılmır,
həm də ürəyimə, qəlbimə
həkk edilir. Bu xatirələri bütün
dünyaya danışmaq
istəyirəm, qoy bizim necə mərd, igid oğullarımızın olduğunu
görsünlər, deyə.
Bilsinlər ki, Azərbaycan
necə qəhrəmanlar
diyarıdır. Biz bunun
44 günlük Vətən
müharibəsində bir
daha şahidi olduq. Oğullarımız
müharibə xəbərini
eşidəndə qol
götürüb oynadılar,
çünki Qarabağı
özümüzə qaytarmaq,
düşməndən intiqam
almaq ən böyük arzumuz idi. Buna görə də, Ali Baş Komandanımızın ətrafında
sıx birləşdik.
Məktəblilər daxıllarındakı
qəpikləri, qocalar
öz təqaüdlərini
ordumuza, əsgərlərimizə
göndərdilər. Əli
silah tutanımız düşmənlə savaşmağa
tələsdi...
Şəhidlər son anda gülümsəyirlər...
...Bir gecə İsmayılın
atasının gözünə
yuxu getmir, sanki hiss edir ki, oğlu qayıdacaq. Görəsən, yaralandımı?
Həyətə düşür,
oturub bir daşın üstündə
səhəri dirigözlü
açır. Birdən
darvaza döyülür,
ata diksinir, ürəyi əsir, qapını açmağa
əlləri gəlmir.
Darvaza yenidən döyülür və atanın ürəyi, elə bil o anda yerindən qopur...
İsmayıl cəbhədən atasına
zəng edəndə demişdi: "Ata, söz
ver ki, şəhid olsam, ağlamayacaqsan, sınmayacaqsan". Atasının
elə o andaca ürəyi getmişdi... İsmayıl igid oğlandı, necə deyərlər, müharibədə
düşməni gözündən
vururdu. Bir gün qanlı döyüşlərin
birində bərk yaralanır. Yoldaşları
ona sarı gedərkən əli ilə işarə edir ki, gəlməyin, mən artıq şəhid oluram. Deyirlər ki, İsmayıl
şəhid olduğu
an gülümsəyirdi...
Pəncərədən sağ qalan əlimi yellədim
Vətən müharibəsi qazisi
Mübarizin dediklərindən:
"Biz Şuşa istiqamətində
irəliləyirdik. Bir gün
mən də bəzi yoldaşlarım kimi yaralandım. 3 gün köməksiz, yaralı vəziyyətdə
qaldıq. Elə bir relyef, elə
şərait idi ki, ora nə maşın,
nə də əlavə qüvvə gələ bilərdi.
Sonra yenidən atışma
oldu və mən təzədən yaralandım. Bizə su içməyə icazə vermirdilər. Bir gün yağış yağdı və bizi sellofana bükdülər. Biz o sellofanı
deşib, dodaqlarımıza
su vururduq. Bir neçə gün sonra mən huşumu itirdim. Gözümü açanda
xəstəxanada idim.
Gördüm hamı çalıb-oynayır. Biz Zəfər
qazanmışdıq. Güclə
ayağa qalxdım və pəncərədən
sağ qalan əlimi yelləyib adamların sevincinə qoşuldum..."
Mənim
oğlum qəhrəmandır...
Kamilin xatirələri köz kimi yandırır: "Şəhid olan dostum Azərin ailəsini ziyarət etmək istədim. Uşaqları üstümə
yüyürdü və
məni ataları bilib boynuma sarıldılar.
O qədər təsirləndim
ki, bir də hərbi geyimdə onlara getməyəcəyimə
özümə söz
verdim. Anladım ki, şəhid anaları, ataları, xanımları,
övladları da bir qəhrəmandır".
"Qəhrəman bizim üçün ölməyib.
O hər an bizimlədi",
- deyir
həyat yoldaşı
- hərbi geyimdə yoldaşının tabutuna
çiynini verən qadın.
"Tərlan başımın
tacı, gözümün
nuru, o mənim qəhrəmanımdır", - deyir, şəhid anası.
Şəhid valideynləri deyirlər
ki, bilirdik, torpaqlarımız
alınmalıdır. Bu da şəhidsiz,
qansız olmur. Biz oğlumuzla fəxr edirik. O, Vətən, torpaq uğrunda şəhid olub. Vətən sağ olsun!
Elə bu kövrək xatirələr də sonra qəlbimdə misralara dönür:
Şəhiddir mənim adım,
Vətən üçün doğuldum.
Vətən üçün yaşadım,
Uğrunda Şəhid oldum.
Mən cismən olmasam da,
Şəhidəm, ölməmişəm.
Sağım-solum gülüstan,
Cənnət budur, gəlmişəm.
Mənimtək neçə oğul
Qurban oldu bu yurda.
Təki
Vətən sağ olsun,
Elim qalmasın darda.
Anam da qürurludur,
Adım
Vətənlə təndir.
Mənim
ilk beşiyim də,
Məzarım da, Vətəndir!
Mina
RƏŞİD
Ədəbiyyat
qəzeti.- 2025.- 11 oktyabr, ¹37.- S.17.