Bişkekdə
görkəmli qırğız şairinə
həsr olunmuş
beynəlxalq tədbir
Alıkul OSMONOV-110
Əslində,
"poeziya bayramı"
adlandırdıqları bu tədbirə bir neçə ölkədən şairlər, alimlər,
incəsənət xadimləri qatılmışdı. Sentyabrın otuzundan oktyabrın
dördünə qədər davam edən tədbirin
iştirakçıları arasında qardaş Türkiyədən
gələn qonaqlar-alimlər, naşirlər, sənətçilər,
reportyorlar əksəriyyət təşkil edirdi. Nə az, nə
çox - 18 nəfərdən ibarət bir heyət.
Qazaxıstandan Z.Nazarbek qızı, Özbəkistandan
R.Xaydarova, Rusiya Federasiyasından N.Kopeykina, Azərbaycandan isə
yalnız mən - Adil Cəmil yubiley tədbirinə
qatılanlardan idik.
Türkiyədən
gələn qonaqları bir araya gətirən
Elazığdakı Firat Universiteti idi. Elazığın
qubernatoru H.Xətiboğlunun, Elazığ şəhərinin
meri Ş.Şərifoğlunun, Firat Universitetinin rektoru
F.Göktaşın da iştirak etdiyi yubiley tədbirinə həmin
universitetin tanınmış alimləri - d-r, professor Əhməd
Buran, d.r.professor Süleyman Kaan Yalçın, d-r.professor Erjan
Alkaya kimi dəyərli elm adamları, həmçinin,
Elazığdakı "Manas" nəşriyyatının
baş redaktoru Məhəmməd Şener Bulut kimi naşirlər
də qatılmışdı. Əslində, bu tədbirdə
Türkiyənin Elazığ şəhəriilə
Qırğızıstanın İssıkgöl vilayəti
arasında bir qardaşlıq memorandumunun imzalanmasına da
öncədən hazırlıq görülmüşdü.
Hətta, Elazığdakı Xəzər gölünün
suyundan gətirib İssıkgölə tökməyin
özü də məhz bu dostluğa və
qardaşlığa bir işarət idi.
Beləliklə,
sentyabrın 30-da, Alıkul Osmonovun 110 illik yubiley tədbirinə
başlamazdan 1 gün öncə Y.Balasaqın adına
Qırğızıstan Milli Universiteti Türk İrsi Mərkəzinin
direktoru, d.r, professor, Qırğızıstanın Azərbaycanda
və Gürcüstandakı sabiq səfiri Kayrat Osmonəliyevin təşəbbüsü
və təşkilatçılığı ilə həmin
universitetin filologiya fakültəsində təhsil alan tələbələrlə
mənim görüşüm keçirildi. Kayrat Osmonəliyev
və Əskər Aytmatovun öncə mənim barəmdə
söylədikləri dəyərli sözlərə görə
minnətdarlığımı bildirib qırğız
şifahi və yazılı ədəbiyyat ilə
bağlı gördüyüm işləri tələbələrin
nəzərinə çatdırdım. "Manas" eposunun
tədqiqi və tərcüməsi, Alıkul Osmonov
poeziyasının tədqiqi və tərcüməsi,
qırğız atalar sözü və məsəllərinin
tərcüməsi ilə bağlı nəşr olunan
kitabların bir qismi K.Osmonəliyevin rəhbərlik etdiyi
Türk İrsi mərkəzində olduğu üçün
tələbələr onlarla əyani tanış olmaq və
mənə sual vermək imkanı qazandılar.
Görüş olduqca maraqlı və yaddaqalan oldu.
Mən
Alıkul Osmonovun dilimizə çevirdiyim "Zamandan
zamana" şeirlər kitabını və haqqında
yazdığım "Qırğız poeziyasının
Alıkul zirvəsi" monoqrafiyamı tələbələrə
bağışladım. Görüşdə filoloq tələbələr
Alıkulun qırğız dilində şeirlərindən əzbər
söylədilər və mən həmin şeirlərin Azərbaycan
türkcəsinə tərcüməsini oxudum.
Sentyabrın
30-da Alıkul Osmonovun adını daşıyan
(xatırladıram ki, bu kitabxana əvvəllər Leninin
adını daşıyırmış) Mərkəzi
kitabxanada Beynəlxalq tədbirin açılışı
oldu. Qırğızıstan respublikasının dövlət
rəsmləri poeziya festivalını açaraq qonaqları hərarətlə
salamladılar. Türkiyə Cümhuriyyətindən gəlmiş
dövlət rəsmləri də öz növbəsində
qırğız həmkarlarını və tədbir
iştirakçılarını salamladılar. Beləcə,
"Alıkul Osmonov və türk dünyasının mənəvi
sərvəti" mövzusunda elmi-praktik konfrans öz işini
davam etdirdi. Çıxış üçün mənə
də söz verildi. Mən Alıkul Osmonovun 110 illik yubileyinə
2 kitabla (biri şeirlərinin tərcüməsi, digəri ona
həsr etdiyim monoqrafiya) gəldiyimi söylədim və
onları salondakıların nəzərinə
çatdırdım. Toplantı iştirakçıları
bunu sürəkli alqışlarla qarşıladılar. Firat
Universitetinin elmi əməkdaşları da Alıkulla,
qırğız ədəbiyyatı ilə bağlı xidmətlərindən
danışdılar və s.
Konfrans
bitəndən sonra - günün ikinci yarısı A.Osmonovun
ev-muzeyinə və "Ata-beyit"ə - dahi
yazıçı Çingiz Aytmatovun uyuduğu məzarıstana
getdik.
Mən
ötən il Alıkulun ev-muzeyində olmuş və hətta
ona "Darıxır yazı masan" adlı şeir də həsr
etmişdim. İndi həmin şeiri onun ev-muzeyində
oxumalı oldum.
"Ata-beyit"
şəhərdən 10-12 km. aralı, dağın ətəyində
yerləşir. Bu məzarıstan 37 repressiyasında
günahsız yerə güllələnib bir xəndəyə
basdırılan şəhid ruhlarının məkanıdır.
Xalqını, millətini bütün varlığı ilə
sevən Çingiz Aytmatov da öz vəsiyyətinə əsasən
məhz bu məkanda uyuyur...
Növbəti
gün biz Panfilov rayonunun Kaptal-Arık kəndinə -
A.Osmonovun doğulduğu kəndə getdik. Açıq səma
altında tədbir davam etdi. Qırğız uşaqları
da musiqi və rəqsləri ilə öz istedadlarını
göstərdilər. Biz isə cəmisi 35 il yaşayan
istedadlı şairin poeziyasından, tərcümələrindən,
dram əsərlərindən danışdıq. Sonra yurtalarda
(alaçıqlarda) bardaş qurub qırğız milli yeməklərindən
dadmalı olduq.
Oktyabrın
2-də varid olduq İssıkgöl vilayətinin Karakol şəhərinə.
Burada M.Kaşqarlının türk xalqlarını birləşdirən
lüğəti (Divani-lüğəti-türk) mövzusunda
elmi-praktik konfrans öz işinə başladı.
Elazığ qubernatoru ilə İssıkgöl valisi
arasında əməkdaşlıq barədə bir müqavilə
də imzalandı. Beləcə, yeni ideya və xoş təəssüratla
"ata yurddan" ayrılan qonaqlar öz məmləkətlərinə
dönmək üçün yola çıxdılar. Mənimsə
ürəyimdən bu sözlər keçdi:
- Yolunuz
açıq olsun, türk-turan elləri!
Adil
CƏMİL
Bakı,
Bişkek, İssıkgöl
4
oktyabr 2025
Ədəbiyyat
qəzeti.- 2025.- 11 oktyabr, №37.- S.19.