Təbriz
I
Hansı
alverçin Babəkin qollarını satdı?
Hansı
dabbaqçın Nəsiminin
dərisini aldı?
Hansı
nanəcib cərrahın
anamın dilini kəsdi?
Bizi Azəri səsləyən
dilçinin başına daş
düşsün,
Sənin
kəbinini kəsən
mollanın
ocağına su
calanaydı,
Səni
tərifləyən aşığın
səsi bataydı,
Sən öz bacını qısqanarkən quyuya saldın,
Sən öz qardaşının,
bacı söyüşü
eşitməsin deyə,
canını aldın.
II
Uşaqlığım
qonşumuzun quzusu ilə böyüdü,
Xatirələrimi otlayırdı evimizin
böyründə.
Bir gün,
Sallaqların quzunun başını
kəsdi,
Xatirələrimin başını kəsdilər
sallaqların.
Bir gün,
Şirin
yuxudaydım gecə yarısı,
Atamı
əlimdən aldın.
Bir gün,
Anam, ayaqyalın qaçırdı
çörəyin
ardınca qarın üstündə.
Qar, anamın ayaqlarından utanırdı,
Sən,
utanmırdın, Təbriz.
III
Xeyir ola!
Ayna-daraq
alırsan,
Yaman yetişirsən Gəcilin1 kəkəli
qızına
Yenə
kimin oğlunu yazıq eləyəcəksən, Təbriz?
IV
Nə qədər
gözəllikdə Yusifə bənzəsən də,
Nə qədər qəmin Yaqubun qəmi qədər olsa da,
Yusifin qardaşları qədər
xainsən, Təbriz.
V
Anam,
Gündüzlər sənə güllü
xalçalar toxudu,
Gecələr, ayaqqabı tikdi.
Anamın,
Nə ayaqlarına başmaq geydirdin,
Nə məzarının üstünə
gül qoydun.
Atam
Gündüzlər sənə alma dərdi
ağacdan,
Gecələr bağ suvardı.
Atamın,
Nə ağzına bir dilim alma qoydun,
Nə məzarının başında
bir ağac əkdin.
Mən
Gündüzlər sevdiyim qızları
gəlin köçürtdüm
yad qapısına,
Gecələr şeirlər yazdım.
Mənim...
Mənim
ahım səni tutsun, Təbriz.
VI
Bir
gün,
İtə çörəyimi verdim
Barmağımın tuşundakı
o küçənin başında.
Bir gün,
O qırmızı dağ uçurdu,
Dağa
kürəyimi verdim.
Bir gün,
Küçəndən keçirdim bir axşamüstü,
Mənə bir göz vurdun,
Sənə ürəyimi verdim.
İt,
Qapımda
çörəyimi qoruyur illərdir,
Dağ,
Arxamda kürəyimi qoruyur illərdir.
İllərdir,
Ürəyimə xəncər soxursan,
Təbriz.
VII
Nə qədər
səni İsfahana vermirdilər,
Ayrılıq şeiri oxuyurdun
hər səhər-axşam.
Nə qədər, Əmirəqız2 barışmırdı Tehran ilə,
Vətən şeiri oxuyurdun
hər səhər-axşam.
Səni
İsfahana verəndən
sonra...
Əmirəqız Tehran ilə barışandan
sonra...
Sənin
şairliyinə nə
gəldi, Təbriz?
VIII
Hansı
dildə sənə yalvarmalıyıq?
Mahnılarımızı hansı yurda köçürməliyik?
Rəqslərimizdə qollarımız
göylərdə qalıb.
Şeirlərimizi hansı qəbiristanlıqda
basdırmalıyıq?
Bir gün, "İranşəhri"lərin
arxamca hürürlər,
Deyirəm, qurdun ardınca
it hürər, olsun!
Bir gün, satqınların məni küçəndə döyürlər,
Deyirəm, igidə yaralı
gərək, boş ver!
Hər gün səni illərdir yıxırlar
Yıxılmaq ayıb olmasa
da,
Yıxılıb yatmaq ölümdür,
Təbriz.
IX
Haydı!
Buxçanı bağla,
Səni
"Nobar hamamı"na
götürürəm indi.
Keç
içəri, ya
Allah,
Məşhədi Rəcəb səni
kisələsin bir.
Oturmuşam hamamın qapısında,
Bu şeirin ətəyində
oturmuşam.
- Yuyundun gəldin?
Afiyət
olsun!
Əlimdən tut, qıvraq ol!
Turan xanım bizi qonaq çağırıb.
1 - Gəcil:
Təbrizdə məşhur məkan adıdır. "Gəcil
qapısı" qədim Təbrizin səkkiz
darvazasından birinin adı imiş.
2 - Təbrizdə məşhur
məhəllə adıdıdır.
(Bill
Gates) ilə (Əhməd)in dialoqu
-
özünü tanıtdırasan...
Adım
Əhməddir, Bill Gates bəy.
11 il öncə Əfqanıstanın
Kabul şəhərində
dünyanı fəth etdim,
11 ildir, dünyanın uğursuz fatehi kimi
yaşayıram Yer kürəsində.
Atam, qarnına bağladığı
saatlı bombayla
özünü partlatdı, şəhərin
teatr mərkəzində.
Və bir il sonra...
Anamı
səngsər etdilər
Kabulun Məsud meydanında.
Bacım...
O məndən kiçikdir,
məndən 2 il xırdaca.
Bacım,
63 yaşında bir
şeyxin
ikinci arvadının
günüsü oldu.
Və mən,
Çörəyə qoşulub qaçdım.
- Nə
iş bacarırsan, Əhməd?
- Çox işlər bacarıram, Bill Gates bəy -
siz bacara bilməzsiz.
Məsəla....
Buludların səslərini görürəm
-
siz görə bilməzsiz,
Göyərçinlərin
rüyalarını açıram -
siz aça bilməzsiz.
Yol qırağına düzülən
ağacları, maşınların pəncərəsindən
qaçıram - siz qaça bilməzsiz.
V...
Sutapançası
Depress
saatlarında
səni diksindirərək
güldürdüm,
Gülmədin.
Stressli anlarında səni şirin-şirin dindirdim,
Dinmədin.
Bu küçənin başındakı
parkda gözləyirəm səni,
Gəlmirsən.
Qarşımdan keçirsən bəzəkli
papağınla,
Tətiyim sənin üçün
darıxır.
Demişdim,
məktəbə getmə,
Bu necə dərsdir?
Səni
məndən küsdürdü.
Demişdim, uşaq qal həmişə,
Bu necə böyüməkdir?
Səni
məndən uzaqlaşdırdı.
Demişdim, bu çərçi
kişinin oğluna qoşulma
Bu necə evlənməkdir?
Səni
məndən ayırdı.
Uşaqlıq şəklinə baxıram
indi,
Qarnımda fişənglər özlərin
öldürürlər.
Əllərini
qovza göyə,
Dön divara, danışma!
Ölümə hazır ol,
Hazır
ol ölümə.
Üç,
İki,
...
...
Bu soyuq tər nədir, Nazı?
Qorxma, qız!
Mənəm, baaaaaa -
Sutapançası.
Məhəmməd ÇALĞIN
Ədəbiyyat
qəzeti.- 2025.- 11 oktyabr, ¹37.- S.18.