Ədəbiyyatşünaslıq
elminin Rəhim Əliyevi
Həyat uzunluğuna görə
deyil, mənasına görə qiymətlidir.
Seneka
Rəhim Əliyevi
çoxdan tanıyıram. Tanıdığım müddətdə
də gəldiyim qənaət bu cürdür: hər zaman mənə
elə gəlib ki, o, görkəmli ədəbiyyatşünas-alimimiz
Yaşar Qarayevin əkiz tayıdır. Nədən ki, elmi
kitablarını oxuduqca tədqiqatlarında ədəbiyyatşünaslıq
terminlərinin çeşid zənginliyi, dil və üslub məsələsi,
elmi problemlərin çözümü istiqamətində
aparılan araşdırmaların mürəkkəbliyinə
baxmadan məsələnin həlli istiqamətində ürək
və can yanğısıyla dünya ədəbiyyatşünaslığı
səviyyəsində aparılan tədqiqatların nüvəsinə
enmək bacarığı məni təəccübləndirib
sözün yaxşı mənasında. Yalnız indi - qismətdən
bu böyük insanın rəhbərlik etdiyi şöbədə
çalışmağa başladığım bir ilə
yaxın müddətdə bilmişəm ki, onun dissertasiya
müdafiəsi zamanı elmi rəhbəri məhz professor
Yaşar Qarayev olub. Maraqlıdır, yorulmadan
apardığı elmi axtarışlar, bu
axtarışların məntiqi nəticəsi kimi ortaya
çıxan sanballı elmi əsərlərin hər birində
Yaşar Qarayev səviyyəli elm xadiminin ustad dəst-xəttini,
pozulmaz izlərini müşahidə etmək
mümkündür.
Doğrusu,
AMEA Əlyazmalar və Folklor İnstitutlarında
çalışdığım vaxtlardan fərqli olaraq,
yaşımın bu yetkin dövründə birdən-birə
AMEA-nın prezidenti İsa Həbibbəylinin verdiyi əmrə
əsasən, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutuna dəyişilməyim, həm də məhz Cənubi
Azərbaycan ədəbiyyatı şöbəsində
işləməyimə qərar verilməsi məni xeyli
duruxdurdu. Necə olacaq? Uyğunlaşa biləcəyəmmi? Həm
də bu, başqası deyil, elm aləmində öz
sözünü yetəri səviyyədə demiş və
izini qoymuş görkəmli ədəbiyyatşünas,
yazıçı Rəhim Əliyevdir.
Uzaqdan nə
qədər tanısam da, elmi cameənin böyük hörmətini
qazanmış, nüfuzlu elm xadiminin, tələbkar alimin rəhbərliyi
altında işləyib özünü doğrultmaq asan məsələ
deyil axı! Lakin günlər günləri əvəzlədikcə,
fikrimdə yanıldığımı hiss etməyə
başladım. Əksinə, mehriban, qayğıkeş, səbirli,
eyni zamanda yetərincə hövsələsiz (nə vaxt
özündən çıxacağı və nə zaman
yenidən öz əvvəlki əhvalına
qayıdacağı bəlli olmaz - Q.M.), bununla belə, səbatlı,
güləş çöhrəli bu elm və ədəbiyyat
adamının rəhbərlik etdiyi şöbənin əməkdaşı
olmaq aqibətini yaşamağa başladım. Burada hər
şey mənimçün həm yeni, həm də maraqlı
idi: iş otağına girəndə güclə eşidilə
biləcək səslə işçilərə salam verib,
yumşaq addımlarla, lakin cəld yeriyərək, birbaşa
iş stolunun arxasına keçir. Stolun üzərində
tanış olması, yaxud imza atılması
üçün qoyulan kitab və sənədləri əlinə
alıb gözucu nəzər yetirməklə yanaşı,
kimsəyə sezdirmədən özünü "məşğuldur"
kimi göstərsə də, qəfildən müzakirə
olunan məsələyə fikir bildirməsi ilə, sanki
"bu, hamının baş vura biləcəyi kol deyil, hərə
öz işiylə məşğul olsa,
yaxşıdır" mesajı verir. Məsələnin bu tərəfi
də var ki, hərəni öz dilində
danışdırması onu əməkdaşların
sevimlisinə çevirib. Diskussiyalara qatılması ilə
şöbədə əhval-ruhiyyə bir andaca qalxır.
Müşahidəçilik qabiliyyətinə heyrətlənməmək
mümkün deyil. Heç nəyi nəzərindən
qaçırmaz. "Arifə işarə kifayətdir"
prinsipinin daşıyıcısı və önəmvericisidir.
Rəhim
müəllim haqqında çox şey yazmaq olar. Onun ədəbiyyatşünaslıq
elmi sahəsindəki xidmətləri, qazandığı
uğurlar barədə çox yazılıb, çox deyilib.
Ən dolğun məlumatı və səmimi fikirləri isə
Rəhim Əliyevin öz əsərlərindən almaq
mümkündür.
2008-ci ildə
işıq üzü görmüş "Ədəbiyyat nəzəriyyəsi"
kitabı müəllifin ali məktəb auditoriyalarında dərs
dediyi tələbələrə keçdiyi mühazirə
saatlarının məntiqi nəticəsidir. Bu qeydi xüsusi
olaraq vurğulamaq istərdim ki, biz, adətən ali məktəb
müəllimlərimizin mühazirələrində eşitmək
istədiklərimizdən daha çox, eşidilməsini
arzulamadığımız, əhəmiyyətsiz məsələlərin
uzun-uzadı sicilləmələrlə biz tələbələrə
sırındığının, təkrarçılıq
yolu ilə gəncliyin beyninə yorucu effektlər yükləndiyinin
şahidi olmuşuq. Necə deyərlər, "atın
qabağına ət, itin qabağına ot qoyulması" ilə
üzləşdiyimizdən, sevdiyimiz elm sahələrinə
olan maraq və həvəsimizi öldürən dırnaqarası
professorlarımızın üzünü belə görəndə
gözümüz ağrıyıb həmişə. Təbii
ki, bu gün həmin illəri xatırlayıb,
sayılıb-seçilən elm xadimlərimizin fəaliyyət
və şəxsiyyətinə kölgə salmaq istəməzdim,
lakin Rəhim müəllimin Azərbaycan ədəbiyyatşünaslıq
elminə verdiyi töhfələrin nə qədər
"alayı" (bu ifadəni Rəhim müəllim çox
xoşlayır. Bunun təsdiqini xalq şairi Bəxtiyar Vahabzadənin
100 illik yubileyi münasibətilə
hazırladığımız, Rəhim Əliyevin elmi
redaktoru olduğu "Elimizin Bəxtiyarı"
kitabının nəşrə hazırlanması zamanı
gördüm. Kitaba yazdığı "Şeirimizin
böyük Bəxtiyarı" adlı Ön sözdə
işlətdiyi "alayı" ifadəsinə
iradımı bildirəndə yazı müəllifinin qəti
etirazı ilə qarşılaşdım: "yəni, əsla
və əsla bu kəlməyə toxunmaq olmaz!" mənasında.
Və düşündüm ki, bir köklü bakılı və
yazıçı kimi ola bilsin, dialekt sözü olan
"alayı"nın Rəhim Əliyevin ömür salnaməsinin
hansısa səhifəsində alayı cür yeri var! Odur ki,
həmin ifadəni dəyişməyə əlim və
üzüm gəlmədi. - Q.M.) önəm
daşıdığını göstərmək
üçün o dönəmləri xatırlamadan keçə
bilmədim.
Rəhim
Əliyevin "Ədəbiyyatşünaslıq nəzəriyyəsi"
əsərinin "Müəllifdən" adlı giriş
hissəsi diqqətimizi xüsusilə çəkir:
"İki il əvvəl dostlardan biri mənə Mədəniyyət
və İncəsənət Universitetində ədəbiyyat
nəzəriyyəsindən mühazirə deməyi təklif
etdi. Bu təklifdən oxucunun əlində tutduğu bu kitab
yarandı. Ona görə bu təklifi edənlərə
öz minnətdarlığımı bildirirəm.
Cavanlıqda nəzəriyyə ilə həmişə imkan
daxilində, yaxşı kitablar düşdükcə məşğul
olurdum. Amma yaşlaşdıqca ədəbiyyata dair öz qənaətlərin
sabitləşir və başqa nəzəriyyəçilər
adama bir qədər darıxdırıcı
görünür. Mühazirələr məni nəzəriyyəyə
qaytardı. Bütün kursu demək sistemli bir plan-proqram tərtibini
tələb edirdi. Onu hazırlayandan sonra 2006-cı ilin
noyabrından kitabı yazmağa başladım. Amma
başlayandan bir şey mənə aydın idi: mən dərslik
yazmırdım. Ədəbiyyatın nə olduğu barədə
öz əsərimi yazırdım. Həm də mühazirələr
üçün düzəltdiyim plan əsasında
yazırdım. Nəticəsi ortadadır..."
Bəli,
nəticə ortadadır və tənqidçi-alim Rəhim
Əliyevin Mədəniyyət və İncəsənət
Universitetində dediyi mühazirələr əsasında
hazırlanmış bu əsərində kitabın
annotasiyasında da yazıldığı kimi, marksist nəzəriyyə
ehkamlarından imtina edilir, klassik filologiyanın və
semiotikanın elmi prinsipləri əsas
götürülür. Kitabın orijinal cəhəti nəzəriyyə
kursuna ədəbi əsərin təqdimi ilə
yanaşı, sözün, obrazın, mifin, yazı dilinin və
mətn nəzəriyyəsinin, dilin mənşəyinin
izahı ilə bağlı problemlərin də daxil edilməsidir.
Bu baxımdan yanaşaraq, ədəbiyyatşünaslıq
elminin, Azərbaycan ədəbi-tənqidinin canlı
ensiklopediyası - Rəhim Əliyevin universitet
auditoriyalarında "yazılmış" akademik səviyyəli
"Ədəbiyyatşünaslıq nəzəriyyəsi"
adlı həyati predmetlərlə zəngin nəzəri-praktik
mühazirələrini dinləmək xoşbəxtliyini
yaşamış keçmiş tələbələrini təbrik
etməyi özümə borc bilirəm. Bunu da qeyd etməyi
özümə borc bilirəm ki, Rəhim müəllim kimi
alimin tələbəsi olmaq necə çətin və şərəfli
bir məsuliyyətdir! Eyni zamanda, bu, həm də böyük
zövq və həyat məktəbidir!
Ədəbi
fəaliyyəti ilə tam şəkildə yaxından
tanış olmasam da, onun nəsr əsərləri ilə
ötəri tanışlığım bunu deməyə əsas
verir ki, təkcə "Tağ ev" sənədli romanı
ilə o, görkəmli bir nasir kimi Azərbaycan
romançılığına öz möhürünü
vurmuş mahir yazıçılarımızdan biridir.
Bugünəcən işıq üzü görmüş
elmi-tənqidi və bədii əsərlərini gözdən
keçirərkən, alimin yenidən öz elmi qənaət
və müşahidələrinə üz tutmalı oluruq:
"Yazıçılıq və şairlik böyük
fiziki enerji tələb edən bir sahədir. Ona görə hər
istedadlı qələm adamı yazıçı ola bilmir,
çünki yazıçılığa gərək olan
yazıb-oxumaq enerjisi sağlam ağıla uyğun olmayacaq dərəcədə
böyük iş qabiliyyəti tələb edir. Ona görə
ən istedadlılar yox, ən enerjili qələm adamları
yazıçı olurlar. Çoxları isə bir neçə
əsər yazmaqla ömrü boyu təzələrini yazmaq
barədə düşünür, lakin bunu edə bilmək
üçün enerji və iradələri çatmır və
nəticədə həvəskar yazıçı vəziyyətində
qalırlar. Yaradıcılıq prosesi əzablı və
ağır bir prosesdir. Bəs yaradıcı adamı bu işə
sövq edən hansı amillər olur? Bu sualın universal
cavabı yoxdur, çünki yaradıcı adamlar şəxsi
psixi xüsusiyyətləri, xarakterləri, vərdişləri,
həyat maraqları baxımından çox müxtəlifdirlər..."
Rəhim
Əliyevin bu fikirlərinin onun ömür və
yaradıcılıq yolu ilə necə üst-üstə
düşdüyünün şahidi olmaq üçün, sən
demə, təkcə əsərləri ilə
tanışlıq kifayət deyilmiş. Həm də nə
zamansa bu böyük insan, ziyalı, alim - şəxsiyyətlə
eyni ortamı paylaşmaq, eyni mühitdə işləyib
çalışmaq, iş üsul və üslubuna
şahidlik etmək lazım imiş. Hazırda biz bu mərhələni
keçməkdəyik. Aqibətimiz - alın yazımızdır.
Ömrünün
və yaradıcılığının müdriklik
dövrünü yaşayan bizim Rəhim müəllimi yubiley
yaşı münasibətilə səmimi-qəlbdən təbrik
edir, barlı-bərəkətli uzun ömür, möhkəm
cansağlığı və tükənməz
yaradıcılıq enerjisi arzulayıram.
Qiymət
MƏHƏRRƏMLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 11 oktyabr, №37.- S.21.