Tanpınar - zamanın nə
içində, nə də dışındaydı...
Nəinki
XX əsr Türk ədəbiyyatını, ümumən
dünya ədəbiyyatını
onsuz təsəvvür
etmək mümkün
deyil. Söhbət, əlbəttə, həm də böyük fikir adamı olan Ahmet Hamdi Tanpınardan
gedir.
Onu heç təkcə bir istiqamətdə təhlil etmək də mümkün olmur. Yəni, yazının bir neçə formasında;
şeirdə, essedə,
hekayədə, romanda
möhürünü vurmuş,
birmənalı olaraq yenilikçi olan bu yazıçını,
həm də dövrünün fəlsəfi
yazıçısı adlandırmaq
olar.
Təkcə romanlarının mövzusu
yox, ümumən Tanpınar ədəbiyyatı
haqqında danışsaq,
bir neçə məsələyə diqqət
ayırmaq lazımdır.
Əslində, Tanpınar ədəbiyyatını
birləşdirən, ifadə
edən nəsnələr
yaxşı mənada
eynilik təşkil edir: musiqi, zaman, rənglər, sevgi, ayrılıq, poetika və s. və ilaxır.
Elə özü demişkən:
"Bütün həyatım
musiqi, zaman və rəngdir".
Onun şeirləri və romanlarına, dediyimiz kimi, əlbəttə, bir neçə sadalanan istiqamətdə baxmaq lazımdır. Məsələn, həm də əsas obrazı olan qadınlardan.
Daha dəqiq desək, bu qadın obrazları
oxucunun qarşısına
əsasən iki formada: "Ana və sevgili" kimi çıxır.
Bəs bunun səbəbi varmı?
Tanpınar anasını hələ
uşaqkən - 15 yaşında
itirib və özü heç vaxt evlənməyib. Əlbəttə, bu iki detal artıq
özü məsələni
aşkara çıxarır.
Onun qadın obrazları bəzən real olur, bəzən isə sadəcə xəyal dünyasında. Eyni ilə "Aydakı kadın" romanında olduğu kimi.
Tanpınar təkcə bu
roman vasitəsilə də
sevgi, xəyal dünyası, insani iztirablar, zamanın hökmü kimi məsələləri geniş
mətləbdə açır.
Ümumiyyətlə, Ahmet Hamdi Tanpınar
həm şeirlərində,
həm də romanlarında romantikaya, özü də, xəyali romantikaya daha çox üstünlük verir. Məsələn, bu baxımdan onun əsərləri, adətən
gözəllik, eşq,
qadın kimi məzmunlu məsələlərə
dayanır. Ancaq əlbəttə, bu məsələlər pafoslu
romantika fonunda olmur. Ən böyük məsələlər
belə, bunların fonunda verilir. Belə demək olarsa, onun nəsri
də şeir kimidir.
Tanpınar ədəbiyyatında ən mühüm mövzulardan biri həm də
"zaman" anlayışıdır. O,
demək olar ki, bütün romanlarında
bu xətti davam etdirir və
zamanı təkcə
fiziki qanunauyğunluq kimi yox, həm
də insanın yaddaşı, keçmişlə
münasibəti, gələcəklə
bağlı qorxuları
və arzuları fonunda verir.
Əslində, bununla o, eyni zamanda öz millətinin mövcud vəziyyətini vermiş
olur, yenilikçilik fonunda onların öz kökləri ilə üz-üzə qaldığını göstərir.
Bu səbəbdir ki, obrazları
daim iki mədəniyyət arasında
var-gəl edir.
Bəli,
Tanpınar yaradıcılığında
ən əsas bir məqam isə, onun yaradıcılığının xüsusilə Şərq-Qərb
sintezi üzərində
olmasıdır. Bu, həm
də Tanpınarın
fərqli mədəniyyətlərlə
intellektual tanışlığından
irəli gəlir.
(Müxtəlif şəhərlərdə
təhsil alması, fransız dili bilməsi onu ədəbi baxımdan daha da inkişaf etdirib). Bir sözlə, özü də, romanları da həssas Tanpınar, bu iki coğrafiya arasında sənətsəl
var-gəl etməkdədir,
Şərqlə Qərb
arasında bir körpü qurmaq cəhdi onun əsərlərinin əsas
mövzusudur.
Tanpınar eyni zamanda siyasi proseslərin içində olsa da, kütlə romantizminə
qoşulmamış, yəni
əsərlərində o vaxtlarda
dominant olan siyasi konyukturaya hesablamamış,
əksinə, öz iç dünyasından insanların iç dünyasına, insani münasibətlərə, dünyəvi,
bəşəri məsələlərə
və düşüncələrə
boylanmışdır. O, bəlli
olan məsələlərin
içindən bəlli
olmayan məsələlər
verə bildiyinə görə böyük idi həm də.
Bunu isə romanlarının dilinə,
forma və strukturuna baxmaqla bilmək olar. Forma olaraq o, daha çox şüuraltı özünüifadəyə
xüsusi üstünlük
verir. Elə bu səbəb, özünə ustad bildiyi iki yazıçıdan
biri də Marsel Prustdur. Bu, həm də onun əsərlərində
yaddaşın estetikası
kimi sezilir. Daha dəqiq, Tanpınar keçmişi
yalnız nostalji ilə deyil, həm də fəlsəfi düşüncə
ilə xatırlayır.
Tanpınarı intellektual yazıçı
hesab etmək olar. Onun intellektuallığı
romanlarda ən xırda detallara qədər görsənir.
Məsələn, romanlarının
əksər obrazları
belə təhsilli obrazlardır. Obrazları vasitəsilə fəlsəfəyə,
musiqiyə, elmə, bir sözlə, ümumi olaraq incəsənətə toxunur,
digər tərəfdən
isə Bergson fəlsəfəsi,
Freyddən təsirlənmələr
aydın şəkildə
sezilir.
Ancaq bütün bu təsirlənmələri o, eyni
zamanda milli-mədəni
kontekstdə yoğura
bilmişdi, özününküləşdirmiş
və obrazlı ifadə edə biliriksə, "İstanbullaşdırmışdır".
Tanpınarın şeir təsiri
isə, əlbəttə,
müəllimi Yəhya
Kamaldan idi.
Bəs digər romanları haqqında nə demək olar?
Tanpınarın "Huzur" romanı, II Dünya müharibəsinin
astanasında İstanbulda
keçir və Mümtaz, Nuran, Suat və İhsan kimi obrazlar vasitəsilə
insani, ictimai, məişət narahatlıqları
araşdırılır.
İnsanın özü, şəxsiyyəti
ilə üz-üzə
qalması, keçmişə
qayıdış, dəyişən
sivilizasiya, dəyərlər fonunda
insana olan təsirlər bu romanda öz əksini tapıb.
Bir cümlə (ilə) ifadə etmək lazım gələrsə,
"Huzur" romanı İstanbulun
mənzərələri fonunda
sevgi, fəlsəfi düşüncə və
cəmiyyətin dəyişməsini
göstərir.
"Aydakı kadın" romanı Tanpınarın tamamlanmamış ən yaxşı romanlarındandır.
Belə ki, o, uzun illər bu roman üzərində işləyib,
lakin ölümündən
sonra əlyazmalarından
bir araya gətirilərək nəşr
olunub. Bu səbəbdən,
əsərdə bəzi
yerlər natamam, qırıq və bəzən də təkrarlarla doludur.
Digər
romanlarının əsas
xətti olduğu kimi, bu romanının
da mərkəzində özünü,
həyatı, dünyanı
sorğulayan, buna görə
mənəvi böhran
yaşayan gənc var.
Qəhrəman özünü
axtarır, tapa bilmir, loru desək, ortalıqda - zamanın və ənənələrin
ortasında qalır.
Romanın adı müasir
dövrün ucuz romanlarını xatırlatsa
da, belə deyil. Bu ad daha çox mistik məna daşıyır. Burada
"Ay", bir növ,
uzaqlığı, "qadın"
isə arzunu bildirir.
Müəllifin bu romanı həm də
"Bildungsroman" kimi qəbul
olunur. Çünki qəhrəmanın özünü
tapmaq istəyir, ancaq heç vaxt tamamlaya bilmədiyi mənəvi bir yola çıxıb
və bunun fonunda axtarışlar davam edir.
Ümumiyyətlə, "Tanpınar
necə yazıçıdır?"
deyilsə, elə məzarının üstündəki
bu misranı misal gətirmək yerinə düşər:
"ne içindeyim zamanın,
ne de büsbütün dışında".
Orxan SAFFARİ
Ədəbiyyat qəzeti.-
2025.- 11 oktyabr, №37.- S.23.