Çingiz Aytmatov - sakral fenomen
İşığı əsrlərin o
üzündən daim
öz parlaqlığı
ilə diqqət çəkən türk mədəniyyətinin dünya
sivilizasiyasında öz
əhəmiyyətləri ilə
insanlıq aləmini mənəvi inkişafa aparan sakral polifoniyası
sanki yer və göy arasındakı hava vakuumunda elə şəkildə kristallaşa
bilmişdir ki, bu gün də həmin işığın
təsir prilyudiyası
şüurun alt qatından
ta üst qatına qədər, simfonik ahəngdarlıqla insanlıq
meyarının saflaşmasına
təkanlar verir, simfonik ahəng gətirir. Bu istiqamətdə
mənəvi saflıq
ön cərgədə
dayanır. Hələ
dünya sivilizasiyası
formalaşmağa başlamamışdan
öncə, türk düşüncə arealında,
"Tanrıçılıq" ideyası bir melodik avazla türklərin vicdan kriteriyasını ahəngdar
silsilədə zənginləşdirmişdi.
"Budun"ların rəhbərləri
Tanrının izni və verdiyi xeyir-dua ilə təyin olunurdu. Bunun üçün Tanrıdan
gələn güc, qüvvət, ağıl kimi liderliyin əsaslarını təmin
edən meyarlar seçilmişlərdə parlaq
şəkil alırdı
və bütün əhali də həmin meyarlara inam göstərirdi. Məhz belə meyarlar türk etnosunun ənənələrinə
uyğun demokratik, sivil yanaşmalar məhvərinin ideal prinsiplərini
bu gün də öz saf təşnəsində
hər an yoğurur və ictimai proseslərdə davam etdirir. Ona görə də Törə Türkün bütün zənginliklərdən üstün
hesab olunan, heç bir süni ideologiyaya dəyişdirilməyən ülvi,
toxunulmaz, müdaxilə
edilə bilinməz, mövqeləri dəyişməyə
imkan verməyən, müqəddəs bir enerji, ideal bir məfkurədir!
Tarixi qaynaqlara nəzər yetirdikcə, aləmdə,
türk milli-mənəvi
dəyərlərinin böyük
abidələrində qorunub
saxlanan həmin ülviyyət və müqəddəs toxunulmazlıq
ideyaları qlobal dünyanın inkişaf yolunda istər-istəməz
öz təsir gücünü göstərir.
"Qaya yazıları
və rəsmləri";
"Qəbir daşlarındakı
rəmzlər"; "Qəbirlərdə
hər bir insanın kimliyini təsdiq edən detallar, elementlər";
"Silah-sursatlara həkk
olunan işarələr",
"Daş kitabələr",
"Ağız ədəbiyyatı",
"Nağıllar", "Dastanlar, "Əfsanələr",
"Əsatirlər", "Milli şüurun inkişafını
daim tənzimləyən
Qan yaddaşı"
və s. türk sənət dünyasında
sadalanan bütün elementlər geninə-boluna
dissipativ (səpilmə)
şəkil alaraq bifurkativ (yeni istiqamətlərə
ayrılma) mərhələyə
qədər inkişaf
etmişdir və bu gün də
həmin inkişaf məhz özünün bünövrəsindən aldığı
ənənələrlə yeni dünyanın şərtlərinə
uyğunlaşdırılmaqla daim iti hərəkətdədir
və inkişafdan heç vaxt geridə qalmır.
Bütün dövrlərdə milli kimliyini özü üçün ən qiymətli meyar hesab edən türkün qəhrəman
oğulları, xüsusən
də ədəbiyyat
və sənət nümayəndələri sadalanan
meyarlar təşnəsindən
öz dərsini almaqla, məhz ənənələrin qorunmasını
özü üçün
etalon hesab etmişlər.
Həmin nümayəndələrin
ən parlaq simalarından biri də qırğız türk övladı Çingiz Aytmatovdur.
Çingiz Aytmatov dövrünün
ən parlaq İnsanlarından biri, ictimai-siyasi və dövlət xadimi,
diplomat, nəhayət, dünya
klassikləri miqyasına
yüksəlmiş sadə
türk oğlu olmaqla, türk ədəbiyyat və sənət dünyasının
misilsiz şəxsiyyətidir.
Çingiz Aytmatovun yaradıcılığı nə
qədər sinergetik təsirə malikdirsə,
bir o qədər də qeyri-səlis zənginliklə öz dövrünün bütün
yaradıcı nümayəndələrini
qabaqlaya bilən böyük fikir və ideyalar, sağlam düşüncə
və məfkurələr
fenomenidir.
Ç.Aytmatovun yaradıcılığındakı
milli kolorit onun əsas prinsipidir. Məhz milli koloritin müasir baxış bucağından dünyaya
açılması əsasları
ilə Ç.Aytmatov
böyük ədəbiyyatın
etalon yazıçısı miqyasında özünü
ifadə edə bilən bir sənətkar olaraq dünya ədəbiyyatında
mühüm yer tuta bildi. Onun
təfəkkür dairəsi,
düşüncə paradiqması
türk fəlsəfi
kodeksləri qapsamında
milli çalarların sirayət
mexanizminə çoxprinsipli
enerji bloku yerləşdirə bilmişdi.
Həmin enerjinin təsir qüvvəsi
milli, mənəvi və
sakral ülviyyətlə
özünütəsdiq platformasına
qalxdı, həmin platformadan dünya ədəbiyyatı inciləri
sırasına öz ədəbi imzasını
həkk etdi.
Türk
milli kimliyinin yaratdığı
sənət dühasının
qədim dövr bazasından geniş qaynaq alan böyük
türk yazıçısı,
dünya bədii təfəkkür sisteminin
zənginləşməsində özünəməxsus milli rəmzli
naxışları ilə
seçilən və
həmin rəmzləri
dünya sənət aləminin xalısına toxuyan, ədəbi incilərini sanki dünya ədəbiyyat və ümumən sənət qalereyasının
salnaməsinə nəqş
edən Ç.Aytmatov
elə bir mühit, atmosfer yarada bildi ki, istər-istəməz monumental sənətkarlar
sırasında arxayınlaşa
bildi.
Təbii
ki, Ç.Aytmatovun yaşadığı dövrün
zülmət gətirən
ictimai-siyasi mühitinin
qaranlıq bir zamanında onun qədim tarixi köklərə malik milli-mənəvi
dəyərlərindən qopub
gələn impulslar sənətə daha açıq gözlə baxması üçün
ruhunu motivasiya edirdi və milli-mənəvi dəyərlərin
sakrallığı, qorunub
saxlanılması onu daha dərindən düşündürürdü. Ona görə də ədibin bütün əsərləri bir hadisə kimi yaranırdı.
"Əsgər oğlu",
"Oğulla görüş",
"Qəzetçi Dzyuyo",
"Aşim", "Biz irəli
gedirik", "Dəhnəçi",
"Ağ yağış",
"Quraqlıqda", "Qızıl alma", "Baxiana",
"Əbədi gəlin"
və s. hekayələri,
"Üz-üzə", "Cəmilə", "Ana tarla",
"Erkən gələn
durnalar", "Köşək
gözü", "İlk müəllim", "Əlvida,
Gülsarı", "Dəniz
kənarıyla qaçan
alabaş",
"Qırmızı yaylıqlı qovağım
mənim", "Ağ
gəmi" povestləri,
"G?n var ?sr? b?rab?r", "Qiyamət",
"Kassandra damğası", "Əbədi gəlin" romanları, "Fuji - Yama", "Sokratı anma gecəsi" pyesləri dünya ədəbi mühitində işıq
selinə bənzəyir.
Sənətkarın "Manqurt" əsəri milli kimliyini unudanların ölüm hökmünü imzalamaq məqsədinə xidmət
edir. Həm də sosialist rejiminin qaniçən ideologiyasının can verən
bir zamanında, daha doğrusu, ətrafını vurub dağıtmaq havasında
olduğu acıqlı
bir vaxtında,
1990-cı ilin ən kəskin zamanlarında belə bir əsərin
ərsəyə gəlməsi
böyük cəsarət
tələb edən, həm də öz milli kimliyi uğrunda canından keçməyə hazır
olan bir nəhəng mənəviyyat
sahibinin qələm məhsulu idi. Ç.Aytmatov hələ gənclik dövrlərindən, bilə-bilə
ki, belə mövqe təhlükəlidir, bu cür yanaşmalar sovet ideologiyasının dəmir zəncirlərini
kəsməyə qalxış
hökmüdür və
bu hökm onu dar ağacına
apara bilər. O, heç vaxt mövqeyindən kənara
çıxmadı. Məhz
belə cəsarətli
mövqeyi ilə də sovet ədəbiyyatı
nəzəriyyəsi sisteminin
üzərindən iti
sürətlə keçərək
daha yüksək mərhələyə ucaldı
və həmin ucalıqdan onu sala biləcək, ümumiyyətlə ona əli çata biləcək ulu bir qüvvənin görünmədiyi
özünü göstərdi.
Çünki Aytmatov daha ulu miqyas sahibi idi.
"Manqurt" fəlsəfəsi
fonunda öz milli kimliyini itirən şüursuzların ifşasına
xidmət edən bu əsərin ideya-məzmunu, qayəsi təkcə həmin manqurtların qınağına,
tənqidinə istiqamətlənməmişdi,
bu əsərin ideyası həm də milli kimliyin sakral, saf, müqəddəs,
ülvi məziyyətlərinin
tarixi keçmişlərə
söykənən fundamental bünövrəsinə sədaqətliliyin
aşılanması idi.
Doğrudur, sovet ideologiyası başqa millətlərin belə yanaşmalarına kəskin
nəzərlərlə baxırdı,
xüsusən də türk milli məfkurəsini
yaşadan türkdilli
xalqların nümayəndələrinə...
Lakin məhz bu cür kəskin nəzərlər altında
belə mövqe tutmaq, yalnız Aytmatov miqyaslı düşüncə sahibinə
xas xarakter idi. Çünki Çingiz Aytmatov İnsan idi - böyük ideyalar daşıyıcısı olan,
insanlara, cəmiyyətə,
milli keçmişinə, insanlığa
və insanlıq meyarına inanan, ona söykənən və insanlıq missiyası daşıyan İnsan idi. Bu möhtəşəm xarakteri
ilə Çingiz Aytmatov yüksək insanlıq zirvəsinə
yüksəlmişdi və
ucadan boylanmaq iqtidarını yüksək
mənəvi dəyərləri
və böyük zəhməti hesabına qazana bilmişdi. O nəhəng İnsanın
böyük oğlu Eldar Aytmatov deyir ki: "Atam hər zaman insanın insana, insanın təbiətə və insanın öz keçmişinə qarşı
məsuliyyətini önə
çəkirdi. Bu mesajlar,
bu gün yaşadığımız qlobal
böhranlar fonunda daha da əhəmiyyətlidir".
Məhz Ç.Aytmatov
öz soyuna-kökünə,
türkçülüyünə çox həssas hisslərlə və qopmaz tellərlə bağlı idi.
"Nənəmin ziyalı işığından keçdim"
fəlsəfəsi Çingiz
Aytmatovun ideal prinsiplərinin
fenomenal bütövlüyünün,
milli kimliyinə, qan yaddaşına və qədim keçmişə
dayanan ənənələrinə
bağlılığının təzahürüdür. Çünki
sakrallığın yuvası,
onun əsrarəngiz,
ideal işıq seli məhz nənələrimizin,
babalarımızın ruhundan
süzülən zəngin
ziyasındadır. Bu məqamda
ata nənəm Güllər anamı, ana nənəm Lala anamı, Məhəmməd və Cəlil babamı xatırlamaya bilmirəm. Çünki, nədənsə
həmişə mənə
də elə gəlib ki, mən məhz onların işıq selinin tozuyam. Zənnimcə, Aytmatovun "nənəmin
ziyalı işığından
keçdim" məfkurəsi,
ümumən belə bir fikir aşılayır
və təlqin edir ki, ümumiyyətlə
"Baba, Nənə, Ata, Ana" fenomenləri türk mifologiyasının şah
damarında milli mənliyin
əbədiliyini qoruyan
köpükcüklər kimi
daim qalxışdadır
və dövr edir. Onlar bizim
sadəcə dünənimiz
deyil, dünənimizin
gələcəyə yol
açan obrazları,
sökülüb dağılmaz,
möhtəşəm abidələridir!
"Baba, Nənə, Ata, Ana" fenomenləri bizə qan yaddaşımızın
hüceyrələrini ötürən,
ruhumuzun kimlik çərçivələrinə genetik xüsusiyyətlərimizi
toxuyan qüdrətdirlər
və bizə də həmin qüdrətdən aldığımız
güclə, ziyayla sabaha açılan pəncərədə öz
yolumuzu nizamlamağı
və aldıqlarımızı
gələcək nəsillərə
ötürmək kimi
ali missiyanı şərəflə daşımağımızı
təlqin edən Ulu dəyərlərdir. Məhz
Çingiz Aytmatovun öz dövrünün sənət mühitindən
daha yüksək müstəviyə ucalmasının
əsas mahiyyəti də onun bu
cəhətdən fövqəladə
zəngin düşüncə
sahibi olmasıdır.
Çingiz Aytmatov kökünə
o qədər bağlı
idi ki, yaradıcılığında
dünyəviliklə yanaşı,
milli kolorit prinsipi paralellik təşkil edirdi. Daha doğrusu,
dünyəviliyə milli təfəkkürdən
baxır, dünyəviliyi
milli koloritlə rəsm
etdirirdi.
Ona görə də
"Manas" dastanı Çingiz
Aytmatovun qəlb kitabı, ürək eposu idi...
...Yadımdadır, 1997-ci ildə
səhnəsində yaradıcılıq
fəaliyyətimə başladığım
Akademik Milli Dram Teatrında
ədibin M.Şaxanovla
birgə qələmə
aldığı "Sokratı
anma gecəsi" pyesinin məşqlərinə
başlandı. Bütün
kollektivin üzvləri
bu əsərdə oynamaq eşqində idi. Səbirsizliklə rol bölgüsünü
gözləyirdik. Əmrin divara
vurulduğu anda sevinənlərlə məyus olanları
ayırd etmək olmurdu. Hamı çaşqınlıq
içində idi. Sevinənlərlə məyus olanlar
bir-birinə qarışmışdı. Mən sevinənlər
arasında idim. Əsərdə mənə Talap obrazı
verilmişdi. Məşqlərimiz çox intensiv və səmərəli
keçirdi. Mən Talapı sevərək məşq edirdim.
Sanki mən Talapı ərsəyə gətirməkdən
daha çox, Talapın timsalında türk
dünyasının eşqini yaşayırdım. Həm də
adı dillərdə dastan olan Çingiz Aytmatov qəhrəmanının
hisslərini, duyğularını yaşamaqla...
Səbirsizliklə
premyera gününü gözləyirdik. Tamaşanın
premyerası anşlaqla keçdi. Yadımdadır ki, bəzi
tamaşaçılar tamaşanın quruluşundan daha
çox, Çingiz Aytmatov qələminin məhsulunu görmək
eşqi ilə teatra üz tuturdular. Tamaşanın təsiri
ilə milli-ideoloji-türkoloji anlayış bir-birinin
içindən keçən mühüm və maraq
doğuran hadisə kimi yaddaşlara yazılırdı.
Mən
Çingiz Aytmatov haqqında, onun bir insan kimi məziyyətləri
barədə, nə qədər dərin idrak sahibi olmaqla
yanaşı, bir o qədər də sadə insan olduğunu
unudulmaz şairimiz, Ç.Aytmatovun
yaxın dostu, həm də onu illah dərəcədə sevən
mərhum Şahmar Əkbərzadədən dinləmişəm.
Şahmar müəllim özü son dərəcə
maraqlı insan, ədəbiyyat nümayəndəsi,
istedadlı şair idi. Çingiz Aytmatovla dostluğundan,
"İssıkkul" gölünün kənarında
keçirdikləri gözəl günlərdən, onunla həmsöhbət
olmaqdan aldığı ləzzətdən ağızdolusu
danışdığını və mənim də
heyranlıqla dinlədiyimi heç vaxt unuda bilmirəm.
Şahmar müəllimin söhbətləri, ümumiyyətlə
elə poetik təzahürdə idi ki, adama elə gəlirdi,
elə bil poeziya aləminə düşürdün.
Şahmar müəllim danışarkən, sanki Çingiz
Aytmatov haqqında şeir söyləyirdi və Şahmar
Əkbərzadə Çingiz Aytmatovu sakral, müqəddəs
insan kimi xarakterizə edirdi.
Biz öz
gəncliyimizdə Azərbaycandan Çingiz Aytmatova baxarkən
onu təkcə qırğız türkü kimi deyil,
ümumtürk dünyasının fenomeni kimi
görürdük və bu gün də bu belə
görünür, hər zaman da bu görünüş
öz ideal təcəssümünü qoruyub saxlayacaqdır.
Çünki Çingiz Aytmatov miqyası məhz o yüksəklikdən
bərq vurur. Onu qırğızlar öz
yazıçıları, sənətkarları hesab etdikləri
qədər, digər türk xalqları da, hər biri özlərinə
məxsus şəxsiyyət, sənətkar kimi dəyərləndirirlər.
Bu, başqa cür də ola bilməz. Günümüzdəki
aktuallıq təşkil edən milli birlik, soy-kökə
bağlılıqla dönüş prosesi də məhz bu
ideyanın prioritetidir. Ulu öndər Heydər Əliyev:
"Dünya ədəbiyyatı xəzinəsinə görkəmli
əsərlər bəxş edən Çingiz Aytmatov həm
Qırğızıstanın, həm də bütün
türk dünyasının fəxridir", - deyə, bu fikirlərin
həqiqətini isbatlamışdır.
Bu fikrin
isbatı başqa bir faktla daha dərin məzmun alır. Belə
ki, Müstəqil Azərbaycan Respublikası tərəfindən
ilk dəfə təsis olunan "Dostluq" ordeninin ilk
nümunəsi ilə Çingiz Aytmatov Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmana
əsasən 2008-ci ildə təltif olundu və daha sonra
Bakının ən mötəbər yerlərindən birində
böyük sevgi ilə görkəmli sənətkarın
abidəsi ucaldıldı.
TÜRKSOY-un
sabiq baş katibi Dyüsen Kaseinov belə demişdi:
"Türk dünyası - hər şeydən əvvəl mənəvi
dünyadır! Bu postulatı böyük qırğız
yazıçısı Çingiz Aytmatov öz əsərləri
ilə təsdiq etdi". Biz isə belə fikirdəyik ki,
Türk təfəkküründə Sakrallıq insan
dünyasının ən müqəddəs məqamı, saf
və ülviyyət fenomenidir. Mifologi aləmdə də
sakrallıq xüsusi mərhələdir.
Eposlarımızın, əsatirlərimizin, nağıl,
dastan qəhrəmanlarımızın bütün
üstün keyfiyyətləri onun sakral aləmə
bağlılığını işarələyir. Bizim
düşüncəmizə, təfəkkür
dünyamıza görə, məhz Çingiz Aytmatov da sakral
İnsandır! Eynən: Manas, Alpamış, Dədə
Qorqud, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd
Füzuli, Şəms Təbrizi, Mövlana Cəlaləddin
Rumi, Əlişir Nəvai, Məhtimqulu Fəraqi, Abay Kunanbayev
və sairləri kimi...
İFTİXAR
Ədəbiyyat
qəzeti.- 2025.- 11 oktyabr, ¹37.- S.22-23.