Şeir həyat kimidir, fəqət sonsuzdur...
Lulzim Tafa ilə müsahibə
Tanrını böyük Şair, göz yaşını rəngsiz qan kimi görən şair Lulzim Tafa 2 fevral 1970-ci ildə
Kosovonun Lipjan şəhərində anadan olub. O, təhsilini Priştina
Universitetinin Hüquq fakültəsində alıb,
magistratura və doktorluq dərəcəsini
isə Sarayevo Universitetinin Hüquq fakültəsində tamamlayıb.
Hüquq elmləri üzrə doktor olan Tafa uzun
illər kriminologiya, insan hüquqları və ədəbiyyat arasında körpü rolunu oynayan bir şəxsiyyət kimi tanınıb.
O,
2012-2020-ci illərdə Balkanların
ən böyük özəl universitetlərindən
biri olan AAB Universitetinin rektoru olub. Eləcə də, Kosovoda British School
of Kosova və televiziya kanalı ATV-nin təsisçilərindəndir.
Lulzim Tafa həm hüquq sahəsində, həm də ədəbiyyat aləmində geniş nüfuza malikdir. Onun poeziyası iyirmidən çox dilə tərcümə olunub, kitabları müxtəlif ölkələrdə
çap edilib.
Lulzim Tafanın bütün
titullarının arxasında
duran əsas şəxsiyyət, insana inanan şairdir. Onun yaradıcılığı
Balkanların ağrı
tarixindən, müharibədən
keçib. Bu səbəbdən,
2022-ci ildə Bakıda
çap olunmuş
"Ağrının xəritəsi"
kitabı azərbaycanlı
oxuculara təqdim olunanda, o ağrı həm tarixi yaddaşımıza, həm
də ruhumuza toxundu.
Lulzim Tafa haqqında düşünəndə ilk yaranan
təəssürat belə
olur ki, hüququn sərt məntiqindən doğan poeziya, insan hüquqlarının
mübarizə meydanlarından
gələn söz necə olur ki, sevgi, ağrı və ümidlərlə dolu misralara çevrilir?
Ədəbiyyat onun üçün sadəcə
estetika deyil, həm də sosial məsuliyyətdir. Poeziya vasitəsilə o, hüququn qorumaq istədiyi dəyərləri,
yəni insan azadlığını, həyatın
müqəddəsliyini, ədalətin
vacibliyini estetik bir dilə çevirir.
Azərbaycan dilinə çevrilmiş
"Ağrının xəritəsi"
kitabı bizə sadəcə Balkan şairini
tanıtmır, eyni zamanda bir sual
qoyur: şeir yalnız bir millətin, yoxsa bütün insanlığın
ağrısını ifadə
edir?
"Oxucu-yazıçı" layihəm
çərçivəsində korrektoru olduğum kitabın müəlllifindən
müsahibə almaqdan
və sizlərlə paylaşmaqdan qürur duyuram.
- Hörmətli Lulzim Tafa, sizin üçün
Tanrı kimdir?
- Tanrı böyük bir Şairdir. Bu gün şairlərin yazdığı bütün
misralar, sanki O yazmış kimi görünür. O, mövcud
ola biləcək ən
poetik varlıqdır.
O, ən böyük xəyalpərəstdir. Yuxularımızda
bizə baxandır. Ümumiyyətlə, bəlkə
də biz mövcud deyilik, bəlkə də bizə elə gəlir ki, varıq. Bəlkə də!
- Sizcə, şeir hansı genişlikdədir?
- Şeir həyat kimidir. Həyata şeir qədər heç bir şey bənzəmir. Şeir həyatın etdiyi hər şeyi ehtiva edir: sevgi, sevinc,
nifrət, kədər,
iztirab. Yalnız bir şey çatışmır:
Sonluq. Çünki həyatın sonu var, amma poeziyanın yoxdur. Onun böyüklüyü
Yer kürəsinə
bənzəyir. Okeanları,
dənizləri, dağları,
bataqlıqları və
dərələri var. Poeziya
Yer qədər genişdir, hətta daha böyükdür.
- Bir insanın taleyində ən çox kimin göz yaşlarının ağırlığı
qana dönür?
- Göz yaşları sadəcə gözlərdən
axan su deyil,
onlar deyilməmiş sözlərdir. Göz yaşları səssiz danışır, onlar kar və lal
natiqlərdir. Bəzən
elə göz yaşları var ki, susur, amma dünyanı alt-üst edir. Ancaq göz yaşları gözlərdə
yaranmır, onlar ruhun daha dərinliklərindən
gəlir. Dərinlikdən
gələn bütün
göz yaşları qana çevrilir, lakin gözlərdən keçərkən rəngini
itirir və şəffaf olur. Deməli, göz yaşları rəngi olmayan qandır. Daha dəqiq desək, dərinlikdən
gələn bütün
göz yaşları qana çevrilir, amma rəngsiz, yaxud bizim görə
bilmədiyimiz bir rəngdə.
- Bu gün təkcə Kosovoda deyil, bütün dünyada çörək, benzin,
un bahalaşır, niyə
yalnız insanın qiyməti düşür?
- Bilirəm, siz mənim ölkəmdə
müharibə zamanı
yazdığım bir
şeirə işarə
edirsiniz, o vaxt çörək, yağ və un qıtlaşmışdı,
amma həyatın qiyməti ucuzlaşmış,
ölüm isə çoxalmışdı. Lakin bolqar
şairi Blaga Dimitrova belə
deyir: "Əgər
insan damarlarından qan əvəzinə neft axsaydı, onda dünya heç vaxt müharibəyə yol verməzdi".
- Əgər bir sənət sərgisi təşkil etsəydiniz,
hansı arzunuzu həmin sərgiyə qoymaq istəyərdiniz?
- Bəli, bir şeirdə belə bir fikrim var idi: incəsənət qalereyasında "Arzular sərgisi" açardım
və orada istisnasız olaraq bütün arzularımı
sərgiləyərdim.
- Ağrının xəritəsi
hara qədərdir?
- Ağrının xəritəsi
görünməzdir, bəlkə
də mövcud olan ən böyük
xəritədir. O, ruhu
əhatə edəndə
görünməz olur.
- Sizcə, tənhalıq
hansı rəngdədir?
- Əgər tənhalığın
bir rəngi olsaydı, sadəcə bir rəng kimi
deyil, işıqla qaranlığın arasındakı
bir hal kimi,
o boz olardı.
- Niyə boz?!
- Çünki boz solğun bir rəngdir, nə ağ, nə qara, nə ümid
dolu, nə də dərin ümidsizlikdir. Elə tənhalıq da belədir,
hər zaman saf iztirab deyil, çox vaxt düşüncələrlə dolu incə bir haldır.
Tənhalığı güzgü kimi də görmək
olar, insanın qarşısında özündən
başqa heç bir şeyin olmadığı bir yerdir. Tənhalığın
rəngi cəza deyil, düşünmək
üçün bir məkan, kimisə ya özünü kəşf etməyə, ya da düşüncələrin
labirintində itməyə
aparan şübhəli
bir sakitlikdir.
- Palıd ağacı sizin üçün nə qədər xüsusidir?
- Şeirlərimin birində
demişdim ki, "Palıdlar
ayaq üstə yatır" və bu məni kədərləndirir,
çünki bütün
ömürləri boyunca
palıdlar başqa ağaclardan fərqlidir, böyüməyə tələsmir,
yavaş-yavaş böyüyür,
ayaq üstə yatırlar. Balta təhlükəsi
altında böyüyürlər,
sonda isə atəş onları yandırır. Mən onları bədbəxt hesab edirəm. Bir dəfə bir şeirimdə hətta onlar üçün ağlamışam.
- Sizcə, insanlar gözlərini kimdən alsaydı, Günəşi
daha gözəl görərdi?
- Günəş Ay kimi deyil. İstənilən gözəl göz Ayı görə bilər, amma Günəşi yox. Günəşi görmək
üçün Yupiterin
doxsan beş peykindən birinin gözlərini götürmək
lazımdır. Yupiterin
peyklərinin gözləri
daha yumşaqdır. Onlar alovlu olan
Veneranın gözlərinə
bənzəmirlər, günəşə
baxsalar, onu yandırırlar.
- Doğrudanmı, yağışlar
Tanrıların göz
yaşlarıdır?
- Bəli, həm yumşaq, adi yağışlar, həm
də fırtına və daşqın gətirən yağışlar
hamısı Tanrıların
göz yaşlarıdır.
Tanrıların daşıdığı
hisslərdən asılıdır.
Şairlər filosoflar
kimi deyillər. Şairlər inanırlar
ki, Tanrı həm sevir, həm də əzab çəkir.
- Tanrılar qəzəblənəndə
şairlər doğulur?
- Bəli, tanrılar qəzəblənəndə şairlər
doğulur, bunu bir şeirimdə demişəm. Əvvəlcə
qışqırırlar, tanrılarına
qarşı qalxırlar.
Mən inanıram ki, şairlər hər hansı bir şeyin, ya da hər şeyin reaksiyası olaraq doğulur.
- Əgər sevgi havaya metastaz versəydi, dünya necə olardı?
- Bu sual insanların ən böyük arzularından birinə toxunur. Biz artıq sevgi uğrunda mübarizə aparmayacağıq.
Amma bir təhlükə
də var: sevgi öz qiymətini itirə bilər, çünki sevgi çətindir və fədakarlıq tələb
edir. İnsanlar mübarizə aparmadıqları
bir şeyi dəyərləndirməzlər.
Mən Mövlananı gənc yaşlarımdan oxumuşam
və o deyirdi ki, əgər biz hər nəfəsə aşiq olsaq, dünya ümumbəşəri mənəvi
orqanizmə çevrilər.
Ancaq gözəl tərəfi odur ki, artıq "mən" və ya "sən" yox, yalnız "biz" olacaq.
Cavabımın paradoksal
görünə biləcəyini
bilirəm, amma ədəbiyyatda, xüsusən
də şeirdə belə şeylərə icazə verilir.
Lulzim Tafa
Söhbətləşdi: İlahə
ÜMİDLİ
Müsahibə ingilis dilindən Könül Məmmədova tərəfindən
tərcümə edilib.
Ədəbiyyat
qəzeti.- 2025.- 11 oktyabr, №37.- S.27.