Türkiyədə Anar günləri...
Bu
günlərdə, 14-17 oktyabr tarixlərində qardaş
Türkiyənin iki şəhərində, Ankara və
Əskişəhərdə - Qazi Universiteti və Anadolu Universitetlərində
görkəmli Azərbaycan yazıçısı Anara həsr
olunmuş silsilə tədbirlər keçirilib. "Azərbaycan
ədəbiyyatının zirvəsi - Anar" adlı silsilə
görüşlər Ankaranın Qazi Universitetində
başlayıb. Universitetin tələbə, müəllim heyətinin,
ədəbiyyat alimlərinin qatıldığı tədbiri
giriş sözü ilə açan rektor, professor Uğur
Ünal bu görüşün rəhbərlik etdiyi elm və
tədris ocağı üçün əhəmiyyətini
vurğulayıb:
"Azərbaycan ədəbiyyatının
zirvəsi, böyük
yazıçı Anarla görüşü aylardır ki,
planlayır, gözləyirdik. Bu gün həm müəllim
heyəti, həm də tələbələrimiz
üçün çox əlamətdardır. Təkcə
qardaş Azərbaycan və Türkiyədə deyil,
bütün türk dünyasında ortaq dəyər
sayılan görkəmli yazıçının bu gün
bizlərə şərəf verməsi hamımızı
sevindirir. Bu gün tələbələrimizin əlində
Anar ustadımızın kitablarını görə bilərsiniz.
Onlar bu görüşə yazıçının əsərlərini
oxuyaraq, onun sözüylə tanış olaraq
hazırlaşıblar".
Daha sonra Qazi Universiteti
TÖMER (Türkiyə Öyrətim Mərkəzi) müdiri,
professor Nəzir Temur da yazıçı ilə bu
görüşü tarixi hadisə kimi dəyərləndirib:
"Çağdaş zamanda türk dünyasının mədəni
birliyi mövzusu daha da aktuallaşır. Biz hesab edirik ki, belə
görüşlər, tədbirlər ortaq dəyərlərimizi
gənclərimizə anlatmaq, tanıtmaq üçün
çox vacibdir".
Rəsmi
salamlama və çıxışlardan sonra Universitetin əməkdaşı,
professor Mustafa Kurtun moderatorluğu ilə konfransda
yazıçının həyat və yaradıcılıq
yoluna dair məruzələr dinlənilib. Konfrans məruzəçiləri
- "Türk ədəbiyyatı" dərgisinin baş
redaktoru, yazıçı-tərcüməçi İmdat
Avşar, Ədəbiyyat qəzetinin baş redaktoru Azər
Turan, "Qobustan" dərgisinin baş redaktoru Pərvin Nurəliyeva
Anarın yaradıcılığında əbədi, ədəbi
dəyərlərdən bəhs ediblər.
Yazıçının tədqiqatçısı
Pərvin Nurəliyeva
məruzəsində Anarın türk dünyasına
böyük sevgisini, sədaqətini, sayğısını
təkcə tale işi deyil, həm də ailəsindən gələn
ideya hesab etdiyini dilə gətirib:
"Yazıçının ilk əsərlərinə nəzər
salanda belə, onun özünə, ailəsindən gələn
böyük dəyərlərə münasibətini
görürük. İlk hekayələrindən olan
"İki dəniz"dən üzü bəri, demək
olar ki, bütün əsərlərində bu böyük
yolun addımlarını aydın hiss etmək
mümkündür. Hələ sovet dövründə
"Kitabi-Dədə Qorqud" dastanı əsasında film
ssenarisi yazan Anar müstəqillik illərində "Ağ
qoç, qara qoç" romanı ilə türkün əbədi
dəyərlərinə diqqət çəkir. Min səhifəlik
"Yaşamaq haqqı" traktatı isə xalqın milli
kimliyini anlatmaq yolunda misilsiz bir məxəzdir".
"Ədəbiyyat qəzeti"nin
baş redaktoru Azər
Turan da "Anardan görünən Azərbaycan" adlı məruzəsi
ilə yazıçının türkçülük məfkurəsinə
verdiyi töhfələrdən söz açıb: "Utopik
və antiutopik "Ağ qoç, qara qoç" povestində
dörd Bakı vardır. Anar fars təmayüllü
Behişti-Badi Kubənin timsalında məzhəb
boğanağına giriftar olmuş Bakıdan imtina edir. O,
Maratın timsalında türk varlığını
"yaxıb kül edən" bolşevik-rus
Bakısından - Bakı kommunasından da imtina edir. Baku Sitin
timsalında geylərin seksual seyrəngahına
çevrilmiş ingilis Bakısından imtina edir. Bütün
bunlara rəğmən, Anar türk Bakısını təklif
edir. Böyük Turanın mənəvi mədəniyyət mərkəzi
olaraq Bakının baş planını təqdim edir. Onun
fikrincə, Birləşmiş Azərbaycan
Respublikasının Bakı şəhəri türk tarixinin xülasəsi şəklində
qurula bilərdi. Burada Mahmud Kaşğari Türk
Dünyası Araşdırmalar Mərkəzi, Dinlər
meydanında "Əhməd Yəsəvi məscidi, onun
yanında xristian qaqauzlar üçün tikdirilmiş
kiçik kilsə - sovmiyyə... yəhudi Qəraimlərin
sinaqoqu... Budda məbədi və Yakutların şaman
otağı yerləşir..." Manas idman kompleksi də,
iyirmi müstəqil və muxtar türk respublikasının səfirlikləri
də, Turan oteli, Ərgənəkon sarayı da, Türk
muzeyi, Ziya Gökalp ocağı, Sultanqaliyev klubu da
buradadır. Üç Orxon kitabəsinin on dəfə
böyüdülmüş daş kopiyaları da
Bakıdakı meydanlardan birindədir. Anara görə,
bütün bunlar Birləşmiş Azərbaycanda
harmoniyanın, ahəngin davamlılığı və əbədi
olması üçün ən tutarlı ideyadır".
"Türk ədəbiyyatı"
dərgisinin baş
redaktoru, yazıçı-tərcüməçi İmdat
Avşar yazıçının son illərdə
yazdığı əsərlərə diqqət çəkib:
"Ustadımız Anarın hələlik ən son qələmə
aldığı "Qatardan qalan adam" hekayəsi onun
zamanı necə hiss etməsi və bütün zəmanələrdə
insanı həssaslıqla duymasını göstərir. Maddi
cəhətdən çox zəngin, hər cür
imkanları və əlaqələri olan qəhrəman bir
anda heçliyə yuvarlanır. Bu, təkcə həyatın
faniliyini göstərmək üçün deyil, həm də
müasir dünyanın - texnika əsrinin insan faktorunu
heçə endirdiyini göstərmək
üçündür. Bir anda siqaret almağa enən və
qatarı qaçıran insan mobil telefonu, kredit kartları
qatarda qaldığı üçün bütün
milyonlarına, imkanlarına baxmayaraq heç kimə
çevrilir... Anarın yaradıcılığı boyu
yaşadığı zamanı necə hiss etməsini və hətta
onu ötüb keçməsini hiss edə bilərik. Bu hekayədə
dediyim ideyanın bariz nümunəsidir".
Panelin moderatoru, professor Mustafa Kurt məruzələri
şərh edərək çıxışçılara təşəkkürünü
bildirib, yazıçının Türkiyədə
şöhrət tapmış ayrı-ayrı əsərləri
haqqında fikirlərini bölüşüb. Panel ədəbi
müzakirələr, polemikalarla davam edib.
Tədbirin sonunda yazıçı
təşkilatçılara və
çıxış edənlərə öz təşəkkürlərini
bildirib: "Türkiyəyə hər gəlişim mənim
üçün bayramdır. Amma belə ortamlarda olmaq və
gördüyüm işlərə verilən dəyəri
görmək məni riqqətləndirir. Mən yalnız təşəkkür
edə bilərəm və burda çıxışları
dinlədikcə onu da düşündüm ki, nə qədər
təvazökarlıqdan uzaq olsa da, bir etirafı etməliyəm.
Dünyada bir çox yazıçılar var ki, öz
xalqını başqa millətlərə tanıdıb. Mən
onlara böyük sayğı ilə yanaşıram və
gördükləri işin misilsiz olduğunu bilirəm. Amma mənim
ömrüm boyu məqsədim xalqımın
özünü-özünə tanıtmaq olub. Bu gün sizlərin
sayəsində bunu bir daha anladım".
Sonda
Qazi Universitetinin təşəkkür
bəlgələri və milli suvenirlər
iştirakçılara təqdim olunub. Yazıçı gənclər
üçün kitablarını imzalayıb, xatirə şəkilləri
çəkdirib.
Daha sonra, Türkiyənin Avrasiya Yazarlar Birliyində yazıçı
Anarla görüş keçirilib. Avrasiya Yazarlar Birliyinin rəhbəri
Ufuk Tuzman yazıçının Bengü yayınlarından
çıxan kitabları və burada keçirilən
görüşlərini yada salıb. Şair Əli
Akbaşın, tənqidçi Osman Çeviksoyun iştirak
etdiyi görüşdə Anara Birliyin idarə heyətinin qərarı
ilə "Türk dünyasına xidmət" medalı təqdim
edilib. Bu yüksək dəyər üçün təşəkkürlərini
bildirən yazıçı Anar Avrasiya Yazarlar Birliyinin
ümumtürk ədəbiyyatlarının
tanıdılması üçün gördüyü
işləri yüksək qiymətləndirdiyini, Azərbaycanda
mərhum Yaqub Öməroğlunun hər zaman sayğı ilə
anıldığını dilə gətirib.
Növbəti gün, oktyabrın
16-da Əskişəhər Anadolu Universiteti Filologiya fakültəsində
yazıçı ilə görüş keçirilib. Tədbiri
giriş sözü ilə açan Filologiya fakültəsinin
dekanı, professor Fuad Güllüpınar qonaqları
salamlayıb: "Türk dünyasının çeşidli
bölgələrində tanınan, sevilən və əsərləri
əl-əl gəzən böyük Ustadımız Anarı
universitetimizdə görməkdən məmnunuq.
Yazdığı böyük əsərləri və
mücadiləsi ilə türk mədəniyyətinə
verdiyi töhfələri saymaqla bitirmək olmaz. Nəsil-nəsil
oxucuların, yeni gələn nəsillərin Anardan öyrənə
biləcəyi məsələlər
saysız-hesabsızdır. Bugünkü tədbirimizdə tələbələrimizə
də söz verəcəyik, onlar yazıçının əsərlərini
oxuyublar, fikirlərini bölüşmək istəyirlər.
Ona görə mən çox danışıb zaman almaq istəmirəm.
Amma sevimli yazıçım haqqında saatlarla
danışsam, yenə azdır".
"Ədəbiyyat qəzeti"nin
baş redaktoru Azər
Turan Anarın təkcə bədii
yaradıcılığı ilə deyil, həm esseləri və
publisistikası ilə ümumtürk mədəniyyətini təbliğ
etdiyini dilə gətirib: "Anar ikicildlik "Min beş
yüz ilin oğuz şeiri antologiyası"nı
yaradıb. "Şeir də
tarixdir... yaddaşlarda "poetik əksini tapmış bir
tarix yazısıdır. Ümumi şeir tariximizi təkqanadlı,
təkqollu göstərmək onu şikəst şəkildə
təqdim etməkdir", deyən Anarın bu kitabı Azərbaycanda
min beş yüz ilin oğuz şeiri barədə -
Orxon-Yenisey yazılarından, Dədə Qorquddan üzü bəri
- Qaqauzdan Altaylara, Təbrizdən Axıska türklərinə,
Qüzey Kıbrısdan Balkanlardakı türk yurdlarına qədər,
Kərkükdən İstanbulacan poetik düşüncəmizin
nəsil ağacını - şəcərəsini tərtib
edib, əqrəba şeirimizin ulularını və vərəsələrini
Oğuz ocağının başına toplayıb. Və bunu,
nə yaxşı ki, ənənəvi şeir antologiyası
yaratmaq üçün deyil, ortaq türk mədəniyyətinin
elə ortaq, vahid varlığını ifadə etmək,
xatırlatmaq üçün gerçəkləşdirib. Elə
buradaca, türk ədəbiyyat professorlarının iştirak
etdiyi bu tədbirdə cəsarətlə söyləmək
istəyirəm ki, Türkiyədə bunun analojisi olan kitab hələ
yaradılmayıb və mən çox istərdim ki, o
ikicildlik çox qapsamlı kitab başqa türk dövlətlərində
də nəşr olunsun".
"Qobustan" dərgisinin baş redaktoru Pərvin
Nurəliyeva çıxışını tələbələrə
ünvanladığı sualla başlayıb: "Əziz
dostlar, mən Azərbaycanda universitet müəllimiyəm, bu
gün burada gəncləri görüb istəkli tələbələrimi
xatırladım. Ona görə çıxışıma da
onlara müraciətlə başlayıb soruşmaq istəyirəm:
Siz yasaq eşq nədir, bilirsinizmi?"
Gənclərin alqışlarla cavablandırdığı
sualdan sonra Pərvin Anarın sovet
dövrünə təsadüf edən uşaqlıq və gənclik
illərinin "Yasaq eşq"i Türkiyə olduğunu
söyləyib: "Bir uşaq düşünün, anası
laylalar əvəzinə ona türk şeirləri oxuyur,
atasının gizli-gizli türk radiosunu dinlədiyini
görür, ailə üzvlərinin - dayısının,
onun ailəsinin Türkiyədə
yaşadığını bilir. Anasının qəmli
şeirlərindən bu həsrəti duyur. Heç
şübhəsiz, Türkiyə sevgisi onun ailəsindən gələn
ənənədir. Amma sovet dövründə yasaq olan bu sevda
müstəqillik illərində də azalmadı, əksinə,
artdı və yazıçının müxtəlif əsərləri,
fəaliyyətləri vasitəsilə yeni-yeni ifadə
formalarını tapdı".
Daha sonra, "Türk ədəbiyyatı" dərgisinin baş
redaktoru İmdat Avşar və dərginin işlər
müdiri, tərcüməçi Səadət Örməçi
yazıçını müsahibəyə dəvət ediblər.
Tələbələrin və tədbir
iştirakçılarının qatıldığı
söhbətdə yazıçı ona ünvanlanan müxtəlif
sualları cavablandırıb. Müsahibədən öncə,
həm İmdat Avşar, həm də Səadət Örməçi
belə görüşlərin tarixi əhəmiyyətini
vurğulayıblar.
Səadət Örməçi - hələ
sovet dövründən ailənizin türk ədəbiyyatına
münasibətini necə görürdünüz? - sualı
ilə yazıçını uşaqlığına, gənclik
illərini yada salmağa dəvət edib.
"Mənim valideynlərim - Rəsul Rza və Nigar xanım Rəfibəyli
təhsil alanda türk ədəbiyyatı, xüsusən,
şeiri orta məktəblərdə tədris olunurdu. Ona
görə də onlar türk şeirini əzbər bilirdilər.
Uşaqlığımdan Əhməd Haşımı, Tofiq
Fikrəti eşidirdim anamın dilindən. Sonrakı illərdə
isə bizim Türk sevgimizin ən böyük simvolu Nazim Hikmət
oldu. Dəfələrlə evimizdə olurdu, ailəmizlə
dostluq edirdi. Və mən bunu yazmışam ki, Nazim Hikmət
o zamanlarda bizim gözümüzdə bir kommunist deyildi,
türk dilinin, ədəbiyyatının, mədəniyyətinin
ən gözəl nümayəndəsi idi..."
İmdat
Avşarın Anarın
90-cı illərdə Türkiyədə
çalışması ilə bağlı sualına
yazıçı kövrək cavab verib: "Bilirsiz, o
çox çətin bir dönəm idi. Azərbaycan
böyük itkilərlə üz-üzə idi. Mən burada
Memar Sinan Universitetində çalışdım və həmin
dövrü "Otel otağı" əsərimdə
yazmışam. Ümumiyyətlə, o çətin 90-cı
illərdə xalqımın keçdiyi günlər hər
birimiz üçün kədərlidir. Amma Türk şahinlərinin
Bakı səmasında dövrə vurmasını heç
unutmuram. Onda başa düşdüm ki, biz tək deyilik. Və
zamanla bu böyük mənəvi birliyimizlə dərdlərimizi
də həll etdik, torpaqlarımızı da qaytardıq".
Tədbir
Anarın əsərlərini
oxuyan tələbələrin sualları,
fikirləri ilə davam edib. Sonda yazıçı gənclər
üçün kitab imzalayıb, xatirə şəkilləri
çəkdirib. Həmçinin fakültə rəhbərliyi
Türk bayrağı əks olunmuş milli suveniri
yazıçıya təqdim edib.
Pərvin
Ədəbiyyat
qəzeti.- 2025.- 24 oktyabr, №38-39.- S.4-5.