Püstə ağacı
Hekayə
Bunda çətin nə varmış axı?! Bax, bu maşa
ilə qırmızı
alovda cızıldayan
arı gövdəsini
xatırladan yandırıcı
bombanı götürüb,
elə burada, yəni damda hazır duran su çəlləyinə
salır və az sonra çəlləkdən
buxarın necə yüksəldiyinə baxırsan.
Həm də bu işi həyəcan
siqnalları, zenit qurğularının atəşləri
və projektorların
səmada ora-bura uçuşan işıq
zolaqları da müşayiət
eləməlidir. Eh!..
Amma müharibə vaxtı
Bakıya bombalar yağmadı. Bircə dənə də. Bizdən başqa, yəni məhəlləmizin
uşaqlarını çıxmaq
şərtiylə, deyəsən,
şəhərdə heç
kəs buna görə
təəssüf hissi
keçirmədi. Çünki
o vaxt yandırıcı
olmasın ey, hətta adi bombanı da suya gömmək arzusuyla yaşayırdıq biz. O xəyallarımızın
hamısı puça
çıxdı. Gecədən
keçənə qədər
damda durub, növbəti hava hücumunu gözləməmiz
hədər getdi. Nəinki maşalar, hətta qarmaqlar ilə baltalar da lövhədə boşu-boşuna
asılıb, qaldı.
Divara bərkidilən
təlimat lövhəsində
hücum vaxtı necə davranmaq lazım gəldiyi ətraflı yazılmışdı.
Biz də o mətni artıq əzbərləmişdik.
Amma əbəs yerə!
Bütün müharibə
ərzində o qoruyucu
vasitələr həmin
lövhədə eləcə
asılı durdu. Boşuna. Sanki upravdom (evlər müdiri) də, sırf məzə olsun deyə, ayda bir kərə gəlib, çəlləyin
suyunu təzələyib
gedirdi. Çəlləkdəki
suyun rəngi tünd yaşıla, hətta qaramtıla çalırdı və evlər müdiri elə hey bizi inandırırdı ki, guya
suda çömçəquyruqları
əmələ gələcək.
Amma sonradan bu söhbət də yalan çıxdı. Görünür, onlar da əmin idi ki, gec-tez çəlləyin
suyu dəyişdiriləndə
işləri fırıq
olacaq.
Ümumiyyətlə götürəndə,
upravdom yaxşı adam idi. Heç
bir işimizə qarışmazdı. Hətta
həyətdə ordu
qərargahı tikdiyimiz
zaman da gəlib, onun yan-yörəsində fırlanmış,
ayağı ilə divarların möhkəmliyini
yoxlayandan sonra xahiş eləmişdi ki,
heç bir halda bu tikilinin
üstünü damla
örtmək niyyətinə
düşməyək, çünki
o dam çökərsə, həm aramızdan kimlərsə zərər
çəkər, həm
də buna icazə verdiyi üçün onun, yəni evlər müdirinin başı ağrıyar.
Biz də dam vurmaq fikrindən daşındıq.
Heç ona sən deyən bir ehtiyacımız da yox idi. Axı
sırf hərbi müşavirələr keçirəndən-keçirənə
biz o qərargahda toplaşır,
silahlarımızı isə
zirzəmidə saxlayırdıq.
Silahlarımız da cürbəcür idi. Qılıncları özümüz düzəltmişdik:
çəlləyin tənəkə
qurşağını açıb,
dümdüz şəklə
salandan sonra kəski ilə kəsmiş, dəstək
qisminə də əski parçası sarımaqla, kefin istəyən qılınc
hazırlamışdıq. Qılınclardan başqa,
qundaqsız tüfənglərimiz,
güllə barabanı
olmayan bir cüt tapançamız və alman istehsalı dəbilqələrimiz vardı.
Bunların hamısını
Salyan kazarmasının
böyründəki zibillikdən
yığmışdıq. Oradakı çəmənlikdə
hər cür silah növləri, zenit toplarının lülələri, qumbara ucluqları təpə şəklində qalaqlanmışdı.
Tırtılsız tanklardan
əlavə, xaç
nişanlı iki təyyarə də vardı orada. Eşitdiyimizə görə,
orada ərinmədən
eşələnən birisi
nəinki sipərli pulemyot, hətta tank əleyhinə mina da tapa bilərmiş.
Amma nə qədər
axtarsaq da, biz nə
mina tapmışdıq, nə
də pulemyot. Hərçənd bir xeyli patron yığmışdıq,
bir o qədər də fitilsiz qumbara. İçinə
patron yığdığımız boş konserv qutularını zirzəmidə
qaladığımız tonqalın
üstünə düzəndən
sonra adətimiz üzrə çıxıb
həyətdə gözləyirdik
ki, görək, içəridə
hansı mərəkə
qopacaq.
Hər səfər nəticə eyni olurdu: qutulara
yığılan patronlar
partladıqca, zirzəmidə
qorxunc atışma effekti yaranırdı. Təlaşa qapılan qonşular qapıdan boylanır, ancaq nə baş verdiyini anlamaqda acizlik çəkirdilər.
Biz də, təbii ki,
özümüzü heç
o yerə qoymurduq. Bir müddət sonra Suri xala bir şayiə
yaydı ki, bəs zirzəmidə hansısa möhtəkirlər məskunlaşıb
və gecələr bir-birlərinə güllə
yağdırırlar. Hətta
qonşulardan bəziləri
onun dediklərinə inanmağa da başlamışdı.
Ancaq bir gün yenə
zirzəmidə partapart
başlananda, qaçaraq
ora gələn patrul dəstəsi şübhələndiyi üçün
bizi qovarağa saldı. Patronları məhz bizim partlatdığımızı o vaxt patrulların necə fəhm etdiyini, düzü, mən hələ də anlamış deyiləm. Axı bu, əsl foksu
xatırladırdı! Təbii
ki, bizi yaxalaya bilmədilər, ancaq oxuduğumuz məktəbə
xəbər verəcəkləriylə
hədələdilər. O gündən etibarən
patron partlatmağı tərgitdik.
"Dava-dava" oynamağımızdan
isə əl çəkmədik.
Yaşadığımız bina öz əzəmətiylə
göz-könül oxşayırdı.
Bu ikimərtəbəli binanın
üst qatı boyu sıra ilə balkonlar uzanırdı. Həyətdə
isə iri bir püstə ağacı yüksəlirdi:
çətiri necə
geniş idisə, yayda ikinci mərtəbə
həmişə kölgədə
qalırdı. Hər
barədə əlverişli
ağac idi. "Kəşfiyyatçı" oyunu
zamanı biz onun qol-budağının arasında
gizlənirdik və elədə kiminsə bizi tapması mümkün görünmürdü.
Bakının heç
bir həyətində
onun qədər iri ikinci püstə
ağacı tapmazdın.
Payızda ağac bar verəndə yığdığımız
püstələri biz bütün
qonşular arasında
bərabər şəkildə
bölürdük. Toplanan
barı qərargaha daşıdığımız vaxt orada iri
bir təpəcik yaranırdı. Sonra hər
mənzilə düşən
payı ayrıca iri bir külaha
yığmaqla, qapı-qapı
düşüb, qonşulara
paylayırdıq. Hamıdan
da təşəkkür sözü
eşidirdik.
Belə
götürəndə, biz əlimizə keçən
hər şeyi qərargaha daşıyırdıq.
Məktəbdə səhər
yeməyində bizə,
ya vermişel kətəsi, ya da piroq verirdilər: günaşırı bunları
bir-biriylə əvəzləsələr
də, süfrəmizdən
kisel heç əskik olmurdu. Təbii ki, kiseli məktəbdə içirdik,
kətə ilə piroqu isə qərargaha gətirir, hamılıqla oradaca səhər yeməyi yeyirdik. Anamın dediyinə görə, o piroqlarla qarın doymazdı, çünki tərkibinə nişasta məhlulu qatılırdı.
Ola bilsin ey, onlara nişasta məhlulu qatılırdı,
ancaq istənilən halda biz onların dadından doymurduq!
Bütün işlərimizi qərargahda
həll edirdik. Birimizin əlinə pul düşən kimi gedib, o Bazar küçəsindəki mağazadan
poqon və ulduzlar alırdıq. Göstərilən hər
hünərə görə
bir-birimizi növbəti
ulduzla təltif etdiyimizdən qısa müddətdən sonra həyətimizdə bir dənə də sıravi əsgər qalmadı, hamımız, ya polkovnikə, ya generala, ya
da marşala çevrildik.
Qızlardan ikisi, Həmidə ilə Tosya isə, şəfqət bacısı
kimi general rütbəsinə
layiq görüldü.
Qızların general ola bilməyəcəyi
hamımıza yaxşı
bəlli idi, ancaq hər döyüşdən sonra
alınan yaralara mütləq sarğı qoymaq lazım gəlirdi, qızlar isə bu işi
təmənnasız görməkdən
boyun qaçırırdılar.
Adətən biz eyni küçəyə
çıxan iki qonşu həyətdəki
tay-tuşlarımızla döyüşürdük.
Həm də nəyi var, döyüşürdük
ha. Hamılıqla küçəyə
çıxır və
qılınc döyüşünə
başlayırdıq. Həmin
dəqiqələrdə həm
küçə hərəkəti
dayanırdı, həm
də döyüşün
gedişatını izləməkdən
ötrü bütün
qonşular pəncərələrinin
önündə bitirdilər.
Aramızdan kim isə, bəzən hələ yara da alırdı, ancaq indiyədək biz hansısa
yoldaşımızın ağladığına
şahid olmamışdıq.
Aramızda eləsi tapılmazdı. Döyüşdən
sonra isə biz əsir və qənimətlərin dəyiş-düyüşünə
başlayırdıq. Əksər
hallarda bizim həyət zəfər qazanırdı, çünki
sıralarımızda təcrübəli
sərkərdələr və
cəsur döyüşçülər
qat-qat çox idi. Hər gün "dava-dava" oynayır və uzaqlarda gedən həqiqi döyüşlər barədə
sırf böyüklərin
söhbətlərindən xəbər tuturduq deyə, onlar bizə elə də dəhşətli görünmürdü.
Sonradan həyətimizdə təzə
qonşular kimi bir qız və
bir oğlan peyda oldu. Yaşca
bizdən kiçik idilər və heç adlarını da bilmirdik. Həmişə birlikdə dolaşan bu bacı-qardaş pilləkəndə yanaşı
oturmaqla, bizim sıra keçidlərimizə
və qılınclaşmağımıza
maraqla tamaşa edirdi. Birinci mərtəbədə verilən
otaqda onlar analarıyla birgə yaşayırdılar.
Həyətdən çıxmayan o qadın,
mən biləni, heç yerdə işləmirdi, durmadan camaşır yuyurdu. Bu işi o, adətən püstə ağacının
altında, həm də səhərdən-axşamacan
görürdü. Bir hovur
qəddini dikəltməklə,
hərdən belini ovuşdurur, saçını
səliqəyə salır,
sonra təkrar ləyənin üzərinə
əyilirdi. Qonşuların
dediyinə görə,
o, camaşırçı idi və ev
şəraitində yuyacağı
pal-paltar sifarişini də camaşırxanadan götürürdü. Görünür,
elə belə idi, çünki yuduğu onca camaşır
bir ailə üçün hədsiz
çox idi. İslaq camaşırları
qadın həyətimizdəki
bütün zivələrdən
asırdı, onlara dəyib-toxunanlara isə dişinin dibindən çıxanı deyirdi. Dözülməz xasiyyəti
ucbatından doğma övladları da bu qadından yamanca qorxurdular. Bir sözlə,
bizim həyətdə
əvvəlki kimi yaşamaq artıq çətinləşmişdi. Döyüşməyə də,
hisə-tüstüyə də
lap tamarzı qalmışdıq:
adətən bu məqsədlə biz kino lentini
kağıza bükür,
sonra bunu yandırırdıq. Təzə
qonşu deyirdi ki, lentin yaydığı his
uçub camaşırların
üstünə qonur.
Paltar yumağı hələ bir yana dursun, bu
qadın hər səfər ləyəndə
yığılan kirli
suyu da püstə ağacının dibinə
əndərirdi. Ləyənin
suyu isə qələvi məhlulu idi: axı müharibə
illərində sabun tamamən qəhətə
çıxmışdı.
İlk vaxtlar camaşırdan qalan suyu o, zibilliyə
tökürdü, ancaq
görünür, sonradan
bu da onun üçün müşkülə
döndü, çünki
zibillik həyətin
o biri başında, darvazanın dibində idi, paltar yumaqdan
isə qadının arıq əllərinin damarları qabarıb-şişmişdi.
Bəlkə hansısa
başqa bir qadından biz köməyimizi
əsirgəməzdik, bundan
isə... hədsiz əsəbi olduğu üçün qorxurduq.
Anam deyirdi ki, dözülməz
həyat şəraiti
insanları qəddarlaşdırır,
amma müharibə şəraitində, guya kimin günü xoş keçir ki?! Anam özü də səhərdən-axşamacan
işləyirdi, ancaq evə gələndə mənim qab-qacağı yuyub, döşəməni
sildiyimi görüncə,
necə gülümsəyirdisə,
günboyu canında yığılan yorğunluğun
dərhal yoxa çıxdığını hiss edirdim... Əgər hamı bu təzə
qonşumuzla eyni xasiyyətdə olsaydı,
onda gərək biz baş götürüb buralardan qaçaydıq.
Balalarının daima qüssəli
dolaşmasına məhəl
qoymayan qadın yenə durmadan camaşır yuyur, ləyəndə yığılan
kirli suyu isə hər dəfə püstə ağacının dibinə
əndərirdi. Upravdom
bir kərə bununla bağlı ona irad bildirəndə
qadın ləyəndən
aralanıb, əllərini
qurulaya-qurulaya pəsdən
ona necə təpinmişdisə, möhkəm
pörtən kişi dərhal ondan uzaqlaşmış, hətta
sonrakı günlər
ərzində də həyətimizə baş
çəkməmişdi. Bu
təzə qonşunun
upravdoma nələr dediyi əslində bizə də maraqlı gəlirdi.
Sonrakı günlərdə
Suri xala ortalıqda gəzib, deyirdi ki, təzə
qonşunun upravdoma söylədiyi sözləri,
hətta dilinə gətirməyə də utanır, hərçənd,
bunu etsin deyə, heç kəs ona yalvarmırdı,
çünki hərə
öz iş-gücüylə
məşğul idi, Suri xala isə
hələ də kiminsə bunu ondan xahiş edəcəyini umurdu.
Hər şeyə
rəğmən, biz şənbə günü
28 saylı həyətin
uşaqlarıyla "dava-dava"
oynamaq qərarına gəldik. Püstə ağacıyla bağlı
bu məqam da məhz onda,
həm də qəflətən ortaya çıxdı.
Həmişəki kimi, dəstəylə məktəbə getməkdən
ötrü uşaqlarla
həyətdə bir araya gələrkən, baxışları püstə
ağacına dikilən
yoldaşlarımızdan birisi
dəhşətdən çığırdı.
O an biz də gözlərimizi ağaca zillədik və bir röyadaymışıq
kimi, gördüyümüzə
inanmağımız gəlmədi:
bircə gecənin içində bütün
yarpaqlarını tökən
ağac lüm-lüt
qalmışdı, çılpaq
budaqlarda isə sadəcə püstə topaları qaralırdı.
Həyətdə bir qalmaqal qopdu
ki, gəl görəsən! Belə
götürəndə, həyət
əhli dava-şavaya onsuz da həvəsliydi,
əsasən də yay günlərində. Hətta bir dəfə qonşu qadınlardan biri digərini "faşist"
adlandıranda onlar az qalmışdı saçyolduya çıxalar.
Ancaq heç onda da bu
cür mərəkə
qopmamışdı. Hamı
bir ağızdan çığırırdı deyə, heçcə nə anlamaq olmurdu. Tək eşitdiyim qonşu qadının dediyi bu söz oldu:
"Axırda bu yaramaz qadın o ağacın axırına
çıxdı da!"
Bu qınaq təzə qonşunun ünvanına deyilmişdi.
Başqa qadın isə təkrarlayırdı
ki, bəlkə də ağacı xilas etmək üçün bir aqronom çağırmalıyıq.
Təzə qonşu
səs-küyə bayıra
çıxdı, bu danışılanlara lal-dinməz
qulaq verdi - sanki bu məsələnin
ona zərrəcə dəxli yox idi. Sonra isə
mənzilinə girərkən
qapını öz ardınca zərblə çırpdı.
Həmin gün
həyətə aqronom
çağırıldı. Püstə ağacını
gözdən keçirən
kişi dedi ki, ağac bundan
belə ancaq oduna yarayar... və çıxıb getdi.
Həmin gün
şənbə idi deyə, biz 28 saylı bina uşaqlarıyla döyüşü
ertələdik. O həyətdəki
yaşıdlarımızın barəmizdə nə düşünəcəyi vecimizə
deyildi. Hamılıqla
qərargaha yığılıb,
təzə qonşumuza
nəyi, necə deyəcəyimizi götür-qoy
elədik. Haqqında nələr düşündüyümüzü
o qadına aşıq-aşkar
söyləmək niyyətindəydik.
Deyəcəkdik ki, onun kimi qəddar
və ağıldan dayaz birisinin bu binada yaşamasına
qarşıyıq.
Hamılıqla onun mənzilinə yaxınlaşıb, qapını
döydük. Bunu bir neçə kərə təkrarlasaq da, cavab verən
tapılmadı. Belə
olunca, mənzilə girdik. Həm də hamılıqla girdik.
Çarpayının üstə oturan qadın ağlayırdı.
Sonrakı həyatım
boyu mən bu cür için-için
ağlayan ikinci insana əsla rast gəlmədim. Camaşır yumaqdan damarları göyümtülə
çalan, şişmiş
əlləriylə üzünü
qapayan qadın bizə hər hansı məhəl qoymadan ağlamağına
davam elədi. Gəlişimizi görüncə,
qadının oğluyla
qızı da ürkək baxışlarını
bizə dikərək,
birlikdə zırıldaşmağa
başladı, sonra cəld qaçıb, analarına sığındılar.
Biz, yəni
polkovniklər, generallar
və marşallar isə qadının qarşısında dayanıb,
susurduq. O anlarda hər kəs boğazında düyünlənən
qəhəri hər vəchlə udmağa çalışsa da, bunun öhdəsindən heç cür gələ bilmirdi. Sanki biz ona
demək istəyirdik ki, dünyadakı ən gözəl ağac belə bir insanın axıtdığı acı
göz yaşlarına
dəyməz və əgər yaşca azacıq böyük olsaydıq, çox yəqin, o qadına məhz bu cür
təskinlik verərdik...
Ancaq bənzər durumlarda böyüklərin
nə deyəcəyini
haradan biləydik axı?!
Yenə hamılıqla
geriyə, qərargaha
qayıtdıq. Poqon və ulduz almaqdan
ötrü topladığımız
bütün pulu özümüzlə götürüb,
Kubinka məhəlləsinə
yollandıq. 28 saylı
binanın uşaqları
da arxadan gəlib bizə qoşuldu. Həmin məhəllədə şitillər
satılan yeri uzun-uzadı soraqlaşmalı
olduq. Bazar əhli bizə köynək, qaxac donuz əti, konserv və kokos yağı almağı təklif edirdi. Bildirirdik ki, bizə yumurta
tozu və ya patefon valları-filan
lazım deyil ey, biz püstə
ağacının şitilini
axtarırıq. Ən
nəhayət, şitillərin
bir küncdə qalaqlandığı, içi
toxumla dolu bankaların isə sırayla düzüldüyü
o guşəni tapdıq.
Satıcıya yanaşıb,
püstə ağacının
şitilini istədik.
Satıcı: "Necə,
necə, banan ağacı?!" - deyərək,
böyründəki qonşusuna
göz vurdu. Püstə ağacı axtardığımızı təkrarlayıb,
bütün pulumuzu ona verdik. O da
yerdə qalaqlanmış
şitillərin arasından
birini ayırmaqla, bizə uzatdı. Satıcı əmin elədi ki, bu, kefiniz istəyən
püstə ağacıdır
ha, bundan yaxşısını heç
axtarmağa da dəyməz, sadəcə
vaxtaşırı onu
sulamanız yetərlidir.
Həyətə dönənə qədər
o şitili növbə
ilə əlimizdə
daşıdıq. Bütün
günü gah şitil üçün çuxur qazdıq, gah onun ətrafındakı
torpağı bellədik,
gah da təzə
ağacın dibinə
tökmək üçün
həyətə peyin
daşıdıq. O ara
28 saylı binanın uşaqları da bizə qoşuldular.
Bütün bunlardan sonra dəstə ilə təzə qonşumuzgilə
gedib, bildirdik ki, biz başqa
bir ağac əkmişik və daha onun göz
yaşı axıtması
mənasızdır, yetər
ki, təzə ağaca qayğı ilə yanaşsın, onun dibinə potaşlı su tökməsə, hər şey öz yoluna düşəcək.
Qadın hamımızın
başını birbəbir
tumarlayandan sonra dedi ki, dərhal
onu tərk edək, yoxsa bir azdan kövrəlib
ağlayacaq. Həmin anlarda onun səsində
qəribə çalar
sezilirdi, sanki gizli bir dərd
qadının qəlbini
yamanca sıxırdı.
Ağlamışlıq ifadəsi
oxunsa belə, çöhrəsi hədsiz
gözəl idi. Görünür, bayaq biz getdikdən sonra qadın yenə ağlayıbmış,
ya da bu
bizə belə gəlirdi.
Axşam anam
mənə dedi ki, təzə qonşumuz sayılan o qadın ərinin cəbhədə həlak
olması barədə
dünənki gün
"qara kağız"
alıb... Həmin gündən biz həyətdə "dava-dava"
oynamağa birdəfəlik
son qoyduq.
Durmadan böyüməyinə
davam eləyən ağacımız isə püstədən başqa
istənilən ağaca
bənzəyirdi. Hamılıqla
onu vaxtaşırı
sulayırdıq, aramızda
ona ən çox can yandıran isə təzə qonşumuz idi: amma o da
daha haradan "təzə" sayılaydı
ki?! Axı danışdığım bu
hekayətin üstündən
indi düz iyirmi il ötübdür.
Söhbətləşmək üçün qonşular
hələ də o ağacın kölgəsinə
yığışırlar. Onun püstə ağacı olub-olmaması
isə daha heç kəsin eyninə gəlmir.
1968
Ruscadan çevirdi: Azad Yaşar
Maqsud
İBRAHİMBƏYOV
Ədəbiyyat
qəzeti.- 2025.- 24 oktyabr, №38-39.- S.6-7.