Niyə hələ də
şeir?
XVI Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat
Festivalının əsas mövzusu bu idi
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin
dəstəyi, Şeir Dərnəyinin təşkilatçılığı ilə 28 sentyabr-5 oktyabr tarixlərində "təşkil olunan XVI Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalında bu il Türkiyə ilə yanaşı, Azərbaycan, İspaniya, Rumıniya, İtaliya, Şimali Makedoniya və Livandan tanınmış şairlər - Ana Blandiana, Turan Qoç, Səlim Babullaoğlu, Paolo Aqrati, Manel Forkano, Abbas Beydoun, Venko Andonovski, Oktay Taftalı, İbrahim Qəmbəroğlu, Mətin Cəlal, Erol Tufan da iştirak edirdilər. Festivalın ilk günü və açılış mərasimi Əhməd Həmdi Tanpınar Kitabxanasında keçirildi. Tədbiri giriş sözü ilə festivalın direktoru, tanınmış türk şairi Adan Özər açdıqdan sonra dəvətli şairlər şeirlərini oxuyub, qısa çıxışlar ediblər. Eyni zamanda görkəmli rumın şair Ana Blandiana və tanınmış türk şairi, ədəbiyyatşünas Turan Qoça festivalın "Şərəf" mükafatı təqdim edilib. Səlim Babullaoğlu Adnan Özərə "Azərbaycan-Türkiyə ədəbi əlaqələrindəki xidmətlərinə görə Azərbaycan Yazıçılar Birliyinin təşəkkürnaməsini və fəxri üzvlük vəsiqəsini də təqdim eləyib. Festivalın ikinci günü İstanbul Atatürk Kültür Mərkəzində Adnan Özər, Eray Sarıçam, Hüseyin Akın və Erol Taftalının moderatorluğu, Turan Qoçun iştirakı ilə "Turan Qoçun şeir dünyası" və "Şeirin dili" adlı müzakirələr təşkil olunub. "Çağdaş dünya və şeir" mövzusunda müzakirələr aparılıb. Səlim Babullaoğlu müzakirələrdə iştirak edib. Festivalın növbəti günü Avrasiya Bir Vəqfində Vəqfin müdiri Özcan Ünlünün moderatorluğu və Adnan Özərin giriş açılış nitqi ilə başlayıb, "Türk dünyasında şeir çalışmaları" adlı konfrans keçirilib. Konfransda prof. Salih Okumuş, dr. Ayşe Türkmən, şair Erol Tufan maraqlı çıxışlar edib, Balkanlardan Çinə doğru uzanan böyük türk çoğrafiyasında türkdilli yeni poeziyadan danışıblar. Səlim Babullaoğlu çıxışında yeni Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan poeziyası haqqında danışıb. Tədbirin sonunda mühazirəçilərə "Avrasya Bir Vəqfi"nin xüsusi diplomları təqdim olunub. XVI Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalının əsas tədbiri İstanbulun mərkəzində, "Pera Palas" otelində festivalın direktoru Adnan Özərin açılış nitqi ilə başlayıb və festivalın yaradıcı heyətinin təmsilçisi, şair Can Yigit Tunçmanın moderatorluğu ilə "Niyə hələ də şeir?" poetik müzakirə və şeir gecəsiylə davam edib. Aktyorların və tərcüməçilərin ifasında dəvətli şairlərin şeirləri dinlənildikdən sonra qonaqlar "Niyə hələ də şeir?" mövzusunda çıxışlar etdilər. Səlim Babullaoğlu TRT2 telekanalına və "Karar" qəzetinə müsahibələr verib. Səlim Babullaoğlunun "Niyə hələ də şeir?" adlı çıxışını "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirik.
Səlim BABULLAOĞLU
Əziz dostlar, əziz həmkarlar!
Bu gün şair kimi özümdən, yəni əksər həmkarlarım kimi, uşaqlıqdan başlayan və bu günə qədər uzanan şeir həvəsim, təcrübələrimdən, hər nə qədər dürüst və səmimi ola bilərəmsə də, danışmayacam, çünki bu, daha çox nəsrin, nasirlərin işidir.
Əziz Can Yigit Tunçmanın təklif etdiyi "Niyə hələ də şeir?" başlığı, əslində sualı (bu isə sualların ən çətinidir) ilə "Şeir nədir?", "Şair kimdir?" sualları arasında heç bir fərq görmürəm. İkinciyə düzgün cavab verə bilsək, birinci sualın da doğru cavabını tapmış olacağıq.
Hər nə qədər şəkil dəyişdirmiş olsa da, hər üç sualı bir sual kimi qəbul etmənizi xahiş edirəm və elə həmin bir suala cavab verməyə cəhd edəcəyəm.
XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Vaqif Səmədoğlu yazırdı və deyirdi: "Əsas odur, Yaradan bizə inansın, bu bizim ona inancımızdan daha vacibdir..." "Vacibdir" sözünü "təyinedicidir" sözüylə əvəzləmək də olar. Bunu niyə xatırlatdım? Məsələ budur ki, özümü inanclı adam hesab edirəm və ümid edirəm ki, bu, doğrudan da, belədir. Son vaxtlar isə, xüsusən, yaşlandıqca daha yaxşı anlayıram ki, Yaradanı, Allahı həyatımızdan xaric etdikcə, heç bir sualın doğru-dürüst, yanğımızı yatıracaq bir cavabını tapmaq mümkün deyil. O cümlədən, bu sualın da.
Bunu niyə deyirəm? Yəqin ona görə ki, hesab edirəm bu sualın cavabı iki - sosial və ruhani/dini aspektdə axtarıla bilər. Hərçənd birincinin ikincidə gizləndiyi şəxsən mənim üçün şübhə doğurmasa da, hər halda yenə ayrı-ayrı baxılmağı seçməyə məcburam.
Dünya xalqlarının ədəbiyyat tarixi, ümumiyyətlə dünya tarixi göstərir ki, varoluşumuz boyu uzun əsrlər hökmranlıq edən böyük dövlətlərin, imperatorluqların dili daha çox elmin, fəlsəfənin dili olub və "kiçik xalqların, dövlətlərin" dilini üstələyib. Və poeziyanın, şeirin dili həmin o şərtiliklə "kiçik" dediyimiz dövlətlərin və xalqların milli kimliyini qoruyub. Bunu latın, ərəb və sair dillərin timsalında, Avropa və Asiya xalqlarının ədəbiyyat tarixində aydın görmək olar.
Fikrimcə, şairlər ona görə yazır və şeir hələ də ona görə yazılır ki, bunu dil tələb edir və yüzillər, onillər əvvəl deyildiyi kimi, şairin yeganə vacib borcu (şeirin funksiyası) ana dilini qorumaq, bir az da onu təkmilləşdirməkdir. Süni intellekt əsrində, hər şeyin hər an yeniləndiyi bir zamanda şairlik işi hər nə qədər kölgədə qalsa da, şeirin funksionallığı keyfiyyətcə dəyişmir. Biz milli mənsubluğumuzu başqaları ilə müqayisə edərək önə çəkəriksə, təkcə başqa xalqlardan deyil, öz valideynlərimizdən, babalarımızdan, sələflərimizdən, hətta bir il və ya bir ay əvvəlki özümüzdən belə fərqləndiyimizi görərik. Şairlər o kəslərdir ki, sözü anında, zamanında ən yaxşı istifadə edə bilirlər. Burda "söz" və "zaman" kəlmələrinə diqqət kəsilin, lütfən. Sözlər mənanın köynəyidir, şairlər hər qiyafədəki mənanı zamanla görüş vaxtı fiksə edənlərdir, onu lüğətlərin soyuq buzxanasından çıxarıb bir an içində hərəkətə gətirənlərdir.
Bir məsələ də var. Vacib deyil ki, şairlər və şeirlər çox populyar olsun. Çünki şeirin populyarlığı Eliotun dediyi kimi, daha çox şübhə yaradır, onun əslində vərdişlərimizlə manipulyasiya etdiyinin göstəricisi olur; digər tərəfdən, pis şeirlər zamanında geniş yayılmış bir fikri, baxış bucağını ifadə etdiyinə görə qısa müddətə populyarlıq qazana bilər; lakin həqiqi poeziya, həmin baxış bucağı dəyişsə belə, hətta şairdə böyük həyəcan doğuran məsələlər artıq heç kimi maraqlandırmasa belə, poeziya olaraq qalır. Lukretsinin poeması böyük bir poema olaraq qalır, baxmayaraq ki, onun fizika və astronomiya haqqında təsəvvürləri çoxdan təkzib edilib; Draydenin poeziyası poeziya olaraq qalır, baxmayaraq ki, XVII əsrin dini mübahisələri bizi qətiyyən maraqlandırmır; eynilə, keçmişin böyük poemaları, içində bəhs edilən hər şeyi indi nəsr şəklində ifadə etsək də, hələ də bizə böyük zövq verə bilər...
Lakin həqiqətən, vacib məqam, şairin özünə layiq kiçik bir müasir auditoriyasının olmasıdır. Hər zaman kiçik bir avanqard olmalıdır - poeziyanı anlayan, öz dövründən asılı olmayan və bir baxımdan onu qabaqlayan, yenilikləri tez mənimsəməyə qadir insanlar. Çünki mədəniyyətin inkişafı daha yüksək bir mədəni səviyyəyə doğru ümumi bir hərəkəti və hərəkatı nəzərdə tutmur, bu, nümayiş, parad olardı. Əvvəlcə bir neçə nəfərdə refleksiya doğuran şeylər, qavrayış yollarındakı dəyişikliklər, inkişaf, daha sonra populyarlıq qazanan digər yazıçılara təsir etdikcə tədricən dilə daxil olmalıdır; və olur.
Unutmaq lazım deyil ki, klassiklərin, başqa adla hər nə qədər böyük olsalar belə, ölmüş şairlərin, diri şairlər olmasa, heç bir dəyəri yoxdur. Və poeziya, insanların poeziyanı oxuyub-oxumamasından, zövq alıb-almamasından, hətta ən böyük şairlərinin adlarını bilib-bilməməsindən asılı olmayaraq, cəmiyyətin bütün üzvlərinin, bütün xalqın nitqində, qavrayış prosesində, həyatında dəyişikliklər edir.
Mexanizm yalnız belədir. Tomas Sternz Eliotun "Poeziyanın sosial təyinatı" məqaləsində deyildiyi kimi.
Suala ikinci aspektdən cavab verməyə çalışacağam.
Bu yaxınlarda Fələstin şairi və rəssamı Əli Əl Əmiri belə bir çıxış eləmişdi: "Çağdaş dünyanın səhnəsi hələ zülmət içərisindədir, kainat qana və ağrıya qərq olub. Əski müstəmləkəçilik virus kimi yenidən mutasiya edir. Dünyamız müasir texnologiyalar sahəsində fövqəladə inkişafa şahidlik edərkən, insani dəyərlər daimi tənəzzül keçirir.
Kasıblıq bütün qitələrdə pərvəriş tapır, yeni müharibələr alovlanır, "coğrafi irqçilik" artır. Amansız qloballaşma təbiəti cibindəki lotereya, sərvət sayır artıq, "əsas millətlər" digərlərinin "oduna" qızınır.
Müharibələr alovlanır, işğalçılıq dünyanın bir çox bölgələrində təzahür edir.
Bu kiçik dünyamızda cahilliyin, yoxsulluğun, "qətl-ölüm və təslimiyyət sənayesinin necə çalışdığını", dəyərlərin necə dəyişdiyini, başqa şəkillər aldığını, oğurluğun "peşə"yə çevrildiyini, bizə verilmiş ən güclü keyfiyyətin - sevginin zəiflik hesab olunduğunu apaydın görmək olar.
Dəyərlər təhrif edilir, gözəllik təhrif edilir, kopyalama və metamorfoz tərənnüm olunur, plastik torbalardan nüvə tullantılarına qədər, ziyanlı şeylərin yeganə istehsalçısı olan insan hər gün bir az daha artıq aşınır. Biz hər gün və hər gün qəddarlaşan bəşərin, dünyanın kainatı zəhərlədiyinin, ona qənim kəsildiyinin daha çox şahidi oluruq. İşğala müqavimət göstərənlər "təcavüzkar" damğası ilə yarğılanır..."
Bunların hamısı doğrudur. Mən həmkarımın sadaladığı səhnəni daha da kəskinləşdirmək istəmirəm. Əli Əl Əmiri həmin çıxışının bir neçə yerində "bu gün bizim şeirə, poetik ruha daha çox ehtiyacımız var. Bizə amansız qloballaşma deyil, poetik, humanist qloballaşma, böyümə lazımdır. Poeziya bəşərin diri vicdanı, sərhədləri aşan sevgi səsidir.
Poeziya eşqdir, sevgidir, intuitiv dərketmənin ən qısa yoludur, həyatı işıqlandırır, mənanı tapır, batindən və zahirdən qəlbləri alovlandırmaq gücündədir. Hər gün daha da azğınlaşan, böyüyən qloballaşmanın viran etdiyi vacib insani dəyərləri başa düşmək, hiss etmək, dirçəltmək üçün fərqli mədəniyyətlər arasında poetik qardaşlıq qaçılmazlığa çevrilir..." Çox böyük şövqlə ifadə olunmuş doğru sözlərdir.
Amma nədən bu qədər doğrular dünyamızı kökündən dəyişəcək bir həqiqəti təşkil edə bilmir?
Yazırlar, deyirlər, hər gün eşidirik ki, biz III Dünya müharibəsinin astanasındayıq. Razıyam. Amma III sözü ilə yox. Bir müdrik dostum var. Bir dəfə necəsə dedi ki, dünyada vur-tut, 6 adam vardı: Adəm, Həvva, onların 2 oğlu və 2 qızı. Qardaşlardan biri digərini öldürdü. Yəni, bəşəriyyətin altıda bir hissəsi məhv oldu. Bu göstəricini dünyadakı indiki insan sayı ilə tutuşdursaq, belə məlum olacaq ki, həmin bir nəfər indiki 2 milyard insan deməkdi. Həmin müdrik dostum dedi ki, Qabilin Habili öldürməsi I Dünya müharibəsi idi əslində. Odur ki, bu dünyanın var olduğu bütün zamanlar boyu müharibəsiz və qansız günü olmayıb. Və biz indi neçənci dünya müharibəsinin astanasında olduğumuzu bilmirik. Bu isə o deməkdir, hələ ki nə müqəddəs kitablar, nə də sevdiyimiz poeziya insanları və dünyamızı büsbütün dəyişməyib.
Məndə sual yaranır: bəlkə dünyanı dəyişmək lazım deyilmiş, çünki bu mümkün deyil.
XX əsr dünya ədəbiyyatı tarixinin məlum səhifələrini yaddaşımızı xüsusi gücə salmadan, elə ötəri göz atıb vərəqləyəndə vacib suallar çıxır ortaya: Görəsən, niyə Svetayevanın dəfələrlə tərk elədiyi, Yesenin və Mayakovskinin bütün ömrü boyu rahatlıq tapmadığı və intihar etdiyi, Pasternak və Axmatovanın həmişə əziyyət çəkdiyi Rusiyaya pənah aparmışdı böyük türk şairi Nazim Hikmət? Və niyə Nazim Hikmətin pənah apardığı Rusiyada İosif Brodski əzilmiş, təklənmiş, bir gözü ilə Polşaya, Şərqi Avropaya baxmış, sonra da Amerikaya mühacirət eləmişdi? Ya da Zbiqnev Herbert çoxlarının "Qərbi Avropaya qapı" kimi baxdığı doğma vətəni Polşada niyə uzun müddət duruş gətirə bilməmiş, dəfələrlə gedib-qayıtmışdı? Bəs, Brodski kimi XX əsrin önəmli şairlərindən olan digər böyük polyak şairi Çeslav Miloş niyə Amerikanı seçmişdi? Azadlıq rəmzi adlanan o Amerikanı ki, Eliotun ustad dediyi Ezra Paundu orda həbs eləmişdilər. Eliot da Amerikadan İngiltərəyə köçəndən sonra geri qayıtmaq arzusunda olmamışdı. Amma böyük ingilis şairi Oden, İngiltərə, Avropa və Amerika arasında qalsa da, Avstriyada yaşamışdı ömrünün son illərini. Avropaya Kortasar, Borxes, Oktavio Pas kimi gəlib-gedənlər də çox olmuşdu. Yaxud XX əsrdəki iki dünya müharibəsini böyük yazıçı və şair fəhmi ilə öncədən görən Herman Hesse vətəni Almaniyanı birdəfəlik tərk etmişdi.
Yaxud bu gün XVI Beynəlxalq İstanbul Poeziya Festivalının fəxri qonağı olan, böyük rumın şairəsi, dostum Ana Bladiana, bəlkə də dünyada yeganə şairədir ki, ilk şeirləri çap olunandan həmən sonra, onda xanım Blandiananın 15-16 yaşı ancaq olardı, onun imzasına qadağa qoyulmuş, bu qadağa və təqiblər kiçik fasilələrlə 90-cı illərə qədər davam etmişdi.
Bütün bunlar niyə baş vermişdi?
Svetayevanın, adını "Sonun poeması", "Aqibət poeması" kimi tərcümə edə biləcəyimiz "Poema kontsa" əsərinin bir hissəsini xatırlayıram:
Qetto
izbranniçestv!
Val i rov.
Po -
hadı ne jdi!
V sem
xristianneyşem iz mirov
Pogtı
- jidı!
Təxminən,
belə tərcümə etmək olar:
Seçilmişlik
gettosu!
Səddlər,
səngərlər.
Əfv
gözləmə!
Bu
xaçpərəst aləmdə
Cuhuddurlar
şairlər!
Sualımı
təkrar edirəm: görəsən, bütün bunlar niyə
baş vermişdi? Bəlkə biz, doğrudan da,
uşaqlıq adlı xoşbəxt məmləkətdən
qovulmuşduq? Bəlkə ustad Hesse haqlıydı: "Bu
gözəl dünya dınqıltı əvəzinə
musiqi, əyləncə əvəzinə sevinc, pul əvəzinə
mənəvi aləm, yalançı inilti-sızıltı əvəzinə
əsl iztirab istəyən adamlar üçün heç
vaxt həqiqi vətən ola bilməzdi..."
Karl
Sendberq yazırdı ki, poeziya quruda yaşayıb uçmaq
arzusunda olan dəniz heyvanının gündəliyidir.
Yenə
Ana Blandianaya qayıdıram. Bir neçə ay əvvəl
onun "Manipulyasiya haqqında yalançı traktat" əsərini
oxuyurdum. XX əsrdə xüsusən, bütün şairlərin
oxumalı olduğu bu əsərin bir yerini xüsusi olaraq qeyd
etmişdim. Ana xanım yazır: "Bəzən tələsik
yazdığım əlyazmalarımı oxuyanda (qəfil peyda
olduğundan sözləri tez də qeydə almaqdan doğan tələsiklikdən
bəhs edirəm) oxşar səslənən sözlərin
yazılışında orfoqrafik səhvlərə rast gəlirdim.
Əvvəlcə inana bilmirdim: bunlar yalnız diktə
zamanı baş verə biləcək səhvlərdi, səslərin
qarışıqlığı idi, sanki beyinlə yazı
yazan əl arasındakı yol ağır eşidən qulaqdan
keçirdi. Sonra yavaş-yavaş açıq-aşkar bir həqiqəti
etiraf etməli oldum: sanki kimsə mənə öz dilində
bir az anlamsız nələrisə diktə edirdi ki, sonradan mən
bunu öz dilimdə yazır, qiraət edir, oxuyur və düzəldirdim..."
Bayaq
adını çəkdiyim böyük polyak şairi
Miloş "Ars poetika" şeirində isə belə
deyirdi:
Poeziyanın
xislətində nəsə ayıb bir şey var:
bizdən
bir nəsnə hasil olur,
onun
içimizdə olduğundan isə xəbərimiz yoxmuş,
budur,
gözümüzü elə qırpırıq ki,
sanki
içimizdən bir pələng sıçrayıb
çıxıb
və
quyruğunu qamçıtək
oynadır günün
günorta çağı.
Odur ki,
poeziyanı ruhların diktə etdiyini
söyləyənlər
doğru deyir,
hərçənd
onların mələk olduğunu
düşünməklə
mübaliğə edirlər.
Həmin
şeirin sonu bu cümlələrlə bitir:
Şeirlər
nadir hallarda və istənilmədən yazılır,
çox
böyük təzyiq altında və ümidlə ki,
bədxah
yox, xeyirxah
ruhların
ötürücüləri olacaqlar...
Sendberq
kökü su, vətəni quru, arzusu uçmaq olan birindən,
Ana Blandiana və onun böyük sələfi Miloş mətnin
kimsə tərəfindən diktə edildiyindən
danışırdı.
Hansı
diktədən söhbət gedirdi? Diktə edən kim idi?
Bilirsiniz,
şairlərdən bəhs etməklə onları dırnaq
içində "şərəfləndirən" bir
müqəddəs kitab var.
Söhbət
"Quran"dan və bu müqəddəs kitabdakı
"Şairlər" surəsindən gedir. Orda deyilir:
"Şeytanların
kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar
hər bir yalançıya, günahkara nazil olarlar.
Şeytanlar mələklərdən oğrun-oğrun
eşitdikləri adda-budda sözləri onlara təlqin edərlər.
Onların əksəriyyəti yalançıdır! Şairlərə
gəlincə, onlara yalnız azğınlar uyar! Məgər
görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan
gəzib dolaşarlar? Hər tərəfə meyil edir, birini
yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!
Və onlar etmədikləri şeyləri deyirlər!
Onların dediklərinin əksəriyyəti yalandır! Ancaq
iman gətirib yaxşı işlər görən, Allahı
çox zikr edən və zülmə uğradıqdan sonra
haqlarını alanlardan başqa!"
Yenə
Miloşdan sitat gətirmək istəyirəm. O yazırdı
ki, vaxt vardı, bizə dərdə və bədbəxtliyə
səbri öyrədən müdrik kitabları oxudurdular
yalnız: "Bu, dəlixanadakı minlərlə səhifəni
oxumaqla, vərəqləməklə eyni şey deyil... O
yazırdı ki, öz əsrinə xas poetik dilin mübtəla
olduğu düşkünlüklə vidalaşıb.
Çünki poeziya özünün şəffaf
şüşəyə çırpılan
hürkmüş quş davranışıyla sübut edir ki,
bizə xəyallar bəs eləmir. Odur ki, ilk olan elə
birinci də olmalıdır. Həqiqət nitqimizə
qayıtmalıdır, elə bir məna ki, mütləq
istinad nöqtəsi olmadan mümkün deyil".
Katolik
keşişlə jurnalistin söhbətini xatırlayıram.
Jurnalist keşişə: - Dünyada bu qədər qan, qətl,
xəstəlik, müharibə var ikən, nədən Yaradan
dünyanı məhv etmir? Axı şər xeyiri üstələyir.
Keşiş təbəssüm edir və sakitcə cavab verir:
- Hər gün təxminən, 1 milyard insan qalan 5-6 milyard
insanı yedirdə bilmək niyyəti ilə sübh tezdən
evindən çıxır. Bircə bu niyyət, bu fakt bəs
edir ki, xeyirin daha çox olduğunu görə biləsən.
Dünya
müharibələr tarixi, bizim vərdiş etdiyimiz ədəbiyyat
isə təəssüf ki, insan yaralarının və
ağrılarının tarixçəsidir. Və nə qədər
ki, tarix yalnız televizorda və sosial şəbəkələrdə
görüntülənən, çoxaldılan nəsnə
olaraq qəbul ediləcək, həqiqət isə hansısa
arxivlərdə tozlanacaq, bizim yazdığımız ədəbiyyatlar
ciddiyyət və təsir gücünə malik olmayacaq. Nə
qədər ki, Tarix deyilən müdhiş nəsnə
içsəl baxışla gerçəkliyi görmə
işinə mane olacaq, şeirlər, sözlər duaya və əmələ
qədər böyüməyəcək, heç nə dəyişməyəcək.
Belə olmayınca bütün sənət, şeir də o
cümlədən, əməlin yanında puç və
heçlik olacaq. Çünki ən təsirli metafora yenə
əməldir.
Qayıdıram
suala: "Şeir nədir və niyə hələ də
şeir?" Şeir sözdür, söz sənətidir. Niyyət
söz demək yox, xeyir olanda, söz niyyətə bənzəyəndə
və əmələ çevriləndə həqiqi
böyük, xeyirli ədəbiyyat yaranacaq və o bizi xilas edəcək.
Niyə
şeir? Çünki biz xilas olmamışıq.
İndi
isə icazə verin, Eliotun yazdıqlarından bir fraqment
oxuyum:
Yaz və
payız, doğuluş və ölüm!
Niyyətdən
əmələ sonsuz təkrarlar;
Rahatlıq
deyil, hərəkəti,
Sükut
deyil, nitqi,
Kəlam
deyil, yalnız sözləri öyrədən
Sonsuz
axtarışlar və kəşflər.
Öyrəndiklərimiz
bizi bilgisizliyə yaxınlaşdırır,
Bilgisizlik
bizi ölümə yaxınlaşdırır,
Allaha
deyil, ölümə.
Hanı
ömürdə itirdiyimiz həyat?
Hanı
bilikdə itirdiyimiz müdriklik?
Hanı
informasiyada itirdiyimiz bilgi?
***
İlahi
ilhamla deyirəm:
Ey
ağıllı adamların bədbəxt şəhərləri,
Ey
ziyalıların zavallı tör-töküntüləri,
Öz
bicliyinin dolanbaclarında azmışlar,
Öz kəşfləri
tərəfindən satılmışlar:
Mən
sizə əl verdim, dua üçün açmadınız,
Mən
sizə nitq verdim,
susmadan
çərənlədiniz,
Mən
sizə Qanun verdim,
siz müəssisələr
qurdunuz,
Mən
sizə dostluğu
bəyan etsin deyə, dodaq
verdim,
Mən
sizə ürək verdim,
siz
şübhələrlə hər şeyi uçurdunuz,
Mən
sizə seçim verdim, tərəddüd etdiniz,
Bəhrəsiz
fikirlə düşüncəsiz
əməl arasında
vurnuxdunuz.
***
Kitab yazan
və çap edən çoxdu,
Adını
qəzetdə-kitabda
görmək
istəyən çoxdu.
Kitab-dəftərdən
qumar güdürlər, hərçənd.
Siz
çox oxuyursuz,
Allah
sözündən başqa,
Siz
çox şey ucaldırsız,
Allah evindən
başqa.
Diqqətiniz
üçün təşəkkür edirəm.
Səlim
BABULLAOĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 24 oktyabr, ¹38-39.- S.10-11.