Kür kimi doğma
Əlisəmid,
fələk zalım olmağa hökm edir...
Sosial şəbəkələrdə bir Əlisəmid vaveylası var. Təxminən, iyirmi beş il əvvəl Əlisəmidin başına bir qəza gəlmişdi və indi baş verən ölümünü də o qəzanın əsintisi, o sarsıntının yekunu kimi anlamaq olar. Onda şair qınaq obyekti idi... Həmin günlərdə "Kür kimi doğma Əlisəmid, fələk zalım olmağa hökm edir" adlı bir məqalə yazıb, "Yeni Azərbaycan" qəzetinə - Alqış Həsənoğluna göndərdim. Sağ olsun, yazını qəzetin 23 noyabr 2000-ci il tarixli sayında dərc etdi. Əlisəmidin çətin günlərində iqtidarın baş qəzeti ona həyan olmuş, Əlisəmid də qəzetin bu münasibətindən və yazıdan məmnun qalmışdı. Və hətta həbsxanada onu ziyarətə gələn oğlu Qorqud özü ilə "Yeni Azərbaycan" qəzetinin həmin sayını gətiribmiş, "Ata, səndən yazıblar", deyə qəzeti ona uzadıb. Ardıyca da əlavə edib: "Ata, yaxşı yazıblar". Onda Əlisəmid haqqında yaxşı yazanlar, ya heç yox idi, ya da çox nadir idi. Yazımda belə bir fikir vardı: "Əlisəmid barədə indi yox, çoxdan yazmalıydım. İndi yazıram və yazdıqca da düşünürəm, bəs uzun illərdən bəri Əlisəmidlə bağlı ürəyimdə gəzdirdiyim fikirlər hara qeyb oldu?" Oğlu ilə görüşdüyü həmin gün Əlisəmid gündəliyinə təxminən, bu məzmunda qeydlər etmişdi: "Sağ ol, Azər, amma sən bu yazını mən öləndən sonra yazmalıydın". Bütün bunları elə o illərdə "Avropa" qəzetinə verdiyi müsahibəsində oxumuşdum...
Ankaraya yola düşürdüm. Əlisəmidin qara xəbərini eşitdim və evdən çıxanda həmin yazını da, özümlə götürdüm. İndi bir Ankara gecəsində 25 il əvvəl yazdığım həmin yazıyla baş-başayam və o yazıdan bəzi parçaları bura köçürürəm:
"Əlisəmid içərisindəki böyük şairin doğuluşu ərəfəsində üç klassik şeir yazmışdı. Bu şeirlər onun taleyinin, bugünkü aqibətinin və gələcəyinin xəbərdarlıqlarıydı:
Neçə ki, fələk qarğıyır,
Hökm edir zalım olmağa,
Yüz əliqılınclı hazır
Bir bənövşə boynu vurmağa.
Neçə ki, canından bezir
Hər aşiq haqdan keçməyə,
Min əliçıraqlı gəzir
Eşq yolunda qurban getməyə.
Neçə ki, söz meydanı dar,
Umud qalır and içməyə,
Milyon əliyalın qul var
Min yol ölümdən keçməyə.
Yüz əliqılınclı hazır...
Min əliçıraqlı gəzir...
Milyon əliyalın qul var,
Neçə ki, Tanrı da dözür.
Çətini fələk qarğıyıncadır. Amma nə yazıq ki, sözün meydanı daralanda ümidi də fələyin şaxtaları vurur. Sənin içdiyin ən müqəddəs anda belə inanmırlar, inanmaq istəmirlər. Andlardan sonra isə nevrasteniya gəlir. Tək sən deyil, cəmiyyət hamısı bu gündədir.
"Bir dəfə vağzalın yanından keçəndə şəhərdə qəfildən işıqlar söndü. Kürəyində yük daşıyan adamlar mənə kentavrları xatırlatdı... bir də qulaqlarıma at kişnərtisi gəldi" - bu sözləri Əlisəmid "Kentavr" şeirinin epiqrafında yazır və sonra da şüuraxını kimi kentavrlar peyda olur:
Dərdin
arxasınca dördnala
çapan
Bədəni at, başı adam,
Bu yarıat, yarıadam,
Qaçmağı hallı adam
Hara gedir, Yaradan?
Sözünün dalında dağ
kimi durub,
Hər gün bir sevdayla
döyüşə gedir.
Dalına
atdığı şələyə
baxmır,
Xəndəyə yıxılmır, tələyə
baxmır,
Özüylə söyüşə-söyüşə
gedir.
At kimi yeriyir qəmin
üstünə.
Çapır, dördnala çapır,
Hara gedir, qəm gətirir.
Bir gün çörək tapır,
Bir gün də tapmır...
"Mersedes" gözəllər
keçir yanından,
Vaxtı
yox onlara gözucu baxa.
Faytona qoşulmuş ata boylanır,
Bu yarıat, yarıadama
Ana boylanır,
Ata boylanır.
Kentavr şəhərdən baş
aça bilmir,
Dəyənək qorxusu çıxmır
canından.
Bu köçkün kentavr,
Qaçqın kentavr
Polisin əlindən qaça da
bilmir.
Bu qovur, o
qovur,
Göydə Allah qovur, yerdə
bəndəsi.
Kəpənək yuxusu qaçıb
gözündən,
Hələ kütə gedir
onun kündəsi.
- Hara qaçırsan, Kentavr?
- Kimdən qaçırsan,
Kentavr?
Başın bədənindən ayrı,
Bədənin başından ayrı,
Özün-özündən qaçırsan,
Gedirsən qəmin üstünə
Söyüşə-söyüşə.
Yaşamaqçün, ölməməkçün
Atlar örüşə gedir,
Kentavrlar-döyüşə!
...Qarabasmaya bənzəyən
Kentavr gerçəkliyini
özüylə birgə getdiyi yerlərə aparan Əlisəmid
Kür Azərbaycanın ən yaralı şairinə
çevrildi. Onun alın yazısından da bu qarabaxt sözlər
oxunurdu. Əlisəmidin şeirlərində göz
yaşına çevrilmiş misralar yoxdur. "Dilənçi
şəhər" şeirini oxuyub bu qənaətə gəlmək
olur ki, meydanı çaxnaşdıran çağdaş Azərbaycan
yazısının Əlisəmid Kür müxalifliyinə nə
qədər böyük ehtiyacı vardır:
Bütün
dilənçiləri tanıyıram şəhərdə...
Sən
ki dilənçi deyilsən,
anam-bacım!
Səni
bu günə salan var!
Utana-utana
əl açmısan,
Gözlərin yaşarıb sənin.
Uşaq
kimi dil açmışan,
Əllərin qısalıb sənin,
Bəxtinə yolçuluq düşən
anam-bacım.
Üzünü
gizlətmə elə.
Cibimdə sonuncu qəpiyim
qalıb,
Ağlaya-ağlaya verirəm sənə,
-
Sən
Allah, özünü ağlatma
belə.
Dərddən
xəbərsizlər kefdə-damaqda...
Yanından maşınla şütüyüb
keçir,
Yayın
bürküsündə, cırhacırında
Halına
yananlar üşüyüb
keçir.
Əl
açmağa qalıb sənin əlacın,
Boynunu bükmüsən yolumun üstə.
Mən səndən kasıbam, ay
anam-bacım,
Özüm can verirəm qolumun
üstə.
Bütün
kənd dilənçi,
Şəhər dilənçi...
Nəzir
qutusudu nazir qapısı.
Üzlərdə, gözlərdə nə
həya, abır,
Nə
Allah qorxusu,
bəndə qorxusu.
Dilənir küçələr başdan-ayağa,
Azan səsiylə də dilənir şəhər.
Yağış əvəzinə göydən
pul yağa,
Yığıla küçədən bu dilənçilər.
Buradan
haraya baş alıb qaçım?
Dilənçi əkilib hər
qarışına.
Bir gün mən özüm də əlimi açıb
Tanrım,
çıxacağam
Sənin
qarşına.
Bu,
Əlisəmidin şair taleyidir. Və təkcə qəzet səhifələrində,
kitablarında yazdığı yox, evinə
apardığı, məişətinə, həyatına
daxil elədiyi taleyi. Məhz bu mənada, Əlisəmid bənzərsizdir.
Ədəbi təxəllüsü canında qımıldanan
Əlisəmid Kürdür! Onun zahirən məğlubedilməz
görünən cismi əsl hadisənin - faciə səviyyəsinə
yüksəlmiş şairliyinin qarşısında duruş
gətirə bilmir. Azərbaycan poeziyası Əlisəmid
Kür dövrünü yaşamalıdır. Taleyin
sınaqları da kim bilir, bəlkə elə bunun
üçündür.
...Nə isə olacaqdı. "Kentavr"dan sonra nə isə
olmalıydı. Vağzalın yanından keçəndə
gördüyü gerçəklərə qədim
dünyanın mifoloji obrazları qarışıb şairi əməlli-başlı
röyaya daldırmışdı. Yazı masasının
arxasında isə Əlisəmid Kür vağzalın
yanında gördüyü yuxunu qələmə
almışdı. Fessaliya Bakı ilə
qaynayıb-qarışmışdı onun şair təxəyyülündə.
Dionisin şəraba həris dostları vağzalda yük
daşıyırdılar. Qəmlə söyüşə-söyüşə
bir Azərbaycan şairinin əsəblərinə
sığınırdı bu yarıat, yarıadam məxluqlar.
Şairdən çörək istəyirdilər... Və bir
azdan sükut pozuldu... Əlisəmidin sükutu pozuldu..."
İndi iyirmi beş il əvvəl
yazdığım bu esseni Ankarada "New Park Hotel"in
3-cü mərtəbəsindəki otağımda təkrar
oxuyuram... Doğrudan da, bu yazını Əlisəmidin
ölümündən sonra yazmalıymışam...
Yeri gəlmişkən, Ankaraya
Anarla bağlı silsilə tədbirlərdə
iştirak etmək üçün gəlmişəm. Bayaq
Anar müəllimlə Əlisəmid barədə
danışırdıq: "Səhiyyə
Nazirliyi ilə də, Əhliman Əmiraslanovla da Əlisəmidin
səhhəti ilə bağlı söhbət etmişdim. Amma
xəstəlik öz işini görmüşdü. Əlisəmidi
xilas etmək mümkün olmadı..." dedi.
Əlisəmid yaşca məndən
böyük idi. Amma eyni institutda oxuyur, nəşriyyatın
yaxınlığındakı yataqxanada eyni otaqda
qalırdıq... O, beşinci kursda oxuyurdu, mən birinci
kursdaydım. Xatırlayıram. 1981-ci ilin oktyabr ayıdır.
Yağış ara vermir. O zaman oktyabr yağışları
indiki kimi, Mətbuat prospektinə deyil, Avakyan küçəsinə
yağırdı. Arazdan, Təbrizdən danışıb
yorulmuşduq. Əlisəmid yatmış, mən isə oturub
dərslərimi oxuyurdum. Qəfil başına qədər
çəkdiyi ədyalı kənara itələyib yerindən
sıçradı. Onu yatmış zənn etdiyim anlarda ədyalın
altında yazdığı şeiri oxumağa başladı:
Həsrət
ümidinlə qol-boyun gəzər,
Sözlü arzuların yola
çıxıbsa.
Demə
nigaranıq o taydan, Azər,
Qəlbinə axacaq göz yaşın sənin -
Araza baxıbsa, Kürə baxıbsa.
Və
indi, üstündən ən azı qırx üç il
keçəndən sonra bu təfsilatı ömrümün ən
məhrəm məqamlarından biri kimi xatırlayıram.
Həmin
illərdə xətrimə
dəyən kim olsaydı, kimliyindın
asılı olmayaraq, Əlisəmid bir göz
qırpımında həmin adamı tapar, döyüb
gözünün odunu alar, qorxudardı. Əlisəmidin
yanında adam kür olardı, Əlisəmid kimi...
Hələ tələbəlik illərində
mətbuatda şeirləri, tamaşalar barədə
resenziyaları dərc olunardı. Sonra nə
üçünsə Azərbaycandan kənarda həbs olundu.
Ukraynada həbsxanada yatdı. Onda mən İrkutskda əsgərlikdəydim
və Əlisəmidin başına gələnlərdən də
xəbərsiz deyildim. O ərəfədə Xəlil Rzadan 9
iyul 1985 tarixli bir məktub aldım: "Mən dünən
şəhərdə kimə rast gəlsəm,
yaxşıdır? Əlisəmid Cəfəroğluya! Necə
qucaqlaşdıq, aman, Tanrı! 120 gün həbs çəkib
Xarkovdan qayıtmış bu şairin varlığında nə
qədər gənclik, mübarizə, səmimiyyət
işığı var! Evimizdə gözəl şeirlərini
dinlədik. Gülür Əlisəmid... onu dustaq edənlərə
və bu gülüş dustaq evində yazdığı
"Poema-Gündəlik" əsərinin hər
misrasında ildırım kimi şölə çəkir.
Biz öyrəşməliyik
Aysız,
ulduzsuz gecələrin
qaranlığında yaşamağa
da.
Bir dəniz yaşayır içərimizdə...
Biz öyrəşməliyik onun
köksümüzü döyən dalğalarına.
Pəncərəmin pərdəsi
zülmət rəngli bir əsgi...
Türkiyə radiosu Azərbaycan
şairinin dustaq edilməsi haqqında
veriliş vermiş və üç şeirini oxumuşdur.
Böyük Rəsul Rzaya həsr etdiyi bir şeirində deyir
ki, "Ölümün utana-utana gəlmişdi / Fəxri
xiyabana. / Çəkinə-çəkinə, /
qızara-qızara / girmişdi məzara".
Tez ayrıldıq. Salyana, atasının yanına
qanadlanırdı Əlisəmid. Cibinə 25-lik basmaq istədim,
götürmədi. Məğrurdu Əlisəmid.
Qadını və qızı şeirlərində Ayla Ulduz
kimi nur saçır".
Əlisəmid bir az da
Ulutürkün əsgəriydi. Hətta Ulutürkün evində
tabutun qapağını açıb şəhid Təbrizin
yaralı vücudunu Xəlil Rzaya o göstərmişdi...
Bunu isə Xəlil Rza Ulutürk ona həsr etdiyi "Əlisəmidim"
poemasında yazıb:
Qayalardan,
ümmanlardan
güc alanım - Əlisəmidim!
Şeir
üstündə ucalanım
- Əlisəmidim!
...Yıxılsan da, dura bildin,
Qıra
bildin kirli toru...
...Sonrakı
illərdə də ayrılmadıq. Bir də
görürdün başının dəstəsi ilə
Neftçaladakı evimizə qonaq gəldi. Atam da onu çox
istəyərdi deyə, bütün ərklərini sevərək,
sevinərək qəbul edərdi. Yadımdadır, 1987-ci ildə
rejissor Zaur Məhərrəmovla gəlib Kürlə Xəzərin
qovuşduğu yerdə "Sübh adasında qürub" sənədli
filmini çəkmişdilər... Çəkiliş günlərində
bir yerdə adaya gedər, axşama qədər orda qalar, evə
gecələr qayıdıb sənət söhbətləri
edərdik...
Dünən gecə Ankarada başladığım bu yazını bu
gün gecə Əskişəhərdə - Anadolu
Universitetinin qonaq otağında davam etdirirəm. Yuxarıda
xatırlatdığım rejissor Zaur Məhərrəmov da
Anadolu Universitetinin müəllimi idi və iki ay bundan əvvəl
elə bu şəhərdə də dünyasını dəyişdi...
Əlisəmid həm də budur. Heç yerdə boşluq buraxmır;
nə xatirələrdə, nə də həyatda...
"Yol" qəzetinin baş redaktoru olduğu
1991-1994-cü illərdə esselərimi çap edir, qəzetdə
mənim təqdimatımla türk poeziyasından nümunələr
verirdi.
İnanmazdım ki, Əlisəmid bir
gün xatirəyə çevriləcək. Yoxluğu bu şəkildə
yandırıb-yaxacaq. Əsl salyanlıydı; macəraları
bitib-tükənməz...
"Ədəbiyyat qəzeti"nə
şeirlərini sonuncu
dəfə 2023-cü ildə təqdim etdi. Bir dəfə də
onu 2019-cu ildə çap etmişdik... Demək olar ki, hər
həftə redaksiyaya gəlir, hər dəfə
görüşəndə yeni şeirlərini göndərəcəyinə
söz verir, amma göndərmirdi. Elə əvvəldən az
yazırdı. Heç başqa yerdə də yeni şeirlərinə
təsadüf etmirdim. "Adamlar dəyişir havalar kimi"
başlığıyla verdiyimiz son şeirlərindən biri
Məhəmməd Hadinin qarışıq xəyallarının
- "Mən bir diriyəm, etdi məni dəfn təsadüf"
misrasının yeni versiyası kimi səslənirdi:
Mən
büllur külqabıyam,
Hərracda satılacam
bir azdan.
Taleyi çat atmış
büllur
bir şairin
çat
atmış büllur
külqabısı
satılacaq hərracda.
O nakam şairin
nəyi
var - bölünüb,
nəyi
var - satılıb
bir az aşağı,
bir az yuxarı.
...Mən büllur külqabıyam -
Məni
satan qazanacaq,
məni
alan sevinəcək...
Mən
- şahidəm.
Əldən salsalar məni
çilik-çilik olacam.
Mən
- şəhidəm!
Kül acıyam.
Yanmış əlyazmaların
kül qoxusu var canımda.
Mən büllur külqabıyam,
Məni
ortaya qoyub
satacaqlar hərracda.
Bir mən satılacam,
bir də satılacaq
qəm çəkmiş şairin
toz basmış,
nəm çəkmış əlyazmaları.
Sanki
Əlisəmidin bütün ağrıları həmin
şeirdə preslənmişdi və bu dünyadan da elə həmin
ağrılarla getdi...
14-15
oktyabr 2025
Ankara-Əskişəhər
Azər TURAN
Ədəbiyyat
qəzeti.- 2025.- 24 oktyabr, ¹38-39.- S.16-17.