Firuzə Məmmədlinin 85 illik yubileyi

münasibətilə tədbir keçirilib

 

Xaçmaz şəhər Heydər Əliyev adına Mədəniyyət Mərkəzində şair, Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqının sədri Firuzə Məmmədlinin 85 illik yubileyi münasibətilə tədbir keçirilib.

Yubiley tədbirində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev, Əməkdar jurnalist Azər Həsrət, «İlham Çeşməsi» elmidəbi məclisinin sədri Böyükağa Ağa, «Ulduzlar» ədəbi məclisinin sədri Fərzalı Ziyanur, yerli şair və yazıçılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İçtirakçıları əvvəlcə şairin kitablarından ibarət sərgi ilə tanış olublar, onun həyat və yaradıcılığından bəhs edən filmə baxıblar.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxışında Xaçmazın görkəmli şəxsiyyətlərinin, istedadlı insanlarının Azərbaycanın mədəniyyət, incəsənət və ədəbiyyat tarixində mühüm rol oynadığını diqqətə çatdırıb. O, belə şəxsiyyətlərdən birinin istedadlı şair, professor Firuzə Məmmədli olduğunu bildirib.

Qeyd olunub ki, Firuzə Məmmədli yalnız şair kimi deyil, həm prezident təqaüdçüsü, dilçi-alim, ədəbiyyatşünas kimi Respublikamızın tanınmış elm adamlarındandır.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev, Əməkdar jurnalist Azər Həsrət, «Ulduzlar» ədəbi məclisinin sədri Fərzəli Ziyanur digər çıxış edənlər Firuzə Məmmədlinin həyat yaradıcılığından, zəngin ədəbi irsindən danışıblar, onun Azərbaycan ədəbiyyatına, təhsilinə ictimai həyatına verdiyi töhfələri yüksək qiymətləndiriblər.

Tədbirin bədii hissəsində şairin qələmə aldığı şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Sonda yubilyara Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən Fəxri Fərman xatirə hədiyyəsi təqdim olunub.

 

Ədəbiyyat qəzeti.- 2025.- 24 oktyabr, ¹38-39.- S.13.