Sumqayıt Dövlət
Universitetində Xalq şairi
Bəxtiyar Vahabzadənin
100 illik yubileyi qeyd olunub
Oktyabrın
23-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan
ədəbiyyatının parlaq simalarından biri, görkəmli
söz ustadı, ictimai xadim, xalq şairi Bəxtiyar Vahabzadənin
anadan olmasının 100 illik yubileyinə həsr olunmuş
"Sözün Bəxtiyarı" adlı tədbir keçirilib.
Əvvəlcə
tədbir iştirakçıları universitetin Böyük
Akt zalının foyesində şairin 100 illik yubileyinə həsr
olunmuş kitab sərgisi ilə tanış olublar. Sərgidə
Bəxtiyar Vahabzadənin müəllifi olduğu kitablar,
seçilmiş əsərləri, həmçinin onun
yaradıcılığına dair yazılmış ədəbiyyat
nümunələri nümayiş etdirilib.
Tədbirdə
Prezident İlham Əliyevin Bəxtiyar Vahabzadənin 100 illik
yubileyi ilə bağlı imzaladığı Sərəncam
səsləndirilib. Ardınca Bəxtiyar Vahabzadənin zəngin
həyat və yaradıcılıq yolunu, eləcə də
ulu öndər Heydər Əliyevin xalq şairi ilə
görüşünü əks etdirən videoçarx
nümayiş etdirilib.
Tədbiri
giriş sözü ilə universitetin rektoru v.i.e., AMEA-nın
müxbir üzvü, professor Əminağa Sadıqov
açaraq, qonaqları və
iştirakçıları salamlayıb, ulu öndər Heydər
Əliyevin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına
və ziyalılarına göstərdiyi yüksək diqqət
və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini vurğulayıb. O, Prezidentin Bəxtiyar
Vahabzadənin 100 illik yubileyinin dövlət səviyyəsində
qeyd olunması ilə bağlı imzaladığı Sərəncamın
bu dəyərin bariz nümunəsi olduğunu qeyd edib.
Əminağa
Sadıqov çıxışında Bəxtiyar Vahabzadə
ilə AMEA-da görüşdüyünü xatırladaraq,
onun "Ana", "Vətən" kimi mövzularda
yazdığı şeirlərin dərin təsir
gücünə malik olduğunu bildirib. O, xüsusilə,
şairin sovet hakimiyyətinin ən repressiv dövrlərində
qələmə aldığı "Gülüstan"
poemasının əhəmiyyətinə toxunaraq qeyd edib ki,
bu əsərdə xalqımızın iki yerə
bölünməsi faciəsi yüksək vətənpərvərlik
duyğusu və cəsarətli bədii ifadə ilə təsvir
olunub. "Gülüstan" poemasının təkcə ədəbiyyat
tarixində deyil, həm də milli düşüncənin
formalaşmasında mühüm rolu olduğunu
vurğulayıb.
Ümumiyyətlə,
Bəxtiyar Vahabzadə milli şüurun dirçəlişinə
üstünlük verən sənətkar olmaqla yanaşı,
xalqımızın gələcəyə
baxışının formalaşmasında da mühüm rol
oynamışdır. Əminağa Sadıqov onu da diqqətə
çatdırıb ki, Bəxtiyar Vahabzadə ulu öndər
Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışı zərurətini xalqımıza
çağırış edən ziyalılardan biri olub.
Rektor
v.i.e. Əminağa Sadıqov
çıxışının sonunda gənclərə
müraciət edərək, Azərbaycan ədəbiyyatının
klassiklərini, xüsusilə də Bəxtiyar Vahabzadə
kimi böyük şəxsiyyətlərin
yaradıcılığını dərindən öyrənməyi
və oxumağı tövsiyə edib.
Tədbirdə
Milli Məclisin deputatı Elnarə Akimova xalq şairinin
çoxşaxəli yaradıcılığına geniş nəzər
salaraq, onun poeziyasında vətəndaşlıq
mövqeyinin, milli ruhun, istiqlal düşüncəsinin ön
planda olduğunu xüsusi vurğulayıb. Bildirib ki, Bəxtiyar
Vahabzadə yalnız şair kimi deyil, eyni zamanda ziyalı və
vətəndaş mövqeyi ilə də Azərbaycan ədəbiyyatına
və ictimai fikrin formalaşmasına mühüm töhfələr
verib. Onun əsərləri milli azadlıq ideyalarının tərənnümündə,
gənc nəsildə vətənpərvərlik
duyğularının formalaşmasında müstəsna rol
oynayıb. Elnarə Akimova qeyd edib ki, "Bu il anadan
olmasının 100 illiyi tamam olan Bəxtiyar Vahabzadənin
ömür bioqrafiyasında, ədəbi-elmi
yaradıcılığının tərcümeyi-halında
geridə qalan bir əsrə yaxın zaman kəsiminin
addımları duyulur və bu addımlar milli tariximizin, milli
varlığımızın nəfəsi duyulan qatlarından
ayaq açıb yeriyir.
Bu qatlar
tarixdir, dildir, azadlıq idealları, istiqlal vuruşudur. O səbəblər
ki, B.Vahabzadənin şair kimi seçilməsinin,
çoxluğun içindən fərqlənməsinin əsası
idi. B.Vahabzadə yaradıcılığı sovet dövründə
bilərəkdən güdaza verilən tarixi yaddaşın,
bilərəkdən unutdurulan dil yaddaşının, bilərəkdən
susdurulan azadlıq nidasının oyanışına imkan vermək
amacına xidmət üçün ərsəyə gəlmişdi
və bu, bəlkə də, onun bütün
yaradıcılığı ərzində boyuna biçilən
başlıca şair missiyası idi - millətin və
xalqın tarix bioqrafiyasını poeziyanın yaddaşına
çevirmək"...
Sonra
çıxış edən "Ədəbiyyat qəzeti"nin
baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər
Turan şairlə bağlı şəxsi təəssüratlarını,
xatirələrini bölüşüb: "Zəminxarə,
Meracın musiqisidir. Merac gecəsi baş verən ilahi söhbətin
səslərlə ifadəsidir", - sözlərini Bəxtiyar
Vahabzadə heç yerdə, o cümlədən
"Muğam" poemasında da qələmə almayıb.
Amma mən indi söyləyəcəyim misraları 1976-cı
ildən qalma bir lent yazısında, Vahabzadənin səsinə
istinad edərək deyirəm. Dostlarıyla - Kamil Cəlilov və
Nurəddin Rzayevlə atama qonaq gəlmişdi, Kamil Cəlilov
qaboyda "Zəminxarə" çalır, Vahabzadə isə
"Zəminxarə"dən danışır, sonra da bədahətən
bu dörd misranı deyir:
Qan udub, dövran
əlindən, ey Füzuli, söylədin:
Dövrü
cövründən şikayət etməmək mümkün
deyil.
Mənsə
bir dövranə düşdüm ki, bu viranxanədə
Dövrü
cövründən şikayət eyləmək mümkün
deyil...
1975-cı
ildir. Bəxtiyar müəllim viranxanədə - SSRİ-də
söz azadlığının qəhətliyindən
danışır.
Yuxarıdakı
şeirin bədahətən deyildiyini isə ondan bilirəm
ki, iyirmi il sonra - 1997-ci ildə xəstəxanada müalicə
olunduğu vaxt onun barəsində "Qan udub dövran əlindən"
adlı bir yazı yazmışdım, yazı "Xalq qəzeti"ndə
dərc olunmuşdu və həmin şeiri də o yazıda
misal gətirmişdim. Həmin gün Dilarə xanım zəng
vurdu, "Bəxtiyar səninlə danışmaq istəyir"
dedi. Bəxtiyar müəllim sitat gətirdiyim şeirin kimə
aid olduğunu soruşdu. "Sizindir" - dedim. - Siz o vaxt o
şeiri bədahətən söylədiniz. Hətta evimizdə
şeirin sizin xəttinizlə həmin dəqiqələrdə
yazılmış əlyazması da qalır". Kövrəldi".
"Muğam"
poemasından müəyyən parçaları səsləndirməklə
Bəxtiyar Vahabzadə şeiriyyətinin alt qatlarında
dayanan dərinlərə diqqət yönəldən Azər
Turan şairin vətən sevdalı, yurd sevgisi ilə
yoğrulmuş poeziya nümunələrinin
yaşarılığından bəhs etdi.
Dil və
ədəbiyyat kafedrasının dosenti İlahə Vəliyeva
də şair haqqında xatirələrini bölüşərək,
onun zəngin və çoxşaxəli ədəbi irsindən
söz açıb.
Tədbirin
bədii hissəsində universitetin tələbələri
şairin poeziyasından seçilmiş nümunələri səsləndirib,
onun sözlərinə yazılmış mahnıları ifa
ediblər. İstedadlı müğənni Hicran Əhmədovanın
ifasında təqdim olunan musiqi nömrələri
iştirakçılar tərəfindən maraqla
qarşılanıb. Universitet tələbələrinin
ifasında milli rəqslərimizin təqdimi, eləcə də
duet, trio qismində sərgilənən musiqilər tədbirə
xüsusi rəng qatıb.
Ədəbiyyat
qəzeti.- 2025.- 24 oktyabr, №38-39.- S.14.