Yaddaş çölünün
çağıran çiçəkləri
Sənədli povest
Bu yazı yadın, yəni yadımda qalanların yadırğalanmayan yollarıdır.
O yad və
yaddaş yolları qəfildən pıçıldadı
ki, bizi də yaz, bu fani
dünyada yazıdan böyük sığınacaq
yoxdur. Və mən də yaddaş çölünün
çağıran çiçəklərinə
qulaq asdım, xəyalı körükləyən
xatirələr dünyasına
üz tutdum. Müəllif
O, şəhadət barmağı
ilə dodaqlarını
qapayıb susmaq işarəsi verdi, sonra telefonun səsyazma düyməsini
sıxıb sözə
başladı:
- Hələlik sonuncu bədii əsəriniz olan "Qoca işığın qürubu"
adlı hekayənizlə
başlamaq istəyirəm
söhbətimizi.
- Buyurun, - dedim.
- Həmin hekayənin lap əvvəlində belə
bir qeydiniz var: "Bu yazı uzun müddət roman cildində
qəlbimin qapılarını
döydü, ruhumu çağırdı; ha qovdumsa,
çəkilib getmədi,
dirənib durdu. Nəhayət, kiçik bir hekayəyə salam verdim, qismət
bu imiş..."
Birnəfəsə oxuyub dərindən
nəfəs aldı, təəccüb qarışıq
heyrətlə soruşdu:
- O romanı niyə yazmadınız?
- Doğrusu budur ki, qorxdum...
- Nədən?
- Təxminən, otuz beş il əvvəl mifoloji-fantastik yönümlü
"Qanlı Quzğun
meydanı" adlı
romanımı yazarkən
böyük əzablar,
ruhi sarsıntılar yaşamışdım, bəlkə
də o əzablı sarsıntıları yenidən
yaşamaq istəmədim...
- O romanı oxumuşam; tam səmimiyyətlə deyə
bilərəm ki, "Qanlı
Quzğun meydanı"
romanında milli ruha, düşüncəyə təskinlik
gətirən məqamlar,
işıqlı, pozitiv
çağırışlar daha çoxdur...
- O roman
20 Yanvar qırğınlarının,
şəhidlərin qaynar
qanına bələnmişdi;
sözün bitdiyi yerdən "Ya peyğəmbərlər, kömək
edin!.."
qışqırıqlarının susqun səsi gəlirdi. Mən xalqın xeyirlə şər, işıqla qaranlıq arasında çəkdiyi tarixi əzabların, qanlı qırğınların dərd
düyünlərindən danışıram;
20 Yanvar meydanında
2042 il əvvəlin qanlı
meydanı çağırmışdı
məni və mən o qəfil çağırışa doğru
əzablı yollar getdim...
- O romanı, eləcə də "Yaddaş yarası" romanınızı
rəhmətlik Nizaməddin
Şəmsizadə "gələcəyin
əsərləri" adlandırmışdı.
- Şair, Azərbaycan Yazıçılar Birliyi
Qazax bölməsinin sədri Barat Vüsal
"Yaddaş meydanı
- Meydanın yaddaşı"
adlı irihəcmli essesində ("Ulduz"
jurnalı, iyul 2001-ci
il) yazır ki, "Sadıq
Elcanlının "Qanlı
Quzğun meydanı"
romanı bizi bizim həqiqətlərə
inandıra bilir. Bu, Türkün öz tarixi gücünə, yaddaş enejisinə qayıdışının roman-modelidir". Baratın o essesi vaxtında yazılan fədakarlıq
nümunəsi idi.
- "Mənim mövqeyim" adlı kitabınızın
"Milli yaddaşa qayıdış"
adlı Ön sözündən bir abzası bu məqamda xatırlatmaq istəyirəm.
"Sadıq Elcanlının həm bədii, həm də publisistik əsərlərinin
bir məziyyəti
milli-tarixi yaddaşa müraciət edilməsidir.
Böyük Qırğız
ədibi Ç.Aytmatov
çox dəqiqliklə
deyib ki, "yaddaş
itən yerdə manqurtluq başlayır".
Artıq qeyd etdiyim kimi, S.Elcanlının əsərləri
yaddaşsızlığa qarşı,
yaddaş uğrunda mübarizədən yaranıb.
Və hamıya yaxşı məlumdur ki,
tarixin ağır keşməkeşlərində, ola bilər ki, xalqın bir çox milli dəyərləri itsin, bir çox sənət yadigarları oğurlansın, memarlıq
abidələri məhv
olsun. Amma bircə reallıq var ki, onu heç vaxt, heç kim öldürə, məhv edə bilmir. O, SÖZdür! Söz, dil ona görə
ölmür ki, onda xalqın mənəvi enerjisi, əxlaqi keyfiyyətləri, xüsusilə,
onun bütöv yaddaşı yaşayır.
Sadıq Elcanlı sözə ona görə müraciət
edir ki, o, sözün
canından, cövhərindən,
əlçatmaz, ünyetməz
dərinliklərindən xalqın
milli-tarixi yaddaşını,
əslini, özünü
tapıb aşkara çıxartsın, xalqın
özünə qaytarsın.
Bu baxımdan, onun əsərlərinin özünəməxsus
sənətkarlıq məziyyətləri,
xüsusilə, romanlarının
bədii modeli, janrı, forma və məzmun vəhdəti haqqında da qısa fikir söyləmək istərdim. Dediyim kimi, Sadıq Elcanlı ədəbiyyatımızda
yeni bir yol başlayıb.
Bu, nəsrdə mifik-fantastik
istiqamətdir. Əlbəttə,
dünya ədəbiyyatında
qismən işlənən
ənənəvi, elmi-nəzəri
fantastikadan fərqli olaraq, mifik düşüncə
ilə fantastik düşüncəni milli təfəkkür
müstəvisində birləşdirən,
qovuşduran ardıcıl,
həm də ciddi bədii-estetik prinsiplərə əsaslanan
mifoloji-fantastika xəttinə
Sadıq Elcanlının
nəsrində rast gəlirik. Bu, milli yaddaşa
qayıdışı şərtləndirən,
oxucunu xalqın tarixi yaddaş enerjisinə qovuşduran nəsrdir. Bu povest və romanlara ənənəvi nəzərlə
yanaşmaq olmaz. Bu əsərləri ənənəvi
oxucu zövqü ilə oxumaq olmaz. Sadıq Elcanlının istər nəsr, istər publisistikasını oxumaq
üçün müəyyən
hazırlığa malik olmaq
lazımdır. O, intellektual
yazıçı və
publisistdir. Ona görə
də onun əsərləri başa düşülmək,
dərk edilmək üçün müəyyən
intellektual hazırlıq
tələb edir. Mənə belə gəlir ki, Sadıq Elcanlının, xüsusilə,
"Qanlı Quzğun
meydanı", "Yaddaş
yarası" romanları
gələcəyin əsərləridir".
- Bəli, unudulmaz dostum, böyük alim Nizaməddin Şəmsizadə
1999-cu ildə çap
olunan "Mənim mövqeyim" adlı kitabıma yazdığı
genişhəcmli Ön
sözdə demişdi
həmin sözləri.
1990-cı illərin əvvəllərində
"Gənclik" jurnalının
on bir sayında çap olunan (bu yerdə ədəbiyyatımızın
sonuncu mogikanlarından
olan Məmməd İsmayıla dərin hörmət və ehtiramımı bildirirəm
- S.E.) həmin roman haqqında
çox yazılıb.
Lakin Nizaməddinin soraq
verdiyi həmin "gələcək", belə
görünür ki, hələ
gəlməyib, daha doğrusu, belə tezliklə gəlməyəcək...
- Elə isə biz də bu məqamı
nə vaxtsa gələcək gələcəyin
öhdəsinə buraxaq...
- Əslində, keçmiş,
indi və gələcək, məncə,
nisbi anlayışlardır;
miflərin, əsatirlərin,
nağıl və dastanların, daha sonra elmi-fantastikanın yolu, hədəfi olan zamanda səyahət,
artıq süni intellekt üçün əlçatan reallıqdır;
əsrlər, minillər
boyu olmuşların sonsuz kainata yayılan ölümsüz,
diri dalğalarının
əks hərəkətinə
nail olmaqla keçmişlə
indinin, hətta keçmişlə gələcəyin
əl tutub görüşməsi, necə
deyərlər, eyni vaxtı, eyni məkanı bölüşməsi
ən azı virtual reallıqdır...
- Mənim növbəti sualımı qabaqladınız. Yəni... Soruşmaq istəyirdim ki, niyə elmi-fantastika yox, məhz mifoloji-fantastika? İndicə xatırladığımız professor Nizaməddin Şəmsizadənin "Ədəbiyyat qəzeti"ndə çap olunan, sizin haqqınızda yazdığı dörd məqalədən biri belə adlanırdı: "Mifdən qədim adam"...
- Bir daha unudulmaz dostumun ruhuna rəhmət diləyirəm... Sualınıza gəlincə, ədəbiyyata gəldiyim ilk çağlarda dahi Mirzə Cəlil Məmmədquluzadə nəsrinin tilsiminə düşdüyümü xatırlayıram; nə yazırdımsa, o mətn ruhunun çöllərində Mirzə Cəlil küləkləri əsirdi. Etiraf edim ki, qaçılmaz bir tilsim idi, girdablar kimi ruhumu çəkib aparırdı. Bunu hiss edən, hətta bundan açıq-aşkar məmnun olan böyük dostum, akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru Yaşar Qarayev mənə "Cəlil Məmmədquluzadə nəsrinin poetikası" mövzusunu namizədlik işi kimi məsləhət görmüşdü. O, "Cəlil dədənin nağılı" adlı irihəcmli essemin əlyazmalarını oxuyandan sonra həmin qərara gəlmişdi. Həmin essenin belə bir epiqrafı vardı: "Dahi Mirzə Cəlilin əbədi döyüşkən və qalib ruhuyla söhbət". Bu ədəbi-fəlsəfi söhbət-traktatda zamanın irəli sürdüyü və mənim dilə gətirdiyim suallara nasir, dramaturq, publisist, milli mədəniyyət fədaisi, Vətən və Xalq cəfakeşi, DAHİ DƏRDKEŞ M.C.Məmmədquluzadə bütün və bütöv yaradıcılığı ilə cavab verirdi. Və böyük xeyirxahım Yaşar Qarayev deyirdi ki, dünyasını dəyişmiş dahi ədiblə belə genişmiqyaslı, fundamental müsahibə ədəbiyyatımızda ilk nümunədir. Bir qədər əvvəl adını çəkdiyimiz "Mənim mövqeyim" kitabının 340-364-cü səhifələrinə sığınan həmin essenin yarımbaşlıqlarını yada salmaq istəyirəm: "Ölülər ölüb qurtardımı?", "1906-cı il, 7 aprel. Qoca Şərqin qapıları döyüldü", "Eşşək haqqında ballada", "Alçaldılmış və təhqir edilmiş insanlar", "Etiraf edilə bilməyən nökərçilik", "Füzuli və Mirzə Cəlil". Mirzə Cəlilin "əbədi döyüşkən və qalib ruhuyla söhbət bu nəticəylə bitirdi: "Cəlil Məmmədquluzadənin Azərbaycan nəsrindəki mövqeyi dahi Füzulinin Azərbaycan poeziyasında tutduğu mövqeyə bənzəyir.
Uzun illər boyu Azərbaycan poeziyası Füzuli zirvəsinə çatmaq, onu fəth etmək naminə çalışmışdır. C.Cabbarlının qeyd etdiyi kimi, bu, poeziyamızın, ədəbiyyatımızın süqutu yox, təsdiq edilmiş qalibiyyəti, klassikliyi idi; bu, poeziyamızın, tariximizin Füzuli qələbəsi idi.
Neçə vaxtlar Azərbaycan nəsri yeni tematik pafosu ilə bərabər bədii-estetik kamilliyində M.Cəlil zirvəsinə çatmağı arzulamışdır; bu, ədəbi inkişafın süqutu yox, nəsrimizin təsdiq olunmuş klassikliyi, M.Cəlil qələbəsi idi; bu, körpə nəsrimizin ağsaçlı yetkinliyi, yol göstərən ağsaqqallığı idi.
Füzuli poeziyada, M.Cəlil nəsrdə xalqımızın dolu ürəyinin ilk ən böyük tərənnümçüləri, ağrı çəkənləri idilər."
Bu mənim ədəbiyyatın möcüzəli karvan yolunda götürdüyüm ilk müsahibə idi. Sonralar böyük ədəbiyyat adamları Rəsul Rzadan, Ənvər Məmmədxanlıdan, Elçindən, "Şahidlər və şəhidlər" kitabının müəllifi Rafiq Səməndərdən...müsahibələr götürdüm. İndi də 70 yaşımın astanasında mən özüm müsahibə verirəm. Ancaq etiraf edim ki, Mirzə Cəlillə o qeyri-adi müsahibənin zil zirvə soraqları, möcüzəli təbəssüm işıqları ruhumun çöllərində heç vaxt unudulmadı, dan ulduzu kimi daim sayrışdı.
Sadıq ELCANLI
Ədəbiyyat
qəzeti.- 2025.- 24 oktyabr, ¹38-39.- S.15.