Vərəqlər içində ləçək qoxusu...
Öz lirik şeirləri ilə oxucu qəlbinə yaxın olan Ramiz Babayev 1956-cı ildə
qədim Naxçıvanımızın
Babək rayonunun Şıxmahmud kəndində
anadan olub. "Unuda bilsən", "Yenə yadıma düşdün", "Ötən
günlərim", "Məhəbbət
nəğmələri" adlı şeir kitablarının müəllifidir.
Uzun illər doğma rayonunda məktəb direktoru işləyib. Bu səbəbdən
də onun şeirlərində milli adət-ənənələrə,
vətəndaşlıq qayəsinə
çağırış duyğuları başlıca
mövzudu. Eyni zamanda, saf məhəbbətin,
sədaqətin tərənnümü.
Ömürdən keçib-gedən
ayların, illərin nostalji yaşantıları,
sevgi etirafları Ramizin poetik dünyasının hər
məqamından boy göstərir.
Sevən, olduqca vəfalı bir qəlbin çırpıntıları,
yanğısı qor altındakı köz kimi közərir onun misralarında. Məhəbbət aləmi
Ramiz Babayevin ədəbi
qəhrəmanları üçün
insanlıq hücrəsi,
məkanı kimidir. Bu
obraz və qəhrəmanlar öz duyğularını
insanlıq aləmiylə bölüşmək istəklisidirlər.
Unudula bilməyən günlərin, unudulmayanların
ovqatı, yenidən təcəlli edən aləmi boy göstərir
Ramizin şeirlərində. Hər misrasında itkilərin,
itirilənlərin yeri göynəyir. Ümidlərin ləçək-ləçək
töküldüyü yerdən başlayır. Qınaq da, ərk
də, etiraz da, təəssüf duyğuları da var bu
şeirlərdə. Ümidli, inamlı anların
yaşantıları da! Ramizin lirik qəhrəmanları saf məhəbbətə,
əhdə, vəfaya insanın təzələnmə məqamı
kimi baxır. Könül dostları ilə hər yeni
görüş, ünsiyyət onun ədəbi obrazları
üçün vaxtın, zamanın təzələnməsidi.
Və bu lirik ovqat şeirin şirin diliylə belə ifadə
edilir:
Sənin
gəlişinlə dünya dəyişib,
Dəyişib zamanın, dövranın
üzü.
Köhnə əşyalar da lap təzələşib,
Mən də dəyişmişəm,
lap sözün düzü.
Gəlmisən,
hər yerdə gül açıb izin,
Otağın havası ətir
qoxuyur.
Çiçəyi çırtlayır
saf sevgimizin,
Ruhum naxış üstə naxış toxuyur.
Bir bəxtiyar,
bəxtəvər məqamın əsintiləri, bütün
istəklərin dilsiz baxışlardan duyulan anın ifadəsidi
bu yazılanlar.
Ramiz Babayevin ədəbi qəhrəmanı öz könül dostuna,
sevdalısına "sənə əziyyət verən
qadanı alım" duyğusallığı ilə
doğmalaşır oxucuyla. "Gəl ki, ötən günlərin
qırılsın qol-qanadlı" istəklisidir.
Ramizin şeir dili axıcı və səmimidir. İfadə
etdiyi fikirlərin özünəməxsusluğu hər
misrada özünü büruzə verir. Bütün
halıyla sevən ürəklərin ümidinə,
inamına ayna tutur:
Bütün
cizgilərin tanışdı mənə,
Gözlərim olmasa taparam səni.
Qoşulsan payızın küləklərinə
Dönüb bir dərəyə,
tutaram səni.
İlkin
hisslərə, xatirə hücrələrinə
çağırış sədaları var Ramizin şeirlərində.
Könül dostunu gətirəcək yollara, dilsiz
küçələrə yalvarış nişanələri
var.
Əməkdar mədəniyyət işçisi
Rövşən Hüseynov haqlı olaraq
yazır ki, Ramiz Babayevin "Məhəbbət nəğmələri"
adlı şeirlər kitabında bədii sözün səsini
eşidirik... Onun şeirlərində duyğular
çeşid-çeşiddir... Ramizin özünəməxsus
deyim tərzi var".
Şair
Muxtar Qasımzadə də R.Babayevin, şeirlərindən bəhs
edərkən onun yaradıcılıq imkanlarını bu
yöndən incələyir. Qeyd edir ki, Ramizin
yaradıcılığının əsas qayəsi məhəbbətlə
bağlıdır. "Bu məhəbbət təkcə gəncliyin
ünvanını göstərən hisslərdən ibarət
deyil. Bu sevgi çağlayan bir ürəyin sevda
yolçusunu "insanlara, kainata, Vətənə, gözəlliyə
olan sevgisidir".
Ramiz müəllim tarixən çox qədim, özünəməxsus təbiət
gözəllikləri olan bir bölgədə yaşayır.
Bu bölgənin pak, "insanda insan oyadan" (R.Rza)
ab-havası, təbiət gözəllikləri, orada
yaşayan insanların həyat sevgisi və yaşam tərzi
onun yaradıcılığının mövzu
qaynağıdır. Bu səbəbdən də şeirlərində
ifadə olunan duyğular öz təravəti, ürəyəyatmışlığı
ilə oxucuya sirayət edir. Onun şeirlərində müdrik
düşüncələrin poetik ifadəsi sərgilənib.
Həyatın, insan yaşamının gerçək
üzünə ayna tutur Ramiz müəllimin şeirləri.
Bütün halıyla oxucunu halallığa, saflığa,
ilkinliyə səsləyir. Yaxşılıq, xeyirxahlıq
nümunələri kimi oxunur.
Sərvaz HÜSEYNOĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 24 oktyabr, №38-39.- S.23.