"Qarabağ
şeirimizdə, nəsrimizdə"
Vaqif
Yusiflinin eyniadlı kitabı əsasında
Ədəbiyyatşünas-alim
Vaqif Yusiflinin Azərbaycan Yazıçılar Birliyinin
Qarabağ bölməsinin təsis etdiyi "Qarabağ
kitabxanası" seriyasından çap olunan kitabı
"Qarabağ şeirimizdə, nəsrimizdə"
adlanır. Və "Müasir Azərbaycan ədəbiyyatında
Qarabağ mövzusu" başlıqlı məqalə ilə
başlayır. Bütövlükdə, kitabda Vaqif Yusiflinin
Qarabağ haqqında yazdığı silsilə məqalələri
yer alır. Bu məqalələrin bir neçəsi ilə qəzet
səhifələrindən tanış idim. Qeyd edim ki, bu məqalələrdə
yalnız 30 illik Qarabağ savaşımız deyil,
bütövlükdə Qarabağ mövzusu inikas olunur.
Keçən
əsrin sonlarında yaşanan hadisələrə zaman və
məkan olaraq nəzər salaq. 1988-ci ildə Dağlıq
Qarabağda erməni millətçilərinin qanlı cinayətləri
ilə başlanan hadisələr, Azərbaycanda xalq hərəkatının
yaranması, 90-cı illərin əvvəllərində
keçmiş SSRİ-nin süqutu... Müstəqilliyimizi bərpa
etmək üçün yaranan tarixi şərait və vətənimizin
70 illik əsarətdən sonra ikinci dəfə öz müstəqilliyinə
qovuşması... "Bir kərə yüksələn bayraq,
bir daha enməz" - sözlərinin həqiqətə
çevrilməsi. Və müstəqilliyimizə gedən
yolumuzun "bəşəri cinayət və qətl"
sayılan 20 Yanvardan keçməsi... zaman, məkan, olaylar...
O gecə,
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
millət qorxmadan əliyalın rus tanklarının
qabağına çıxmaqla Azərbaycan xalqının iradəsinin
sarsılmazlığını nümayiş etdirdi.
"Böyük vətən" dediyimiz keçmiş
SSRİ, yəni dövlət öz vətəndaşını
amansızcasına qətl etdi. Oğullarımız şəhid
oldu, lakin qanları ilə yeni tarix, qəhrəmanlıq tarixi
yazdı. 20 Yanvar faciəsi milli kimliyimizin formalaşmasında
həlledici rol oynadı, Dövlət müstəqilliyinin bərpa
edilməsində dönüş nöqtəsi oldu. Zaman və
məkan müstəvisindən nəzər
saldığımız hadisələr, müstəqilliyə
gedən yolda verdiyimiz itkilər, 20 Yanvar faciəsi, 30 il
sürən Qarabağ savaşı, Xocalı faciəsi öz
ağrısı, acısı ilə, "xalqın azadlıq
və müstəqillik savaşına köklədiyi" ədəbiyyatımıza
yükləndi.
İctimai-siyasi,
sosial hadisələrin birdən-birə dəyişməsi nəsrimizin
və poeziyamızın yönünü və mövzusunu dəyişdi.
Oğlu Qarabağda şəhid olan Xalq
yazıçısı Sabir Əhmədli 20 Yanvar hadisələri
ilə bağlı silsilə hekayələr, "Axirət
sevdası" adlı roman yazdı. Sabir Əhmədli ilə
yanaşı, Anar, Elçin, Seyran Səxavət, Aqil Abbas, Azər
Abdulla, Məmməd Oruc, Azad Qaradərəli, Elçin
Hüseynbəyli, Təranə Vahid, Eyvaz Zeynalov hekayə və
romanlar yazdı. Mürəkkəb və ziddiyyətli, bir o qədər
də "müstəqilliyin bəxş etdiyi fərəhli və
sevincli illər" ədəbi əsərlərdə
yaddaşa çevrildi. Ancaq şəhidlik,
köçkünlük, savaş nəsrdən çox,
bütün ağrısı ilə poeziyada inikas etdi. Vidadinin
tariximizin yaddaşına həkk olunmuş, "Küllü
Qarabağın abi-həyatı, / Nərmü-nazik
bayatıdır, bayatı", - deyə vəsf etdiyi Qarabağın
ağrısı, nisgili, Qarabağ fəryadı, Qarabağ dərdi
30 illik zaman dilimində Azərbaycan poeziyası yükləndi.
Ədəbiyyat dövrün özü oldu. "Bütün vəziyyətlərdə ədəbi
tənqid ədəbi prosesə və ədəbiyyata yol
yoldaşlığı etdi, bədii düşüncə
materiallarına, olanların nə varsa, hamısına fəal
tənqidçi mövqeyi nümayiş etdirdi". Filologiya
elmləri doktoru, tanınmış tənqidçi Vaqif
Yusiflinin "Qarabağ nəsrimizdə və
poeziyamızda" kitabı bu dediklərimizin təsdiqi və
təqdimidir.
Professor
V.Yusiflinin adıkeçən kitabında dövrün
özünə çevrilən ədəbiyyat nümunələri
ardıcıllıq prinsipi gözlənilməklə
toplanıb, müəllifin qiymətli şərh və təhlilləri
ilə oxucuya təqdim olunur. Bu zaman haqlı olaraq
poeziyamızda 1988-ci ildə başlamış meydan hərəkatından
bu günə qədər keçdiyimiz savaş yolunu, Azərbaycan
xalqının torpaq, vətən sevgisini, Qarabağ müharibəsində
göstərdiyi qəhrəmanlıqları təhlilə cəlb
etdiyi şairlərin, Əşrəf Veysəllinin, Əli
Mahmudun, Ələmdar Quluzadənin, Ənvər Əhmədin,
Elçin İsgəndərzadənin, Adil Cəmilin, Adil
Şirinin, Əbülfət Mədətoğlunun, Rizvan Nəsiboğlunun,
Rəfail Tağızadə, Vaqif Aslan, Musa Ələkbərli,
Mətləb Misir, gənclərdən Tahir Rza və Emin
Pirinin Qarabağ haraylı, Qarabağ duyğulu poeziya nümunələrindən
seçdiyi misraları oxuculara təqdim edir.
"Qarabağ
nəsrimizdə və poeziyamızda" kitabında
seçilən nümunələrdə bütövlükdə
1988-ci ildən bəri Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin fonunda
yaranan ədəbi nümunələrə nəzər
salınmış, olayların poeziyamızda necə əks
olunduğu diqqətə çəkilmişdir. Ən əsası,
tənqidçi bu şairlərin
yaradıcılığı üzərindən ciddi və əhatəli
təhlillər aparmış, tənqidi fikirlərini bəyan
etmişdir.
Həmçinin
Xalq şairlərimizin: Xəlil Rza, Məmməd Araz,
Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Qabil, Sabir
Rüstəmxanlı, Elçin, Zəlimxan Yaqub, Fikrət
Qoca, Mirvarid Dilbazi və Cabir
Novruzun və digərlərinin
Qarabağ hadisələrinə qədər
yazdıqları Qarabağ mövzusu da şərh
olunmuşdur ki, "hər kəs bu şərhlərlə həm
baş verənlərin mahiyyətini, həm də həmin
mahiyyətin içindəki gerçəkliyin
kökünü görmək imkanı
qazanmışdır".
Kitabın
nəsr bölümündə isə Aqil Abbasın
"Dolu", Kamil Əşrəfoğlunun çadır həyatının
reallıqlarını əks etdirən
"Çadır", Səyyad Aranın "Baş
daşı", "İrəvana gedən yollar",
"Tacın qaytarılması", Hüseynbala Mirələmovun
"Dağlıqlarda atılan güllə", Elçin
Hüseynbəylinin "Vida", Vüsal Nurunun
"Qaraqaşlı" romanları, Aqil Abbasın "Tut
ağacı", "Donuz kababı" və "Aşotun
məktubu", Mustafa Çəmənlinin "Üç
yaşlı əsir" ("Yaddaşın mühakiməsi"),
Sevinc Nuruqızının "Qisas", Elçin Hüseynbəylinin
"Əsirlər", Elçinin "Bayraktar" povestləri,
"Qarabağ şikəstəsi" hekayəsi, Vahid Məhərrəmlinin
"Kəsilməyən atəş səsləri"
kitabı üzərində geniş və əhatəli təhlillər
apararaq, öz mülahizələrini və tənqidi fikirlərini
oxucularla bölüşmüşdür.
"Qarabağ
şeirimizdə və nəsrimizdə" kitabında oxucunun
diqqətini çəkən və həyəcanla oxunan
bölmələrindən biri də görkəmli tənqidçinin
geniş və əhatəli mülahizələrinin yer
aldığı "Şeirimizdə Qarabağ" bölməsidir.
Bu bölümü əhatə edən 8 məqalənin hər
biri müəllifin ayrı-ayrılıqda araşdırma məqalələridir.
V.Yusifli
bu məqalələrdə verilən ədəbi-bədii
nümunələri elə böyük ustalıqla
seçmişdir ki, oxucu bir misrada qarışıq və
ağır dövrün (müharibənin), zamanın və
yaşanan hadisələrin, qaçqınlıq,
köçkünlük, Azərbaycanın bağrında kədərin,
ağrının, yurdsuzluğun, həsrətin simvolu kimi bitən
çadırların yaratdığı ağrını,
iztirabı, çarəsizliyi, bütövlükdə 30 illik
dövrün ab-havasını duyur, oxuduqca ağrıyır,
sarsılır, həyəcanlanır. Çünki bu
misralardan "Dərd yağır". Bu misralarda
"Qarabağ fəryadı hıçqırır".
Məsələn,
"Günlərin bir günündə üzünə həsrət
qaldığı, doğulduğu ocağın, evin şəklini
təsadüfən Azıx mağarası ilə bağlı
nəşr olunmuş bir kitabda görən" Əbülfət
Mədətoğlunun fəryadı kimi:
Qarşımdakı
bir şəklə
baxa-baxa
qalmışam.
Elə
bil ki, bu həkklə
Ağır
zərbə almışam.
Qaytarmaq
gücüm də yox!
Lal deyil,
o danışır,
Bizi, bizi
lal edir.
İnsan
yesir olarmı?
Ocaq əsir
olarmı? -
Bu şəkil
sual edir.
Bu
misralarda şairin yaratdığı "dərdin
obrazı"nı görürük. Və ya "Gənc
şair Leyla Əliyevanın "O dərdli uşağın
göz yaşı üçün" şeirində Tovuz
döyüşlərindəki itkidən doğan kədərli
hisslərini ifadə etməsi". Ata itirmiş
uşağın ağlamasına göylərdə Günəşin
də yas tutmasının, ağlayan körpəyə
qoşulub ağlaması"nın təsviri... Şairin
misralara pıçıldadıqları ürəkləri
dağlayır:
Ağlayır
bir ata itirmiş uşaq,
Ağlayır
göylərdə Günəş də bu gün.
Elliklə
savaşa hazırıq Vətən,
O dərdli
uşağın göz yaşı üçün.
Ağır
kədər hissi ilə yazılmış bu misralarda həm də
qələbəyə güclü inam hissi hiss olunur.
Kitabın
sonunda yer almış məqalələr, əsasən Zəfər
müjdəlidir. Tənqidçi "Evimizə gedirəm,
evimiz Şuşadadır" başlıqlı məqaləsində
Elçin İsgəndərzadənin, Rəfail Tağızadənin
"Qarabağ şeirləri" başlıqlı məqaləsində
Rəfail Tağızadənin yaradıcılığı
"Şuşa", Əli Mahmud "Göyərməz bir
qara daş" məqaləsində Əli Mahmudun və Emin
Pirinin "Yeni səs, yeni nəfəs" məqaləsində
gənc şair Emin Pirinin Qarabağ mövzusunda
yazdıqları haqqında ədəbi mülahizələrini
oxucularla bölüşmüş, onların "ədəbi
portret"lərini yaratmışdır. Ədəbiyyatşünas
alimin bu məziyyətinə xüsusi diqqət çəkən
akademik Nizami Cəfərov yazır: "Vaqifin ədəbi portretlərinin,
adətən ümumi başlığı olur: Bu filankəsdir...
Yaxud: Bu da filankəs... Lakin bu cür ümumiləşdirmənin
arxasında hansısa ədəbi şəxsiyyətin olduqca
konkret, səciyyəvi, özünəməxsus obrazı
canlandırılır... Bir çox hallarda isə
başlıq improvizatorluğu edir".
Bütövlükdə,
"Qarabağ şeirimizdə və nəsrimizdə"
kitabında Qarabağ mövzusunda yazılmış poeziya və
nəsr nümunələrinə diqqət yetirmiş,
onların müəlliflərinin "ədəbi portreti"
yaradılmış, elmi şərhlər verilmiş,
yazılan əsərlər görkəmli tənqidçimiz tərəfindən
dəyərləndirilmişdir.
Lütviyyə
ƏSGƏRZADƏ
Ədəbiyyat
qəzeti.- 2025.- 24 oktyabr, ¹38-39.- S.26.