İylənmiş armudlar
Hekayə
Bağçalar, yaşıl rəngdən
ibarətdir. Hasarlar nəm kölgələrin
ardınca gedir. Evlərin təsvirsiz, parlaq pəncərələri
bir-bir hərəkətdədir.
Kilsənin qülləsi
fırlanır, qəhrəmanların
xatirəsinə ucaldılmış
xaç da fırlanır.
Qəhrəmanların adları
uzun, qarmaqarışıqdır.
Kete, adları oxumaq üçün altdan-yuxarıya
başlayır.
- Aşağıdan üçüncü
ad mənim babamdır, - deyir.
Kilsənin qarşısına çatanda
sinəsinə xaç
çəkir. Su hovuzu dəyirmanın qarşısında parlayır.
Göy mərciməklər
ördəklərin gözlərinə
bənzəyir, yaşıldır.
Kete deyir:
- Bir yoğun ilan qamışların arasında
yaşayır, gecə
gözətçisi görüb.
Gündüzlər balıq
ilə ördək yeyir. Gecə olunca dəyirmana girir, unla kəpəyi
dağıdır. Yemədiyi
unlar da ağzının
suyu ilə islanır, zəhərləndiyi
üçün dəyirmançı
onları hovuza boşaldır.
Zəmilər döş-döşə verib uzanıbdır. O yuxarıda, buludların arasında zəmilər tərs dayanıblar. Günəbaxanların kökü
buludlara sarılıb.
Atanın əlləri
sükanı çevirir.
Pomidor yeşiyinin arxasındakı kiçik
pəncərədən atanın
saçları görünür.
Avtomobil sürətlə
gedir. Kənd mavi səmanın içində batıb. Artıq kilsənin qülləsini görə
bilmirəm. Gözüm
atanın yanında oturan xalanın sağ ayağına sataşır.
Yolun kənarındakı evlər
qaçır. Bunlar kənd evləri deyil, çünki içində yaşamıram.
Kiçik, yad erkəklər
bəlli olmayan şalvarları ilə küçədə dolaşırlar.
Yad qadınların yubkası
dar körpülərdə
rəqs edir. Qalın ağacların altında tənha uşaqlar görünür.
Sümükdən ibarət,
əzələsiz ayaqlarında
şalvar yoxdur. Əllərində alma var, yemirlər.
Əl eləyirlər.
Boş ağızlarla
qışqırırlar. Kete onlara əl eləyir, yolun ardına baxır. Mən də bir müddət əl eləyirəm. Bir müddət o sümükdən
ibarət ayaqlara baxıram. Amma bir müddətdən sonra onlar gözümdən itir. Sadəcə qalın, sərt ağaclar görünür.
Düzənliklər təpələrin
aşağısında sıraya
düzülüb. Kəndimizin
göyü, təpələri
özü ilə saxlayıb, amma təpələr buludların
içindən düşmür.
- Artıq çox uzaqlaşmışıq. - Kete deyir.
Sonra günəşin qarşısında
əsnəyir. Ata yandırdığı
siqareti eşiyə atır. Xala əl-qolunu ölçə-ölçə
danışır. Çəpərlərin
arasındakı alçalar
xırdadır, yaşıldır.
Bir neçə inək
otların içində
dayanıb, ağızlarında
nəyisə çeynəyə-çeynəyə
təkərlərin arxasındakı
toza baxırlar. Torpaq otların üzərindən qalxır,
gövdələrin üstünə
qonur. Kete deyir:
- Bunlar dağdır, bu daşlar isə sıldırımdır.
Avtomobilin
təkərlərinin yanında
kollar küləyin axını ilə tərpənir. Su kolların ayağının
dibindən sürətlə
axır. Qıjılar
su ilə yuyunurlar, tellərini silkələyirlər. Avtomobil
boz və ensiz şosedə irəliləyir. Kete deyir:
- Bu yollara dolanbac deyirlər.
Yollar bir-birinə dolaşır.
- Kəndimiz dağların ətəyindədir, - deyirəm.
Kete gülə-gülə cavab
verir:
- Amma dağlar burdadır, kəndimiz isə o tərəfdə, düzənlikdə.
Ağ daşlar uzaqdan mənə baxır. Atanın üzünün
yarısı sükandan
üstlükdür. Xala
əlini atanın qulağına vurur.
Kiçik quşlar budaqdan-budağa
tullanırlar, meşənin
dərinliyində gizlənirlər.
İncə cikkiltiləri
var. Budaqda olmayanda uçurlar, ayaqlarını
sinələrinə yığırlar,
heç bir səs çıxarmırlar.
Hətta Kete də bu quşların adını bilmir.
Kete, xiyar yeşiklərinin içərisində sərt,
qələm kimi bir xiyar axtarır.
İti ağzı ilə dişləyir, qabığını avtomobilin
arxasından eşiyə
tüpürür.
Günəş ən uca dağın arxasına keçib. Dağ tərpənir, işığı
udur. Deyirəm:
- Evdə olanda günəş qəbiristanlığın
arxasında batır.
Kete, iri bir pomidoru
dişləyib deyir:
- Gecələr dağa, evdən daha tez yetişir.
Ketenin ağ, incə əli dizimə toxunur. Mənimlə Ketenin arasında avtomobilin uğultusu eşidilir. Deyirəm:
- Qış da dağa evdən tez yetişir.
Avtomobilin
yaşıl işığı
meşənin qırağından
içəri süzülür.
Qıjılar saçlarını
qaranlıqda açıblar.
Xalanın yanağı
pəncərəyə yapışıb,
yuxuya gedib. Atanın sükan ilə barmaqlarının arasında saxladığı
siqaret hələ də yanır. Gecənin qaranlığı
avtomobilin arxasındakı
yeşikləri "udur",
yeşiklərdəki tərəvəzləri
də "yeyir". Dağda pomidor qoxusu evdən daha tünddür. Artıq Ketenin nə qolları, nə də üzü görünür.
İsti əlini soyuq dizimin üstünə
qoyub. Yanımda otursa da, səsi uzaqdan gəlir. Qaranlıqda ağzımı
itirməyim deyə, dodaqlarımı astaca dişləyirəm.
Avtomobil
silkələnir, dayanır.
Ata yaşıl işıqları
söndürür; avtomobildən
düşür, gur səslə deyir: "Çatdıq."
Avtomobil
uzun evin önündəki işığın
altında park edilib. Evin damı meşənin qaranlığına
bənzəyir. Xala avtomobilin qapısını
gumbultu ilə örtür. Pijamasını
ataya uzadır. Sonra əyri şəhadət barmağı ilə qaranlığı göstərib
deyir:
- Kənd ordadır, yuxarıda.
Gözlərimlə şəhadət
barmağını izləyirəm,
aya çatıram.
- Bura su dəyirmanıdır, -
Kete deyir.
Ata pijamanı qoltuğunun arasına soxuşdurur, xalaya açar verir. Xala evin
yaşıl qapısını
açır. Kete deyir:
- O qarı bacısı ilə yuxarıdakı kənddə yaşayır.
Xala qara qapının arxasına keçir. Ata:
"Öz otağıdır",
- deyir, sonra taxtadan olan dar
pilləkənlərlə yuxarı
qalxır. Qapını
arxasınca bağlayır.
Mənimlə Kete ön
otaqda, kiçik qara pəncərənin altında, ağ tül pərdəsi olan dar yataqda
uzanırıq. Divarın
arxasından su səsi gəlir. Kete deyir:
- Arxdır.
Ketenin saçları qulağımın
içinə girir. Qara buludların ağzından asılan ayı kiçik qara pəncərədən
görürük. Elə
ora kəndin olduğu yerdir.
Ketenin ayaqları, mənim ayaqlarımdan aşağıdadır;
başı mənim başımdan ucada dayanıb. Ketenin qarnı istilik saçır. İncə,
uşaq bədənimin
altında həsir döşək xışıldayır.
Qara qapının arxasından
yatağın cırıltısı
eşidilir. Yuxarı mərtəbənin qapısının
arxasından samanların
xışıltısı gəlir. Ağ tül pərdənin arxasından yaş güllərin çələngləri,
toplanmış budaqları,
bir-birinə dolaşmış
yarpaqları görünür.
Pillələrin altından səs
gəlir. Başımı
qaldırıram, sonra
yenə endirirəm. Atadır, yalınayaq gəlib. O böyük əlləri ilə qaranlıqda qara qapını axtarır. Atanın ayaq barmaqları yerə toxunduqca tıqqıldayırlar.
Qara qapı səsini çıxarmadan
bağlanır. Xala gülümsəyib deyir:
- Ayaqların buz bağlayıb.
Ata dili ilə dodaqlarını
isladıb deyir:
- Siçovulun səsi, bir də samanın
xışıltısı idi.
Yatağın cırıltısı eşidilir. Yastığa düşməyin səsi
gəlir. Yorğanın
yığışmağının səsi duyulur. Xala inildəyir, ata nəfəs-nəfəsə
düşür.
Evin arxasından axan arxın şırıltısının
səsi gəlir. Çınqıllar tərpəşir,
daşlar təzyiq altında qalır. Ketenin əli yuxuda tərpənir. Xala ilə atanın
gülüşünün, pıçıltısının səsi eşidilir. Qara pəncərənin arxasında bir yumru yarpaq yırğalanır.
Qara qapının qıfılının
səsi eşidilir.
Ata yalınayaq, asta addımlarla dar taxta pilləkənləri
qalxır. Köynəyinin
düymələri açıqdır.
Addımladıqca iylənmiş
armud qoxusu verir. Yuxarı otağın qapısı
işgillənir.
Arx, gözlərimin içində
şırıltı ilə
axır: "yanlış
işlər gördüm,
yanlış şeylərə
baxdım, yanlış
səslər eşitdim,
yanlış sözlər
oxudum". Əlimi yorğanın altına salıram. Barmağımla
ayağımın üstündə
dolaşıq xətlər
çəkirəm. Dizimin
üstündə kəndimiz
dayanıb. Ketenin qarnı yuxuda tərpənir.
Topa-topa
çiçəklər ağ
budaqlarını əyiblər.
Qara pəncərənin
gözündə bir boz yaş dayanıb.
Buludlar, qırmızı
iplər kimi asılı qalıb. Küknarların iynə kimi ucubiz yarpaqları
yaşıla çalır.
Xala qarma-qarışıq geyinib-keçinərək
qapının yanında
dayanıb. Qarpızlar
paltarının altında
titrəyir. Qırmızı
buludlardan, küləkdən
nələrsə deyir.
Kete ağzını iri-iri
açıb qızarmış
dodaqları ilə əsnəyir. Kiçik pəncərənin qarşısında
əllərini dartır.
Yuxarı mərtəbədəki
otağın qapısı
cırıldayır. Ata əyilir,
dar pilləkənlərdən
aşağı düşür.
Üzünə saman yapışıb,
soruşur:
- Yaxşı yatdınız?
- Bəli, - deyirəm.
Kete də başını tərpədərək təsdiqləyir.
Xala köynəyinin düymələrini bağlayır,
atanın üzünə
baxır, külək
ilə qırmızı
buludlar haqqında dediyini təkrarlayır.
Ata taxta pillələrə
söykənir, saçlarını
darayır. Yağlı
darağın arasından
bir dəstə qara saç çıxarıb pillələrin
yanına atır. Deyir:
- Saat ikidə qayıdacağıq.
Xala gülümsəyərək yaşıl
qapıya baxıb deyir:
- Kete bilir.
Avtomobilin
işə düşdüyü
səs eşidilir. Xala, avtomobildə atanın yanında oturur. Həmin yağlı daraqla saçlarını darayır.
Birçəyindəki saçlar
bozdur.
Uzaqdakı qırmızı damlara
baxıram. Kete deyir:
- Kənd ordadır.
- Böyükdür? - deyə
soruşuram.
- Yox. Kiçikdir, çirkindir, - deyir.
Otların üstünə uzanıram.
Kete arxın yanındakı
daşın üstündə
oturur. Ketenin mavi yubkasının altına baxıram, iylənmiş armudun sarı ləkələri
var. Kete yubkasını dizlərinin
arasına yığır.
Bir çubuq götürür,
daşın yanındakı
suya vurur. Suyun içinə baxaraq soruşuram:
- Sən indi bir
mükəmməl qadınsan?
Kete daşları suya ata-ata deyir:
-
Qadın o vaxt mükəmməldir ki, əri olsun.
Soruşuram:
- Bəs anan necə?
Ağzıma yarpaq qoymuşam,
çeynəyirəm.
Kete bir xrizantemi didib-dağıdır. Öz-özünə
pıçıldayır:
- Məni sevir... Məni sevmir...
Sonra sarı, ləçəksiz
budağı suya atıb deyir:
- İndi
anamın əri yoxdur. Amma uşağı
var. Qadın ərə
getməsə, uşağı
olmaz.
- Bəs onun əri
hardadır?
Kete, qıvrım qıraqları
olan qıjını qoparır:
- Sevir məni... Sevmir məni... İnanmırsansa, anandan soruş.
Bir neçə xrizantem dərib deyirəm:
- Amma Elli
qoca olduğu üçün uşaqsızdır.
- Çünki heç vaxt ərə getməyib. - Kete deyir.
Bir daş götürüb qəhvəyi boğazlı
qurbağaya vurur, onu əzir. Sonra deyir:
- Ellinin qızılsaç
olduğu irsidir.
Suya baxaraq deyirəm:
- Hətta onun cücələrinin, dovşanlarının
da gözləri qırmızıdır.
Kiçik, qara böcəklər
xrizantemlərin içindən
əlimə sürünür.
- Elli gecələr bağçaya
gedib mahnı oxuyur, - deyirəm.
Kete bir kötüyün üstünə çıxıb
ucadan deyir:
- Onun mahnı oxumağı, çox yeməyinə görədir.
Qadınlar ərə
getməlidir ki, çox
yeməsinlər.
- Bəs kişilər?
- Onlar fərq edər. Çünki kişidirlər, - deyir.
Sonra otların üstünə
atılır. - Onların
qadınları olmasa
da, yenə kişidirlər.
- Bəs nişanlın necə?
- O da kişilər kimidir.
- Özün necə?
Kete gözlərini gəzdirib
deyir:
- Mən də evlənəcəyəm.
Suyun içinə daş atıb deyirəm:
- Amma mən evlənməyəcəyəm.
- Hələ tezdir, evlənəcəksən, indi
çox balacasan, - deyib gülür.
- Bəs istəməsəm
necə?
Kete yabanı çiyələk
yığmaqla məşğuldur.
- Böyüyəndə istəyəcəksən,
- deyir.
Otların üzərində uzanır,
yabanı çiyələk
yeyir. Qırmızı
dənəciklər qum
kimi dişlərinə
yapışıb. Ayaqları
uzundur. Yubkasının
altındakı ləkələr
yaş, tünd qəhvəyidir. Kete çiyələklərin
boş saplarını
başının üzərindən
atır. Mahnı oxuyur:
Mənə tərəf gələn,
Məni
sevən kəs,
Heç
kimə bənzəməz,
Sadəcə məni əbədi
sevindirəcək.
Qırmızı dili çevrilir,
ağzının içində
asılı qalır.
Deyirəm:
- Elli, gecələr bağçaya
gedəndə bu mahnını oxuyar.
Kete ağzını yumur. Soruşuram:
- Şeirin ardını bilirsən?
Dalğalanan otların içində
diz çökür.
Avtomobil damların səmtindən toz qopararaq gəlir. Avtomobilin arxasındakı
boş yeşiklər
bir-birinə dəyib taqqıldayır.
Ata avtomobildən düşür,
evin yaşıl qapısını qıfıllayır.
Xala, sükanın yanında oturub pul sayır. Kete də mənim yanımda, boş xiyar yeşiyinin üstündə oturub.
Avtomobil
sürətlə yola
düşür. Meşələrin
dərinliyinə baxıram.
Adsız, balaca quşlar yolda qanad çalırlar. Budaqların kölgəsi
Ketenin üzünə
düşüb. Dodaqları
tünd, sərt xətli; kirpikləri qalın, şam ağacının yarpaqları
kimi ucubizdir.
Kəndlərdə heç bir qadını, heç bir kişini görmürəm. Sərt
ağacların altındakı
paltarsız uşaqlardan
da xəbər yoxdur. Qırışıb-bürüşmüş
meyvələr qalın
ağaclardan sallanır.
Tüklü itlər təkərlərin dalısınca
hürürlər.
Təpələr geniş tarlalara
qovuşur. Düzənliklər
qara qarınlarının
üzərinə uzanıb
yatıblar. Külək
səngiyib. Kete deyir:
- Tezliklə evə çatacağıq.
Kete sallanmış akasiya budaqlarını dartır,
birini qoparır. Ağ əlləri ilə yarpaqları saplaqdan ayırır. Artıq üzü görünmür. Yalnız
pıçıltısı eşidilir:
- Sevir məni... Sevmir məni...
Kete yarpaqsız sapı ağzına aparıb dişləyir. Zəminin sonunda boz kilsə
qülləsi gözə
görünür. Kete deyir:
- O, bizim kilsədir.
Kənd
düz, qara, səssizdir. Kəndin girişində Məsihin heykəli çarmıxdan
asılıdır, başı
düşüb, ovuclarının
isə içi görünür. Ayaq barmaqları arıq, uzundur. Kete sinəsinə çarmıx çəkir.
Göl səssizliyin, qaranlığın
içində parıldayır.
Bir yoğun ilan dəyirmanın ununu, kəpəyini yeyir. Kənd bomboşdur. Avtomobil kilsənin qabağında dayanır.
Artıq kilsə qülləsini görə
bilmirəm. Yalnız nahamar divarların arasından ağ qovaqları görürəm.
Kete ilə xala qara
yolu tutub gedirlər. Yol, sanki heç məqsədə varmır,
dibi bilinmir. Atanın yanında otururam. Oturacaq hələ də xalanın sağrılarının
istiliyini saxlayır, iylənmiş armud qoxuyur.
Ata sürür, sürür...
Əllərini saçlarına
sürür... Dilini dodaqlarına sürür...
Ata əlləri ilə,
ayaqları ilə kəndin səssizliyində
sürür...
Evi görünməyən bir
pəncərənin arxasında
işıq sayrışır.
Ata avtomobili qapının
arasındakı kölgədən
həyətə salır.
Brezenti avtomobilin üstünə çəkir.
Ana masanın yanında, lampanın işığının
altında oturub. Dabanı cırılmış
corabı boz yunla yamayır. Yun asta-asta əllərinin arasında hərəkət
edir. Ana, nizə kimi iti baxışla
atanın jaketinə göz gəzdirir. Dodaqlarında təbəssüm
var. O təbəssüm qısadır.
Ata mavi pulları birbəbir masanın üstünə çırpır.
Uca səslə deyir:
- On min.
- Bəs bacım necə? - ana soruşur.
- Payını aldı. Səkkiz mini də mühəndisə çatdı.
- O da ordaydı?
Ata başını mənfi mənada yelləyir. Ana pulları iki əli ilə götürüb dolaba qoyur.
Yataqda uzanmışam. Ana əyilib
yanağımdan öpür.
Dodaqları, barmaqları
kimi kobuddur.
- Dünən gecə necə yatdınız? - deyə soruşur.
Gözlərimi yumub deyirəm:
- Ata yuxarı mərtəbədə,
samanlıqda; xala öz otağında; Kete ilə mən də ön otaqda.
Ana, alnımdan kiçik bir öpüş götürür. Gözlərində
ağır bir parıltı var, qanrılır,
otaqdan çıxır.
Saatın
tik-tak səsi otağa yayılıb. Yanlış davranışların
səsini duyuram. Yatağım dayaz çayın, seyrək meşənin arasındakı
düzənlikdədir. Divarın
o tayından yatağın
cırıltısının səsi gəlir. Ananın iniltilərini, atanın isə nəfəslərinin səsini
eşidirəm. Düzənliklər
qara yataqların, iylənmiş armudların
topası ilə asılı qalıb.
Ananın
boş dərisi var. Çuxurları da məlumdur.
İylənmiş armudlar
dərisinin içinə
hopur. Kirpiklərimin altında qara-qara yuxular axır...
Herta MÜLLER
Tərcümə etdi: Əli Çağla
Ədəbiyyat
qəzeti.- 2025.- 24 oktyabr, ¹38-39.- S.28-29.