Güvəc Alyoşa
Hekayə
Alyoşa kiçik qardaş idi. Adına o səbəbdən
"güvəc" deyirdilər
ki, bir dəfə anası saxsı qabdakı südü dyakonun arvadına aparmağı tapşırmışdı,
o isə yolda büdrəyib yıxılmış,
güvəci əlindən
salıb sındırmışdı.
Anası Alyoşanı
döymüşdü, məhlə
uşaqları da "güvəc"
deyib onu cırnadırdılar. Güvəc
ayaması Alyoşanın
adına beləcə
yapışıb qalmışdı.
Alyoşa
arıq və çəlimsiz uşaq idi; şəlpə qulaqları qanad kimi sallanır, burnu da çox yekəydi. Uşaqlar yazığın burnuna şəbədə də
qoşmuşdular: "Burun-burun,
nə burun, təpədə bir it durub".
Kənddə məktəb olsa
da, dərs Alyoşanın
beyninə batmırdı,
həm də oxumağa vaxtı nə gəzirdi?! Böyük qardaşı
şəhərdə qalırdı,
tacir yanında qulluqçuluq edirdi, Alyoşa da erkən yaşlarından atasına
əl tuturdu. Altı yaşında balaca bacısıyla birlikdə qoyunu, inəyi otarmağa aparırdı; bir az da böyüyəndən
sonra gecə-gündüz
atlara keşik çəkməyə başladı.
On iki yaşında artıq kotanla yer şumlayırdı. Gücü çatmasa da,
işi bacarırdı.
Həmişə də
şən görünürdü.
Uşaqlar onu ələ salıb güləndə Alyoşka
susur, ya da gülümsəyirdi. Atası
danlayanda dinməyib, kirimişcə qulaq asırdı. Elə ki tənə-danlaq bitdi, gülümsünüb gördüyü
işə davam edirdi.
Qardaşı əsgər gedəndə
Alyoşanın on doqquz
yaşı vardı. Atası onu şəhərə, tacirin
yanına apardı, Alyoşanı qardaşının
əvəzinə işə
götürüb, küçə
təmizləyicisi qoydular.
Şəhərə yola
düşəndə ona
qardaşının köhnə
çəkmələrini, atasının papağını
və alt köynəyini
geyindirmişdilər. Alyoşa
öz geyimindən razı qalıb sevinsə də, tacir onun görkəmindən
xoşlanmadı.
- Elə bilirdim, Semyonun yerinə eynən onun kimisini gətirəcəksən,
- tacir Alyoşanı diqqətlə süzüb
dedi. - Amma sən mənə hansısa burnu fırtıqlı gətirmisən. Bu gədə
nəyə yarayar, nə iş bacarar?
- Elə demə, onun əlindən hər iş gəlir. Qoşqunu da bacarır, hara istəsən,
gedə də bilər. Lap ən ağır işin də öhdəsindən
gələr. Taxta kimi quruluğuna baxma, canı bərkdir, qayışbaldır
oğlandı.
- Nə deyim, baxarıq.
- Əsas da odur ki, üzüyoladır. İşdən
qorxan deyil.
- Heç bilmirəm, sənə nə deyim. Yaxşı, qoy qalsın.
Və Alyoşa o gündən tacirin evində yaşamağa başladı.
Tacirin külfəti çox da böyük deyildi: ev sahibəsi və sahibənin qoca anası, bir də tacirin
iki oğlu və bir qızı.
Evli olan böyük oğul elə atasının yanında işləyirdi,
o biri oğlan savadlı idi, gimnaziyanı bitirmişdi,
amma universitetdən qovulub evdə oturmuşdu; qız isə gimnaziyada oxuyurdu.
Əvvəlcə Alyoşadan xoşları
gəlmədi: kəndçisayaq
görkəmi vardı,
cındırından cin
hürkən yöndəmsizin
biri idi; əyin-başı köhnə,
davranışı da kobud
- ucdantutma hamıya
"sən" deyirdi.
Amma tezliklə alışdılar.
Çünki Alyoşa
qardaşından yaxşı
çalışırdı. Həqiqətən, çox
üzüyola uşaqdı,
hər işin dalınca onu göndərirdilər, o da tapşırılan
hər işi həvəslə görür,
zirək tərpənir,
fasilə vermədən
bir işi qurtaran kimi o birinə keçirdi. Öz evlərində olduğu kimi, tacirin yanında da bütün işlər Alyoşanın boynuna düşmüşdü. Nə
qədər çox çalışırdısa, işi
bir o qədər artır, azalmaq əvəzinə daha da çoxalırdı. Hamı
iş dalınca Alyoşanı buyururdu. Ev sahibəsi də, sahibənin qoca anası da, qızı da, oğlu da, prikazçik də, aşpaz da onu gah ora yollayırdı, gah bura; yazığa gah o işi gördürürdülər,
gah bu işi. Tifilin bütün gün eşitdiyi yalnız bu sözlər olurdu: "Qaç, qardaş, tez elə", ya da "Alyoşa, gəl bunu düzəlt",
- "Bu nədi, Alyoşa,
olmaya unutmusan?" -
"Bax ha, Alyoşa, birdən yadından çıxar".
Alyoşa
da qaçırdı, düzəldirdi,
gətirirdi, aparırdı,
heç nəyi yaddan çıxarmırdı,
hər işi vaxtında görürdü,
hamısını çatdırırdı
və elə hey gülümsəyir, gülümsəyirdi.
Qardaşının nimdaş çəkmələri tezliklə
cırılmışdı, tacir də buna görə onu bərk danlamış, demişdi ki, çəkməni
nahaq yerə yalın ayaqla geyinir; sonra da tapşırmışdı bazardan
təzəsini alsınlar.
Çəkmələr təzə
idi və Alyoşa çox sevinirdi, amma ayaqları həminki köhnə ayaqlar olduğundan ora-bura qaçmaqdan göynəyib
sızıldayır, Alyoşanın
da buna acığı tuturdu.
Qorxurdu atası onun aylığını
almağa gələndə
maaşından təzə
çəkmələrin pulunu
çıxdığına görə tacirdən inciyər.
Qışda səhər obaşdan
durub odun doğrayır, həyət-bacanı
süpürür, inəyin,
atın otunu-suyunu verir, sobanı qalayır, ağanın çəkməsini silir,
paltarlarını təmizləyir,
samovarı qaynadırdı;
sonra prikazçik onu çağırırdı
ki, gəlib malları
çıxartsın, ya
da aşpaz tapşırırdı
ki, xəmiri yoğurub,
qazanları təmizləsin.
Bu işləri görəndən
sonra onu şəhərə - ya kağız-kuğuz dalınca,
ya tacirin gimnaziyada oxuyan qızını gətirməyə,
ya da ev sahibəsinin anası üçün ucuz zeytun yağı almağa göndərirdilər.
"Harda itib-batmısan, ay filan-filan!" - gah bu danlayırdı, gah o biri.
"Niyə özünüz
gedirsiniz ki? Alyoşa gedib gətirər. Cum, Alyoşa!" Alyoşa da
cumurdu, qaçırdı,
gedib qaça-qaça
gətirirdi.
Səhər yeməyini ayaqüstü
yeyirdi, nahar vaxtı isə süfrədə hamı ilə bir yerdə
oturmağa özünü
tək-tük hallarda yetirirdi. Cavan aşpaz qız buna görə onu həmişə danlayır,
amma axırda ürəyi yumşalırdı;
nahardan, şam yeməyindən onun payını saxlayırdı.
Ən çox da Pasxa ərəfəsində
və bayram günlərində iş
başdan aşır,
bir hovur dincəlməyə vaxt olmurdu. Amma Alyoşa bayramları çox sevirdi, ən çox da ona görə ki, belə əziz günlərdə
ona çaypulu verirdilər, az da olsa, hər halda, bu onun
öz pulu idi və həmin
pulu kefi istəyən kimi xərcləyə bilərdi.
Aylığının isə
heç üzünü
də görməmişdi.
Pulu hər dəfə atası gəlib tacirdən götürürdü, Alyoşanı
isə girəvə tapan kimi, qardaşının
çəkmələrini tez
cırdığına görə
danlayırdı.
Çaypulunu yığıb iki
manata çatdırandan
sonra Alyoşa aşpazın məsləhəti
ilə özünə
qırmızı rəngli
toxunma gödəkcə
aldı; gödəkcəni
əyninə geyəndə
sevincindən ağzı
qulağının dibinə
getdi.
Alyoşa
danışmağı sevməzdi,
ağzını açanda
da qısa və kəsik-kəsik danışırdı.
Ona bir iş tapşıranda, yaxud soruşanda ki, filan-filan işləri görə bilərmi? - tərəddüd
etmədən belə
cavab verərdi: "Hamısını edərəm".
Və dərhal işə başlayıb,
tapşırılan bütün
işləri görər,
hamısını da vaxtında
çatdırardı.
Heç
bir dua bilmirdi;
anası öyrədənlərin
hamısını unutmuşdu,
bununla belə hər səhər və hər axşam əlləriylə
xaç çevirib, ürəyində nəsə
pıçıldayırdı.
Bu minvalla il yarım keçdi və məhz bu zaman - ikinci ilin ikinci
yarısında - Alyoşanın
həyatında qeyri-adi
bir hadisə baş verdi. Hadisə ondan ibarət idi ki, xeyli təəccüblənsə
də, qəfildən
öyrəndi ki, heç
demə, insanların bir-birinə olan ehtiyacından başqa, onların arasında son dərəcə özəl
münasibətlər də
var: adam adama təkcə çəkmə
təmizləmək, yaxud
alınan şeyləri
evə aparmaq, atı arabaya qoşmaq üçün
lazım deyil; adam başqasına həm də ona görə lazımdır ki, onu sevib-əzizləsin, qayğısını
çəksin, qulluğunda
dursun və o, yəni Alyoşanın özü də həmin adamlardan biridir. Bunu o, aşpazdan - Ustinyadan öyrəndi.
Ustyuşa yetimçiliklə böyümüş
cavan bir qızdı, özü də Alyoşa kimi işlək və üzüyola idi. Qızın Alyoşaya rəhmi gəlməyə başlamışdı
və Alyoşa ömründə ilk dəfə
hiss edirdi ki, yad adama onun özü - xidməti deyil, məhz özü lazımdır. Doğma anası oğlunun halına acıyanda Alyoşa bunu hiss etməmişdi, ona elə gəlmişdi ki, bu belə də
olmalıdır; bu elə özünün-özünə
acıması kimi bir şeydir. Amma indi birdən-birə fərqinə vardı ki, tamamilə yad olmasına baxmayaraq, Ustinya ona acıyır, qazançada həmişə
sıyıq və yağ saxlayır; Alyoşa yeyəndə isə, qız yumru əllərini çənəsinə dayayıb
ona şəfqətlə,
nəvazişlə baxır.
O da baxanda qız gülürdü və qıza baxıb Alyoşa da gülürdü.
Bu, nəsə yeni şey idi və elə
qəribə idi ki, əvvəlcə Alyoşa
qorxuya düşdü.
O, anlayırdı ki, bu
onun işinə, əvvəlki kimi can-başla xidmət göstərməsinə mane ola bilər. Amma hər necə olsa, yeni münasibət xoşuna gəlirdi, buna sevinirdi və Ustinyanın yamadığı şalvarına
baxanda, başını
tərpədib gülümsəyirdi.
İş görəndə,
ya da yol gedəndə tez-tez Ustinyanı yada salıb deyirdi: "Ay səni, Ustinya!" Qız imkan düşən kimi Alyoşaya kömək edirdi, o da qıza bacardığı
işdə yardımçı
olurdu. Qız ona öz əvvəlki
həyatından, yetim
qalmasından, xalasının
onu necə böyütməsindən, sonra
şəhərə göndərilməsindən,
tacir oğlunun onu bişirib pis yola çəkmək
istəməsindən və
qızın onu necə rədd edib yerində oturtmasından danışırdı.
Qız danışmağı xoşlayırdı,
Alyoşaya da qulaq asmaq xoş idi. O eşitmişdi ki, belə şeylər şəhərlərdə tez-tez
baş verir: hansısa xidmətçi
kişilər aşpaz
qadınlarla evlənir.
Və bir dəfə qız ondan soruşanda ki, atası onu haçan evləndirəcək,
Alyoşa cavab vermişdi ki, bilmir və kənddən qız almağa həvəsi yoxdur.
- Hə, onda de görüm, şəhərdə
kimi gözaltı eləmisən?
- Mən səni alardım. Mənə ərə gələrsən?
- Ay səni, qorşok ki qorşok, gör necə girəvə tapıb sözünü dedin, - Ustinya onun kürəyinə şappıldadıb gülmüşdü.
- Niyə gəlmirəm,
gələrəm.
Pasxa ərəfəsində Alyoşanın
atası aylığı
götürmək üçün
şəhərə gəldi.
Tacirin arvadı Alekseyin Ustinya ilə evlənmək istədiyindən xəbər
tutmuşdu və bu məsələ xoşuna gəlməmişdi.
"Qız hamilə qalacaq, körpə uşaqla heç bir işə yaramayacaq".
Arvad əlüstü gedib ərini işdən xəbərdar eləmişdi.
Tacir həmişəki kimi pulu Alekseyin atasına verdi.
- Hə, işlər necədir, mənimki burda necə dolanır? - Alekseyin atası soruşdu. - Sənə demişdim axı, çox üzüyola uşaqdır.
- Üzüyola olmağına
üzüyoladır, - tacir
dedi, - amma beyninə sarsaq fikirlər girib. Oğlun bizim aşpazla evlənmək xəyalına düşüb.
Mən evimdə ailəli adama yer verə bilmərəm.
Beləsini saxlamaram.
Bu bizə sərf eləmir.
- Axmaq ki axmaq, gör nə haydadır?!. - Alyoşanın
atası dedi. - Qələt eləyir, sən ona fikir
vermə. Tapşıraram,
bu axmaq fikri beynindən çıxarıb atsın.
Sonra durub mətbəxə keçdi, masa arxasında
oturub Alyoşanın gəlməsini gözlədi.
Alyoşa iş dalınca qaçmışdı,
elə qaranəfəs
halda da qayıdıb gəldi.
- Elə bilirdim fərli oğulsan, heç demə, gic fikirlər girib beyninə, - atası dedi.
- Elə bir şey
olmayıb.
- Necə olmayıb? Eşitdim eşqə düşmüsən, evlənmək
istəyirsən. Ağlını
başına yığ.
Vaxtı çatanda özüm evləndirəcəm
səni. Özü də şəhər qəhbəsiylə yox, lazım bildiyim qanacaqlı qızla.
Atası
çox danışdı,
Alyoşa isə dinməzcə dayanıb köks ötürürdü.
Handan-hana atası sözünü bitirəndə
Alyoşa gülümsədi.
- Hə, neynək, bu işi saxlamaq
da olar.
- Bax, elə mən
də onu deyirəm.
Atası
gedəndən sonra Ustinya ilə təklikdə qalanda (qız qapı arxasından ata ilə oğulun söhbətinə qulaq asmışdı) Alyoşa
dedi:
- Bizim işimizdən bir şey çıxmadı.
Eşitdin? Qəzəblənib,
icazə vermir.
Qız kirimişcə ağlayıb
üzünü önlüyünə
sıxdı. Alyoşa
dilini marçıldatdı.
- Necə qulaq asmayasan? Görünür,
bu məsələni qurtarmaq lazımdır.
Axşam
tacirin arvadı Alyoşanı pəncərələri
bağlamağa çağıranda
soruşdu:
- Hə, noldu, atana qulaq asıb
gic fikri beynindən çıxartdın?
- Görünür, çıxartmışam,
- Alyoşa gülümsədi
və həmin anda da ağladı.
O vaxtdan Alyoşa Ustinya ilə evlənmək barədə
bircə kəlmə də danışmadı və başladı köhnə qayda ilə yaşamağa.
Bir axşam prikazçik onu çağırıb
damın qarını
təmizləməyə göndərdi.
Alyoşa kürəyi
götürüb dama
çıxdı, qarı
kürüyüb təmizlədi,
novların buz bağlamış qarını
qazıyıb qoparanda,
necə oldusa, ayaqları bir-birinə ilişib sürüşdü,
əlindəki kürəklə
damdan başıaşağı
yerə yıxıldı.
Bədbəxtlikdən həyətdəki
qar topasının üstünə yox, evin dəmir örtüklü çıxışına
düşdü. Ustinya
ilə sahibənin qızı tez ora cumdular.
- Alyoşa, zədələnmisən?
- Yox bir, zədə
nədi? Heç nə olmaz.
İstədi qalxsın, amma bacarmadı və gülümsədi. Onu qapıçı otağına
apardılar. Feldşer
gəldi. Alyoşanı
müayinə edib soruşdu ki, haran ağrıyır.
- Hər yerim ağrıyır, amma heç nə olmaz, - Alyoşa gülümsədi. - Təki
ağa inciməsin. Atama xəbər eləmək lazımdır.
İki gün yataqdan durmadı, üçüncü
gün keşişin dalınca adam yolladılar.
- İndən belə nolacaq, öləcəksən?
- Ustinya soruşdu.
- Nolacaq ki? Bəyəm, biz hamımız uzun yaşamalıyıq? Əvvəl-axır
ölməliyik, - Alyoşa
həmişəki kimi
tələsik dedi. - Ustyuşa, sağ ol ki, mənə acıyırsan. Elə yaxşı oldu ki, evlənməyimizə icazə
vermədilər, yoxsa
hər şey pis qurtarardı. İndi isə hər şey yaxşıdır.
Keşişə qoşulub əllərini
birləşdirərək ürəyində
dua elədi. Dua eləyəndə tək bircə şey düşünürdü:
bura necə də gözəldir, bir halda ki qulaq
asırsan və heç kəsi incitmirsən, deməli, orada da yaxşı olacaq.
Az danışırdı. Təkcə
su istəyir və elə hey nəyəsə təəccüblənirdi.
Nəyəsə təəccübləndi, dartındı və canını tapşırdı.
Lev
TOLSTOY
Dilimizə çevirdi: Mahir
N.QARAYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 24 oktyabr, №38-39.- S.31.