"Elə
gözəl sökülmüşdü
o
gün dan" romanından parça
Tavus
Hərəmxananın həyətində
gəzişirəm. Hovuzun
qırağına çıxıram.
Rəngbərəng balıqlar
quyruqlarını yellədə-yellədə
üzür.
Dünənə qədər burada
adam əlindən tərpənmək olmurdu,
indi səssizlikdən
qulaq tutulur. Hər şey bir-iki saatın içində oldu. Səhər təzə açılmışdı, şəhər
hakimi həyəcanla gəldi. Xanımına dedi ki, düşmənlər
qapını kəsdirib,
getmək lazımdı.
Xanım cariyələrinə
əmr elədi, nə var, nə yox, hər şeyi
sandıqlara doldurdular,
nökərlər sandıqları
arabalara yüklədi.
Xanım özü də cariyələri ilə bir yerdə
çıxıb getdi.
Mən yaddan çıxdım.
Sonra Tuti dedi ki, şəhər
hakimi özü burdadı, saraydadı. Təkcə xanımını
Bakiyə göndərib.
Soruşdum ki, xanım
gedirdisə, bəs məni nə üçün aparmadı?
Tuti çiyinlərini
çəkdi.
Doğrudan, o nə bilsin?!
Bu adamların işlərindən
baş açmaq olur ki?! Dünənə qədər sarayın ən hörmətli quşu mən idim. Düzdü, şəhər hakimi sarayın həyətində
xüsusi yer düzəltdirib, orda turac, kəklik saxlayırlar. Bir də dostum Tutidi, o, sarayda yaşayır, hakimin yanında. Mən isə xanımın quşu idim, mənə xüsusi qulluq edirdilər. Bütün günü cariyələr
başıma fırlanırdı,
yedizdirirdilər, sığallayırdılar.
Dünən gedəndə
isə məni aparmadılar...
Şəhər hakiminin adamlarından
da çoxusu gedib. Sarayda indi hakim özüdü, ordu rəisidi, şəhərin
başbilənləridi, bir
də mühafizəçilər.
Qalan adamların hamısı, ya xanımla bir yerdə gediblər, ya da öz ailələrinin
yanına qayıdıblar.
Tutidən soruşdum,
dedi ki, nökər-qulluqçuları
hakim özü buraxdı,
dedi, çıxın
gedin, salamat qalsaq, qayıdarsınız.
Quşlara baxan kişi gedəndə turacları,
kəklikləri açıb
buraxdı. Hərəsi
bir tərəfə uçdu. Sarayda bir Tuti qalıb,
bir də mən. Mən də gedərdim, amma bilmirəm, hara gedim?! Məni öz ölkəmdən
lap balaca olanda gətirmişdilər. Düzdü,
çox balaca idim, amma bəzi
şeylər yadımdadı.
Əvvəlcə dənizdə
üzmüşdük, xeyli
üzmüşdük. Sonra qəfəsdə xeyli yol gəlmişdik. O vaxtdan bu saraydayam.
Burdan başqa heç yerə çıxmamışam, heç
yeri tanımıram. Tuti də mənim
kimi.
Doğrudan e, bu Tuti harda qaldı görəsən? Bayaq dedi, gedim görüm
sarayda nə danışırlar. Hələ
qayıtmayıb...
Sərçə
Günortadan keçib. Bir az
əvvəl üç
nəfər atlanıb
şəhərə getdi,
şəhərin böyük
qapılarını açıb
onları içəri
buraxdılar, təzədən
qapıları bağladılar.
Kərkəs dedi ki, bunlar Cəbə Noyonun elçiləridi. Hələ qayıtmayıblar.
Qarğa
nənə bir küncdə oturub, heç bilmirəm yatıb, ya oyaqdı. Yanına uçuram.
- Qarğa nənə, nə fikirləşirsən?
- soruşuram.
Çiyinlərini çəkir.
- Bəlkə şəhərə
gedək? - deyirəm.
- Orda nə işimiz
var?
- Nə bilim. Gedək, görək şəhərdə nə
var. Mən axı orda olmamışam.
- Şəhərdi də, -
Qarğa nənə deyir. Amma durub özünü silkələyir.
Uçmağa başlayırıq. Qala divarlarına çatmağımız xeyli
çəkir. Ordugah şəhərdən xeyli
aralı imiş. Şəhər təpədə
olduğu üçün
ordugahdan baxanda bu qədər uzaq görünmürdü.
Qala divarına qonub otururuq. İçəri tərəfdən oxçu
əsgərlər divar
boyu düzülüblər,
qılıncı olanlar
aşağıdadılar. Yanlarında
çoxlu çəlləklər,
arabalarda daşlar var.
Ocaqlar yanır.
Durub şəhərin üstündə
uçuruq. Şəhərdə
heç kim gözə dəymir. Meydançalar, küçələr
bomboşdu, bütün
evlərin qapı-pəncərəsi
bağlıdı.
Cəbə Noyonun elçiləri
saraydan çıxıb
ata minirlər, sürətlə çapa-çapa
şəhərdən çıxıb
ordugaha üz tuturlar.
- Gəl, biz də qayıdaq, - Qarğa nənə deyir.
Sarayın bağının üstündən
keçəndə aşağıda
əlvan lələkləri
olan böyük quş görürəm.
- Qarğa nənə, Qarğa nənə...
- Nə var?
- Ora bax. O kimdi?
Qarğa
nənə də aşağı baxıb əlvan lələkli quşu görür. Onun yanına qonuruq. Quş bizə təəccüblə,
bir az yuxarıdan-aşağı
baxır.
- Sən kimsən? - soruşuram.
Cavab vermir. Üzünü çevirib nazlana-nazlana uzaqlaşır.
- Gəl gedək, - Qarğa nənə deyir.
Yenə
uçmağa başlayırıq.
Qarğa
Şəhərdə maraqlı heç nə yoxdu. Gərək sərçəyə qulaq
asmazdım, nahaq yerə özümü yordum.
Ordugaha çatıb ağaca qonuram. Qanadlarım yanıma sallanır yorğunluqdan.
Birdən
Cəbə Noyonun alaçığından bir
nəfər çıxıb
nəsə qışqırır.
Əsgərlər arasında
canlanma əmələ
gəlir. Hamı hazırlaşmağa başlayır.
Kərkəs gəlib
yanımıza qonur.
- Şəhər hakimi vergi verməyə razılaşmayıb, - deyir.
- Şəhərə hücum
edirlər.
Əsgərlər əsirləri mancanaqlara
tərəf qovur, əsirlər mancanaqları
itələyib qabağa
gətirir. Uyğun mövqe tutandan sonra mancanaqları bərkidib daşları daşıyırlar. Şəhəri
əvvəlcə daş
atəşinə tuturlar.
Daşlar qurtarandan sonra qəribə yumru toplar gətirirlər.
Topu mancanağın çömçəsinə qoyandan
sonra yandırıb atırlar. Tezliklə şəhərdən tüstü
qalxmağa başlayır.
Xeyli top atırlar, daşlardan da çox. Toplar qurtarandan sonra oxçular qabağa keçir. Şəhəri ox yağışına
tuturlar. Şəhərdəki
əsgərlər də
ox atır, amma onların oxları azdı, hədəfə də az dəyir.
Oxçularla bərabər
qılınclı əsgərlər
hücuma keçir.
- Qarğa nənə, - sərçə məni çağırır.
Ona baxıram. Gözləri qorxudan böyüyüb.
- Qarğa nənə, o bayaqkı quş öləcək?
Sarayın bağında gördüyümüz
bəzəkli lələkləri
olan quşu deyir. Çiyinlərimi çəkirəm.
- Yəqin ki, - deyirəm.
Sərçə durub sürətlə
şəhərə tərəf
uçmağa başlayır.
- Dayan, ay
quşbaş!
Qulaq asmır. Durub onu izləyirəm.
Monqol əsgərləri uzun nərdivanları qala divarlarına söykəyib
yuxarı dırmaşır,
şəhərdəki əsgərlər
onlara yuxarıdan daş atır, yuxarı çatanları
qılınclayır. Onların
üstündən keçib
şəhərə giririk.
Evlərin çoxu yanır, yanan evlərdən arvad-uşaq
çıxıb qışqıra-qışqıra
qaçırlar. Bayaq
bomboş gördüyümüz
küçələrdə indi dəhşətli qarğaşa var. Aləm bir-birinə dəyib.
Sarayın bağına çatırıq.
Yanan toplardan bura da düşüb, sarayın qapısı yanır. Əlvan lələkli quş gözə dəymir. Sərçə özünü
ora-bura vurub axırda onu tapır. Quş kolların dibində gizlənibmiş.
- Tez çıx, - sərçə
deyir.
Quş kolun içindən çıxır, bizə
dəhşətlə baxır.
Yaman qorxub.
- Gəlin! - qışqırıram.
- Hara? - quş soruşur.
- Burda qalsan, ölərsən,
bizimlə gəl, - sərçə deyir.
- Tuti gəlsin, sonra, - deyir.
- Tuti kimdi? - soruşuram.
- Dostumdu.
- Gözləmək vaxtı
deyil, tez gəl! - qışqırıram.
Sarayın yanan qapısı
çökür, içəridən
alov püskürür.
Quşla sərçə
qorxu içində uçmağa başlayırlar.
Bu əlvan lələkli
quş yaman asta uçurmuş, biz də məcburən yavaş uçuruq ki, bizə çata bilsin. Uçduqca saray tərəfə baxır.
- Tez gəl! Vaxtımız yoxdu! - qışqırıram.
Yenə
bir gözü saraydadı. Yəqin, dostunu axtarır.
Biz qala divarlarına çatmağa az qalmış möhkəm
hay-həşir düşür.
Qalanın qapısı
çartıldayıb sınır,
monqol əsgərləri
hay çəkib şəhərə
doluşur. Yerli əsgərlər qabaqlarını
almaq istəsələr
də, bacarmırlar. Onlar azdı, monqollar çox. Qarışqa sürüsü
kimi şəhərin
küçələrinə daraşırlar. Qabaqlarına
çıxanı öldürürlər.
Sərçəylə quşa baxıram, onları tələsdirib özümdən
qabağa buraxıram.
Birdən
bədənimdə istilik
hiss edirəm.
Tavus
Uçmaq mənimçün çətindi.
Qala divarlarına baxanda gözlərim qaralır, yox, mən buranı aşa bilmərəm. Yaxşı ki, biz çatmağa
az qalmış qapıları açırlar.
Əsgərlər bir-birinə
qarışır. İçəridəkilər
bayırdan gələnləri
buraxmamağa çalışır,
bayırdan gələnlər
içəridəkiləri öldürür. Sərçə
qabaqda, mən dalınca qapıdan çıxırıq.
Bir az aralanandan sonra sərçə dala baxır.
- Qarğa nənə hanı? - soruşur.
Yəqin,
bayaqkı qara quşu deyir. Başımı yellədirəm.
- Sən get, mən Qarğa nənəni tapım, - deyir.
Sərçə şəhərə qayıdır, mən özümü yaxınlıqdakı
ağaclığa yetirirəm.
Yaxşıdı burda
hündür kolluq
var. Kolun içinə
girib otururam. Nəfəsim güclə
gedib-gəlir, ürəyim
elə bil ağzımda döyünür.
Başımı qoyub
uzanıram. Şəhərdəki
qara-qışqırıq uzaqda
qalıb. Ancaq uğultu eşidirəm - boş uğultu. Gözlərim yumulur...
Ayılanda görürəm gecədi.
Zülmət qaranlıq
çöküb. Amma hələ
də şəhərdən
səs-küy, qışqırıq
gəlir. Kolluqdan çıxmağa qorxuram,
bilmirəm çıxsam,
başıma nə gələr. Havanın açılmağını gözləyirəm.
Səhərə yaxın
səslər bir az azalır.
Hava tam açılandan sonra ağaclıqdan çıxıram.
Şəhər başdan-başa
tüstülənir, alaçıqlar
tərəfdə isə
adam qaynayır. Şəhərə gedirəm.
Şəhərdə sağ
adam yoxdu, küçələr meyitlə
doludu, evlərin çoxusu yanıb qurtarıb, bəziləri
isə hələ də yanır.
Tutini axtara-axtara saraya gedirəm. Saray da yanıb qurtarmaq üzrədi, yan-yörəsi
meyitlə doludu. İstidən yaxınlaşmaq
olmur, Tuti də gözə görünmür. Ya uçub harasa gedib, ya da içəridə
qalıb yanıb.
Şəhəri dolaşıram. Meyit
əlindən tərpənməyə
yer yoxdu, qoca, cavan, arvad,
uşaq - hamısı
bir-birinə qarışıb.
Başımı itirmişəm. Bilmirəm
nə edim, hara gedim?!. Gəzə-gəzə
qapıya tərəf
gedirəm. Qapıya az qalmış meyitlərin arasında Qarğa nənənin leşini görürəm.
Ox sinəsindən girib
kürəyindən çıxıb.
Bir az aralıda isə sərçənin
leşi yerə yaxılıb. Deyəsən,
at ayağının altında
qalıb əzilib.
Bir dəstə quş uçub gəlir. Böyük quşlardı,
az qala, mənim boyda olarlar, boğazları tüksüzdü. Şəhərə
girən kimi meyitlərin üstünə
daraşıb dimdikləməyə
başlayırlar. Quşlardan
biri mənə baxır, qanlı dimdiyini aralayıb vaqqıldayır.
Şəhərdən çıxıram.
Həmid PİRİYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 24 oktyabr, №38-39.- S.30.