Yaxşılar sorağında
Tofiq Mütəllibovun xatirəsinə
"Tofiq lap uşaq yaşlarından ədəbiyyatın və incəsənətin vurğunu idi. Poeziya onun həyatının əsas
məzmunu və idealı idi. O, bütün ömrünü
də sədaqətlə,
dəyanətlə şeirə,
sənətə həsr
etdi. Yəqin ki, əsərləri də onun ömrünün daha uzunmüddətli davamı olacaqdır. Axı həqiqi sənətə zaman məhdudiyyəti
yoxdur. Həqiqi poeziya daima müəllifin
mənəvi dünyasını,
tale yolunu bütün
orijinallığı ilə
özündə yaşadır
və xatirələrdə
yadigarlaşdırmış olur".
Təhsin Mütəllibov
qardaşı
Əslində bu yazını
çoxdan yazmaq istəyirdim...
Dünyanın pozulmuş nizamı,
ədalətli və ədalətsiz müharibələr,
qırğınlar, faciələr,
dağıntılar, yaxşının,
pisin qarışması,
get-gedə insanların
laqeydliyinin, biganəliyinin
artması, dəyərlərin
kölgədə qalması
və bir çox amillər, şübhəsiz ki, az-çox
kitab oxuyan, yazı yazan adam kimi,
mənim də fikrimə, düşüncəmə,
ovqatıma təsirsiz
ötüşmür. Düzdür,
dünya elə qədimdən çalxalanmaqda,
arınıb-durulmaqda, öz
yoluna davam etməkdədir. Ancaq çox təəssüf
ki, hər çalxalanmada
yaxşılar azala-azala
gedir. Və bu azalma dünyanın
nizamına, axar-baxarına,
idarə edilməsinə
əngəl olur, insanların fiziki və ruhi rahatlığında
çatlar, sürüşmələr
yaradır. Hələ
ki dünyanın gərdişi
belədir... Bu gərdişlə
müharibə xarabalıqlarının,
güllədən-mərmidən param-parça olmuş uşaq cəsədlərinin
üzərindən gözləri
belə yaşarmadan, dolmadan keçib gedən dünya özü də dünya dərdi çəkir... Sözün
bütün mənalarında
yaxşı adamların
azalması ürəklərin
ağrı yükünü
artırır. Nə fikirləşsək, hara yozsaq,
yenə də dünyanı yaxşılar
və yaxşılıqlar
xilas edəcək... Təkcə dünyanımı?!
Belə
məqamlarda ötən
illəri, keçmişi
tez-tez xatırlamalı
oluruq... Arzulanmalı yaxşı şeylər çox olduğu kimi, xatırlanmalı yaxşılıqlar, yaxşı
adamlar da çox olub... İndi kiməsə
üz tut, zəng elə, bir söz
de, bir xahişini dilə gətir və nəticəsini bilmək üçün
ikinci dəfə zəng elə, heç "yox" demək üçün də sənə cavab verməyəcək.
Allah dünyamıza insaf
versin!.. Dünyamızın
insanlıq yükünün
altına daha çox yaxşı adamlar çiyin verir...
Mənim
həyatımda da yaxşı
adamlar çox olub. O yaxşıları həmişə böyük
ehtiram və şükranlıqla xatırlayıram.
O yaxşıların sırasında
görkəmli şairimiz
Tofiq Mütəllibovu
xüsusi qeyd etmək istəyirəm. Dünyasını dəyişdiyi
gün ərəfəsində
bu yazını da onun xatirəsinə həsr edirəm.
Hələ illər öncə
Tofiq Mütəllibov
da yaxşıların azalmağından
satirik mövzuda yazdığı bir şeirində bəhs etmişdi:
Dünya
həm müdrikdir, həm də ki, qoca,
Bizi kölgə kimi izləyir hər an.
Keyfiyyət nişanlı şeylər
artdıqca,
Azalır
keyfiyyət nişanlı
insan!
Bəli,
görünür, "keyfiyyət
nişanlı insan"ların
azalması bütün
dövrlərdə qələm
adamlarını narahat
edib. Əlbəttə,
yaxşıların, keyfiyyətlilərin
azalması təkcə
"dost" itkisi, tanış
itkisi ilə səciyyələnmir, ədəbiyyatdan,
sənətdən, istehsaldan,
səhiyyədən, maarifdən
tutmuş, bütün
sahələrə öz
narahatedici təsirini göstərir. Şübhəsiz,
yaxşı adam dedikdə, bir fərd olaraq deyil, bütöv və kamil bir
vətəndaş, xeyirxah
işlərə can atan,
"gözü ayağının
altını görən"
insan düşünülür...
Mən Tofiq Mütəllibovu belə tanımışdım... Tofiq
Mütəllibov neçə-neçə
mənim kimi gəncin (o vaxtkı) qayğıkeşi, uğur
diləyəni olub...
Ötən əsrin yetmişinci
illərinin əvvəli
idi. Gürcüstanda orta məktəbin 9-cu sinfində oxuyurdum. Bir il əvvəl "Azərbaycan
pioneri" qəzetində
üç şeirim çap edilmişdi. Qəzetin baş redaktoru Əmrah Əmrahovun mənə məktub göndərməsi,
şeirlərimdən bir
neçə misranı
misal çəkməklə
tərifləməyi, redaksiya
ilə əlaqəmi kəsməməyi tövsiyə
etməsi, uğurlar arzulaması məni xeyli ruhlandırmışdı.
Müəllimlər və
şagirdlər arasında
əldən-ələ gəzən
həmin məktuba görə, mənə elə gəlirdi ki, mən çox "tanınmış" və
"şöhrətli" adamam. Elə bu təkəbbür və özündənrazılıq
hissi ilə (məncə, elə bu cür adlandırsam
düzdür), həm
də ədəbiyyat
müəllimim Adil müəllimin
təkidilə "Azərbaycan
gəncləri" qəzetinə
də iki şeir göndərdim. Düşündüm ki, çox
göndərsəm təvazökarlıqdan
uzaq olar (Bəyənilər, bəyənilməz?
- Bu sual ağlıma gəlmirdi. Çünki az qala, gündüz
buludların, gecə ulduzların yanında
"yaşayırdım").
Gözüm qəzetin səhifələrində
şeirlərimi axtardığım
günlərin birində
poçtalyon Abdulla mənə
üzərində "Azərbaycan
gəncləri" yazılmış
bir fərqli məktub gətirdi. Ürəyim döyünə-döyünə
zərfi açıb
oxudum: "Salam, hörmətli
Telman! Şeirlərin
ümidvericidir. Ancaq bədii cəhətdən
zəif olduğuna görə, dərc edə bilmədik. Çalış, çoxlu
şeir oxu, bədii mütaliəni artır. Sənə uğurlar arzu edirəm. Yeni şeirlərini
gözləyirik. Hörmətlə:
Tofiq Mütəllibov,
ədəbiyyat və
incəsənət şöbəsinin
müdiri".
Qəribə hisslər keçirdim.
"Zəif" məsələsi
qanımı qaraltsa
da, məktub özü,
elə Tofiq müəllimin imzası mənə böyük təsəlli oldu. Müəllimlər arasında
söhbət gəzdi
ki, gör Telmana kim məktub yazıb - birbaşa Tofiq Mütəllibov özü!!!
Bundan sonra "Azərbaycan gəncləri" qəzetinə
ayrı-ayrı vaxtlarda
4-5 dəfə şeir
göndərdim. Və
hamısına Tofiq müəllimdən təxminən,
eyni məzmunlu, ancaq gələcəyə
inam dolu məktublar aldım. Hətta bir dəfə müharibə
mövzusunda hekayə
də göndərmişdim.
Cavab aldım ki, "müharibə vaxtı belə hadisələr çox olur". Onu da yazmışdı
ki, get-gedə daha yaxşı yazırsan, inamım çoxdur sənə!.. Yeni yazılarını
gözləyirik...
Artıq
orta məktəbi bitirmək üzrəydim.
"Sovet Gürcüstanı"
"Samqori" (rayon) qəzetlərində
şeirlərim dərc
edilsə də, "Azərbaycan gəncləri"
arzumu gözümdə
qoymuşdu. Bir müddət
sonra Tofiq müəllimin qəzetinə
(belə demək mənə rahat gəlirdi) yenə şeir göndərdim və elə bəri başdan çapdan əlimi üzdüm. Düşündüm
ki, uzağı, yenə
məktub gələcək.
Xeyli keçdi, heç məktub da gəlmədi...
Rayonda
"Samqori" qəzetinə
məqalə aparmışdım.
İçəri girən
kimi, şöbə müdiri Ələsgər
Xudayev qarşısındakı
qəzetlərdən başını
qaldıraraq, hay-küylə
durub məni qucaqladı... "Azərbaycan
gəncləri" qəzetinin
"Ədəbiyyat səhifəsi"ndə
"Yaradıcı gənclik"
rubrikası ilə mənim də şeirim çap olunmuşdu...
Bu dəfə Tofiq Mütəllibova ürəkdolusu
bir məktub yazdım.
O illər, o hadisə çoxdan - təxminən,
50 il əvvəl olsa
da, tez-tez xatırlayıram.
O məktublarla Tofiq müəllim mənə dərs dedi, yol göstərdi, ümid verdi, ədəbiyyatı, poeziyanı
sevdirdi, ruhdan düşməyə qoymadı.
O məktublarla başa
saldı ki, şeir yazmağa, şair olmağa əyləncə,
həvəs kimi baxma! Əslində Tofiq müəllim mənə cavab yazmaya da bilərdi və ya elə
cavab yazardı ki, (uzağı bir dəfə) bir də şeir sözünü dilimə
gətirməzdim. Amma Tofiq
müəllim təxminən,
iki il ərzində mənə o qədər qayğı ilə yanaşdı ki... Həm də onda bildim
ki, Tofiq Mütəllibov
sənətdə, ədəbiyyatda
nə qədər güzəştsiz, tələbkardır.
Ancaq bu tələbkarlığı adamı
ruhdan salmır, çalışmağa, yazmağa,
yaratmağa həvəsləndirir.
Mən Bakıda tələbə
olandan sonra redaksiyadakı otağında
(şöbədə) ilk görüşümüzü
də heç vaxt unutmuram. Yaraşıqlı, səliqəli
geyimi, arxaya daranmış dalğalı
saçları, işıqlı-nurlu
baxışları, bir
az iti və
səmimi danışığı
qarşısındakına xoş duyğular bəxş edirdi. Tofiq müəllimə diqqətinə, qayğısına
görə, necə təşəkkür edəcəyim,
hansı ifadələrlə
minnətdarlığımı bildirəcəyim barədə
az düşünməmişdim.
Ancaq dilimə ilk gələn bu sözlər oldu: "Siz çox yaxşı adamsız, Tofiq müəllim!.."
- dedim və susdum. Gülümsədi,
özü də gözlərindən gülümsədi...
İşinin çoxluğuna baxmayaraq,
söhbətimiz xeyli çəkdi. Sözarası
xüsusi vurğuladı
ki, şeir yazmaq da olar, yazmamaq da. Şair də olmaq, olmamaq... Ən başlıcası,
yaxşı insan, layiqli vətəndaş, xalqına, vətəninə
gərəkli olmağa
çalışmaqdır, - dedi. Gürcüstanda yaşayan soydaşlarımızdan,
onların gün-güzəranından,
arzularından, çətinliklərindən,
yerli ziyalılardan, şair və yazıçılardan da danışdıq.
Tiflisə bir neçə şeir həsr elədiyini bildirdi. Sağollaşıb
ayrılanda "yeni şeirlərlə
gələrsən", - dedi...
Redaksiyadan çıxanda qeyri-ixtiyari
ürəyimdə yenə
pıçıldadımı: "Yaxşı adamdı..."
O görüşdən sonra
"bu yaxşı adam"ın yaradıcılığını
daha çox izləməyə başladım.
Tofiq Mütəllibovu ədəbiyyatşünas
alimlər təbiət
şairi, vətən
şairi, insanlıq şairi kimi səciyyələndirirlər. Sözün
düzü, başqa kiminsə haqqında "insanlıq şairi" kimi təqdimat eşitməmişəm. Şübhəsiz,
bu qənaət insanın yaradıcılığı
ilə şəxsiyyəti
bir-birinə yad olmayanda
yaranır. Tofiq Mütəllibovun poetik insan obrazı vətən sevdalı, bütöv xarakterli, mərd və işıqlıdır. Şeirlərində
insanla təbiət həmişə baş-başa,
göz-gözədir. Təbiətdən
yazanda da insanın nəfəsini hiss edirsən.
...Bu yerin qəribə təbiəti var,
Oxuyur meşə də, çəmən də, dağ da.
Gözəllik eşqiylə coşan
nəğmələr
Gəzir
min ürəkdə, milyon
dodaqda.
Təbiət - insan vəhdəti
"O gün olsun
ki..." şeirində poetik
dəyərlə yanaşı,
milli kimliyin alt-üst
qatları ilə də üzə çıxır:
Beşiyin başında dayanmış
ana,
Yenə
layla çalır öz körpəsinə.
Körpə bülbüllər də
qonub budağa
Qulaq asmaq üçün onun səsinə.
Göründüyü kimi, ana təkcə öz körpəsinə layla çalıb əzizləmir,
təbiətə, təbiətin
körpə balaları
olan körpə bülbüllərə də
layla çalır. Ananın qəlbindən qopan layla o qədər
şirin, ecazkardır
ki, bu səsə bülbüllər də biganə qala bilmir və öz "təbiət ev"lərində xoşbəxt
böyüyürlər. Əlbəttə,
təkcə ananın,
onun övladının
evi, həyatı deyil, bülbüllərin
də "evi", həyatı abad, firavan olmalıdır. Şairin, şeirin məqsədi də elə budur.
Təbiət-insan bağlılığı T.Mütəllibovun başqa
bir şeirində fərqli məkandan boy atsa da, mahiyyət eynidir: insan təbiətə, təbiət
insana dayaqdır.
...Qalxır məğrur bir qoca
At üstündə dağları.
De, o, dağlardan alır,
Ya dağlar ondan alır
Əzəməti, vüqarı?
***
Dağların zirvəsi ağ,
Qocanın saçları ağ.
Elə bil ki, üz-üzə
Dayanıb iki zirvə,
Dayanıbdır iki dağ.
Tofiq Mütəllibov nəyi vəsf eləyir-eləsin,
təkcə zahiri gözəlliyi göstərməklə
kifayətlənmir, canlı-cansız,
hər şeyin "mənəvi" dünyasının,
daşın-qayanın da "ürəyinin" qapılarını
oxucu üçün
açmağa çalışır
və buna nail olur. Düşünürsən ki, maral
elə təkcə maral deyil, onun
da qəlbi, onun da həsrəti, sevgisi və onun da heyranlığı var. "Maral
baxır marala" şeirindən:
Xumar gözlü bir gözəl
Seyr eləyir maralı.
Başı qarlı dağlara
Qanadlanır xəyalı.
***
Maral da bu gözələ
Baxır,
baxır dərindən.
Bir heyranlıq oxunur
Qapqara gözlərindən.
***
Nə deyim bu lövhəyə,
Nə ad verim bu
hala?
Mənə elə gəlir
ki,
Maral baxır marala.
Bəli,
biri təbiətin, biri cəmiyyətin maralıdır. Hər iki tərəf gözəl olanda, bir-birinin "qədrini biləndə", bir-birinə
sevgi ilə baxanda düşünürsən
ki, ümumilikdə həyat
da gözəl və rahat olur.
Tofiq Mütəllibovun şeirlərində
obrazlaşan mövzulardan
biri də bəyaz qardır, qışın gözəlliyidir.
Bu mövzuda şairin
sevgi şeirləri də var, təbiət şeirləri də. Bu şeirlərdə qar təmizlik, saflıq rəmzi kimi təqdim olunur - yəni öz mənasına uyğun. Qarın yağması təmizliklə yanaşı,
xeyir-bərəkət, ümid,
xoş arzular da gətirir. Öz yaradıcılıq prinsiplərinə
uyğun olaraq, qarın rəmzləşdiyi
şeirlərdə də
təbiət-insan vəhdəti
poetik ustalıqla önə çıxır.
Təbiətin qarı
insanın gün-güzəranına
yağır, onu ümidlərinə doğru
uğurlayır. İnsan
da bunun müqabilində
öz sevgisini, diqqətini təbiətdən
əsirgəmir.
...Biz gəzirik, təslim olur boran, qar,
Günəş çıxır, qaçıb
gedir buludlar.
Biz gəzirik, torpaq gülür, yer gülür,
Quşlar
bizə səs verirlər yuvadan.
Elə bil ki qar yerinə
havadan
Qucaq-qucaq
ağ çiçəklər
tökülür.
"Qucaq-qucaq ağ çiçəklər"in qanad açdığı
sevgi şeirlərində
görüş yeri kimi seçilən qarlı bağlar - parklar, yollar, qarlı dəniz sahili də rəmzləşir. Şair
qar üzərindəki
görüş yerlərini
təsadüfən seçmir,
bu yerlərin də, bu yerlərdəki
görüşlərin, münasibətlərin
də qar kimi təmiz, saf, halal olmağının
gərəkliliyini diqqətə
çatdırır.
Qar yağır...
İlk görüş yadıma düşür,
Boylanır yenə o baxışlar
mənə.
Günlər nə tez gəlir, nə tez ötüşür,
Hər biri xatirə bağışlar mənə.
...Qarı uşaq kimi sevərdik biz də,
Nağıla bənzərdi qış
axşamları.
Elə bil yanardı ürəyimizdə
Göyün ulduzları, göyün
şamları.
Şair
"nağıla bənzəyən
qış axşamları"nda
rahat, isti otaqda çay içib dincələnlərə
xatırlatmağı da özünə
borc bilir ki:
Fəqət, istiyə həsrət
Gecənin bu çağında
Sərhədçilər yatmayıb,
Ayıq-sayıq dayanıb
Şaxtanın qucağında.
***
...Tufanlar dolaşdıqca
Kimsəsiz küçələrdə,
Onları
unutmayaq
Şaxtalı gecələrdə...
Sərhədçidən söz düşmüşkən, Tofiq
Mütəllibovun Vətən,
Qarabağ mövzulu şeirləri də yüksək poeziya nümunələri ünvanındadır.
Bu şeirlər poetik
siqləti, obrazlılıq
yükü ilə yanaşı, dilinin sadəliyi, axıcılığı,
yaddaqalanlığı ilə
də diqqəti çəkir.
...Qarabağ torpağı, qızıl şəfəqlər
Yanır
baxışında, yanır
üzündə.
Təzə dastan qoşur Vaqif
hər səhər
Qəlbin
kimi geniş Cıdır düzündə.
***
...Ey Vətən, ey torpaq, qəlbimi
dinlə!
Sıxır əlimizi dost əlləri
də.
Zəfər yürüşünə çıxsın bizimlə
Ölməz igidlərin heykəlləri
də...
***
...Zəfərə dönübdür
mənim hər anım
Torpağının üstə, daşının üstə.
Hər vaxt qəhrəmandır Azərbaycanım,
Bayraqlar
parlayır başının
üstə.
"Bura məskənidir gözəlliklərin"
deyən şair həm də xüsusi vurğulayır
ki, "İgidlər ucaldıb
ana torpağı".
Tofiq Mütəllibovun bədii
yaradıcılığı çox geniş və çoxşaxəlidir.
Kitablarını oxuduqca
düşünürsən ki, onun müraciət etmədiyi, yazmadığı
mövzu yoxdur: şeirlər, poemalar, pyeslər, satirik şeirlər, publisistik yazılar, məqalələr,
düşüncə qeydləri
və sair... Düşünürəm ki, Azərbaycana
yeni gələn bir əcnəbiyə Tofiq Mütəllibovun əsərlərini
ölkəmizlə tanışlıq
üçün versən,
həmin qonaq rahatlıqla Azərbaycanın
təbiəti, şəhər
və kəndləri,
adət-ənənələri, ağsaqqalı - qarasaqqalı,
cavanları, oğul-qızları,
uşaqları, sənəti,
sənətkarlığı, sevgi və həyata
baxışları barədə
yetərincə məlumatlanar.
Özü də bədii sənət dili ilə... Hələ övladlarının
cəsurluğu, qəhrəmanlığı
bir ayrıca tanışlıq mövzusudur.
Əlbəttə, mən nə ədəbiyyatşünasam, nə
də tənqidçi.
Məqsədim də Tofiq Mütəllibovun əsərlərini təhlil
etmək deyil. Bu, bir xatirə yazısıdır. Yaxşılardan,
yaxşılıqlardan, xeyirxahlardan,
xeyirxahlıqlardan çox
danışaq və onları heç vaxt unutmayaq - istər şair olsun, istər yazıçı, alim, musiqiçi,
idmançı və
ya istər vəzifə adamı, məmur olsun - fərqi yoxdur. Təki əməlləri
işıqlı, yolları
düz, sözləri
bütöv olsun!
Telman NƏZƏRLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 31 oktyabr, №40.- S.12-13.