Ey
insan! Sən çöldən tapılmamısan...
İnsandan doğuldun, insan
adındır.
Adını, ruhunu qoru hər zaman,
Bu adın ən böyük mükafatındır.
Atanın,
ananın duaları da
Qüvvətə gətirib qol-qanadını.
Bu həyat kədərlə
sevinc qarışıq,
Qoru insanlığı, insan adını!
Bir
gün çalınanda əcəlin zəngi
Gələr göz önünə
çəkdiyin zəhmət.
Səni
son mənzilə yola
salanlar
Ürəkdən oxuyar ruhuna rəhmət.
Daş
üstdə olumla ölüm tarixi,
Ömür çox qısadır
- diqqətlə baxsan.
Yaxşı ki, ölməyən xatirələrdə
Öləndən sonra da yaşayır
insan!
***
Bax belə...
təşəkkür hər şeyə görə,
Sağ ol bu addımı
atdığın üçün.
Gecələr mənim də əvəzimə sən
Yatdığın üçün.
Təşəkkür
- özümə qaytardın məni,
Sən bunu bacardın, var imiş
gücün.
Təşəkkür - sən mənə oxumadığın
O nəğmə üçün.
Təşəkkür
- mən səni sözsüz anladım,
Anlaşdıq bir dərin sükut içində.
Elə bil tutuldu sevgi
günəşi
Bulud içində.
Yenə də
sağ ol ki, yad qapılarda
Məni
qəribliyim sıxmadı
küncə.
Sağ ol ki, ağlımın
üstünə gəldi
Ağıl, düşüncə...
Bax, belə,
əzizim, uğurlar sənə,
Bu həyat gözəldir, sevəsən ancaq.
Həm də ona görə
sağ ol deyirəm -
Bir də əllərimiz tapışmayacaq...
***
Pəncərə
önündə sarıgöz fənər
Bəlkə də yalqızlıq
nişanəsidir.
Zülməti əridən "şəfəqləriylə"
Sanki sabahların ağ müjdəsidir.
Qaranlıq
içində uyuyur zaman,
Səssizlik içində yatır
çöl, bayır.
Uyumaq bilməyən sarıgöz
fənər
Yenə
öz nurunu ətrafa yayır.
Budur, bir
binanın sakinlərini
Qoruyur bu beton arakəsmələr.
Fəqət bəs etməyir
ulduz işığı,
Zülmət gecələrdə baş
verir nələr...
Sarıgöz
fənərin "baxışlarında"
Qapqara asfalt da sarıya
çalır.
Göz gözü görməyən
bu qaranlıqda
Fənərin sapsarı kölgəsi
qalır.
Bu evin
ikinci mərtəbəsində
Qaranlıq gecələr tək
yatır bir qız.
Heç
onu görməyir sarıgöz fənər,
O qız qaranlıqda uyuyur yalqız...
***
Sinəmi
dəniz kimi
Mavi məxmərlə örtün.
Bu gülən dərdlərimi
Mavi məxmərlə örtün.
Yatağım
yad mənzildə,
Nə parçayam, nə bütün.
Sənə qonşu yuxumu
Mavi məxmərlə örtün.
Dünənki
sübh çağını
Niyə
unutdum bu gün.
Mənim
kağız süfrəmi
Mavi məxmərlə örtün.
Nəfəs
alan hər kəlməm
Yaşayır - deyil ölgün.
Bu tacsız sözlərimi
Mavi məxmərlə örtün.
***
Bağışla
ki, qapını mən açmışam döymədən,
Soruşma taleyinə daxil
oldum mən nədən.
Bağışla
ki, yolunda belə yanıb-sönmüşəm,
Səni
ögey görəndə
mən də yada dönmüşəm.
Bağışla
- inandığım, sevib, duyduğum üçün,
Səni
cəsarətimlə heyran
qoyduğum üçün.
Bağışla
ki, bu həsrət daim məni incidir,
Ürəyimdə sağalmaz yaralar
səninkidir.
Bağışla
- gülüşümə, göz yaşıma görə də,
Sevgidən dumanlanan bu başıma görə də.
Bu xəyaldır,
həqiqət? Sən bilmədin, əzizim,
Gözünə göl göründü
mənim sevgi dənizim.
Bağışla,
olan oldu, bağışla məni daha,
Sənə bu doğmalığım
yazılmasın günaha.
Bunu
alın yazısı, bunu qismət sayıram,
Açdığım o qapını arxamca bağlayıram.
Nigar HƏSƏNZADƏ
Rus dilindən tərcümə
edən: Adil CƏMİL
Ədəbiyyat
qəzeti.- 2025.- 31 oktyabr, №40.- S.13.