Yaddaş
çölünün çağıran çiçəkləri
(Əvvəli ötən sayımızda)
Sənədli povest
Bu yazı yadın, yəni yadımda
qalanların yadırğalanmayan yollarıdır. O yad və
yaddaş yolları qəfildən pıçıldadı ki,
bizi də yaz, bu fani dünyada yazıdan böyük
sığınacaq yoxdur. Və mən də yaddaş
çölünün çağıran çiçəklərinə
qulaq asdım, xəyalı körükləyən xatirələr
dünyasına üz tutdum.
Müəllif
- Ədəbiyyata
gəldiyiniz ilk çağların Mirzə Cəlil tilsimindən
danışırdınız. O tilsimdən necə qurtuldunuz?
- Mən
Şabran, keçmiş Dəvəçi rayonunun Surra kəndində
dünyaya gəlmişəm. Qara qayasından Qaraca
çobanların, Qızıl qayasından qızılbaş
igidlərin səsi gələn, dağlarından Xəzər-Quzğun
dənizi, damlarından qoca Çıraqqala görünən,
yollarında, cığırlarında nağıllar, dastanlar
mürgüləyən, yovşanlı yamaclarında,
güneyli-qüzeyli zirvələrində tənha qərbi
ağaclarının qəlbi göynəyən bir kənd
idi. Cismən şikəst, əlil, ruhən sağlam, əyilməz
olan dayım Malikin, nağıl, dastan kitabları əlindən
düşmyən xalam Xanımsuranın söz
işığını xatırlayıram. Sözün
qısası, ruhumun qapısı qıfıllı
qırxıncı otağında sonralar adının mif, əsatir,
nağıl, dastan olduğunu bildiyim sirli-sehrli bir dünya
vardı. Və o sirr-sehr dünyası zaman-zaman məni
çağırırdı, məni haylayırdı,
huylayırdı; yovşanlı yamaclarında kədəri
körüklənən, deyilmək istəyən xatirələri
susan, Şor dərəsində duzlu bulaqları
ağlaşan, dağlarında boş ilan yuvaları göynəyən
sirri-müəmma, çətin çağırış
idi...
Mat-mat
üzümə baxırdı. Bildim ki, dediklərimdən
heç nə başa düşməyib. Və kədərli
bir təbəssümlə susdum, çiyinlərimi çəkdim...
O da eyni təbəssümlə
təəccübünü gizlətmədi:
-
Doğrusu, heç nə başa düşmədim...
- Məndən
bütün suallara dəqiq cavablar gözləmə, bəzən
heç nə deməmək hər şeyi deməkdən
çox şey deyir...
- Hər
halda mifoloji fantastika sizin nəsrin əsas bədii-estetik
istiqamətidir, necə deyərlər, ana xətti,
bünövrə fəlsəfəsidir. Mənim sualım...
- Evimizin
arxasındakı yamaclardan yuxarıda, güney zirvələrindən
aşağıda yerləşən Şor dərəsinin
duzlu bulaqları göz yaşı kimi nəsə
pıçıldayırdı, susa-susa danışırdı.
Sübh tezdənin şirin yuxusundan məni min bir zülmlə
oyadan anam deyirdi ki, tez elə, balam, loşlar Şor dərəsinə
çatar indi, göydə çalağanlar, quzğunlar
dolanır, yerdə çaqqal-çuqqal, gedib dağda da
yatma, loşlardan muğayat ol, gün qızana qədər
çəyirtkəli, qaratikanlı yerlərdə otar, sonra
sağ-salamat qaytarıb gətir qapımıza, amandı,
uçmağa qoyma, çayqırağı kolluqlar,
yulğunluqlar tülkü-mülküylə doludur, anan qurban,
sən dədənin qəbri, yatma, yuxu Əzrayıl girəvəsidir,
mənim balam, yuxun gələndə şəhadət barmağını
möhkəmcə dişlə, lap qanın
çıxınca, qanının isti, şor tamını
hiss etsən, daha yata bilməzsən, yuxun ərşə
çəkilər...
Gənc
jurnalistin matı-qutu qurumuşdu, key-key susurdu, arada söhbətin
yönünü dəyişməyə cəhd edirdi:
-
Axı... Mən...
- Sən
bir az səbir elə... - Gülümsədim. -
İki-üç ana, əlli-altımış bala loşu,
şəhərdə ona hind toyuğu, hinduşka deyirlər,
sübh tezdən, alaqaranlıqdan dağlarda otarmaq,
günortaüstü sağ-salamat doğma qapıya qaytarmaq elə
də asan iş deyildi. Bir də görürdün,
beş-altı çalağan, quzğun başının
üstündə fırlanır, loş balalarına
şığımaq üçün fürsət
axtarır, o anda gərək sinədolusu, qeyzlə
qışqıra biləsən:
-
Quzğun, Quzğun qıyyad!... Çalağan,
çalağan, çiluuu!.. Bizdə cücə yooxdu,
yuxarı kənddə çoooxdu!.. Əgər ürəklə
qışqıra bilsəydin, çalağanlar, quzğunlar
qıy vura-vura yuxarı kəndə - Əmirxanlı kəndinə
tərəf uçub, bir anda gözdən itirdilər.
Çox illər sonra, universitetin filologiya fakültəsində
oxuyanda öyrəndim ki, bunlar mif imiş, o mifə
çalağanları, quzğunları inandırmaq isə
artıq fantastika idi. Mənim kəndim uzun-uzun qərinələr,
əsrlər boyu öz miflərini, fantastik əsatirlərini,
nağıl və dastanlarını yaradır,
yaratdıqları ilə yaşayır, dünyanı dərk
edirdi. Deməyim odur ki, mən ədəbiyyatın karvan yoluna
çıxanda qəlbimdə, ruhumda mif çölləri, əsatir
dağları at oynadırdı. Mən sadəcə olaraq o
çöllərin, o dağların əzəli-əbədi
çağırışlarına üz tutdum, yeni bir yol
başladım; romanlarımın, əksər povest və
hekayələrimin baş qəhrəmanı o çöllər,
o dağlardır, o miflər, o əsatirlərdir...
Gənc
jurnalistin alnında tər puçurlamışdı, dərindən
nəfəs alıb dilləndi:
- Mən
bu müsahibəni tərk edirəm, çünki siz təkbaşına,
öz-özünüzlə daha yaxşı
danışırsınız...
Gülümsədim:
- Axı
mən həm də jurnalistəm, uzun illər, otuz ildən
artıq AzTV-də baş redaktor olmuşam, publisistik
kitablarım çap olunub...
Ayağa
qalxdı, telefonunu göstərib dedi:
- Telefonum
hələlik sizdə qalsın, demək istədiklərinizi
danışıb qurtarandan sonra bəzi texniki işləri
özüm görərəm, mətni mətbuat
üçün hazırlayaram və s.
O,
çıxıb getdi. Və mən düşündüm ki,
jurnalistlərin belə kəmhövsələ olması da,
görünür ki, yeni başlayan internet və süni
intellekt erasının əlamətlərindən biridir. Bu
yaxınlarda Baku TV-də Qərbi Azərbaycanın qədim
yurd yerləri haqqında baxdığım elmi-publisistik veriliş
yadıma düşdü. Adətən, belə verilişlərə
iki-üç dəqiqə baxandan sonra müəllifin kim
olduğunu təxmin edə bilirəm. Ancaq
xatırlatdığım verilişin mətn müəllifi
haqqında heç bir qənaətə gələ bilmədim.
Maraqla verilişin axırını gözlədim və
doğrusu, heyrətləndim. Sonluq titrlərində xüsusi
ayrıntı ilə elan olunurdu ki, verilişin mətni
süni intellekt tərəfindən
hazırlanmışdır. Xüsusi elmi-publisistik
hazırlıq, tarixi-analitik təfəkkür tələb edən
mətn və süni intellekt, nə qədər heyrətamiz
olsa da, artıq reallıqdır. Bunu çayxanada
danışanda Şabran Ədəbi Birliyinin sədri Bayram
Novruz məni daha çox təəccübləndirdi, dedi ki,
bu, adi bir haldır, indi süni intellektə şeir, istənilən
mövzuda poeziya nümunəsi sifariş etmək də
mümkündür; dəqiqələr, hətta saniyələr
ərzində istədiyin şeir internet vasitəsilə sənə
təqdim olunur. Nümunə üçün məndən istənilən
bir mövzu xahiş etdi, praktik olaraq həmin mövzu
sifariş olundu və yarım dəqiqəyə süni
intellekt hazır şeiri səsləndirdi. Və mənim ədəbiyyata
yazığım gəldi...
On illər
boyu mənim haqqımda yazılan, müxtəlif qəzet və
jurnallarda, xüsusi buraxılış və kitablarda çap
olunan altımışdan artıq məqalə, resenziya,
müsahibə və digər publisistik yazıları bir yerə
toplamaq keçirdi ürəyimdən. Bunu oğlum Qurbana deyəndə
gülümsədi, həmin anda reaksiya verdim ki, bunun sənə
dəxli yoxdur, maliyyə tərəfdən hər şeyi
özüm edəcəyəm. Oğlum bir daha gülümsədi,
dedi ki, bəs süni intellekt mətnlərini neyləyəcəksən?
- Süni
intellekt mətnlərinin bura nə dəxli var? - soruşdum.
-
Xüsusilə, sizin romanlarınız haqqında hazırlanan
analitik mətnlər hansısa alimin yazdıqlarından daha səviyyəli,
daha dərinlərə gedəndir, desəm, xahiş edirəm,
inciməyin...
- Axı,
bu, necə ola bilər? Mən heç nə...
Oğlum
cibindən telefonunu çıxarıb qısa bir müddət
qurdaladı, sonra onu mənə tərəf uzadıb dedi:
- Qulaq
asın, sizin təhlilə çətin gələn, gələcəyin
əsəri elan olunan "Qanlı Quzğun meydanı"
mifoloji-fantastik romanınız haqqında süni intellektin
hazırladığı mətndir, - belə deyib telefonun
kiçik ekranındakı mətni oxumağa başladı.
Heyrət
və təəccüb qarışıq bir sevinc içində
qulaq asırdım. Həmin roman haqqında yazılanlarla
müqayisədə, həqiqətən, daha dərinlərə
gedən, daha analitik təfəkkürlü bir mətn idi.
- Yox, bu,
ola bilməz, ola bilməz! Bu mətn çoxlarından
çox bilir! Bu analitik yanaşma...
Oğlum
izah etməyə çalışdı:
- Süni
intellekt internet vasitəsilə "Qanlı Quzğun
meydanı" romanına daxil olur, digər elmi-tarixi, mifoloji mənbələrə,
hətta qədim Çin yazılarına qoşulur, nəticədə
insanın beyin, təfəkkür imkanlarını üstələyən
analiz və sintez, struktural təhlil mənzərəsi
reallaşır. Süni intellekt insandan, oxucudan, lap elə
böyük, nüfuzlu alimdən, professordan fərqli olaraq,
şəxsi münasibətlər, meyil və maraqlar müstəvisində
yox, birbaşa təqdim olunan əsər, roman, onun bədii-fəlsəfi,
tarixi-analitik təhlili, qiymətləndirilməsi istiqamətində
"iş görür", mətn hazırlayır. -
Oğlum yenə gülümsədi. - İndi de görüm,
o kitaba bu mətnləri hansı adla yerləşdirmək istəyirsən?
- Mən
başa düşürəm, bəşəri sivilizasiyada
yeni dövr, süni intellekt, internet epoxası başlayır,
bu, qarşısıalınmaz bir gedişatdır.
Kibertexnologiya elə sürətlə, elə nəhəng
addımlarla irəliləyir ki, insan, Adəm övladı
onunla, öz yaratdığıyla ayaqlaşa bilmir, geri
qalır; insan süni intellekt, robot qarşısında məğlub
durumdadır; ən acınacaqlısı odur ki, bəşəriyyət
min illər boyu yaratdığı misilsiz mədəniyyət,
ədəbiyyat zirvələriylə birlikdə məğlub
olur, sanki planet səhnəsindən çəkilir, deyək
ki, çəkilməyə məcbur edilir...
***
Meydan hərəkatının
dəniz kimi qabaran ilk çağlarında, qanlı
qırğınlara doğru gedən, hər addımda Vətən,
azadlıq qışqıran o mübarək, o müqəddəs
azadlıq günlərində qəlbimin qayım-qədim
çöllərindən, ruhumun Tanrı şəfəqli səmalarından
gələn sirli çağırışlar məni
"Qanlı Quzğun meydanı"na səsləyirdi.
Gündüzlər ruhumun yovşanlı yamaclarında, xam at
kimi şahə qalxıb kişnəyən dəlisov
dağlarında belədən-belə gəzirdim, qan tərləyən
at belində çapırdım, gecələr evimizin ikinci mərtəbəsindəki
eyvanda, quzey dağlarla üz-üzə balaca qara mizin
arxasında səhərə qədər dayanıb durmadan
yazırdım. Bir dəfə sübh namazına duran anam elə
bir vay-şivən qoparmışdı ki... Anamın o sübh
namazı üstündə etdiyi ağlar dualar indi də
yadımdadır: "Ay Allah, bu tifilə yazığın gəlsin,
ağlına-huşuna zaval dəyməsin! Onu şəri-şeytandan,
quru böhtandan, məkri-zənəndən, zülmü-bəşərdən
və bəd nəzərdən qoru, onu bütün arzu və
ümidlərinə qovuşdur, ya Rəbbim!" Bəlkə
də o sübh namazında anamın duaları köməyim
oldu, çətin, əzablı, həm də qürurlu
roman-mətni yazıb qurtardım, bütöv halda
böyük dostum, böyük şair, fədakar ziyalı,
"Gənclik" jurnalının baş redaktoru Məmməd
İsmayıla təqdim etdim.
Məmməd
bəy yazılarıma bələd idi, dedi ki, bu gecə bu
romanı oxuyacağam, sabah gələrsən,
danışarıq. Sonda da gülə-gülə əlavə
etdi ki, Allah qoysa, mən istəyən əsər olar, zəif
olsa, çap olunmasa, məndən yox, özündən
küs. Mən də dedim ki, xahiş edirəm,
tanışlığımıza görə tərifləmə,
yalnız həqiqəti söylə. Məmməd bəy
üzünü mənə tutub şəhadət
barmağını yüngülcə silkələdi və
dedi ki, bəy, başqa cür ola bilməz!
Və Məmməd
İsmayıl heç bir növbə-filan gözləmədən
"Qanlı Quzğun meydanı" romanını o vaxt
çox böyük tirajla çıxan, respublikada bir
nömrəli mətbu orqan olan "Gənclik"
jurnalının on bir sayında ardıcıl olaraq çap
etdi. Sonra Qarabağla bağlı hadisələr elə gərginləşdi
ki, mən romanda reallaşdırdığım bədii
çağırışları açıq publisistik mətnlə
birbaşa deməyə, üç vərəqlik "Son
çağırış" məqaləsini göz
yaşları içində yazmağa məcbur oldum. Vətənpərvərlik
müsabiqəsində birinci yerə layiq görülən, 28
fevral 1992-ci ildə "Aydınlıq" qəzetində
çap olunan o məqalə-çağırışı
33 il sonra, bu məqamda yada salmağı özümə borc
bilirəm.
Bu
yazını 33 il sonra yenidən oxuya-oxuya son illərin təkzibedilməz
Qarabağ həqiqətlərini, möcüzəli Qarabağ
xilaskarlığını düşünürəm. Azərbaycan
yaxın və uzaq imperiya maraqlarının
yaratdığı cəhənnəm uçurumunun faciələr
girdabından Qarabağı, bütövlükdə
özünü, müstəqil dövlətçiliyini xilas
edə bildi. Azərbaycan Respublikasının Prezidenti, Ali
Baş Komandan İlham Əliyev 44 günlük müqəddəs
Vətən müharibəsi, zəfər savaşıyla
tarixi boşluqları dolduran, olmazları olduran böyük qələbə
qazandı, son iki yüz illik məğlubiyyətlər zəncirbəndini
qıraraq, bütövlükdə türk
dünyasının qalib və qüdrətli zəfər
qapılarını açdı. O müqəddəs və
mübarək açılışla sonuncu türk, Azərbaycan
hökmdarı, fatehlər fatehi Nadir şah Əfşarın
gözləri güldü, tarix boyu nəhəng imperiyalar
yaradan Azərbaycanın qalib səsi və sözü
dünya səhnəsində yenidən eşidildi. Azərbaycan
bir vaxtlar Orxan-Yenisey bəngüdaşlarına
yazdığı müqəddəs mətnləri BMT-nin xitabət
kürsüsündə yenidən səsləndirdi. Bir vaxtlar
orta əsrlər əlyazmalarının
vurğuladığı bir həqiqət - "Şah
İsmayıl ruhun bədənə qayıtdığı
kimi Təbrizə daxil oldu" həqiqəti bu dəfə
"İlham Əliyev ruhun bədənə
qayıtdığı kimi Şuşaya, Qarabağa
qayıtdı" nidasına çevrildi. İlham Əliyev
Şuşaya, bir qədər sonra Qarabağlı Pənahəli
xanın kəndi Xankəndiyə və nəhayət,
bütün Qarabağ və Zəngəzura əbədi
qalibiyyət möhürünü vurdu. Bu, son iki yüz illik
Azərbaycan tarixinin ən şərəfli həqiqəti, ən
müqəddəs məqamı idi. Bu, qədim və qüdrətli
Azərbaycanın dünyanın böyük tarix səhnəsinə
qalib qayıdışının təkzibolunmaz faktı,
ölümsüz, əbədi Azərbaycan həqiqətinin
dünyamiqyaslı təntənəsi idi.
"Aydınlıq"
qəzetinin baş redaktoru, bir müddət AzTV-də hərbi-siyasi
veriliş müəllifi olan çoxdankı dostum Babək
Hüseynoğlu göz yaşları içində
qucaqladı məni, - qardaşım, - dedi, - sənin bu
üç-dörd qrankalıq yazın bütün
redaksiyamızı ağlatdı, vallahi və billahi,
hönkürüb ağladıq... - Bir qədər susub eləcə
göz yaşları içində pıçıldadı,
- ancaq bir xahişim var, bu qeyri-adi, ürəkdən, qandan gələn
yazını "Son çağırış"
adlandırma, son dəhşətli ifadədir; son, son, bu elə
sözdür ki, adam bilmir neyləsin, xahiş edirəm, o
yazını "Son çağırış"
adlandırma.
Və mən
dedim ki, Babək (o vaxt hələ Babək Hüseynoğlu Azərbaycan
Televiziya və Radio Verilişləri Şirkətinin sədri
deyildi, ona eləcə Babək deyirdik - S.E.), bu gün-sabah Kəlbəcərin,
Şuşanın, Laçının, bütün
Qarabağın erməni-rus hərbi birləşmələri
tərəfindən işğalı gözlənilir, bu dəhşətli,
qada-qırğın günlərində sondan başqa
hansı sözdən istifadə etmək olar?!
Və mənim
təkidimlə o yazının adı dəyişilmədi,
"Son çağırış" ümumi
başlığıyla çap olundu. O yazıda üç
yarımbaşlıq vardı: "Ağlama, Vətən!",
"Ayağa qalx, Vətən!" və "Qalib gəl, Vətən!"
Çox-çox
sonralar istedadlı şair, "Ekran-Efir" qəzetinin
baş redaktoru, rəhmətlik Məmməd Aslanla bir söhbətimiz
yadıma düşür. Dedim ki, Məmməd bəy,
İyirmi Yanvar hadisələriylə bağlı
yazdığın o əla şeiri gərək "Ağla qərənfil,
ağla" yox, "Ağlama, qərənfil, ağlama"
adlandıraydın.
- Ürəyimin
közünü qoparma, Sadıq Elcanlı, onsuz da o dərin
yaralar qaysaq bağlamır...
- Bu xalq
sözə inanır, ağla dedin, on ildir ki, xalq qərənfil
yazığı köksünə sıxıb ağlayır,
- dedim.
Əlqərəz...
Babəklə baş-başa verib ağladığımız
günün səhəri o yazı - "Son çağırış"
çap olundu və neçə adam mənə
ağlaya-ağlaya zəng etdi...
(Davamı
olacaq)
Sadıq
ELCANLI
Ədəbiyyat
qəzeti.- 2025.- 31 oktyabr, №40.- S.14-15.