"Fətəli
fəthi" romanında
mövzu palitrası,
tarixi duyum və
janr özəllikləri
Dünənki ömür bu gündə,
bugünkü
ömürsə
həm dünəndə,
həm də sabahda yaşayır...
"Fətəli Fəthi"
Ömrünün az qismini vətəni Azərbaycanda keçirən, dünya ədəbiyyatında tanınan və dəyərləndirilən araşdırmaçı-yazar, fikir adamı Çingiz Hüseynov çoxşaxəli yaradıcılığında tarixi mövzuya və şəxsiyyətlərə yanaşma tərzi ilə diqqət çəkir. Əsərləri dünya dillərinə tərcümə olunaraq yayılan yazıçı bütün yaradıcılığı boyu bu mövzuya sadiq qalmış, təkrarsız sənət örnəkləri yaratmışdır. Təsadüfi deyil ki, araşdırmaya cəlb olunan "Fətəli fəthi" romanına bir çox tənqidçilərin baxış müxtəlifliyi maraq doğurur.
Çingiz Hüseynovun ikidilli (rus və Azərbaycan) orijinal əsəri olan və müəllifin "sənədli fantaziya" adlandırdığı, işğalçı sovet rejiminin can verdiyi dövrdə, ötən əsrin qürubunda Azərbaycan tarixi roman janrının əsas ideya yükünü və yenilikçi forma xüsusiyyətlərini özündə daşıyan "Fətəli fəthi" Axundovun həyat və taleyinə bədii-fəlsəfi baxış yaradan örnəklərdən biridir. Azərbaycan ədəbiyyatının, ümumən Şərq ədəbi-düşüncəsinin inkişafında müstəsna rolu olan, tarixin dönüş nöqtəsi hesab edilən on doqquzuncu əsr hadisələrinin canlı şahidi Mirzə Fətəli Axundovun bədii ədəbiyyata obraz kimi gəlişi bu romanla başlamamış, ona qədər və daha sonra yazıçılar hər üç ədəbi janrda əsərlər meydana qoyaraq ədibə çoxyönlü baxışı zənginləşdirmişlər. Tarixdən bu yana, Əlisa Nicatın "Gəncəli müdrik" romanı, Hüseyn Arifin "Ürəklər birləşəndə" poeması, Əbdürrəhim bəy Haqverdiyev "Xəyalat", Mikayıl Rəfili "Səbuhi", Şəfaət Mehdiyev "Mirzə Fətəli", Arif Mədətovun "İdrak işığında" pyesləri, Əli Kərimin "Qarlı qış axşamında" şeiri və digər ədəbi örnəklərdə Mirzə Fətəli ruhu duyulur. Axundzadə obrazına Azərbaycan ədəbiyyatında bu qədər geniş qayıdışın başlıca səbəblərindən biri uzun illər Tiflisdə çar məmuru kimi çalışan Mirzə Fətəlinin həyatı ilə bağlı kifayət qədər arxiv materiallarının varlığı, öz qələmdaşları, dostları və Avropada təhsil alan oğlu Rəşidlə mütəmadi məktublaşmasıdır.
Tarixin tozlu rəflərindən qurtularaq dilindən qıfılı götürülən sənədlər fonunda Azərbaycanın yaşadığı dramatizmi Axundzadə taleyindən keçirən, baş verən olayların qəhrəmanın mənəvi və ruhi aləmində yaratdığı köklü dönüşümləri ustalıqla canlandıran Çingiz Hüseynovun bu əsərinə münasibət birmənalı olmamışdır. Bir çox tədqiqatçılar romanın tarixi mövzuda yazıldığını qəbul etsələr də, janr məsələsində zaman-zaman fərqli meyillər özünü göstərir. Yavuz Axundov romanın daha çox fəlsəfi-psixoloji məzmunu ilə diqqət çəkdiyini vurğuladığı halda, tənqidçi Həsən Quliyev dramatik roman, tədqiqat-roman, roman-etiraf, pritça adlandırmağın daha doğru olacağını bildirir və əsəri Azərbaycan tarixi roman ənənəsində yeni söz kimi mənalandırır. Ədəbiyyatşünas Rəşid İsmayılov da "Fətəli fəthi" fantaziyasında geniş istifadə olunan şərtilik meyarını əsas götürərək, onu sadəcə tarixi əsər adlandırmağın düzgün olmadığını vurğulayır. Tədqiqatçıların janrla bağlı fikir ayrılıqları müəyyən mənada yazarın "İzahat" hissəsində vurğuladığı "olanı olan kimi yazdım, olmayanı ola biləcək kimi" fikrindən qaynaqlanır. Çingiz Hüseynovun təsvir predmetinin yalnız tarixi fakt və hadisələr olmadığını, bədii xəyala burada daha böyük "hüquqlar" verildiyini öz tədqiqat işində əsaslandıran Təyyar Salamoğlu isə Varfolomeyev bölgüsünə əsaslanaraq, əsəri tarixi-romantik tipdə yazılmış tarixi-bioqrafik roman növünə aid edir. Bu fikir ayrılıqlarının digər bir səbəbi isə əsərin daxili quruluşu ilə bağlıdır.
Belə ki, "Fətəli fəthi" özülündə ayrı-ayrı sahələrin və eləcə də janrların xarakterik xüsusiyyətlərini daşıyan postmodern sinkretik tarixi romandır. Əsərdə müxtəlif bədii priyomlardan - fantastika, yuxu, qrotesk, simvol və s. geniş istifadə olunmuşdur. Yazar memarlıqdan şəbəkə üsulunu, musiqidən leytmotivi, dilçilikdən nidaları, sualları, tarixdən susqun sənədləri, romandan təxəyyülü, həyatdan qəhrəmanları və özündən Cadugəri alaraq əsərində əridib "sehrli iksir" yaratmağı bacarmışdır. Yaşar Qarayev yazır: "Şərti üslub və bədii təsvirdə yeni formalar axtarışı Çingiz Hüseynovun yazıçı dəst-xəttini həmişə fərqləndirmişdir. Ona məxsus "daxili nitq" və "ucadan düşünmə" üsulu bu dəfə də gərgin dramatik fikirlərin gözlənilməz dalğaları ilə, publisist passajlarla, bədii hipotezlərlə zəngindir". Qeyd etməliyik ki, bəzi səbəblər üzündən Azərbaycan alimləri tərəfindən hələ ki hərtərəfli araşdırmaya cəlb olunmayan "Fətəli fəthi" dünya miqyasında janrın bənzərsiz nümunəsi kimi dəyərləndirilir.
Hər nə qədər mübahisəli görünsə də, romana verilən təriflər içərisində onu digər janrlardan ayıran başlıca özəllik kimi mətnin süjetində xalqın iştirakı məsələsi əsas götürülür. Çingiz Hüseynov da yabançı mühitlərdə yaşayıb-yaratmasına baxmayaraq, qan yaddaşı ilə bağlı olduğu Azərbaycan toplumunun etnoqrafiyasını, folklorunu, ruhunu özündə oluşduran, hər qatında milli nəfəs duyulan, iblis Əjdaha dövrünün siyasi panoramını qəhrəmanının "düşüncə selində" təsvir edən mükəmməl roman yaratmağa nail olmuşdur. Lakin ideyanın oxucuya ötürülməsində ənənəvi metodlardan istifadə etməmiş, əsərin zahirini yox, batini quruluşunu - alt qatını zənginləşdirərək, mifoloji ünsürlərin bilinməz gücü ilə əsrarlı roman dili yaradır. Romanın "Cadugərlə söhbət" hissəsində Fitilbörk əjdahasından söhbət düşən zaman Axundzadə sadə dillə Xasay xanı inandırmağa çalışır ki, biz istəsək, çar Rusiyasını məhv edə bilərik, necə ki, bircə sözü ilə Cadugər Parisi dağıtmışdı. Elə bu anda zamanda yolçuluq edən oxucu Fətəlinin uşaqlıq xatirəsi ilə qarşılaşır, bir payız günü, Fətəli həyətdə oynayan zaman qonşu evdə qadınlar sirkə tuturlar. Axund Ələsgər Fətəliyə tapşırır ki, bu küpələrdən ehtiyatlı olsun, onları sındırmasın. Uşaq Fətəlini atasının sözləri düşündürür, axı o hara, bu irilikdə küpü sındırmaq hara? Amma birdən əlindəki balaca daşı atmaqla iri küpə çatlayıb sınır və ətrafa sirkənin iyi yayılır. Əslində, Çingiz Hüseynov burada "sirkə nə qədər tünd olsa, öz qabını çatladar" atalar sözünü iki zaman arasında paralel apararaq zahirən tünd, daxilən isə çürüyüb rəngini itirən çarlığın aqibətinə işarə edir. Və ya romanın irəliləyən səhifələrində Axundzadənin yandırdığı kağız-kuğuzların külündən nə isə yaranacağına qəti inamı, küllərindən yenidən doğan Zümrüd quşu əfsanəsi ilə görünməz bağlarla əlaqələndirilir. Eləcə də, Sisianovun ölümə məhkumluğunun qurd kimi ulayan it motivi ilə bağlanması...
Roman boyunca yazar kiçik
detallara dərin mənalar yükləyir.
Lakin əsərin mükəmməlliyini şərtləndirən
başlıca cəhət bədii təxəyyülə əsaslanaraq,
tarixi interpretasiya cəhdidir. Müəllif ciddi elmi
araşdırmalarla mümkün olan bütün qaynaqları
sərf-nəzər etmiş, tarixə sənədlərin
gözüylə aydınlıq gətirmişdir. Tənqidçi
Vaqif Sultanlı qeyd edir ki, məhz bu əsərdə ilk dəfə
olaraq yazıçı və tarix, yazıçı və
imperiya, yazıçı və hakimiyyət,
yazıçı və xalq problemi bütün
çılpaqlığı ilə qoyulmuşdur. Bilindiyi
kimi, tarix və roman hər zaman bir-biri ilə
qarşılıqı mənbə
"alış-verişi" aparan yaxın sahələr kimi
tanınır. Türkiyə professoru Şerif Aktaş iki sahə
arasındakı fərqə diqqət yönəldərək
tarixçini fotoqrafa, roman ustasını isə rəssama bənzədir.
Material eynidir, fərqi yaradan görmə bucağıdır.
Bu baxımdan, "tarixi romanda sənədlilik qanunauyğun
haldır. Lakin sənədi oxumaq, tilsimini qırmaq, açmaq
- bu, sənətkar işidir. Sənəd çox vaxt həqiqətin
mahiyyətini açmır, əksinə, gizlədir. Tarixi
romanda isə o, təsvir olunan dövrün ab-havası,
psixologiyası, əhval-ruhiyyəsi haqda təsəvvür
yaratmağa müəllifə kömək etməlidir"
(Yavuz Axundlu).
Faktların və tarixiliyin
özündə də bir şərtilik
vardır. Çünki tarix birmənalı deyil:
yaşanılan, kağız parçalarında əks olunan və
tarixən hakimlər tərəfindən
quraşdırılan tarix arasında böyük fərqlər
vardır. Buna əsasən də, taleyinə qürbətdən-qürbətə
ömür yolu yazılan Çingiz Hüseynov əsrin faciəvi
hadisələrinə analitik münasibətini tarixi mövzu
vasitəsilə nəql etmiş, olayların siyasi
kökünü roman nəsrinin inandırıcı dramatizmi
ilə göstərməyə
çalışmışdır. Yazar tarixi özduyumla Fətəli
mühitini dövrü ilə həmahəngləşdirərək,
bəzi yazılmayan olaylara da bədii don geyindirməyi
ustalıqla bacarmışdır. Çünki müəllif
üçün başlıca mövzu siyasi hadisələr
yox, onun qəhrəmanında doğurduğu mənəvi dəyişmə
və dərketmədir. İdrak və yaddaş
arasındakı mühüm bağın önəmini dərindən
anlayan yazar tarixə biganəliyin gələcəyə
yönəlik məğlubiyyət və əbədi milli məhrumiyyət
olduğunu həm yaşamında, həm də əsərlərində
sübut edir. Tənqidçi Rüstəm Kamal da romanı
yüksək dəyərləndirərək onu iç (səs)
yaddaşın təcrübəsi kimi mənalandırır.
Beləliklə, Axundzadənin əsərin sonunda
yaşadığı fərdi tragizmi bütöv xalqın
faciəsi kimi ümumiləşmiş, şəxsiyyət-mühit
qarşıdurması millət-tarix kontekstində mənalandırılır.
"Fətəli fəthi"
digər tarixi
romanlardan fərqli olaraq vahid süjet xəttinə malik deyil.
Bir-birinin davamı olaraq 3 hissəyə bölünən əsər,
hər fəslin daxilində də ayrı-ayrı
bölümlərə ayrılmışdır ki, hətta bu
müstəqil adları olan yarım bölümlər də
öz daxilində müstəqil süjetlərə şaxələnir.
Burada hadisə inkişafında bəzən bir söz, hadisə
bənzərliyi özgürlük qazanır və süjet
içində süjet yaranır. Məsələn, II fəsildə
Fətəli şahın ağlasığmaz edamlarına
paralel Çingiz Hüseynov
neçə-neçə tarixi faciəni
xatırlayır və süjetə uğurla düyünləyir:
Qərbdə Filipp şahın öz ailəsini öldürməsi,
Şah Abbasın bəzi tayfaları yer üzündən silməsi,
monqolların kəllədən qalaları, körpəlikdən
süd əvəzinə qan içən Həccacın vəhşilikləri
və s. Həmin fəsildən başqa nümunəyə nəzər
salaq. Axundzadə öz əsəri üçün Fətəli
şahın həyat yoldaşına ad düşünərkən
bir anda pərdə onun otağında enib Qafqazın sıra
dağlarına səfər edir, elə bu anda gözü
qarşısında dağlılar, Hacı Muradla Səlma
xatunun dialoqu canlanır. Çingiz Hüseynov həm də əsərdə
fikir içində fikirlər yaradır. Öz
obrazının simasında əsərdə ad seçiminin əhəmiyyətinə
sətiraltı toxunur. Axundzadə bu məsələyə
çox həssaslıqla yanaşır, çünki
böyük ideallar uğruna yazılan əsərlərdə
hər bir detal vahid məqsədə xidmət edir. "Ad, bir
növ, əsərin bütün informasiyasını
özündə cəmləşdirir, irəlicədən
oxucuda əsərin ideya istiqaməti, problematikası, qəhrəman
xarakteri, taleyi haqqında xəbər verir" (Qorxmaz Quliyev).
Bu yerdə fransız yazarı Floberin öz əsərləri
barədə dediyi fikirləri də xatırlamış oluruq:
"Mənim kitabımda yersiz heç bir təsvir yoxdur, hər
bir detal qəhrəmanlara, hadisələrə yaxından və
uzaqdan təsir edir".
Yuxarıda qeyd olunduğu kimi, bir çox məziyyətlərinə
görə indiyə kimi Azərbaycan ədəbiyyatında
mövcud olan tarixi əsərlərdən seçilən,
klassik tarixi romanla alternativ roman hüdudlarında yaranan "Fətəli
fəthi" sənədli-fantaziyasına Floberin
dünyagörüşündən yanaşsaq, təsvirlərin
fərqli yozumları baxımından
düşündürücü sonuclar əldə edilir.
Axundzadənin yaratdığı cadugər obrazını
dekonstruksiya edərək, "adında "ibn", fars
"zadə", "türk "oğlu",
"viç", tapılan, atadan və ata yurdundan məhrum
kosmopolit obraz yaradan müəllif öz qəhrəmanını
səhnəyə belə "gətirir": "Cadugər
yorğan-döşək yığılan yük yerinin
önündən asılan və üstündə narın
çiçəkləri olan çit pərdənin
arxasından çıxdı". Bu gəliş təsadüfi
deyil. İlk baxışdan adi çit adlandırılan pərdə,
əslində, gələcəyin pərdəsi idi. Məhz
romanın ilk səhifələrindən cadugər
bütün gələcəyi təfsilatı ilə bilirdi.
Onun dili ilə söylənən: "Sən hökmən bu dünyaya
gəlməli idin, necə ki, gəldin də", - fikrini Fətəlinin
dünyaya gəliş səbəbini zəmanin ona müntəzir
olması ilə bağlayır, taleyin hökmü
adlandırır və yaşanılan, gələcəkdə
görəcəyi bütün hadisələri alın
yazısı adlandırır. Zaman-zaman ortaya çıxan və
əsas təhkiyəçiyə ideyanın
çatdırılmasında yardım edən yanağı
xallı Cadugər, həm də yaxşı bir siyasətçidir.
Bu, Güney Azərbaycanla bağlı Fətəli ilə
etdiyi söhbətdə aydınlaşır: Cadugərin
"özü də necə ayrılıq?! Qılıncla
kəsib ikiyə bölüblər diyarı,
qanlı-burulğanlı Araz
sərhəd olub, necə keçəsən?
sualına Fətəli
yanıqlı-yanıqlı düşünür və
bunun mümkünlüyünə
tam inam göstərir,
özünün də
dediyi kimi, çünki onun atası bir dəfə bunu bacarmışdı, o taylı-bu
taylı ailəsini birləşdirə bilmişdi,
deməli, xəyal mümkünsüz deyildi.
Əsərin sonunda müəllifin oxucusuna ünvanladığı fikir
də bunu sübut edir: ümid telləri qırılmazdır, səslər
eşidilməkdə, deyilən
deyilməkdədir, həm
o tayda, həm də bu tayda...
Mövzunun işlənməsinə sosioloji aspektdən yanaşdıqda da, bəzi özünəməxsusluqlar
görünür. Bir əlində
medal, digərində qələm
təsvir olunan Axundzadənin yaşadığı
tarixi mərhələnin
siyasi-ideoloji uçurumları
fonunda qəhrəmanın
mənəvi sarsıntıları
qabardılsa da, tarixi faktları dərindən bilməyən oxucu üçün zaman qeyri-müəyyənlik
və hüdudsuzluq qazanır. Roman janrında
etnoqrafik zamanın müəyyənləşdirilməsi üçün əsas sayılan geyim tərzi, obrazların nitqi, yemək kültürü, adət-ənənələr,
inanclar, bir sözlə, yaşam tərzinin hərtərəfli
təsvirinə "Fətəli
fəthi"də rast
gəlinmir ki, bu da dolayısıyla müəllif
ideallarının çatdırılmasında
bir üsul kimi diqqət çəkir. Milli düşüncə
ilə yaşayan Azərbaycan ziyalılarının
və fikir adamlarının əsrlər
boyu dönə-dönə
ümidlərini yabançı
və saxta mühitə bağlayaraq aldanması, yalançı
nicatı gözləyə-gözləyə
sönən faciəli
taleyini ümumiləşdirən
Çingiz Hüseynov
öz əsərini konkret bir mərhələ
ilə məhdudlaşdırmamış,
keçmişə, gələcəyə
qırılmaz tellərlə
bağlayaraq əbədiyyət
qazandırmışdır. Və nəticədə hər dövrün oxucusu "Fətəli fəthi"də bir az özünü görəcək, səhvlərindən
kimliyini tanıyacaq...
Sosial mənzərə ilə zamansızlıq qazanan müəllif əsər boyu təbiət və məkan təsvirlərinə də
yer ayırmamaqla oxucusu üçün nəhayətsiz genişlik
yaradır. Maraqlıdır
ki, mövzu dairələri
bir-birindən kəskin
fərqlənsə də,
əksər romanlarda janrın həcmə verdiyi imkanlarla müəllif təbiət
təsvirlərinə sətirlər,
səhifələr həsr
edə bilir, çünki pyes üçün səhnə
dekoru nədirsə,
roman üçün də
təsvir eyni mahiyyəti daşıyır,
yəni birbaşa mövzu-ideya ilə əlaqəlidir. "Fətəli
fəthi"də isə
bu təsvirlər görünmür. Əsər
boyu əsas məkan Qafqaz diyarıdır, lakin müəllif heç bir halda təbiət
təsvirlərinə yer
vermir. Həcmcə ən kiçik hekayəsində belə düşündürücü söz oyunu quraraq ahəngdar bədiilik yaradan Çingiz Hüseynovun bu yanaşması bir neçə cəhətdən oxucunu düşündürür:
1. Müəllifin öz qəhrəmanı ilə
eyni düşüncədə
olması və uzun illər yetərincə mədh olunan Qafqazın "gül-bülbül" metaforalarından
imtina edərək oxucunun diqqətini onun faciəvi taleyinə mərkəzləşdirmək.
2. Bölünən Azərbaycanın
parça-parça torpağında
qara daşlar göyərməz, bərraqlığa
alışmış namütənahi
dəniz dalğalanmaz,
küskün durnalar vüsal nəğməsi
ötə bilməzdilər...
Beləliklə, Şimal
pəhləvanının müstəmləkə
əsarətində olan
bir ölkənin solğun günlərini qabartmaq.
3. Klassik romanlarda məkan statik mövqe durumunda olsa da, müasir mərhələdə ədəbiyyatın
öz tələbindən
doğan yeni düşüncə
yanaşması ilə
hərəkətlilik qazanmaqda,
təsvirlər bilavasitə
mənanın altqatına
nüfuz edərək
fikri qüvvətləndirməyə
xidmət etməkdədir.
Bu baxımdan, yazar xarici aləmin təqdiminə xəsisliklə
yanaşmış, oxucunu
qəhrəmanının iç
dünyasında, kəsik-kəsik
xatirələr və
psixoloji yaşantılar
səpkisində gerçək
səyahətə cəlb
edə bilmişdir. Deməli, olaylara Fətəlinin daxili aləmindən nüfuz etmək cəhdi.
4. Və nəhayət, romanı hipertekstuallıq
səviyyəsinə qaldırmaq
istəyindən doğan
sərhədləri dəqiq
cızılması mümkün
olmayan hüdudsuz məkan qavrayışı
yaratmaq.
Roman boyu maraqlı təhkiyə üsulları
ilə Axundov şəxsiyyətini olduğu
yerdən daha yüksəklərə qaldıran,
bitib-tükənməyən xəyallar və ümid qığılcımları
ilə yaşadan münəccim müəllif
sonluğu məhz qəhrəmanı Bakıxanovun
dilindən söylədiyi
"mənim bu günüm, sənin gələcəyindir, Fətəli"
fikri ilə iflasa uğradır. İkinci Cahan müharibəsindən sonra
"SSRİ-də müşahidə
olunan ideologiyanın xətrinə tarixin təhrif edilməsinə,
saxtalaşdırılmasına qarşı etiraz, kənar torpaqlarda yaşayan xalqların, o cümlədən, Azərbaycanın
"Rusiyanın tərkibinə
könüllü daxil
olması" fikrinin çürüklüyünü göstərmək, bu birliyin könüllü birlik yox, Lermontovun
yazdığı kimi,
"qanlı tabeçilik"
olduğunu bütün
əsər boyu yeri gəldikcə təlqin edən, zamana və məkana sığmayan böyük yazar sovet dövründə yazmasına baxmayaraq, "Fətəli fəthi"
ilə quruluşu da iflasa uğradır...
Əsarət zəncirləri ilə
sıxılıb-boğulan bir toplum üçün
bu hissi yazıya daşımaq çox çətindir əslində. Ağrılıdır,
eyni əsərdə həm özünü, həm də cəlladını yaratmaq.
Əzabdır, alın
yazın ilə aldanışının sərhədini
çizmək... Eyni səhifələrdə bitib-tükənməyən
ümidlərini yazıb,
irəlidə öz əllərinlə yıxıb
dağıtmaq. Keçmişini
işğal senzurasında
yandırıb, millətinə
ölüm hökmü
oxumaq, Yaradan olsan belə, gələcəyi cızanda
qələmi sındırmaq...
Çətindir, düşüncə
və hissləri havasız mühitə məhkum olunan Vətəndə özgürlük
nəğmələri bəstələmək.
Bu və başqa səbəblərdəndir ki, Azərbaycan
ədəbiyyatında əsarət
və hürriyyət
aparıcı mövzuya
çevrilə bilməmişdir.
Çingiz Hüseynov
isə bir çox yazarlardan fərqlənərək yaradıcılığı
ilə bu boşluğu doldurmağa
çalışmış, "Fətəli fəthi"
romanında çar Rusiyası, ya da Sovet rejimini yox, hər daim
cildini dəyişən
kölə düşüncəsinin
(düşüncəsizliyin) yaddaqalan obrazını yaratmışdır.
Fidan VAHİD
Ədəbiyyat
qəzeti.- 2025.- 31 oktyabr, ¹40.- S.16-17.