Qar
üstünə
Gün düşdü,
Gözüm qıyıldı... -
Səhranın uğultusu,
atların kişnərtisi
bir-birinə qarışdı,
Qar ağlığı,
Gün sarısı
birgə
doğuldu...
Sonra
küləklər coşdu.
Və sevdalı qıpçağın
hekayəsi başladı...
Gözüm qıyıldı -
Tarixin işığına...
Atlarımız Günçıxardan
Günbatara qoşdu da, qoşdu,
Başımızın üstündə
Yenə
Göy vardı,
Ağ buluddu Göyüzündə,
Torpaq vardı ayağımız
altında...
Yolumuz Ayyoluydu...
Uğur
belə yazıldı
alnımıza...
Al-qırmızı
qanımız
Qapqara torpaqla tanışdı...
Hər qarı əridən qan
Ruhlara ismarıcdı...
Qar
üstünə
Gün düşdü
Gözüm qıyıldı... -
Şükürlər olsun, Tanrım!
Gözü qıyıq oldum,
Gözüqıpıq olmadım,
Kölgəm atbelində
düşdü qar
üstünə,
Gözüm kölgəli olmadı...
13.10.2025
Əkbər
QOŞALI
Ədəbiyyat
qəzeti.- 2025.- 31 oktyabr, ¹40.- S.25.