"Altı və
sıfır"dan sonrakı
extra time
Əli Bağışın kitabına Ön söz olsun
Hasarın üzərində yazılıb:
"Narahatlığa görə
üzr istəyirik".
Altından da yad dildə:
"Sorry
for the inconvenience".
Yapon yazıçısı Yasunari
Kavabata deyirdi: "Fərqli dillərin yaranması bir qəbilənin digər qəbilədən öz sirlərini qorumaq istəyi ilə əlaqədardı".
Hasarın üzərindəki elanda
bir dil başqa
dilə sirrini açır.
İkinci
dili köməyə çağıran birinci dil hasarı o üzə özü təkbaşına aşa
bilmir.
Dünyasa hasarın o üzündədi.
Və beləcə
biz dünyaya çıxa
bilmirik.
Fransız Jül Renarın
remarkası: "Fransada
oxucusunu tapmayan yazarlar özlərini sakitləşdirmək istəyəndə
deyirlər ki, onları
Almaniyada oxuyurlar..."
Bu yerdə Əli Bağışdan zəng
gəlir.
İkimiz
də eyni anda sözə başlayır, bərabər
susuruq.
Xalq artisti Yalçın Adıgözəlovla bir məclisdəydik. Ağız
deyəni qulaq eşitmirdi. Yalçın
bəy cibindən bir siqar çıxardı.
Hamı susdu. Elə bildik, əlindəki dirijor çubuğudu.
Əli Bağış mübahisəni
sevir və həmişə haqlı çıxır. Onun
"dirijor çubuğu"
ayrıdı. Davanın
şirin yerində votsapa bir "məcun" şəkli yollayır: "Sən heç bundan içmisən ömründə?"
Mən də ona "qədəhaltı" göndərirəm:
Nə xoş sabahdı,
saatıma qonan qar dənəciyi
dondurmaq
istəyir vaxtı...
İkimizin də kefi durulur. Ayılıb görürük ki, bir kitablıq yazışmalarımız
qalıb. Deyirəm, gəl belə eləyək, "Kəlamlar"ını
ayrı bir qovluğa topla, at mənə.
O, uşaq təəccübüylə:
"Kəlam nəyə deyirsən?"
Mən redaktor inadıyla: "Haqlıyamsa, yanımda deyilsənsə, lənət
olsun sənə, haqsızamsa, yanımdasansa,
lənət olsun mənə".
Görür ki, vəziyyət nəzarətdən
çıxır, sabahacan
möhlət umur və bir gün
sonra növbəti sifariş alır: "Publisistikanı da poçtuma
at!" Onu da göndərəndən
sonra videozəng vurub ürəyimi üzümdən oxumaq istəyir. Yəni sənin fikrin nədi?
Stanislav Kurilovu köməyə çağırıram; 14 dekabr
1974-cü ildə sovet
gəmisindən okeana
atılan, 3 günə
100 km məsafə üzən
"fövqəladəm"i.
Jurnalistlər ondan soruşanda
ki, "bəs, okeandakı
heyvanlardan qorxmadınız?"
- nə desə yaxşıdı:
- Bir neçə saatdan sonra, elə bildim, mən də akulayam, delfinəm, balinayam...
Hiss edirəm, Əli Bağış onun yaradıcılığını izləməyimdən məmnun
qalıb. Səhəri
gün poçtumda təzə hekayə görürəm: "Dörd
tabut" müharibədən yazılıb - Qarabağ savaşından. Onu çoxdan bir yol oxumuşdum. Yenə də hiss-həyəcanla gözdən
keçirirəm.
Pəncərəni açıram ki, başımın
tüstüsü evə
dolmasın.
Bəni-Adəmin beş duyğu
hissi var.
Yaradıcıların altı - intuisiya.
Bir hiss də var: məsuliyyət
hissi.
Əli Bağış "Dörd
tabut"un altına o
hisslə girib.
Məsuliyyət hissiylə.
Qarabağ müharibəsindən çox hekayə yazılıb: Azərbaycanın
və Ermənistanın
gözü ilə.
Əli Bağış bu müharibəyə "üçüncü"
ölkədən baxıb.
Məncə, müharibə Tanrının
dünyanı insanın
idarəsinə buraxdığı
məqamdı.
Hə, insan, buyur görək,
sən neynirsən?
İnsan
bir-birini qanına batırıb.
Bu yaxınlarda məşhur kəşfiyyatçı Xan minaya
düşüb şəhid
oldu. Savaş üçün doğulanların
missiyası bitdi.
"Dörd tabut"un epiloquna inanaq:
"Anuş suya, iki körpəyə, gəlininə, Sonaya və Sonanın gəlininə baxa-baxa pıçıldadı:
- Siz türklərdə su aydınlıqdı. Bəlkə heç bir-birlərini öldürmədilər..."
Bu hekayədən sonra Əli Bağışın
şeirlərinə bir
də baxasıydım.
Ehtiyac duymadım. Kitabdan oxuyaram.
Əli Bağışın yaxşı
hesab verməyi var. Yazdıqları da hesabdı.
Amma bu dəfə
"çölə" yox,
"içəri" verdiyi
hesab...
P.S. Həmişə çalışıb
ki, dostlarının başını
uca eləsin. 60 yaşında ənənəni
pozmaq istəyir: hamı başını aşağı salsın və bu kitabı
oxusun...
P.P.S.
"Altı və Sıfır" dörd fəsildi. "Kəlamlar"
- yaz, "Publisistika"
- yay, "Nəsr" - payızdı.
"Şeirlər"sə... qış deyil...
4 oktyabr 2025
Qulu
AĞSƏS
Ədəbiyyat
qəzeti.- 2025.- 31 oktyabr, №40.- S.17.