Görkəmli şərqşünas
Qəzənfər Əliyev
Keçən
əsrin ortalarından başlayaraq, artıq Moskvada nəhəng
yaradıcı ziyalılarımız yaşayırdılar: ədəbiyyatşünas
professorlar - Əziz Şərif, Qəzənfər Əliyev,
Xalıq Koroğlu, ədiblər - Çingiz Hüseynov, Alla
Axundova, Rüstəm İbrahimbəyov, kino korifeyi Əjdər
İbrahimov.
Bu
yığcam yazıda Azərbaycan və Moskva şərqşünaslıq
məktəblərinin məşhur yetirməsi, filologiya elmləri
doktoru (1974), SSRİ Yazıçılar İttifaqının
üzvü (1978), professor Qəzənfər Əliyevin ədəbi
portretini yaratmağa cəhd göstərmişəm. Məqsədimə
nail olub-olmadığımı isə sevimli "Ədəbiyyat
qəzeti"mizin dəyərli oxucuları söyləyə
bilər.
Qəzənfər
Əliyev dünya nizamişünaslığında Nizami Gəncəvi
yaradıcılığının Şərq xalqları ədəbiyyatlarına
təsirini son dərəcə diqqətlə tədqiq
etmiş və onun poetik nüfuzunun
heyrətamiz genişliyə
malik coğrafiyasını faktoloji materiallarla müəyyənləşdirmiş
ilk şərqşünasdır. Azərbaycanlı alim öz
elmi araşdırmaları ilə Hindistanda mövcud olan, lakin
1960-cı illərə qədər lazımınca öyrənilməmiş
zəngin farsdilli ədəbiyyata bütövlükdə sovet
şərqşünaslarının diqqətini cəlb etməklə,
SSRİ-də hindologiyanın təməlini qoyanlardan biri
olmuşdur. Onun yorulmaz tərcüməçilik, tərtibçilik
əməyi və fədakar təşkilatçılıq fəaliyyəti
sayəsində Azərbaycan, İran, Əfqanıstan, Pakistan,
Hindistan, Özbəkistan, Türkmənistan və
Tacikistanın farsdilli poetik nümunələri 50-yə
yaxın kitabda Sovet İttifaqının ayrı-ayrı şəhərlərində
rus dilində çapdan çıxmışdır.
Bütün bu nəşrlər Qəzənfər
Əliyevin, ya müfəssəl ön sözləri, ya qeydləri,
ya izahları, ya şərhləri və ya tərtib etdiyi
lüğətlərlə təchiz olunmuşdur. Şöhrətli
şərqşünasın daha bir unudulmaz xidməti Hindistan
arxivlərindən türkmən şairi Bayram xan
Baharlının (1501-1561) bədii irsini tapması, müfəssəl
tədqiqi və elm aləminə təqdim etməsidir. Bu
tapıntı qardaş türkmən xalqının
yazılı ədəbiyyat tarixini ən azından iki əsr
önə çəkməyə imkan vermişdir.
Həyatı.
Qəzənfər Yusif oğlu Əliyev 15 may 1930-cu ildə Gəncə
şəhərində sənətkar-fəhlə ailəsində
anadan olmuşdur. Atası
Ziyadxanovlar nəslindən idi, fars və ərəb dillərinə
yaxından bələdliyi varmış. Quranı sərbəst
oxuyar və başa düşərmiş. Ailənin beş
övladı olub: Leyla, Qəzənfər, Sabir, Almaz və
Ənvər. Yusif kişi tez-tez Nizami Gəncəvinin əsərlərindən
hikmətli nümunələri fars dilində təkrarlamağı
sevərmiş və zehndən iti olan böyük oğlu Qəzənfərə fars və ərəb
dillərini öyrədərmiş.
Qəzənfər
Gəncə şəhər 5 saylı məktəbdə orta
təhsil almış (1937-1947),
1947-1952-ci illərdə Azərbaycan Dövlət
Universitetinin Şərqşünaslıq fakültəsində
fars və ərəb filologiyası ixtisasına yiyələnmişdir.
Ali təhsilini fərqlənmə diplomu ilə başa
vurduqdan sonra tanınmış şərqşünas,
SSRİ Elmlər Akademiyasının müxbir üzvü
Yevgeni Eduardoviç Bertelsin (1890-1957) xüsusi seçimi və
dəvətilə SSRİ EA Şərqşünaslıq
İnstitutuna təcrübəçi-tədqiqatçı
kimi qəbul edilmiş, 1953-cü ildə isə əyani
aspiranturaya daxil olmuşdur. Qəzənfər doğma Azərbaycan
dilini, fars, ərəb, rus və alman dillərini mükəmməl
bilirdi. Lakin Bertels ona təkidlə ingilis dililə ciddi məşğul
olmağı tövsiyə etmişdir. Bertels yüksək səviyyəli,
peşəkar şərqşünas olmaq üçün
ingilis dilini Şərq dilləri qədər gərəkli
sayırdı, çünki bu dildə əsl şərqşünas
üçün birinci dərəcəli əhəmiyyət
kəsb edən çoxlu elmi material vardı. Gənc aspirant
müəlliminin tapşırığını cidd-cəhdlə
yerinə yetirmiş, beş ilə ingilis dilini mükəmməl
öyrənmişdi. Əfsanəvi şərqşünas
Bertelsin özü bütün aparıcı türk dillərini,
qədim sanskriti, latın, fars, ərəb, alman, fransız və
ingilis dillərini mükəmməl bilirdi.
Y.E.Bertelsin
elmi rəhbərliyi ilə gənc tədqiqatçı
üç il ərzində "Nizami Gəncəvinin
"Xosrov və Şirin" və Əmir Xosrov Dəhləvinin
eyniadlı poemalarının müqayisəli təhlili"
mövzusunda namizədlik dissertasiyası hazırlamış,
28 yanvar 1958-ci ildə uğurla müdafiə etmişdir. Gənc
alimin bu əsəri bir qədər yenidən işlənmiş
və genişləndirilmiş variantda "Xosrov və
Şirin əfsanəsi Şərq xalqları ədəbiyyatında"
adlı 170 səhifəlik monoqrafiya şəklində
1960-cı ildə "Vostoçnaya literatura" nəşriyyatında
rus dilində Moskvada nəşr edilmişdir.
Yevgeni
Eduardoviç Bertels sevimli tələbəsinin dissertasiya
işinin müdafiəsini görə bilməmişdi, 7
oktyabr 1957-ci ildə onun geniş, işıqlı və
xeyirxah ürəyi həmişəlik dayanmışdır.
Lakin ustad uzaqgörənliklə tərpənmiş, elmi rəhbər
kimi Qəzənfərin işi haqqında geniş rəy
yazmış və əvvəlcədən İnstitutun
dissertasiya şurasına təqdim etmişdi. Müdafiə
günü elmi rəhbərin rəyi oxunub qurtaranda şura
üzvləri və bütün iştirakçılar
böyük alim, dünya şöhrətli şərqşünas,
türkoloq Bertelsin ata qayğıkeşliyilə
yazdığı xeyir-duanı ayaqüstə hərarətlə
alqışlamışdılar.
Qədirbilən
tələbə bütün ömrü boyu Bertelsin elmi irsinə
diqqətlə, xüsusi bir həssaslıqla
yanaşmış, unudulmaz müəlliminin işıqlı
xatirəsi qarşısında mənəvi borcunu səylə
yerinə yetirməyə çalışmışdır.
Böyük şərqşünasın dəfnindən dərhal
sonra Qəzənfər Əliyev onun elmi əsərlərinin
tərtibinə və sistemləşdirilməsinə
başlamış və 1958-ci ildə Moskvada "Sovet şərqşünaslığı"
("Sovetskoe vostokovedenie") elmi jurnalının 1-ci
sayında "SSRİ EA-nın müxbir üzvü
Y.E.Bertelsin elmi əsərlərinin biblioqrafiyası"nı
(s.115-124) dərc etdirmişdir. Rus şərqşünası
S.D.Miliband 2008-ci ildə Moskvanın "Vostoçnaya literatura"
nəşriyyatında çapdan çıxan 970 səhifəlik
- "Rusiyanın şərqşünasları. Biblioqrafik
lüğət" - ikicildlik kitabının birinci cildinin
147-ci səhifəsində həmin iş haqqında
yazmışdır: "Bu biblioqrafiyada alimin 1918-1957-ci illərdə
qələmə aldığı 295 kitab, məqalə, tərcümə,
rəy və redaktə işlərinin xronoloji siyahısı
verilmişdir". Azərbaycanlı alim həmişə məsuliyyətlə
və böyük minnətdarlıq hissilə müəlliminin
zəngin elmi irsinin öyrənilməsi və
populyarlaşdırılması ilə məşğul
olmuşdur. Onun bir neçə dəyərli tədqiqatının
adını çəkmək kifayətdir: "Y.E.Bertels və
Nizami yaradıcılığının öyrənilməsi"
(Moskva, "Vostoçnaya literatura", 1962. 19 s.);
"Y.E.Bertels - türkmən ədəbiyyatının tədqiqatçısıdır"
(Aşgabat, ("Edebiyat we sungat", 09.05.1965); "Şərq
xalqları ədəbiyyatlarının öyrənilməsində
Y.E.Bertelsin xidmətləri" (Moskva, SSRİ EA-nın Şərqşünaslıq
İnstitutu, 4-6 fevral 1975. s.3-12. 43 s.) və s.
Qəzənfər
Əliyev Y.E.Bertelsin 1960-cı ildə Moskvada altı cilddə
nəşr olunmuş "Seçilmiş əsərləri"nin
əsas tərtibçisi, redaktoru və elmi məsləhətçisi
olmuşdur. Y.E.Bertelsin "Nizami və Füzuli" (Moskva,
"Vostoçnaya literatura", 1962. 554 s.) fundamental
monoqrafiyasının tərtibi, şərhləri və elmi
redaktəsi akademik Həmid Araslı ilə birlikdə Qəzənfər
Əliyevə məxsusdur. Y.E.Bertelsin 1988-ci ildə Moskvada
çapdan çıxmış "İran ədəbiyyatı
və mədəniyyəti tarixi" (Moskva,
"Vostoçnaya literatura", 1988. 544 s.) fundamental
seçilmiş əsərinə yazılmış Ön
sözün müəllifi və elmi redaktoru da Qəzənfər
Əliyev olmuşdur, təəssüf ki, bu dəfə mərhum
müəllimin mərhum tələbəsi kimi... Y.E.Bertelsin
daha bir irihəcmli, əhəmiyyətli, fundamental əsəri
olan "Türkologiya" alimin sadiq tələbəsi
Q.Y.Əliyev tərəfindən son dərəcə diqqətlə
redaktə edilmiş, kitaba ətraflı və geniş Ön
söz yazılmış, nəşrə tam hazır vəziyyətdə,
təəssüflər ki, indiyədək öz naşirini
gözləyir.
Nizami Gəncəvinin
1983-cü idə Bakıda "Elm" nəşriyyatı tərəfindən
buraxılmış "İsgəndərnamə"
("Şərəfnamə" - tərcüməsi
Y.E.Bertelsin, "İqbalnamə" - tərcüməsi
A.K.Arendsindir, 590 s.) poemasının rus dilində filoloji tərcüməsinin
təkrar nəşrinin elmi redaktoru da Qəzənfər
Əliyev olub. O, Ön sözündə 1939-1940-cı illərdə
tanınmış şərqşünas alimlər tərəfindən
həyata keçirilmiş tərcümə mətnlərinə
ətraflı və dolğun açıqlamalarla yüksək
qiymət verib. Doğru olaraq qeyd edib ki, bu tərcümələr
təkcə filoloji adekvatlığa cəhdlə deyil, həm
də tərcüməçilərin daima orijinalın dəqiq
mətninə sadiq qalmaq arzusu ilə
fərqlənir. Bununla belə, alim, birmənalı olaraq, dahi
Azərbaycan şairinin sonuncu şah əsəri olan "İsgəndərnamə"nin
gələcəkdə rus dilinə yeni, daha mükəmməl
tərcümə edilməsinin vacibliyini də əsaslı
elmi dəlillərlə göstərmişdir.
Hələ
sağlığında Qəzənfər Əliyev
bütün Sovet İttifaqında Yevgeni Eduardoviç Bertelsin
zəngin elmi irsinin aparıcı tədqiqatçısı və
təbliğatçısı hesab olunurdu. O, Moskva, Bakı,
Aşqabad, Düşənbə və Daşkənddəki
nüfuzlu həmkarlarını da, gənc tədqiqatçıları
da böyük alimin şərqşünaslıq və
türkologiya sahəsində elmə verdiyi töhfələri
öyrənməyə ilhamlandırırdı. Bu barədə
tanınmış yazıçı, professor Çingiz
Hüseynov 2009-cu ildə Moskvanın "Flinta" nəşriyyatında
çap olunmuş 712 səhifəlik "Keçmişi
xatırlarkən" adlı xatirələr kitabının
306-cı səhifəsində yazır: "Qəzənfər,
bizim şöbə müdirimiz Y.E.Bertelsin tələbəsi,
böyük nizamişünas oldu; onun redaktorluğu ilə
Bertelsin seçilmiş əsərləri nəşr olundu;
bundan başqa, o, müəlliminin xatirəsinə sədaqətlə
öz tələbəsi Abuzər Bağırovu da Bertels
haqqında dissertasiya yazmağa yönləndirdi - bu da belə
bir estafetdir."
Bəndəniz
də məhz professor Qəzənfər Əliyevin təklifi
və təkidilə 1980-ci illərdən Y.E.Bertelsin
yaradıcılığı ilə ciddi məşğul
olmağa başlamış, yeddi elmi məqalə,
"Y.E.Bertels və Azərbaycan ədəbiyyatı"
(Baki, "Elm", 2007. 132 s.),
"Y.E.Bertels və Şərq ədəbiyyatı"
(əlyazma, 450 s.) adlı monoqrafiyalar yazmış,
"Y.E.Bertels Azərbaycan ədəbiyyatının tədqiqatçısı
kimi" namizədlik dissertasiyası müdafiə etmişdir.
"Moskvalı azərbaycanlılar" (Bakı,
"Yazıçı", 1989, 196 s.) portret-oçerklər
kitabımın 7-22-ci səhifələrində
"Baharda gəldi, baharda getdi..."
adlı kədərli, səmimi, elmi-populyar məqalədə
Qəzənfər Əliyevin ömür və
yaradıcılıq yolu yığcam təsvir edilmiş, həmçinin
onun öz müəllimi Yevgeni Bertelsin elmi irsinin öyrənilməsi
sahəsindəki geniş fəaliyyəti də qısa şəkildə
səciyyələndirilmişdir.
Qəzənfər
Əliyev Moskvada yaşadığı 32 ildə ancaq SSRİ
EA-nın Şərqşünaslıq İnstitutunda işləyib,
1956-1964-ci illərdə kiçik elmi işçi,
1965-1984-cü illərdə baş elmi işçi vəzifələrində
çalışıb. Müəyyən vaxtlarda İnstitutun
bölmə və şöbələrində ilk partiya təşkilatının
ideoloji işlər üzrə katibi seçilmişdir.
Əfqanıstan, İran, İraq, Suriya və Hindistanda
(1959-1965) sovet idarələrində fars, ərəb dillərindən
tərcüməçi işləmiş, ADR və
Çexoslovakiyada uzunmüddətli elmi ezamiyyətlərdə
olmuşdur. Asudə vaxtlarında bu ölkələrin
kitabxana, arxiv və elmi mərkəzlərində məşğul
olur, gələcək elmi işləri üçün
faktoloji materiallar toplayırdı. O, 1968-ci ildə Moskvada
"Hindistanın farsdilli ədəbiyyatı. Yığcam
oçerk" adlı 248 səhifəlik monoqrafiyasını
çap etdirmiş, sonra həmin tədqiqatın əsasında
hazırladığı və 1973-cü ildə SSRİ
EA-nın Şərqşünaslıq İnstitutunun
dissertasiya şurasında müdafiə etdiyi
"Hindistanın farsdilli ədəbiyyatının
yaranması və inkişafı problemləri (XI-XIV əsrlər)"
doktorluq dissertasiyası çoxillik elmi axtarışların,
səbirli zəhmət tələb edən mətnşünaslıq
işinin layiqli nəticəsi idi. SSRİ-də bu sahə
çox az tədqiq olunduğundan Qəzənfər
Əliyevin elmi işi hindşünaslıqda tamam yeni söz
idi.
Qardaş
türkmən xalqının ədəbiyyatşünaslığının
inkişafındakı dəyərli xidmətləri Qəzənfər
Əliyevə hələ sağlığında Türkmənistan
alimləri arasında böyük şöhrət və
ehtiram qazandırmışdı. Alim 1960-cı illərdə
Hindistan arxivlərində işləyərkən, Moğollar
dövrünün görkəmli dövlət xadimi və sərkərdəsi
Bayram xan Baharlının bədii irsini üzə
çıxarıb tədqiq etmişdir. Qəzənfər
Əliyev ilk dəfə orta əsrin sərkərdə
şairi haqqında çox qiymətli materialı Aşqabadda
dərc etdirdiyi "Şair - sərkərdə Bayram xan"
("Edebiyat we sungat", 20.05.1964) məqaləsində elmi ictimaiyyətin diqqətinə təqdim
etmişdir. Sonrakı illərdə alim inadlı
axtarışlarını davam etdirərək, "Bayram xan -
türkmən şairidir" (Aşxabad, "Sovetskiy
Turkmenistan", 1969. 95 s.) adlı rus dilində
yazılmış lakonik monoqrafiyası üçün Bayram
xanın həyat və yaradıcılığı
haqqında arxiv materialları ilə təsdiq olunmuş, kifayət
qədər etibarlı faktlar toplamışdı. Azərbaycanlı
alim, həmçinin 4 cildlik "Türkmən ədəbiyyatı
tarixi"nin (Aşqabad, 1975-1979, "Sovetskiy
Türkmenistan") müəlliflərindən biridir. Bu
akademik nəşrdə məhz qədim və orta əsrlər
Türkmən ədəbiyyatı dövrləri Qəzənfər
Əliyevin qələminə məxsusdur. Türkmənistan
hökuməti professor Qəzənfər Əliyevin Türkmən
ədəbiyyatının inkişafındakı əvəzsiz
töhfələrini yüksək qiymətləndirərək,
1979-cu ildə onu Türkmənistan SSR-in elm sahəsində Dövlət
Mükafatı Laureatı fəxri adı ilə təltif
etmişdir.
SSRİ məkanında
ən nüfuzlu şərqşünaslardan biri kimi, uzun
müddət (1975-1984) SSRİ Nazirlər Soveti yanında Ali
Attestasiya Komissiyası kollegiyasının üzvü olan Qəzənfər
Əliyev bu elm sahəsinin inkişafında sanballı xidmətlərini
bir ekspert kimi də parlaq surətdə nümayiş
etdirmiş, elmin inkişafı yolunda zəhmətini əsirgəməmişdir.
Həmçinin bir çox azərbaycanlı alimin
dissertasiyasının AAK-da əngəlsiz təsdiqinə təmənnasız
yardım göstərmişdir. Dönə-dönə ustadın
belə xeyirxahlığının canlı şahidi
olmuşam.
Qəzənfər
müəllim istər Azərbaycanda, istər Rusiyada
respublikamız üçün milli elmi kadrların hazırlanmasına xüsusi səylə
yanaşırdı. Uzun illər ADU-nun Şərqşünaslıq
fakültəsində nizamişünaslığın və
şərqşünaslığın vacib problemlərinə
həsr olunmuş xüsusi kurslar təşkil edir, mühazirələr
oxuyur, seminarlar aparırdı. Bu minvalla istedadlı tələbələrlə
yaxından tanış olur, onların inkişafına əlindən
gələn köməkliyi göstərirdi. Məşhur
akademiklər Rafael Hüseynov və Teymur Kərimli, həmçinin
bu sətirlərin müəllifi məhz Qəzənfər
Əliyevin yetirmələridir.
Tanınmış
nizamişünas, geniş diapozonlu şərqşünas,
nüfuzlu hindoloq, mahir elm təşkilatçısı Qəzənfər
Yusif oğlu Əliyev 23 aprel 1984-cü ildə, Bakı şəhərində,
ömrünün və yaradıcılığının
çiçəkləndiyi bir vaxtda qəfil baş verən
daxili mədə qanaxmasından ölümə tuş gəldi.
Görkəmli alimin nəşi doğma Gəncə şəhərinin
Şəmkirə yönümlü qəbiristanlığında
torpağa tapşırıldı.
Yaradıcılığı.
Professor Qəzənfər Əliyev zəngin
yaradıcılıq irsi qoyub getmişdir. O, beş fundamental
monoqrafiyanın müəllifidir: "Xosrov və Şirin əfsanəsi
Şərq xalqları ədəbiyyatında",
"Hindistanın farsdilli ədəbiyyatı. Yığcam
oçerk", "Bayram xan -
türkmən şairidir", "Əmir Xosrov Dəhləvinin
"Şirin və Xosrov" poeması" (Moskva,
"Vostoçnaya literatura", 1979, 375 s.), "Nizami
mövzu və süjetləri Şərq xalqları ədəbiyyatlarında"
(Moskva, "Vostoçnaya literatura", 1985, 332 s.). Şərqşünaslığın
və hindşünaslığın müxtəlif problemlərinə
dair 160-dan artıq sanballı elmi məqalə də zəhmətkeş
alimin yaradıcılıq məhsuludur. Q.Y.Əliyev şərqşünaslığa
dair ondan artıq ciddi və sanballı əsərin elmi
redaktoru olmuşdur. SSRİ EA-nın akademiki Aqafangel
Yefimoviç Krımskinin (1871-1942) "Nizami və müasirləri"
("Elm", 1981, 488 s.) adlı qiymətli fundamental
monoqrafiyası ilk dəfə onun fəal təşəbbüsü
və bilavasitə iştirakı ilə rus dilində
Bakıda işıq üzü görmüşdür. Bu
kitabda yer alan "Akademik A.Y.Krımski və onun "Nizami və
müasirləri" əsəri" adlı geniş Ön
sözün, həmçinin irihəcmli biblioqrafiyanın,
adlar göstəricisinin müəllifi Qəzənfər
Əliyevdir, nəşrin elmi redaktorluğu isə tanınmış tarixçi, ərəbşünas,
akademik Ziya Musa oğlu Bünyadovla (1921-1997) birgə yerinə
yetirilmişdir.
Nizami Gəncəvinin
ikinci poeması "Xosrov və Şirin"in alimin
ölümündən sonra, 1985-ci ildə, Bakıda,
"Elm" nəşriyyatında geniş elmi şərhlərlə
işıq üzü görən fars dilindən rus dilinə
filoloji tərcüməsi də yaxın dostu və həmkarı
Məhəmmədnuri Osmanoviç Osmanovla (1924-2015) birlikdə
Qəzənfər Əliyevə məxsusdur. Bu nəşrdə
Ön sözün müəllifi, professor Qəzənfər
Əliyev "Xosrov və Şirin" poemasını təkcə
Azərbaycan deyil, bütün Yaxın Şərq ədəbiyyatında
yeni hadisə hesab edir. Alimin elmi qənaəti
özünün dəqiqliyi və poemanın əsas mahiyyətinin
dərindən dərk edilməsi baxımından heyranlıq
doğurur: "Xosrov və Şirin" poemasında Şərq
xalqları ədəbiyyatlarında ilk dəfə olaraq
insanın daxili dünyası hərtərəfli
açılmışdır. Dahi mütəfəkkir və
Şərqdə Renessans dövrünün ən parlaq
nümayəndələrindən biri Nizami özünün
insan konsepsiyasını dərinləşdirmişdir. O,
ardıcıl olaraq orta əsr despotizmindən qoruduğu
insanı yorulmadan özünü dərk etməyə
çağırır. Nizaminin "Xosrov və Şirin"
poeması Hindistandan tutmuş, Aralıq dənizi sahillərinədək
Şərq xalqları ədəbiyyatlarının
inkişafına güclü təsir göstərmişdir. Və
bu faydalı təsiri biz, hər şeydən əvvəl, həmin
ədəbiyyatlarda romantik istiqamətin yaranmasında və
genişlənməsində hiss edirik" (s.18).
Alim Şərqin
Əmir Xosrov Dəhləvi (1253-1325) və Əbül Feyz
Feyzi (1547-1596) kimi məşhur farsdilli klassiklərinin öyrənilməsinə
də xeyli diqqət ayırmışdır. Moskvada Ə.X.Dəhləvinin
"Şirin və Xosrov" (Moskva, "Vostoçnaya
literatura", 1961. 338 s.) poemasının gənc alim Qəzənfər
Əliyev tərəfindən hazırlanmış elmi-tənqidi
mətni onun geniş Ön sözü ilə nəşr
olunmuşdur. Sonralar alim Dəhləvinin
yaradıcılığına dəfələrlə
qayıtmışdır: "Əmir Xosrov Dəhləvi.
Seçilmiş qəzəlləri" (tərtib, fars dilindən
sətri tərcümə və qeydlər Q.Y.Əliyevindir.
Moskva, "Vostoçnaya literatura", 1975. 272 s.),
"Əmir Xosrov Dəhləvi. Həşt behişt" -
"Səkkiz cənnət bağı" (fars dilindən sətri
tərcümə, qeydlər və sözardı
Q.Y.Əliyevindir. Moskva, "Xudojestvennaya literatura", 1979. 252
s.), "Əmir Xosrov Dəhləvi. Xəmsə. 2-ci poema:
"Şirin və Xosrov" (mətnin tərtibi və Ön
söz Q.Y.Əliyevindir. Moskva, "Vostoçnaya literatura",
1979. 361 s.).
Hindistanın
farsdilli ədəbiyyatının incisi "Nal və
Daman" ("Xudojestvennaya literatura", 1982. 199 s.) poeması
- bu ədəbiyyatın böyük nümayəndəsi
Ə.F.Feyzinin ülvi məhəbbət və sevgililər
haqqında təsirli balladası professor Qəzənfər
Əliyevin fars dilindən ruscaya etdiyi sətri tərcümə
sayəsində rus dilində Moskvada German Plisetskinin (1931-1992) bədii
tərcüməsində eyniadlı kitabda yeni həyat
tapmışdır. Alim bu kitaba qısa qeydlər də
yazmış və geniş Ön sözündə poema
müəllifinin yaradıcılıq yolunu, onun Hindistanın
orta əsrlər farsdilli ədəbiyyatının
inkişafındakı aparıcı rolunu peşəkar səviyyədə
təhlil etmiş və əsərin dünya ədəbiyyatı
kontekstində məhəbbət poemaları arasındakı
yerini dəqiq müəyyənləşdirmişdir: "Nal
və Daman" poemasının müəllifi
özünün ölməz faciəsini "Dünyada Romeo və
Cülyetta hekayəti qədər qəmli hekayət
yoxdur" sözlərilə bitirən böyük
Şekspirin (1564-1616) müasiri olmuşdur. Dahi ingilis
şairinin bu mənzum sətirləri başqa bir sevgili
cütlüyün kədərli hekayətini - Şərqdən
olan racə Nal və onun sevgilisi Daman haqqındakı əhvalatın
sonluğunu qələmə ala bilərdi..." (s.5.)
İranın
Həmədan şəhərindən olan görkəmli sufi
şair Baba Tahirin (983-1059) "Yerə də, göyə də..."
(Moskva, "Vostoçnaya literatura", 1971. 96 s.) rübailər
kitabı ilk dəfə 1971-ci ildə Moskvada Dmitri
Sedıxın (1910-1981) bədii tərcüməsində
işıq üzü görmüşdür. Bu kitabda da Qəzənfər
Əliyevin iştirakı olmuşdur: o, kitabın tərtibçisi,
mətnin fars dilindən sətri tərcüməçisi,
şairin həyat və yaradıcılıq yolu haqqındakı
Ön sözün, həmçinin qeydlərin müəllifi
idi. Kitabın təkrar nəşri heç bir dəyişiklik
edilmədən 1977-ci ildə "Xudojestvennaya literatura" nəşriyyatında
kütləvi tirajla həyata keçirilmişdir.
Farsdilli
hind şairəsi Zebunniso Məxfi (1638-1702) əsasən qəzəllər
yazmışdır. Bu qəzəllərdə şairənin
şəxsi həyatlnda yaşadığı faciələr,
onu əhatə edən mühitin əzici ab-havası, dini
xurafatın və feodal istibdadının qanunları
qarşısında qadın hüquqsuzluğunun
ağırlığı bədii ifadəsini
tapmışdır. Onun tənhalığa məhkum edilmiş
qadınların əzabları və göz yaşları ilə
dolub-daşan şeirlərində çox vaxt ümid
qığılcımları da işarır, şəxsiyyət
azadlığı haqqında düşüncələr də
hiss olunur. Zebunnisonun bütün bu fikir və ümidləri
rusdilli oxuculara yalnız 1977-ci ildə Moskvada "Alov və
göz yaşları" (Moskva, "Xudojestvennaya
literatura", 1977. 158 s.) poetik toplusu işıq üzü
gördükdən sonra məlum olmuşdur. Yenə də fars
dilindən sətri tərcümə, tərtib və məzmunlu
giriş məqaləsi professor Qəzənfər Əliyevə
məxsus idi, bədii tərcümə isə tanınmış
şairə-tərcüməçi Tatyana Streşnyeva
(1913-1991) tərəfindən gerçəkləşdirilmişdi.
Mirzə
Əsədulla xan Qalib (1797-1869) Hindistanın XIX əsr
farsdilli ədəbiyyatının parlaq nümayəndəsidir.
O, Quran və sufizmin nüfuzlu bilicisi olmuşdur, bununla belə,
Mirzə Qalibin şeirləri klassik ənənələr və
müasir humanist poeziyanın uğurlu simbiozu, həmçinin
hind və fars ümumbəşəri bədii
ideallarının üzvi vəhdətinin ifadəsidir.
Şairin hindistanlı ədəbiyyatşünas və
publisist Zoy Ənsərinin (1924-2008) tərtibində nəşr
olunan irihəcmli "Seçilmiş əsərləri"nə
(Moskva, "Nauka", 1980. 790 s.) məsnəvi, qitə, qəzəl
və rübailər daxil idi. Bu bədii nümunələri
fars dilindən ruscaya Q.Y.Əliyev və N.İ.Priqarina (1934),
urdu dilindən isə N.V.Qlebov (1934-2018) tərcümə
etmişdilər.
1956-1977-ci
illərdə Şərqşünaslıq İnstitutunun
direktoru vəzifəsində işləmiş SSRİ
EA-nın akademiki B.Q.Qafurovun (1908-1977) ümumi redaktəsi ilə
çap olunmuş "Mirzə Qalib - Şərqin
böyük şairidir" (Moskva, "Nauka", 1972. 288 s.)
adlı kollektiv elmi topluda Qəzənfər Əliyevin
üç məqaləsi dərc edilmişdir: "Mirzə
Əsədulla xan Qalib və Hindistanın farsdilli ədəbiyyat
ənənələri" (s.48-62); "Qalibin SSRİ-də
öyrənilməsi" (s.262-270); "Qalibin
sağlığında nəşr olunmuş fars dilindəki əsərləri"
(s.271-276).
Gözəllik
nümunəsi sayılan Yusif və onun qardaşları
haqqındakı rəvayətlər, Yusif və Züleyxa əfsanəsi
bütün sivil dünyaya məlumdur. Bu rəvayətlər
artıq uzun əsrlərdir ki, yaşayır və həm Şərq, həm də
Avropa ədəbiyyatında geniş yayılmış
dünya süjetləri silsiləsinə daxildir. Əfsanənin
geniş populyarlığı yalnız onun əvvəlcə
Əhdi-Əqiqdə, daha sonra isə Yusif əhvalatının
"rəvayətlərin ən gözəli"
adlandırılan Quranda yer alması ilə bağlı
deyildir. Əfsanənin bir çox xalqların folklorunda və
yazılı ədəbiyyatında geniş yayılması
onun dramatik və təsirli fabulasında humanist ideyaların
ümumbəşəri əsaslarının, xeyirin hər
cür bədxahlığa qalib gələ biləcək
gücünə, şərin labüd olaraq məğlub
olacağı və cəzalandırılacağına, həmçinin
yüksək əxlaqın sosial anlamına dair nəcib
ideyanın əks olunması ilə əsaslandırılır.
Xeyir şərə qalib gəlməsə, dünya məhvərindən
çıxar, hər şey alt-üst olar, kainat xaotik bir hala
gələ bilər. Xeyirin şər üzərində qələbəsi
dünya binnət olandan, bəşər övladı
şüurlu həyat tərzinə qədəm qoyandan bəri
mövcuddur. Məhz bu səbəblərə görə
müxtəlif dövrlərdə həmin rəvayətə
müraciət olunmuş və dünyanın bir çox
xalqlarının şairləri bu gün də Yusif və
Züleyxa mövzusuna müraciət edirlər. Orta əsrlər
özbək şairi Durbekin (1395-1457) "Yusif və
Züleyxa" (Tərcümə Sergey Severtsevin, Ön söz
Rəmz Babacanındır. Daşkənd, Qafur Qulam adına
"Ədəbiyyat və İncəsənət" nəşriyyatı,
1980. 272 s.) kitabında professor Qəzənfər Əliyev
"Durbek və onun "Yusif və Züleyxa"
poeması" adlı son sözdə bu süjetin Şərqdə
yayılma arealını dəqiq müəyyənləşdirmişdir:
"Yusif və Züleyxa əfsanəsi ədəbi-bədii
süjet kimi Şərqdə xüsusi məşhurluq
qazanmışdır. Təkcə onu demək kifayətdir ki,
Şərq xalqları ədəbiyyatlarında bu mövzuda
yüz əllidən çox məşhur əsər
vardır; bu süjetin bədii interpretasiyaları Orta Asiya və
Zaqafqaziya, Volqaboyu və Qazaxıstan, İran və
Əfqanıstan, Hindistan və Pakistan, Türkiyə və
Ərəb Şərqi xalqlarının ədəbiyyatlarında
rast gəlinir" (s.264).
Moskvada,
1970-ci ildə "Sovet ensiklopediyası" nəşriyyatında
çap olunan ikicildlik böyük "Farsca-rusca lüğət"in
(Moskva, 1970. I-II cild. 783 s.) müəlliflərindən biri Qəzənfər
Əliyevdir (təkrar nəşr 1983-cü il). Alimin bu
leksikoqrafik işi də Şərq frazeoloji leksemlərinin ətraflı
izahına görə elmi dairələrdə yüksək
qiymətləndirilmişdir.
Yuxarıda
gətirdiyimiz nümunələrdən bir daha aydın
görünür ki, ensiklopedist alim bu nəşrlərdə
olduqca müxtəlif amplualarda çıxış
etmişdir: tərtibçi, sətri və bədii tərcüməçi,
ön söz, qeyd, izah, lüğət və şərhlərin
müəllifi, elmi-tənqidi mətnlərlə işləyən
son dərəcə dəqiq mətnşünas, həmçinin
elmi və məsul redaktor, ideya müəllifi, təşkilatçı
və s.
Professor Qəzənfər
Əliyev, professor Rüstəm Əliyev (1929-1994) və
AMEA-nın müxbir üzvü Azadə Rüstəmova
(1932-2006) ilə birlikdə keçən əsrin 50-ci illərindən
başlayaraq nizamişünaslığı müasir dövrdə
yüksək inkişaf səviyyəsinə
qaldırmış üç məşhur Azərbaycan şərqşünasından
biridir. Adlarını çəkdiyimiz alimlər də
böyük şərqşünas və türkoloq, Azərbaycan
xalqının yaxın dostu, bütövlükdə Şərq
xalqları mədəniyyətinin mahir bilicisi, SSRİ
EA-nın müxbir üzvü Yevgeni Eduardoviç Bertelsin
bilavasitə sevimli tələbələri olmuşlar.
Artıq yuxarıda ətraflı bəhs etdiyimiz kimi, gənc
şərqşünas Qəzənfər Əliyevin ilk ciddi
elmi tədqiqatı məhz Nizami Gəncəvinin məhəbbət
haqqındakı "Xosrov və Şirin" poemasının
ümumşərq kontekstində öyrənilməsinə həsr
olunmuşdur. Qəzənfər Əliyev illərlə
özünün elmi axtarışlarının əhatə
dairəsini genişləndirməsinə, farsdilli hind ədəbiyyatının
zəngin irsini, Orta Asiya xalqlarının klassik ədəbiyyatını
araşdırmasına, həmçinin Şərq
xalqlarının farsdilli ədəbiyyatının
çoxsaylı bədii abidələri üzərindəki
elmi-mətnşünaslıq işi ilə məşğul
olmasına baxmayaraq, ona doğma olan nizamişünaslıq
bütün otuz illik yaradıcılıq fəaliyyəti
boyunca onun elmi maraqlarının mərkəzi mövzusu olaraq
qalmışdır.
Filologiya
elmləri doktoru, C.Nehru adına Beynəlxalq Mükafat
laureatı, tanınmış hindşünas İ.D.Serebryakov
(1917-1998) Qəzənfər Əliyevin "Nizami mövzu və
süjetləri Şərq xalqları ədəbiyyatlarında"
monoqrafiyasının sonunda "Dostumun xatirəsinə" sərlövhəli
vida sözündə alimin Nizami
yaradıcılığının tədqiqinə
bağlılığını dəqiq qeyd etmişdir:
"Böyük Nizami, xüsusilə, şairin orta əsrlər
Şərqində bu qədər aktual olan ənənələri
həmişə Q.Y.Əliyevin bir tədqiqatçı kimi
marağını xüsusi cəlb etmişdir" (s.301).
Sonuncu və
ən böyük əsəri olan "Nizami mövzu və
süjetləri Şərq xalqları ədəbiyyatlarında"
fundamental monoqrafiyası alimin nizamişünaslıq sahəsindəki
bütün yaradıcılıq fəaliyyətinin yekunu oldu.
Əsər bu gün də Nizami ədəbi məktəbi
problemilə məşğul olan tədqiqatçıların
stolüstü kitabıdır. Müəllif özü
monoqrafiyaya nizamişünaslığın bəzi problemlərinin
sonrakı fundamental tədqiqləri üçün bir meydan
kimi baxır və proqram xarakterli geniş giriş
sözündə yazırdı: "Böyük Azərbaycan
şairi Nizami Gəncəvinin öz poetik məktəbinin hərtərəfli
səciyyəsi isə ayrıca tədqiqatın predmetidir və
gələcəyin işidir. Burada, girişdə isə Şərqdə
həm ayrı-ayrı ədəbiyyatlar arasında, həm də
ayrıca götürülmüş bir ədəbiyyat
daxilində uzunmüddətli qarşılıqlı ədəbi
əlaqələrin yaranmasında və inkişafında
Nizami yaradıcılığının rolunu müəyyənləşdirməyə
cəhd edilir. Həmin ədəbi əlaqələr də,
öz növbəsində, müsəlman şərqindəki
tarixi-ədəbi əlaqələrin özündə müəyyən
rol oynamışdır" (s.3).
Belə
bir irimiqyaslı mənbəşünaslıq işinin ərsəyə
gəlməsi üçün müəllif uzun illər ərzində titanik zəhmət
sərf edib. Mərhum alimin yaxın dostu və həmkarı,
filologiya elmləri doktoru, professor Tahir Məhərrəmov
(1917-2013) Qəzənfər Əliyevin sonuncu kitabı
haqqında "Ədəbiyyat və incəsənət"
(03.07.1987) qəzetində dərc etdirdiyi məqaləsində
onun elmi fəaliyyətini dəqiq və yüksək qiymətləndirərək
qeyd etmişdir: "Qəzənfər Əliyevin müxtəlif
dillərdə nə qədər elmi məqaləsi,
monoqrafiyaları, Nizamiyə həsr edilmiş qiymətli əsərləri
vardır. Lakin o, ölümündən sonra çapdan
çıxan tək bir "Nizami mövzu və süjetləri
Şərq xalqları ədəbiyyatlarında" adlı dəyərli
əsərin müəllifi olsaydı belə, adını əbədiləşdirməyə
haqqı vardı. Ona görə ki, özü də Gəncədə
dünyaya gəlmiş bu alim dahi həmyerlisi Nizami haqqında
həmin əsəri yazmaq üçün yüzlərlə
ilk mənbəni, əlyazmanı, təzkirəni, tədqiqat əsərini,
arxiv və kitabxana materiallarını diqqətlə
araşdırmış və ilk dəfə müəyyənləşdirmişdir
ki, Tibetdən Kiçik Asiyaya qədər geniş ərazidə
yaşayan müxtəlif xalq və millətlərin içərisindən
çıxmış 409 ədib, şair, dramaturq Nizami irsinə
müraciət etmiş, onun poemalarının mövzu və
süjetlərindən bəhrələnərək əsərlər
yazmışlar".
Monoqrafiyada
700 ildən artıq bir dövrün materialları tədqiqata
cəlb edilmişdir. Müəllif bu zəngin xəzinəni
səbirlə araşdırmalı, öyrənməli və
sistemləşdirməli olmuşdur. Monoqrafiyanın biblioqrafik
arayışından aydın olur ki, Nizami Gəncəvinin ilk
poeması olan "Məxzənül-əsrar"ın
("Sirlər xəzinəsi") mövzu və süjetindən
99; "Xosrov və Şirin"dən 98; "Leyli və Məcnun"dan
123; "Həft peykər"dən ("Yeddi gözəl")
55; "İsgəndərnamə"dən 34 müəllif
istifadə etmişdir.
Professor Qəzənfər
Əliyev klassik Şərq şeir sənətinin nəzəri
problemləri sahəsində Sovet İttifaqının ən
nüfuzlu şərqşünaslarından biri olmuşdur.
Alim bu monoqrafiyasında poetik nəzirənin klassik poeziyada
geniş yayılmış müraciət, cavab, məktub,
qiyabi dialoq, sual-cavab və s. kimi müxtəlif
formalarının fərqli və ümumi cəhətlərini
faktoloji materiallarla şərh
etmişdir. Həmçinin o, "Nizami ədəbi məktəbi"
anlayışının bədii-mədəni köklərini
əsaslandıraraq, Şərq xalqları poeziyasında bir
şox Şərq ədəbiyyatlarının
yaradıcılıq istiqamətini müəyyənləşdirən
ümumi humanizm ideyaları və ümumbəşəri ədalət
idealları ilə birləşən bütöv bədii
yaradıcılıq prosesinin mövcudluğuna dair yeni ideya irəli
sürmüşdür. Alimin fikrincə, Nizaminin poetik kodunun
başlıca tezisi ondan ibarətdir ki, dünyanın
bütün insanları ruhən, yaradılış
baxımından güclüdür, bizim hamımızın
başımızın üzərində vahid səma, vahid
Günəş durur, vahid Yer kürəsi və vahid dünyamız
var, yalnız bütün xalqların birliyi şəraitində
bizim mənəvi yolumuz işığa, gələcəyə
doğrudur. Qəzənfər Əliyev böyük Nizami
yaradıcılığını məhz belə bir
ümumdünya kontekstində araşdırır və
doğru olaraq müəyyənləşdirir ki, dahi söz
ustasının bədii irsi parlaq və qüdrətli ədəbi
hadisə kimi əsrlərdir ki, bütün Yaxın və
Orta Şərqin bədii yaradıcılıq prosesinə zəifləmək
bilməyən təsir göstərir.
Qəzənfər
Əliyev elmi əsərlərini üç dildə sərbəst
yazırdı: Azərbaycan, rus və fars dillərində. Onun
elmi əsərləri hələ sağlığında
müxtəlif dillərə tərcümə olunaraq İran, Hindistan, Almaniya, Fransa,
İngiltərə, Ukrayna, Belarusiya, Gürcüstan, Ermənistan,
Moldova, Türkmənistan, Özbəkistan, Qazaxıstan və
Tacikistanda elmi nəşrlərdə, kütləvi mətbuat
orqanlarında işıq üzü görmüş, müəllifinə
şöhrət qazandırmış, həmkarlarının
diqqətini cəlb etmişdir.
Professor Qəzənfər
Əliyevin ən böyük uğurları
nizamişünaslıq sahəsinə aiddir və bu
baxımdan onun öz elmi məktəbinin
formalaşdığını tam qətiyyətlə demək
mümkündür. Böyük alimin elmi irsinin öyrənilməsi,
doğma dilimizə tərcüməsi müstəqillik
dövründə humanitar elmimiz qarşısında duran
aktual vəzifələrdəndir.
Abuzər
BAĞIROV
Ədəbiyyat
qəzeti.- 2025.- 31 oktyabr, ¹40.- S.18-20.