Azpandemi trendindən
reportajlar
Dünyanın dərin,
qlobal ziddiyyətlərindən,
insanların pandemiya şəraitindəki fədakarlığından
bəhs edən bu əsəri şəhidlərimizin mübarək
ruhuna bağışlayıram.
Müəllif
Eskiz
Faruq Biləcəridə, batı
üzdən evinin pəncərəsi önündə
dayanıb görünən
evlərə, ağaclara,
aydınlaşmaqda olan
səmaya, ilk bahar günəşinin gen-bol şəfəqlərinə baxdıqca,
əhvalı yaxşılaşdıran
qaratoyuq, qumru səslərinə dinşək
kəsilib dualar edirdi:
- Şükür sənə,
ya Rəbb, - deyirdi, bütün bu gözəllikləri sən bəxş etmisən bizə...
Amma
4-cü mərtəbədən boylanıb həyətə
baxanda halı dəyişilirdi. Zibil dolu sellofan torbalarını
hara gəldi atıb getmişdilər. Ac-yalavac,
sahibsiz itlər o torbaları didib-didişdirir,
dağıdırdı. Yaxına
gedəndə isə üfunətdən beyin çatlayırdı.
Birinci mərtəbədə yaşayan
malokan balası Çingiz hər gün evindəki zibilləri yığıb-yığışdırıb
pəncərədən çölə
tolazlayırdı. Guya
xadimə gəlib yığışdıracaq. Amma həftələrlə o həndəvərə
dolanan yox idi.
Çingiz pul qarşılığında
məhlə-küçənin televizor antennalarını
da gətirib Faruqgilin mənzilinin damına düzmüşdü. Faruq bir
dəfə xəbərdarlıq
etmişdi, demişdi,
damda su çənləri var, oğul,
oralar qaranlıqdı,
göz-gözü görmür.
Borulardan biri zədələnsə, mənzillərimizi
su bassa, cavab verə biləcəksənmi? Elə
etmə, yığışıb
polisə müraciət
edək! İncəvara,
o da söz güləşdirmədən
günah sahibi kimi gözünü döyüb baxmalı olmuşdu.
Çingizin sütül arvadı
da elə Çingiz kimi davranırdı. Bir dəfə səhərin alatoranında qaynatdığı
danqa sümüyü
çölə tolazlayanda
vızıldayıb Faruqun
başının üstündən
ötmüşdü. Çingizə
bunu da çatdıranda
günah sahibi kimi, o yenə dayanıb gözünü
döyməli olmuşdu.
Qonşuluqdakı ət dükanında
hər gün kəsilən inəklərin
qanı həyətə
axıdılırdı. Qan
çox zaman laxtalanıb
qalırdı. Oraları
yuyub təmizləyən,
bu işə əhəmiyyət verən
yox idi.
Tək bircə dəfə etiraz etmişdi Faruq. Ona görə də qəssab hər Faruqu görəndə üzünü yana çevirirdi. Yəni,
"məhlədə heç
kəs cınqırını
çıxarmır, sənin
nə borcuna, ortalığa düşmüsən?
Məhəlləyə səni
vəkil tutublar?!"
***
Qarşıda Sadığın birmərtəbəli
eviydi, evin bir sotluq həyətyanı
sahəsi Faruqgilin mənzilindən istər-istəməz
adamın diqqətini çəkirdi. Həyətdə
donuz saxlayırdılar.
Sadıq hardansa lort yemişləri alıb gətirib bunlara yedizdirirdi. Sonra heyvanları həyətə
buraxırdı, ayaqları
açılışsın.
İndi neçə ildi Sadıq yoxdu, rəhmətə gedib. Kiçik qızı qoşulub qaçıb, iki uşağı var. Uşağının biri
qoynunda-qucağında, biri
yanında, biri də qarnında hərdən atası evinə gəlir, bu ailəyə əl tutur, imkanı çatdığı
qədər dayaq durmağa çalışırdı.
Böyük qızı ərə
getsə də, ay yarımdan, bəlkə iki aydan sonra
qayıdıb gəlib
ata yurdunda əyləşmişdi. Bəlkə
on ildi də adını tutan yox idi. Yazıq
ana, tək-tənha bu
ailədə hansı
işin qulpundan tutacağını bilmirdi.
Gah qonşu arvadın
avtobus dayanacağındakı
xırda köşkünə
gedib "alver"ə
qurşanırdı, gah yığdığı
sellofan torbaları sahmana salıb bazara aparırdı alverçilərə "hədiyyə"
etsin. Onlar da bunun qarşılığında
nələrisə "əta"
edirdilər.
Həyət-bacada ailə, ümumiyyətlə
az görünürdü.
Axşamdan-axşama pəncərələrdən
işıq gələndə
bilinərdi evdədilər,
salamatlıqdı.
Sadığın arvadı həyətə
çıxdığı zaman gözü mütləq Faruqgilin pəncərəsinə
sataşırdı və
istər-istəməz halbahal
olurdu. Çünki
Faruq pəncərə önündə
əyləşib uzaqlardakı
mənzərələrə baxa-baxa çay içirdi. Arvad, amma elə bilirdi
o əyləşib bu
həyətin güdüyünü
çəkir. Ona görə
Faruq pəncərə önündə
əyləşməyi birdəfəlik
tərgitdi.
Sağ əldə, bir iş icraçısının
möhtəşəm mənziliydi.
Böyrünə yetim
şüyümündə bir ailə, bir ev - bir
koma qısılıb
qalırdı. Evin üstü o vaxtdan bəri köhnə şifer tullantılarıyla
tutulduğuna, yamaq-yamaq
görünürdü. Sahibi
bu cumbulu həyətə çox vaxt dolanışıq xətrinə xırdabuynuzlu
heyvanları gətirib
buraxırdı, üç-bir,
beş-bir aparıb qəssabxanalara paylayırdı.
İndi o da həmin "səadət"dən
məhrum olmuşdu, qəssablar heyvanı öz rayonlarından özləri gətirirdi, ucuz düşsün.
Sol əldəki köhnə beşmərtəbəli "Xruşşovka"nın
üstü də eyni müsibətdəydi.
Sonuncu mərtəbədə
yaşayanlar yağış
yağanda, göydən
qar tökəndə evlərin damına qalxırdılar. Daman yerləri
köhnə şifer qırıntılarıyla, dəmir
təbəqə qırıq-qırtıqlarıyla
nə qədər tutsalar da, vecə gəlmirdi. O daman yerləri,
bəlkə yuxularında
da unuda bilmirdilər.
Eskiz
Faruq işsiz-gücsüz, "vecsiz"
olduğuna, bu səhər də yuxudan əzgin oyandı. Oyanıb gördü saat səkkizə işləyir,
hava işıqlanıb,
"idman"a gedə
bilməyəcək. Bu vaxt
parkda adamlar çoxalır. Çoxluqda
idman edə bilmir. Elə bilir, hamı ona rişxəndlə baxır. Gündəlik dərmanları atmağa
da həvəsi qalmayıb.
Başında-beynində sıxıntılar
var. Dünəndən bədənində
quruyub qalmış dənizin duzlu suyunu da hamamda axıtmağa hövsələsi
çatmır. Beyni məngənədədi, nə
edəcəyini, nə
yeyəcəyini, hara gedəcəyini
bilmir. Bütün əzası süstləşib,
öz həyatına ikrahla tamaşa etməkdədi.
Qalxıb
axşamdanqalma qaynanmış
sudan bir stəkan içdi. Bu su bədənindəki ağırlığı az
da olsa, yüngülləşdirməliydi.
Pəncərə önündə
dayanıb bir xeyli Şamaxı tərəflərə göz
gəzdirdi. Evlər, evlərin yaşıl, qırmızı, boz şiferləri yas içində dayanırdı.
Parkdakı ağaclar hüznlə havaların açılmasını gözləyirdi.
Qaratoyuqlar, qumrular haralarasa əkilib-çəkilmişdi,
səs-soraqları gəlmirdi.
Bir az aralıda, Daxili Qoşunların hərbi yataqxanasında yan-yana 4 işıq yandırılmışdı. Amma göy üzü qaş-qabaqlıydı, sımsırığını
sallayıb qara kabusa bürünmüşdü.
Solmazın əhvalı elə
də yaxşı deyildi. Üstünə üç dəfə həkim çağırılmışdı.
Gözəl deyir, Faruq müəllim,
Solmazın soyuyan əllərini, ayaqlarını
ovuşdura-ovuşdura özünüzdən
xəbərsiz gözləriniz
dolmuşdu. Var gücünüzlə,
ciddi-cəhdlə onu qorumağa çalışırdınız.
İndi şükür Allaha,
həmin gərgin anlar, qaragün dəqiqələr, saatlar
arxada qalıb.
Sistem qoşulandan sonra çevrilmiş gözlər
gerçəkdən əzəlki
çəmbərinə qayıtdı.
Tavana zillənsə də, nələrin baş verdiyini hələ ayırd edə bilmədi.
Günelə zəng vurdular,
Günel icazə alıb dərsdən gəldi. Gəlib gördü birotaqlı mənzilləri tünlükdü,
"Solmazın işlədiyi
uşaq bağçası"
yaxında olduğundan
iş yoldaşlarının
hamısı, demək
olar, bu qələbəlikdədi. Ürək-dirək
verib təskinləyici
sözlərlə hər
şeyin yaxşı qurtaracağını bildirirlər.
Faruq bu əzablı günün içərisində
fırlanmada, fırlandıqca
da işıqla qaranlığın
arasında çalışıb
çarpışmadaydı.
Soyuducuda
bir düjün yumurta vardı, yağ vardı. Novruz bayramından qalma külçə, şorqoğallar vardı.
Şor vardı. Lumu vardı. Bir də Solmazın tutmaları, mürəbbələri
dərman-davalarıydı... Faruq elə şey tapıb yeməliydi yüngüllük tapsın.
Amma bunların hamısı
ağırlıq gətirən
yeməklər idi.
Ölkənin 30 illik mənzərəsi
bir anlığa gəlib keçdi gözünün önündən.
Müstəqilliyini yenicə
qazanmış bir ölkə hər tərəfdən basqı
altındaydı. Bir yandan
xarici düşmənlər,
o biri yandan "xalq" adını geyinib ortalığa girmiş "hərəkatçılar",
üçüncü bir
tərəfdən erməni
separatçıları... Onlar
Sovetin Sovet vaxtında da torpaq iddialarındaydı. Ermənilər
Moskva-Kremllə (daha dəqiqi, Raisa Maksimovna ilə!) birləşmişdi,
"5-ci kolon"çular hərəkatçılarla! Müstəqil
Azərbaycan yağlı
tikə kimi hər tərəfdən dartışdırılırdı. O hesaba torpaqlarımızı
itirdik, xalqa məxsus nemətlərimizi
itirdik!..
Onlar qıy-qışqırıqla
yenə panik yaradırdılar...
Aradan bir qərinə ötüb, dağıdıcı
qüvvələr hələ
də xalqı çaşdırmaqla məşğuldu.
O adamların təsiri
altında nəfəs
alan sənətçilər
də eyni topdan-toplumdandı, gələcək
gəlir yerlərini fikirləşirlər.
Eskiz
Bir həftədən yuxarıydı
Faruq köhnə mənzilindən
kənara çıxmırdı.
Yeni evinə gedəndə,
gördü Biləcərinin
kasıb təbəqəsi
"koronavirus" deyilən
zəhrimarı qəti
şəkildə saymır.
Özü də heç bir qoruyucu-zad taxmadan, heç nədən ehtiyatlanıb çəkinmədən,
"əliyalın", amma
üsyankar bir tövrlə "faşist"
üzərinə getdikləri
kimi gedir. Telefon danışıqlarında
isə ancaq bu sözlərdi: - Salamatçılıqdımı?.. Heç nəyi
vecinə alma!.. Görüşərik, inşallah,
görüşərik...
Çöldəki qaratoyuqlar, bülbüllər
də sanki eyni tərzdə "faşist"lərin qabağına
çıxıb meydan
oxuyurdular! Hər biri də əzəlki
tövrünü pozmadan
şərqi söyləyirdi.
Göyərçin və
qumruların dünyadan
xəbəri yox idi, erkəklər dişiləri yanlamaqdaydı...
Günellə Solmaz Faruqa ağız-burnunu bağlamaq
üçün bir düjün bahalı maska, "100 cüt" əlcək dəsti, ağzıbağlı flakonda
etil spirti alıb gətirmişdi, əllərini, burnunu spirtləsin. Bərk-bərk
də tapşırmışdılar:
"evdən kənara
çıxmaq qadağandı!"
Faruqun
"işi", amma çöldəki qaratoyuqlarlaydı.
Deyilənlərə məhəl
qoymadan bülbüllərin,
qaratoyuqların oxuduğu
nəğmələrə qulaq asıb ürəyinə köçürürdü
və sadəcə əllərini sabunla yuyurdu. Və bununla da təhlükəni
elə bil sovuşdururdu...
Ona elə gəlirdi burda siyasi nüanslar
var. Bu yeni dünya düzənindəki
"moşennik" ölkələrin
fırıldağıdı.
Kitay əhalisi get-gedə çoxalır... İran get-gedə
meydan oxuyur... "İtaliyada, Fransada "bir bu qədəri
ölüb, bir bu qədəri virusa yoluxub..." - sırf "hegemonçu"
propaqandasıdı. O ölkələri
də bu birilərin gözünə
qatırlar ki, imperialist marağı
"ağ" görünməsin.
Məsələ bundadı Yer üzünün əhalisi
artıb. Bir belə insana ərzaq çatdırmaq müşküldü.
Ay "Somaliyə yardım
göndərildi..." Nə
bilim, "aclıq, xəstəlik, səfalətdən
əziyyət çəkən
zimbabvelilərə "sərhədsiz
həkimlər" köməyə
getdi" - vallah, boş şeydi, hamısı "politika"dı.
Bu dəmdə Faruqun
"sim" nömrəsinə zəng gəldi. Götürüb baxdı
- "Qızım!"
- Bəli, mənim balam!
- Salam,
papa!
- Salam, mənim qızım!
- Necəsən? Mən deyənlərə əməl
edirsənmi?
- Sən deyənlərin hamısına əməl
edirəm. Birini də boşa buraxmıram.
- İdmana necə, gedirsənmi?
Faruq gülür.
- Gedirəm! Ən əvvəl sən alan o əlcəkləri geyirəm, ağzımı
maska ilə bağlayıram.
- Ay sağ ol.
- Sonra
parka yollanıram. İdman
edib əlcəkləri
zibilliyə atıram!
Evə gəlib əlimi sabunla möhkəm-möhkəm yuyuram!
Sonra sən aldığın
etil spirti ilə əllərimi, burnumu spirtləyirəm...
- Ay sağ ol.
- Sənin dediklərinin hamısına əməl
edirəm, qızım!
- Ay sağ ol! İstəsən,
mən ordakı interneti də gəlib açdıraram,
dünyadan xəbərin
olsun. Virusla bağlı yenilikləri biləsən.
- Mən hazırda o virus barədə yazıram, qızım! Mənə elə gəlir bu da bir politikadı.
Bəzi ölkələri
susdurmaq istəyirlər.
Kitayın əhalisi artıq 2 milyardı haqlayır. Hegemonluq edən Amerikaya bu, əlbəttə, təhlükədi.
Üstəlik, Çin iqtisadiyyatda
da konkurentdi. Hətta bəzi sahələrdə
Amerikanı üstələyir.
Belə bir dövlət (özü də "kommunist" dövləti!) Amerikaya sərfəlidimi? Əlbəttə,
yox! Ona görə də cəzalanmalıdı...
İstədikləri yerdə
zəlzələ yaradır,
istədikləri ölkəni
sunamiyə qərq edirlər...
- Bilirəm, papa!
- İkincisi də, "mollalar ölkəsi"
İran onun birbaşa
düşmənidi. İranı
da yerində otuzdurur.
- 65 yaşdan yuxarı iki kişini polis tutub şöbəyə aparıb. Hərəsini deyəsən, 500 manat da cərimə ediblər. Sən qəti şəkildə evdən
qırağa çıxmırsan!
- Uşaq vaxtı sən mənə "baş üstünə!"
- deyərdin. İndi sənin
sözün olmasın,
"baş üstünə",
qızım! Sən də özünü qoru!..
- Cavanları çox tutmur bu virus. İmmunitet sizlərdə
zəifdi. Ona görə
65-dən yuxarılara belə
qadağalar qoyulur. Deyəsən, "fövqəladə
vəziyyət" statusuna
keçiləcək...
- Sən məndən nigaran qalma, qızım. Allah səni qorusun. Sən də özünü qoru. Öpürəm.
- Hə, yaxşı! Salamat
qal! Hər nə lazım olsa, mənə bildir, alıb gətirim...
- Allah qorusun səni. Salamat qal, balam!..
Eskiz
Faruq yönü paltar dolabına uzanıb xəyala dalmışdı.
Fikrində dolandırdığı
hadisələri çözüb-çözələdikcə
yuxusu çəkilirdi.
Qəflətən gözü
güzgüdə öz
şəklinə sataşdı.
Çallaşmış bığı,
çallaşmış qaşı,
ağarmış saçları,
gicgəhdəki bakiləri
qocalığın son stadasından
xəbər verirdi. Başındakı göy
rəngli gecə papağı maviyə çalan gözlərlə
həmahənglik yaradırdı.
İndiki halda bu gözlər yarıyumulu olduğuna ölü gözlərinə
bənzəyirdi. Belə
bənzəyişdən səksəndi,
göz qapağını
dərhal qaşlarıyla
bərabər yuxarıya
dartdı, gördü
bu bir cüt
göz mavi dənizdən götürülmüş
iki damladı. Başındakı mavi rəngli gecə papağıyla həqiqətən,
həmahəngdi. Ürəyi
nagahan çırpınmağa
başladı.
İki mavi gözün haləsində, amma qırışlar vardı.
Bu qırışlar ağac
gövdəsi kəsiyindəki
qırışlara bənzəyirdi.
76 qırış sezilməsə
də, 76 min dərd-bəladan,
od-alovdan keçib gəlməsi, həyatın
bütün ağrı-acılarına
sinə gərməsi
şəksiz idi.
Gözlərin, hətta "krakadil"
gözünə də
bənzəri vardı.
Bir dəfə o, "Krakadil
gözlü kişi"
hekayəsini yazmağa
meyillənmişdi. Əsər
üzərində qırt
toyuqsayağı yata bilmədiyinə görə
yazı alınmamışdı.
Qoca gözləri, amma krakadil gözləriydi.
Suların altıyla ehmalca-ehmalca, yavaş-yavaş
irəliləyən bu
qoca gözlər, yeri gələndə, ovunu "yolundan etməyi" də bacarırdı. Bacardığı
vaxtlarda sevinib gülürdü, o dəqiqə
də üzünə,
çöhrəsinə işıq
yayılırdı. Faruqu
saxlayan da, bəlkə
elə o işıq seliydi...
Gözlərin ürəklə, heç
şübhəsiz, əlaqəsi
var, gördüklərini ürəyə
köçürür. Onun
köçürdüklərinin çoxu indi saralıb-solmuş, illərin
nəmliyində-nəmişliyində çürüntü verdiyinə
içəridəki yazılar
artıq oxunmaz olmuşdu. O yerlər yaddaşdan silinib getmişdi. Oxunanlarısa təkrarlandığına beyin
qırışlarında əbədiyyətə
köçmüşdü.
Faruq Allaha yalvarırdı, günahlarından keçsin.
Sonra fikirləşirdi, günahsız
bir insan, Allah bəndəsi varmı, görəsən?! Günaha
batmayanı adam adlandırmaq olarmı? Özü də bu günahların hamısı təbii gedişatla olur. Göz açanda görürsən günahın
içindəsən. Necə
olub mən günaha batmışam?
Bunun çözümü artıq uzun pleyadadı, vaxt tələb edir. Çözüb-çözələməyəsə
onun nə vaxtı, nə də hövsələsi vardı.
Qocaların səsi bir-birinə
çatmır. Çatanda
da "bu dağdan o dağa" danışırlar.
Danışan kimi də bir düjün
problemləri ortaya çıxır, dindirməyinə
də peşman olursan.
Faruqa görə, "əldən
düşmüş" qocalığa
yetməməlidi insan;
lil-palçığa batmamalıdı.
Həyatı şirinləşdirən
onun uşaqlıq, gənclik xatirələridi.
Həyatın cazibəsi
qocalıqda itir, heç bir şirinlik qalmır. İşin başını
tutanda ayağı gedir, ayağını tutanda başı... Olur "Kürdmaşı!"...
"Taşşı" sən
də, Faruq, bu dərdləri "taşşı!"...
Problemlərdən aralanmaq üçün
Faruq telefonu götürüb
Nigara zəng vurmaq istədi. Qədim tanışıydı,
dost-həmdəmiydi... Yadına
düşdü Nigar bir dəfə leysan yağışları
altında "Sənin
qatarın gedib, Faruq müəllim!" - demişdi.
O dəqiqə də əl-qolu, barmaqları sustaldı, Nigarı yığmaqdan vaz keçdi.
"Könlümün şişəsinə
bir ləməcik dəysə sınar, Bunun
insafına bax ki, götürüb daşı
urur" - düşündü.
Yaxşı, bu qatarın biletini almışam axı, a Nigar, mənsiz o qatar necə gedə bilər?
Demə,
gedə bilərmiş.
Uzaqlaşan qatarı özün duymursan, Faruq,
hiss etmirsən. Onu yalnız kənardakılar
görüb duyur, səni o qəflətdən
oyatmağa çalışırlar...
(Davamı gələn sayımızda)
Oktay ŞAMİL
Ədəbiyyat
qəzeti.- 2025.- 31 oktyabr, ¹40.- S.22-23.