Yaradıcılığı
sözün fəlsəfəsi
ilə də
bağlı olan ziyalı
Ədəbiyyatın
dərin qatlarına enmək, sözün sükutdakı mənasını
duymaq hər kəsə xas deyil. Filologiya elmləri doktoru Rəhim
Əliyev bu anlamda bir tədqiqatçıdan çox, bir dinləyicidir
- sözün içindəki səsi dinləyən, onu
yazıya, ideyaya və təhlilə çevirən alimdir.
1950-ci
ilin noyabrında Bakı yaxınlığındakı Ramana kəndində
doğulan uşaqlıq illəri, mavi Xəzərin
dalğalı sahilləri və küləkli yarımsəhranın
tozlu yolları içində keçməsi Rəhim
Əliyevi bir ədəbiyyat həvəsi ilə
böyütdü. O, Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsində aldığı təhsilini
sözə sədaqət kimi yaşadı. Hələ tələbə
ikən "Azərbaycan gəncləri" qəzetində
1973-cü ildə tanınmış professor Yaşar Qarayevin (sonralar dissertantı
olduğu) "Səhnəmiz və müasirlərimiz"
kitabı haqqında yazdığı ilk rəyi ilə ədəbi
tənqid dünyasına qədəm qoydu.
Sovet
ordusunda zabit kimi keçirdiyi illər
baxışlarını daha realist, daha psixoloji etdi.
Qayıtdıqdan sonra Nizami adına Ədəbiyyat
İnstitutunda elmi işə başladı və ədəbi
tənqidin düşüncə müstəvisində
formalaşdı, eyni zamanda "Ədəbiyyat və incəsənət"
qəzetində ədəbi işçi olub, tənqid
şöbəsini idarə etdi, Prezident Aparatında və
Teleradio Şirkətində məsul vəzifələrdə
çalışdı. Sonralar yenidən Ədəbiyyat
İnstitutuna qayıtdı, 2000-ci ildən Cənubi Azərbaycan
şöbəsinə rəhbərlik etməyə
başladı.
1983-cü
ildə "1970-ci illər lirikasının inkişaf meyilləri"
mövzusunda namizədlik, 1996-cı ildə "Cəfər
Cabbarlının yaradıcılıq təkamülü:
metod, üslub, janr" mövzusunda doktorluq
dissertasiyasını müdafiə edərək elmi pillələrin
zirvəsinə qalxdı.
Onu mən
ilk dəfə "Ədəbiyyat qəzeti"ndən
tanımışam - 80-ci illərdə qəzetin səhifələri
ədəbi fikrin nəfəs aldığı bir mühit
idi. Mən də oraya sənət və ədəbiyyatla
bağlı yazılar aparırdım. Daha çox sənətşünaslıq
mövzularından yazdığımdan redaksiyada Mehriban
xanım, Əşrəf İbrahimov (təəssüf ki,
indi hər ikisi də həyatda yoxdurlar) kimi həmkarlarla təmasda
idim. Amma bəzən
redaksiyada sənət və
ədəbiyyat söhbətləri
gedəndə orada Rəhim Əliyevi də
görürdüm və fikirləri mənə çox
maraqlı gəlirdi. Onun imzası qəzetin səhifələrində də fərqli, təzə bir nəfəs
kimi görünürdü.
Tale elə
gətirdi ki, sonradan biz eyni institutda,
eyni şöbədə çalışmağa
başladıq. Bu yaxınlıq mənə onu daha yaxından
tanımaq imkanı verdi. Rəhim Əliyev çox maraqlı
insandır - onun dünyaya baxışı, hadisələrə
yanaşması, hətta gündəlik söhbətlərdəki
tonunda belə, bir intellektual enerjisi duyulur. O, ədəbiyyata
yalnız sənət kimi deyil, həm də düşüncə
laboratoriyası kimi baxır.
Rəhim
müəllim tənqidçi kimi hər zaman cəsarətli
olub. Kiminsə haqqında düşündüyü bir fikri
gizlətməz, bəyənmədiyi bir məqamı
açıq deyər. Onun tənqidinin sərtliyi arxasında
bir prinsip dayanır - ədəbiyyatı qorumaq, onu saxta
pafosdan, səthi mühakimədən uzaq saxlamaq. Bu mənada
o, klassik tənqid məktəbinin davamçısıdır.
Rəhim
Əliyevin bir maraqlı
xüsusiyyəti ondadır ki, oxumadığı, amma
haqqında eşitdiyi məsələlər barədə belə
geniş düşünə bilir, yeni bucaqlar aça bilir. Bu
xarakterinə görə onu mərhum
tənqidçi Aydın Məmmədovla müqayisə
etməmək olmur. Deyirdilər ki, Aydın Məmmədov, bəzən
oxumadığı, yalnız eşitdiyi bir məsələ
haqqında elə yazırdı ki, həmin mövzunu illərlə
araşdıran adam belə, onu bu qədər dəqiq ifadə
edə bilməzdi. Rəhim müəllimdə də bu qabiliyyət
var. O, nəyəsə maraq göstərdisə, o mövzu
artıq yeni bir istiqamət qazanır. Danışanda
qarşısındakı insandan fikirlər alır, amma həmin
fikirləri elə sistemləşdirir, elə
aydınlaşdırır ki, bir anlıq fikirləşirsən
- "bu mənim dediyim idi, amma o məndən daha dolğun
ifadə etdi". Bu onun tənqidçi intuisiyasının,
yaddaşının gücündəndir, yəqin ki və fikri dinləyib yenidən
formalaşdırmaq bacarığıdır.
Uzun illər
onunla bir yerdə işləyən və xarakterinə bələd olan,
yaradıcılığını izləyən eləcə
də, verdiyi müsahibələrlə maraqlanan biri kimi, onun bədii
portretini yaratmaq istədim.
Rəhim
Əliyev ədəbiyyata sırf düşüncə
adamı kimi deyil, həyatın dərin qatlarını hiss edən,
onları bədii yaddaşla ifadə edən yaradıcı
şəxsiyyət kimi daxil olub. O, dili yalnız ifadə vasitəsi
kimi deyil, insan təcrübəsinin, yaddaşının və
həyatın özü ilə əlaqələndirir. Onun
fikrincə, yazı təfəkkürün deyil,
yaddaşın məhsuludur; hər yazı əvvəl oxunan
yazıların yeni bir variantıdır. Bu baxımdan, Rəhim
Əliyev üçün yaradıcılıq - fərdi
yaddaşın unikal düzüm formasıdır.
O, "ədəbi
dil" anlayışını da adi bir termin kimi deyil, cəmiyyətin
yazıya keçidi ilə formalaşan mədəni hadisə
kimi izah edir. Onun baxışında yazı - həyatın
müxtəlif sahələrində öz qaydalarını
yaradan, bu qaydalar vasitəsilə insan təcrübəsini
qoruyan sistemdir. Beləliklə, o, dili ədəbiyyatın
deyil, daha çox insan təfəkkürünün və
sosial yaddaşın təzahürü kimi görür.
Rəhim
Əliyev həm də ədəbi mühitin sosial təbiətini
dərin tənqidlə qarşılayan realistdir. O, tənqidi
"ədəbiyyatın vicdanı" sayır, lakin bu
vicdanın yaşaması üçün müstəqil mətbuatın
zəruri olduğunu bildirir. Onun fikrincə, müstəqil mətbuat
və ictimai rəy yoxdursa, vicdanlı tənqid də
yaşaya bilməz. Müsahibim bu sahədə sovet irsindən
gələn "sifarişli tənqid"in, eləcə də
müstəqillik dövründə formalaşmış
"məmur ədəbiyyatı"nın sərt və
prinsipial tənqidçisidir. O, yazıçı və məmur
anlayışlarının birləşməsini ədəbiyyatın
fəlakəti sayır, belə yazıçıların
"ölən kimi adlarının it dəftərində
qalmayacağ"ını deyir.
Onun fikirlərində
sərtlik olsa da, bu sərtlik kin və aqressiyadan deyil, ədalət
hissindən doğur. O, yazıçının
azadlığını müqəddəs sayır:
"Doğulmaq bir şans verir, seçim etmək asan deyil.
Amma şəxsiyyətin gücü seçimlərində
görünür". Onun bu sözlərində həm bədii,
həm də fəlsəfi bir ölçü var.
Rəhim
Əliyevin qadın obrazlarına münasibəti də onun
yaradıcılıq fəlsəfəsini açır. O,
qadını yalnız mövzu kimi deyil, dünyanın bədii
və mənəvi mərkəzi kimi görür.
"Qadını bilməyən həyatı bilmir", - deyən
yazıçı üçün qadın insan
varlığının mənasını açan güzgüdür.
Qadın onun üçün həm məhəbbət, həm
hikmət, həm də həyatın görünməyən
tərəfləridir.
Siyasətə
münasibətində o, realist və ironikdir.
Yazıçıların siyasətə
qarışmasını "yaradıcılıq
böhranı" kimi qiymətləndirir, amma eyni zamanda etiraf
edir ki, bəzi yazıçılar hökumətdən də,
müxalifətdən də istifadə etməyi bacarırlar.
Bu fikir onun cəmiyyətə soyuq başla, amma ədalətli
nəzərlə baxdığını göstərir.
Ədəbiyyata
dair baxışlarında Rəhim Əliyev cəmiyyətin
ruhi sağlamlığı ilə ədəbi səviyyə
arasında birbaşa əlaqə görür. Onun fikrincə,
"sağlam düşüncənin dəyəri olmayan yerdə
Nobel mükafatçısı yetişə bilməz". O, ədəbi
mühitin tənəzzülünü təkcə istedad
çatışmazlığı ilə deyil, dəyərlərin
sistemli şəkildə sıradan çıxması ilə əlaqələndirir.
"Ədəbiyyat
insana daha rahat yaşamaq üçün lazımdır,"
- deyən Rəhim Əliyev üçün yazı - həm
xilas, həm də insanın varlıqla təkbətək
qaldığı andır.
Onun elmi fəaliyyətində
ədəbiyyat nəzəriyyəsi əsas istiqamətdir. Rəhim
Əliyevin nəzəri təhlilləri sadə təsvirlərlə
məhdudlaşmır - ədəbi hadisəni ictimai
düşüncənin tərkib hissəsi kimi izah edir. Ədəbiyyat
tarixini bütöv şəkildə qapayan, müxtəlif mərhələlərin
ideya dinamikasını açan əsərləri var.
Rəhim
Əliyevin elmi dünyası yalnız ədəbiyyat nəzəriyyəsinin
faktları ilə deyil, sözün fəlsəfəsi ilə
də bağlıdır. Onun "Ədəbiyyat nəzəriyyəsi"
kitabında irəli sürdüyü "dil yazıdan
törəyib" ideyası elmi düşüncədə
bir cığır açdı. O, sözü təkcə
ifadə vasitəsi kimi deyil, həm də yaradıcı
enerjinin mərkəzi kimi dərk edir.
Müəllifin
"Poeziyanın təbiiliyi", "Taleyin sözü",
"Sözün mifi", "Cavidannamə", "Nəsimi
nədən ənəlhəqq dedi" və digər
kitabları onun həm nəzəri, həm bədii
düşüncəsinin məhsuludur. Hər bir əsərdə
dilin mənşəyi, insanın ruhu və zamanın bədii
təfəkkürdəki izləri ilə bağlı suallar səslənir.
Rəhim
Əliyev, ilk növbədə, ədəbiyyat nəzəriyyəsi
sahəsində tanınıb. Onun "Poeziyanın təbiiliyi"
(1982) kitabı sovet dönəmində yazılsa da, pafossuz və
orijinal yanaşması ilə diqqət çəkir.
Burada poeziya sosialist realizminin
ideoloji qəliblərindən azad, insanın daxili ritmindən
doğan təbii yaradıcılıq forması kimi şərh
edilir.
Sonrakı
əsərlərində - "Cəfər Cabbarlının
yaradıcılıq təkamülü" (1989), "Dilimiz,
ədəbiyyatımız, tariximiz" (1997), "Nəsimi və
klassik dini üslubun təşəkkülü" (2006) - tədqiqatçı
düşüncəsi daha da sistemləşir.
Cabbarlının yaradıcılığını ideoloji qəlibdən
çıxarıb onun daxili fəlsəfi təməlini
aydınlaşdırır; Nəsimini isə təkcə
sufizm kontekstində deyil, dini-fəlsəfi üslubun
formalaşma mərhələsi kimi izah edir.
"Sözün
mifi" (2011) adlı əsərində isə ədəbiyyatı
mifoloji təfəkkürün davamı kimi izah edir:
sözün mənşəyinə, dilin metafizikasına və
simvolik təbəqəsinə enir.
Filologiya
elmləri doktoru Rəhim Əliyev bir yazısında Nəriman
Nərimanovu maarifçi-həkimdən "nümunəvi
müsəlman sosialist respublikasının" ideoloquna
çevrilən, lakin Moskvanın imperiya siyasəti ilə
toqquşub "milli uklon" damğasına düçar
edilən ziddiyyətli tarixi obraz kimi təqdim edir.
Rəhim
Əliyevin Nəriman Nərimanova yanaşması mətndə
aydın şəkildə hiss olunur və bu yanaşma həm
elmi-analitik, həm də bədii-etik səciyyə
daşıyır. Əliyev Nərimanovu nə bütləşdirir,
nə də təkcə tənqid edir - onun obrazını
ziddiyyətlər içində böyüyən tarixi bir
fiqur kimi yaradır.
Alimin
bu yanaşması elmi və bədii
baxımdan post-sovet reallığa
uyğunlaşdırılmış, arxiv faktları ilə
etik şərhi birləşdirən bir modelləşdirmədir.
O, Nərimanovu nə idealizə edir, nə də məhkum
edir; onu həm maarifçi, həm bolşevik, həm də
öz xalqı ilə imperiya arasında sıxılmış
bir insan kimi görür.
Bu
yanaşma sayəsində Nərimanov obrazı ideoloji
maskalardan təmizlənir və tarixdə
"düşünən, səhv edən, mübarizə
aparan" canlı bir şəxsiyyət kimi canlanır.
S.C.Pişəvərinin
çoxcəhətli fəaliyyəti Azərbaycanda və
ümumən İranda araşdırma mövzusu kimi daim diqqət
mərkəzində olub. Seyid Cəfərin siyasi, publisistik, ədəbi
və tərcüməçilik irsi tədricən toplanaraq
xalqın yaddaşında milli düşüncənin,
azadlıq ideallarının təcəssümünə
çevrilib. Yazılmış məqalələr, xatirələr
və publisistik əsərlər Pişəvərinin həyat
yolunu gələcək nəsillərə örnək kimi təqdim
edən dəyərli mənbələr sayılır. Bu
istiqamətdə aparılan elmi işlər təkcə bir
şəxsiyyətin taleyini deyil, həm də XX əsrin
ortalarında milli kimlik uğrunda mübarizə aparan bir
dövrün mənəvi panoramasını əks etdirir.
Rəhim
Əliyevin elmi maraq dairəsinə sonralar akademik Mirzə
İbrahimovun sayəsində Cənubi Azərbaycan ədəbiyyatı
da daxil olub. Lakin bu sahəyə
sonradan gəlsə də, mövzunu mənimsəməkdə
böyük sürət göstərdi. Güney ədəbiyyatını
tarixi-siyasi kontekstlə bərabər, milli özünüdərkin
ədəbi ifadəsi kimi araşdırdı.
Rəhim
Əliyevin təşəbbüsü və ideya müəllifliyi
ilə ərsəyə gəlmiş "M.C.Pişəvəri
"Azərbaycan" qəzetində: gizli imzalı məqalələr
(1945-1946)" kitabı, Cənubi Azərbaycan tədqiqatlarında
əlamətdar hadisədir. Müəllifin kitaba
yazdığı Ön sözdə biz yalnız Pişəvərinin
publisist bacarığını deyil, həm də onun fikir
azadlığı uğrunda apardığı gizli mübarizəni
görürük.
Pişəvərinin
"Azərbaycan" qəzetində müxtəlif gizli
imzalarla çıxan məqalələri uzun illər tədqiqatçılar
üçün açıq deyildi. Bu nəşrdə ilk dəfə
olaraq yalnız "Novruz" imzası ilə çap
edilmiş, səksən il əvvəl yazılmış
anadilli və farsdilli məqalələrin tərcümələri
bir araya gətirilib. Kitabda, həmçinin onun öz müəllimi
Şeyx Məhəmməd Xiyabani haqqında yazdığı
geniş və indiyədək naməlum qalan araşdırma
da yer alır. Bu məqalələrin kitab şəklində
çapının bu qədər gecikməsi sovet rejiminin
senzura siyasəti və Milli Hökumət mövzusuna
qoyduğu qadağalarla bağlı idi.
Kitabın
Ön sözündə Rəhim Əliyev Pişəvərinin
"Novruz" imzası ilə dərc etdiyi yazıların
mahiyyətinə aydınlıq gətirmişdir.
Alim
S.C.Pişəvəri ilə bağlı elmi redaktoru və
layihənin rəhbəri olduğu digər "Qızıl səhifələr"
kitabı Milli Hökumətin tarixi haqqında sanballı
ensiklopediya adlandırılır.Yenidən nəşr
olunan kitaba Milli Hökumətin (1945-1946)
yaranması və fəaliyyəti ilə bağlı sənədlər,
eləcə də hökumətin başçısı
S.C.Pişəvəri və həmin dövrün siyasi fəallarının
tarixi hadisələrin gedişini əks etdirən məqalə
və məktubları daxil edilib (bu sətirlərin müəllifinin
də mətbuatda kitab
haqqında ayrıca "Seyid Cəfər Pişəvərinin
tarix yaratmaq missiyası adlı" yazısı dərc
olunub).
Bu əsərlər
həm tədqiqatçılar, həm də oxucular
üçün ikiqat əhəmiyyət daşıyır:
o, bir tərəfdən, milli tariximizin gizli səhifələrini
açır, digər tərəfdən, Güney və Quzey ədəbi
düşüncəsini birləşdirən körpüyə
çevrilir.
Rəhim
Əliyevin tənqidçi və yazıçı obrazı
bir-birini tamamlayır. O, sözü yalnız ifadə
vasitəsi yox, həm də məsuliyyət kimi görür;
hər bir fikrində sınaqdan keçmiş bir həyat
müşahidəsi dayanır. Əliyevin "Taleyin
sözü" (2008) və "Nəsimi nədən ənəlhəqq
dedi" (2020) kitabları onun tənqidçi
düşüncəsinin ən yetkin mərhələsini təmsil
edir. Burada müəllif sözün taleyini, fikir
azadlığının mənəvi məsuliyyətini
açır.
Bu gün Rəhim Əliyevin
yaradıcılığı Azərbaycan ədəbi tənqidinin
bütöv bir mərhələsini təmsil edir. Onun
2024-cü ildə çap olunmuş "Yeni Azərbaycan ədəbiyyatı
tarixi oçerkləri" kitabı isə bu bütöv
prosesin elmi yekunudur - həm təcrübənin, həm də həyatın
ümumiləşməsi.
Rəhim Əliyevin bədii
yaradıcılığı onun tənqidçi təfəkkürünün
davamıdır. "Göndərilməmiş məktub"
(1984) və "Bütövlənməyən borc" (1995)
kimi nəsr kitablarında insanın mənəvi
parçalanması, zamanla barışmazlığı,
yaddaşın ağrısı əsas xətti təşkil
edir. Bu əsərlərdə müəllifin dili analitik
olduğu qədər də emosionaldır. O, hadisəni izah
etmir - onu yaşayır. Qəhrəmanlarının daxili
monoloqları, bəzən elə ədəbi tənqidçinin
öz düşüncə mexanizmini xatırladır: suallarla
dolu, özünütənqidçi və axtarışda olan
bir təfəkkür.
"Zülmətdə çəhrayı"
(2014) hekayələr toplusu və "Qoşulub qaçmayan
qız" (2017) romanı müəllifin bədii üslubunun
kamilləşdiyini göstərir. Burada Rəhim Əliyev
insana estetik varlıq kimi baxır: onun üçün
insanın gözəlliyi məhz düşüncəsindədir.
"Tağ Ev" romanı (2022) Azərbaycan ədəbiyyatında
burjua sinfinin faciəsini roman janrında canlandıran nadir
nümunələrdəndir. Hadisələr 1820-1920-ci illərin
Bakısında, neft və milli idealların toqquşduğu
bir zamanda cərəyan edir. Müəllif burada yalnız
varlı təbəqənin yox olmasını deyil, həm də
ziyalılığın məhvini, bir millətin
düşünən qatının susdurulmasını
göstərir.
Romanın səhifələrində Nuru
Paşa, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, N.Nərimanov
kimi tarixi simalar bədii surətlərə çevrilir. Oxucu
roman boyu həm tarixin faciəsini, həm də insanın
daxili parçalanmasını duyur. "Tağ Ev" təkcə
bir roman deyil, həm də milli yaddaşın təzələnmiş
salnaməsidir.
Bu əsərdə o, milli-mənəvi dəyərlərin
deformasiyasını, müasir insanın öz kökündən
uzaqlaşmasını dərin fəlsəfi dillə göstərir.
Azərbaycan ədəbi fikrində müəyyən
dövrlər var ki, həmin dövrlər təkcə
yazılmış əsərlərlə deyil, həm də o
əsərləri müşayiət edən düşüncə
mühiti ilə yadda qalır. Bu mühitin
formalaşmasında tənqidçilərin rolu birmənalıdır.
Rəhim Əliyev məhz belə tənqidçilərdəndir
- yazının sərhədlərini aşaraq, fikir
meydanına çevrilmiş bir qələm sahibidir. Onun məqalələrində
və kitablarında ədəbi faktın izahı ilə
yanaşı, düşüncənin aydınlığı,
ifadənin cəsarəti dayanır.
O, həm nəzəriyyəçi, həm
yazıçı, həm də ziyalı mövqeyi ilə bu
gün də ədəbi düşüncənin içindədir.
Pərvanə MƏMMƏDLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 31 oktyabr, ¹40.- S.24-25.