Yubiley
Hekayə
Səhərin açılmasına az qalırdı. Evdə hamı yatsa da, Cavanşir müəllimin gözünə
yuxu getmirdi. Özünün 60 illik yubileyinə hazırlaşırdı.
Ömründə ilk dəfə
doğum gününü
geniş tərkibdə,
təntənəli şəkildə
qeyd etmək istəyirdi. Əsas narahatlığı onda idi ki, yubiley məclisində bir problem yaşanmasın. Çox vaxt başqalarının xeyir işinə qulp qoyduğu üçün əks zərbə alacağından
ehtiyat edirdi. Necə deyərlər, təsir əks təsirə bərabərdir.
Hətta bir dəfə camaat içində yaxın dostu Əliyə demişdi ki, niyə uşaqlarını ayrı-ayrı
sünnət elətdirirsən?!
Birlikdə təmizlətsən
nə olar?! Pul yığmaq üçün edirsənsə,
diləndiyini boynuna
al, biz də işimizi
bilək. Cavanşir müəllimin bu sözündən sonra o vaxtdan kənddə Əlinin adı "sünnət Əli" qalmışdı. Odur ki,
eyni aqibəti yaşamasın deyə Cavanşir müəllim hər şeyi ciddi-cəhdlə götür-qoy
edirdi. Çalışırdı
ki, hər hansı kiçik bir detal belə diqqətdən yayınmasın.
Siyahı
çoxdan hazır idi. Cavanşir müəllim kəndin ən nüfuzlu ziyalısı, ağsaqqalı
sayılan Möhtəşəm
müəllimin adını
başda yazmışdı.
Onun ardınca dostların, qohumların, qonşuların adı gəlirdi. İki ay qabaq kənd mərkəzində Möhtəşəm
müəllimi yanlayıb,
"Bilirsiniz ki, mən
sizi həmişə özümə ağsaqqal
bilmişəm. İstəyirəm
ki, məclisimin başında
siz oturasınız",
deyərək razılığını
almışdı. Digər
qonaqları isə son
günlər dəvət
etmişdi. Dəvətlə
bağlı qulağına
bəzi giley-güzarlar
çatsa da, vecinə
almamışdı: "Toy eləmirəm ki, hamını
başıma yığım?!"
Cavanşir kişi yerindən
qalxan kimi səhər yeməyini yemədən kənddə
yeganə toy yeri olan "Dan ulduzu" restoranına yollandı. Orada gecə hazırlıqlarının qaydasında
olduğunu görəndən
sonra xeyli rahatladı. Evə qayıtdıqdan sonra saqqalını təraş
edib, özünə əl gəzdirdi. Əvvəl kraxmallı, ağ rəngli köynəyini, sonra isə əzizləyib səliqə ilə dolabın bir küncündə saxladığı
tünd göy rəngli kostyumunu geyindi. Yadına düşdü ki, axırıncı
dəfə bu kostyumu yeddi il əvvəl oğlunun toyunda geyinmişdi. Güzgüyə baxanda özündən asılı
olmayaraq, gözlərinin
önündə hələ
başlanmayan yubiley məclisindən epizodlar canlanmağa, onun haqqında deyilən xoş sözlər, sağlıqlar eşidilməyə
başlandı. Bütün
bunlar Cavanşir müəllimin əhval-ruhiyyəsini
xeyli qaldırdı.
Ortada spirtli içkidən tutmuş, qazlı-qazsız
suya qədər, hər şey var idi. Müxtəlif salatlar, gözəl meyvələr, cürbəcür
yeməklər də
ki öz yerində. Artıq hər kəs yerini tutmuşdu, məclisə başlamaq olardı. Əvvəldən şərtləşdikləri
kimi məclisi Famil müəllim aparacaqdı. O, məktəbdə
ədəbiyyat fənnini
tədris etməklə
bərabər, həm
də gözəl şeirlər müəllifi
idi. Doğrusu, Famil müəllimin tamadalığından indiyə
kimi narazı qalan olmamışdı. Famil müəllim baş işarəsi ilə Cavanşir müəllimin razılığını
alıb, əlində
badə ayağa qalxdı:
- Əziz dostlar, qohumlar, kəndimizin say-seçmə, dəyərli
insanları! Cavanşir
müəllimin yubiley
dəvətini qəbul
edib gəldiyiniz üçün həm onun adından, həm də öz adımdan sizə dərin minnətdarlığımı bildirirəm. Süfrəmiz
bol, vaxtımız isə yetərincədir. Darıxmağa dəyməz.
İnşallah, hamıya
söz veriləcək.
Yubilyar haqqında kimin nə ürək
sözü, arzusu varsa, məmnuniyyətlə
imkan yaradacağam. Ancaq gəlin, sizlərə söz verməzdən əvvəl
ilk badələri Cavanşir
müəllimin, onun ailəsinin sağlığına
qaldıraq, Allahdan ona uzun ömür,
cansağlığı arzulayaq,
sonra məclisimizə
davam edərik.
Sarı
Hüseynə diqqət
yetirən digər məclis üzvləri də ayağa qalxıb, bu sağlığı ayaq üstə qeyd etdilər.
Sonra ilk söz Cavanşir müəllimin nəvəsi
- altı yaşlı
Ülkərə verildi.
Ülkər babasına
sağlam, xoş günlər arzulayıb, çıxışını kiçik bir şeir parçası ilə başa vurdu:
Yaxşılıqlar heç vaxt itməz,
Su olmasa, daş da bitməz.
Qüdrətlidir obam mənim,
Bir dənədir babam mənim.
Görünür, Famil müəllim
hazırlaşdırmışdı. Ülkər çıxışını
bitirər-bitirməz alqış
sədaları zalı
bürüdü. Cavanşir
müəllim "babasının ürəyidir
e, bu" deyib, nəvəsini bağrına
basdı. Sonra alnından
öpüb dedi: "Maşallah olsun. Həm əlaçıdır,
həm də məktəbin gözü.
Tərbiyəsinə də
ki söz ola bilməz".
Söz Möhtəşəm müəllimə
veriləndə hörmət
əlaməti olaraq söhbətlər tamam kəsildi. Hamı diqqətlə kənd ağsaqqalını dinləməyə
başladı ki, görsünlər
yubilyar haqqında nə deyəcək. Tərifdən xoşu gəlməyən Möhtəşəm
müəllim isə uzun-uzadı danışmadı.
Cavanşir müəllimə
cansağlığı, bundan
sonrakı işlərində
uğurlar arzuladı,
vəssalam. Bu qısa
çıxış Cavanşir
müəllimin ürəyincə
olmasa da, narazılığını
büruzə vermədi.
Sonra söz Cavanşir
müəllimin orta məktəbdə on il bir
parta arxasında oturduğu Vəli müəllimə, onun
ardınca yaxın dostu Vasib kişiyə,
habelə qapıbir qonşusu Cabir bəyə verildi. Onlar da Cavanşir müəllim haqqında xoş sözlər söyləyərək, onun
sayğıdəyər, salamlı-sabahlı,
mehriban bir insan olduğunu qeyd etdilər.
Məclis
öz aramı ilə davam edirdi. Qonaqlar mehribancasına yeyib-içir,
deyib-gülür, şirin-şirin
söhbət edirdilər.
Əsas diqqət kabablara verildiyindən digər yeməklər süfrənin ortasında,
demək olar ki, tökülüb qalmışdı.
Cavanşir müəllim
də çox məmnun görünürdü.
Bu vaxt tamada əlini göyə qaldırıb, Moskvadan bir mesaj gəldiyini
məclis iştirakçılarının
diqqətinə çatdırdı
və hamının dinləməsini xahiş etdi. Mesaj göndərən
Cavanşir kişinin qardaşı Qurban bəy idi: "Əziz qardaşım Cavanşir! Bilirsən ki,
biz səni nə qədər çox sevirik. Larisa da, Saşa da,
Natalya İvanovna da səni çox istəyirlər. Onlar səni tez-tez yada salır, ehtiramla xatırlayırlar.
Onların kəndə
gəlişi münasibətilə
kəsdiyin qoç əhvalatını hələ
də unutmayıblar. Qardaş, sən bizə ata əvəzisən,
canımız, ciyərimizsən.
60 illik yubileyinə dəvət etdiyin üçün
sənə ürəkdən
minnətdarıq. Qardaş,
Rusiyadakı krizis ucbatından, işlərimin
çoxluğu və
yaza bilmədiyim digər obyektiv səbəblər üzündən
yubileyinə gələ
bilmədim. Çox çalışdım ki, nökərin
Saşanı göndərim,
alınmadı. Dedi
ki, papa, nəyə gedim
axı, onsuz da onlar danışanda mən heç nə başa düşmürəm. Gördüm
ki, uşaq haqlıdır,
ta bir söz deyə bilmədim. Natalya İvanovnanı da bacanağım
Arakel Abramoviç yoldan çıxardı. Dedi ki, ağlı olan dünyanın düz vaxtında Azərbaycana getməz, nəinki bu qarışıqlıqda. Natalya da inandı onun sözünə. Nə isə, brat. Özüm orda olmasam da, bil ki, ürəyim həmişə sənin yanındadır. Bu gözəl
gündə mən sənə təkcə bir şey arzulayacağam:
həyatda ən böyük nemət olan cansağlığı
və yalnız cansağlığı. İnşallah,
bir gün yolum düşər, iki qardaş oturub sənin doğum gününü xüsusi qeyd edərik. Təki sağlıq olsun. Hörmətlə sənə
həmişə əziz
olan qardaşın Qurban".
Bu təbrikdən sonra yerlərdən səslər
eşidilməyə başladı:
"Sağ olsun, yaddan çıxarmayıb",
"Elə qardaş deyil, imkan tapsaydı
gələrdi", "Allah köməyi olsun, qəriblik pis şeydir". Cavanşir müəllim isə
"Allah canına dəyməsin,
gözəl qardaşdır.
Düz on ildir üzünü görmürəm.
İşləmək üçün
getmişdi, ilişib qaldı" deyib xeyli kövrəldi. Hələ bir az doluxsunan kimi
də oldu. Ancaq özünü tez yığışdırdı
ki, qonaqların əhvalı
korlanmasın.
Məclisdə yaranmış xoş
olmayan ovqatı aradan qaldırmaq üçün təcrübəli
tamada hamının diqqətini özünə
çəkmək üçün
uca, amiranə bir səslə dedi:
- Əziz qonaqlar, istəkli həmkəndlilərim!
Yetərincə yedik, içdik, dedik, güldük, şənləndik.
Belə gözəl məclis təşkil etdiyi üçün hamımızın adından
Cavanşir müəllimə
bir daha təşəkkür edir
və böyük məmnuniyyətlə sözü
ona verirəm. Buyursun!
Cavanşir kişi dodaqlarını
tərpədərək baş
hərəkəti ilə
tamadaya minnətdarlığını
bildirib, ağır-ağır
ayağa qalxdı. Bayaqdan deyib-gülən yubilyarın üzündə
sifət cizgilərindən
özünü büruzə
verməyən bir ifadə var idi. Deyəsən, nəsə
ciddi bir mövzuya toxunacaqdı.
- Əvvəlcə, qiymətli vaxtınızı ayırıb
məni bu şad günümdə tək qoymadığınıza
görə sizin hər birinizə öz dərin təşəkkürümü bildirirəm. Deyirəm, nə yaxşı ki, varsınız. Sizsiz mənim bir günüm də olmasın. Çox xoşbəxtəm ki, sizin
kimi dəyərli insanlarla birlikdə öz doğum günümü - 60 illik yubileyimi qeyd edirəm. Lakin istəyirəm
onu da biləsiniz ki, heç də hamı sizin kimi deyil. Həyat
çox qəribədir.
Məhz ona görə atalar deyib ki, sən saydığını say, gör
fələk nə sayır. Əziz dostlar, sizə qardaş deyib üzünüzə gülən
adamlara heç vaxt etibar etməyin.
Çünki sizinlə
dostluq edən, çörək kəsən
adam günlərin bir günü sizə arxa çevirə bilər. Güvəndiyiniz adam sizi elə bir
dar məqamda tək qoyar ki, düşdüyünüz çətin
vəziyyətdə taleyinizlə
baş-başa qalarsınız.
- Cavanşir müəllim
çıxışına bir az ara
verdikdən sonra özünü toparlayıb
yenidən sözünə
davam etdi: - Yəqin hamınız mənimlə razılaşarsınız
ki, insanlıq pulla,
var-dövlətlə ölçülmür.
Çünki insanlığın
əsas meyarı pul deyil, mənəvi
dəyərlərdir. - Qonaqlar
başları ilə Cavanşir müəllimin
dediklərini təsdiq
etdilər. - İnsan pullu da ola bilər, pulsuz da. İnsan bir gün tox, bir gün ac da yaşaya bilər. Əsas odur ki, insan öz mənliyini,
şərəfini itirməsin.
Mən bu sözü deməyə də bilərdim, ancaq yeri gəlib,
deyəcəyəm. Dost dosta
hansı gündə lazımdır?! Dəvət
etdiklərimin hamısı
bu məclisdə iştirak edir, yalnız bir nəfərdən başqa.
Yəqin ki, bildiniz söhbət kimdən gedir. Pula pul deməyən, günləri
eyş-işrətdə keçən,
bizim hamımızdan dəfələrlə yaxşı
yaşayan, hər görüşəndə bağrına
basıb, mənə
"qardaş" deyən
Savalan bəy zat-aliləri bugünkü
yubiley tədbirinə
qatılmadı. Bizimlə
bir masa arxasında oturmağı özünə
ar bildi. Özü də qapılarınacan ayağına
gedib, üzbəsurat dəvət etmişəm.
Nə olar, Allah canına dəyməsin. Ancaq unutmasın ki, bir vaxt onun
atası mənim babamın nökəri olub. Onların ailəsi mənim babamın çörəyi
ilə dolanıblar.
Allah böyükdür, gec-tez
hər şeyi yerinə qoyur. Odur ki, mən bu badələri içirəm şəxsən
sizin sağlığınıza!
Bu çıxışdan narazı
qalanlar olsa da, heç kim səsini çıxarmadı:
"Özləri bilər,
bizə nə düşüb ki?!" "Yəqin
içkilidir ona görə danışır",
"gələrdi, görünür,
aralarında nəsə
var", - deyə düşünənlər
də oldu. Bu vaxt bir nəfər
yeniyetmə oğlan tamadaya yaxınlaşıb
qulağına nəsə
pıçıldadı. Famil
müəllim üzünü
tez Cavanşir müəllimə tutub dedi:
- Qardaş, uşaqlardan kimsə səni təbrik etmək üçün icazə istəyir. Nə deyirsən?
Cavanşir müəllim tərəddüd
etmədən: "Gəlsin,
gəlsin. Yəqin bacıoğludur. Nədənsə
atası da gözə
dəymir. Yəqin reysdən gəlməyib",
- deyə tez səsləndi. Bu sözləri
eşidən kimi qapı arxasında gözləyən cavan bir uşaq zala
daxil oldu. Çexolun üstündəki
yazılardan əlində
tutduğu kostyumun xarici və bahalı mal olduğunu sezmək çətin deyildi. Döşəməyə
toxunmasın deyə, uşaq kostyumu başının səviyyəsində
tutaraq Cavanşir müəllimə yaxınlaşdı:
- Cavanşir baba, ailəmiz adından sənin doğum gününü təbrik edir, sağlamlıq və xoş günlər arzulayırıq. Babam yüksək hərarət
içində olduğundan
gələ bilmədi.
Ona görə sizdən
üzr istəyir. Dedi, getsəm, məclis üzvlərinin ovqatını korlaya bilərəm. Cavanşir
baba, babam dedi ki, sağalım, onun üçün bir yubiley məclisi də mən keçirəcəyəm.
Cavanşir kişinin səbri
çatmadı. Uşaq
sözünü bitirər-bitirməz
tez soruşdu:
- Bala, sən kimin nəvəsisən?
- Savalan kişinin.
Qonaqlar dağılıb getmişdi.
Sabah kənddə hansı
söhbətlər gəzəcəkdi,
onu bir Allah bilirdi. Ancaq Cavanşir müəllimin
bu gecə də yata bilməyəcəyi
şəksiz idi.
Aləm KƏNGƏRLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 31 oktyabr, ¹40.- S.27.