Klaudia Piççinnonun həyat cığırında
şeirləri üzərinə
təhlil yazısı
Tanınmış italyan şairi Klaudia Piççinno...
Bu ad mənim üçün
yenidir. Klaudia Piççinno səksəndən
artıq beynəlxalq şeir antologiyasının
tərtibi və nəşrinə əmək
vermiş, çoxsaylı
milli və uluslararası
ədəbi mükafatların
münsiflər heyətində
İtaliyanı ləyaqətlə
təmsil etmiş olsa da, mənim üçün yeni simadır.
Çünki, nə sözügedən antologiyalarda
şeirlərim çıxıb,
nə də onun iştirak etdiyi şeir festivallarında iştirak
etmişəm. Klaudia xanımı yeni tanıdım
və çox rəğbət duydum. Necə tanıdım? Eyni Uluslararası Şeir Festivalına dəvət almışdıq
ikimiz də. Festivalda iştirak edəcək şairlərin
qrupunu yaratdıq və hər şey də ordan başladı. Sonra mənə Azərbaycan dilində çıxmış
bir kitabının
PDF-ini göndərdi.
Təəccüblənmədim, dünyaca məşhur şairdir. Kitabdakı şeirləri
oxumağa başladım.
O qədər səmimi,
içdən, şeiriyyət
dolu, kövrək, dərin anlamlı, lirik-fəlsəfi poeziya nümunələri ilə
qarşılaşdım ki. Ən əsası, bütün şeirlərdəki
lirik mənin şair Klaudianın özü olduğuna qənaət gətirdim. Şairin azad ruhu, rutinlərə qarşı dirənişi,
sevgi, özünüaxtarış
silsiləsi, melanxolik düşüncələr... və
bütün bunlarla yanaşı, mübariz bir insan obrazı
gördüm. Azad, şəffaf,
təmiz və zəngin ruhlu şeirlərin içində
tilsimlənmiş kimi
oldum.
Klaudia Piççinnonun çap
olunmuş kitabları
- "Sfinks və Pierro" ("Aletti" nəşriyyatı, 2011), "Eyforiyanın
budanması" bir neçə tranzitdə
("Rupe Mutevole" nəşriyyatı, 2012), "Tavan,
başqa yerdə qısametrajlı filmlər"
(ingiliscə nəşri
"La Lettera Scarlatta",
may, 2014; serbcə nəşri
"Tabahnha", iyul,
2014; türkcə nəşri
"Artshop", İstanbul, 2016), "Bənövşəyi hörümçək
toru" ("La Lettera
Scarlatta" nəşriyyatı,
2015), "Ata adına" (2018), "Bacararammı, Luka" (Makedoniya,
2018), "Hipotetik yanaşma"
(Fransa, 2018) və başqa əsərləri
onu Türkiyə, Serbiya, İtaliya, Belçika, Albaniya, Fransa, İngiltərə,
Makedoniya oxucularına
daha yaxından tanıtmışdır. Bir də
Azərbaycan dilində
çıxan "Səssiz
haray" (Bakı,
"Zərdabi Nəşr"
MMC, 2024, 64 səh.) kitabını
da bu siyahıya əlavə etmək istəyirəm.
Klaudia Piççinnonun bir neçə şeiri üzərinə maraqlı
poetik ekskursiya etdim. Onun poeziyasına
duyduğum marağı
təhlil yazısına
çevirməyi qərara
aldım. K.Piççinnonun
şeirlərindəki misralarda
güclü duyğular,
hisslər, ifadələr,
öz içinə dönmələr, dünya
dərki, dərd sevgisi, kədər silinmələri, sevinc gözyaşları, güclü
durmağa adətkarlıq
və tənhalıq
var. Hər şeirin duyğuları və fəlsəfəsi ayrıca
bir incəliklə və zərifliklə işlənib. Məsələn,
"Mənə aid olmayan" şeiri fərdi hisslər baxımından çox sadə və anlaşılan bir dildə yazılıb. Bu şeir aidiyyətsizlik duyğusunu və daxili axtarışı əks etdirən dərin şeirsəl-fəlsəfi
əsərdir. Lirik qəhrəman özünü
yaşadığı mühitə
yad hiss edir. Kədər,
tək qalmaq, dərin bir həsrət, ümidsiz gözləntilər şeirin
əsas duyğu mövzusudur. "Sükut
yığıb saxlayıram",
"sarılmayacaq qolları
gözləyirəm" ifadələri
poetik duyğuları gücləndirir.
Sükut
yığıb saxlayıram
Qırışıq tülü
bəzəyən
muncuqlar
kimi.
Bu misralarda sükutun yığılmaqla saxlanması,
dəyərləndirilməsi metaforik bir dillə
ifadə olunub. "Qırışıq tül"
və "muncuqlar"
isə daxili dünyada saxlanılan kövrək və qiymətli xatirələri,
ya da inciklikləri təmsil edən nəsnədir.
Gözləyirəm Noeldə belə,
mənə sarılmayacaq qolları.
Bu sətirlərdə həsrət
və ümidsiz gözləntinin şəkli
yatır. Milad kimi ənənəvi bayramlarda
belə, lirik qəhrəman məhəbbətdən,
qucaqlaşmalardan və
isti sevgidən məhrum kimi görünür. Ona sarılmayacaq
qolların çox uzaqda olduğunu demək istəyir, sanki.
"Niyə"ləri içində
uşaqlarımın
Əllərimlə açıram yolları.
Düzənlikdən o tərəfə
Dikirəm baxışlarımı,
ağır şehlə
geri dönür üstümə.
Şagirdlərinin "niyə"ləri qarşısında lirik mən ümidə doğru bir yol açmağa çalışır. Bu sətirlər,
fərdi kədərə
baxmayaraq, məsuliyyətdən
doğan fədakarlığı
əks etdirir. Şeir, lirik qəhrəmanın varoluş
böhranını əks
etdirir. Özünü
yad hissetmə, sevgiyə
olan böyük ehtiyac və bu ehtiyacın qarşılanmaması. Amma əsər
ümidsiz bir notla bitmir. Son misralarda deyir:
Atəş böcəkləri gəlir
şənlik tonqallarına,
yenidən işıqlandırır,
kolluqları canlandırır.
Təsəlli, daxili gücün
yenidən oyanması və ya təbiətdəki
sadə gözəlliklərdə
məna tapmaq cəhdini ifadə edir. Bu, aidiyyətsizlik mühitində belə yaşamağa davam etmək üçün kiçik bir səbəb axtarmaq və o səbəblə bəxtəvər olmaqdır.
Daha bir "Var olduğunu bilirəm" adlı şeir varlıq-yoxluq dilemması, qismətin qəbulu, rasional və emosional mübarizə və ümidsizliyin qaçılmazlığı
mövzularını ələ
alan lirik və fəlsəfi bir əsərdir. Şeirin əsas hədəfi olan naməlum bir varlığın (bir şəxs, bir duyğu, bir həqiqət) mövcudluğu
vurğulanır.
Bizə
deyilmədi
Nədən hər görüşün
bir səbəbi olduğu.
Bizə
deyilmədi
Nədən fırtınanın adi
gündə
bizi eyni sığınağa
qovduğu.
Misralarda
hadisələrin qaçılmaz
və gizli səbəbləri dilə
gətirilir. Şair, həyatdakı qarşılaşmaların
və çətinliklərin
(fırtınanın) nə
üçün baş
verdiyini bilmədiklərini,
lakin bu hadisələrin onları
eyni nəticəyə
(sığınağa) apardığını
qeyd edir. Bu, insanın tale qarşısında
çarəsizliyini və
ya susqunluğunu vurğulayır.
Rədd
elədim qeyri-adi hissləri,
Sorğuladım özümü,
amma sənin düşüncən
geri döndü ara-sıra.
Şair,
bu sətirlərdə
rasional düşüncə
ilə hissləri rədd etməyə çalışır. O, özünü
sorğulamaqla daxili sülhü, hüzuru tapmaq istəyir. Lakin başlıqda qeyd olunmuş "var olan"
şeyin (bu, sənin düşüncən
də ola bilər) təsiri güclüdür
və aradan bir müddət keçsə də, geri qayıdır. Bu, ağılın emosiya üzərində qələbə
çalmasının qeyri-mümkünlüyünü
göstərir.
Bilirəm ki, etik diafraqma
var,
bizi belə təcrid edir
parlaq zəka içində.
"Etik diafraqma" güclü bir metaforadır. Bu, şairi digərlərindən ayıran,
bəlkə də öz yüksək zəkası və ya mənəvi dəyərləri səbəbiylə
yaradılmış soyuq,
rasional bir sərhəddir. Şair bir zəka daxilində
tək qalır, başqaları ilə tam əlaqə qura bilmir.
Və köhnə məyusluq üçün
əzab
çəkir yenə
ruh...
Bu nazik membran üçün
Mürəkkəbimi susdurdum,
Amma zorba, yıxıcı güclə
geri qayıdır,
laqeydlikdən öncə əkilən
ümid bizi
qaranlığa sovurur.
"Köhnə məyusluq"
keçmişdə yaşayan
ümidsizliklərin təkrarlanan
ağrısını bildirir.
"Mürəkkəbimi susdurdum"
- yazmağı, söyləməyi,
danışmağı, ifadə
etməyi buraxdım -
anlamına gəlir. Şair bir həssaslıq,
nazik membran naminə özünü ifadə etməyi dayandırır. Amma bu boğulmuş hisslər və ya qayıdan
fikir "zorba, yıxıcı güclə"
geri dönür. Şeir faciəvi bir nəticə ilə bitir. Həmin "var olan " şeyə qarşı
son müqavimət olan
laqeydlik və biganəlik sınağından
əvvəlki "ümid"
adlı anlayışdan
bəhs edir. Təəssüf ki, bu ümid, şairi qurtarmaq əvəzinə onu daha da dərin
qaranlığa, mənəvi
çöküşə aparır.
Bu, ümidin, bəzən
ən böyük ağrı mənbəyi olduğunu vurğulayan acı bir finaldır.
"Mən şüşəyəm"
və ya "Mən aynayam" şeirinin mərkəzində
mən obrazı dayanır. Şüşə
və ya ayna həm şəffaflığı,
həm də kövrəkliyi ilə tanınan bir materialdır. Bu metafora, şairin açıqsözlülüyünü,
dürüstlüyünü, eyni zamanda həssaslığını
ifadə edir. Şair özünü cari şəraitdən, adiləşmiş həyatdan
və ritorik düşüncələrdən kənarda görür. Bu,
rutinə qarşı
etiraz və fərdiyyətə, özünəqapanmaya
və rasional düşünməyə canatma
hissini təcəssüm
etdirir.
Mən ehtiyatlı olmağın ötəsində,
Ötəsindəyəm sükutun,
Bütün avtomatlaşmanın ötəsində,
Bu səhnələr ötəsində
günlük iş rejimində.
Mən başqayam,
öyünənlərin
bir işi görməyi
varolma öhdəliyitək.
Şairin
daxili məni özünü ehtiyatlı,
susqun, məhdudiyyət
qoyan anlayışların
ötəsində, uzağında
görür. "Mən
başqayam" - bu cümlə fərdiyyətin
və özünəməxsusluğun
manifestidir. O, özünün
ruhən günlük
iş rejimindən kənarda olduğunu bildirir.
Oxuduğum kitablarda,
yazdığım mısralardayam.
Tələbəmin ehtiyatsız cəsarəti,
Çılğın söhbətlərindəyəm.
Mən oğluma ayırdığım
dönəmdəyəm.
Şair
bu sətirlərdə
fərqli rollardadır;
oyunların, oxuduğu
kitabların, yazdığı
misraların, tələbəsinin,
oğlunun həyatında
mövcuddur. Bu onun fəaliyyətinin müxtəlif
sahələrdəki aktiv
və düşünülmüş
iştirakını göstərir.
"Tələbəmin ehtiyatsız
cəsarəti" və
"Mən oğluma ayırdığım dönəmdəyəm"
misraları onun həyatdakı təhsil, miras və sevgi
kimi dəyərlərə
nə qədər önəm verdiyinə işarədir.
Tör-töküntüləri görməmək
üçün
başqa
yerdə olacağam,
Azadlığın həmişə rədd
edildiyi
İti bucaqlardan uzaq...
"Tör-töküntüləri görməmək üçün
başqa yerdə olacağam" - misraları
mənəvi çirklənmədən,
xaosdan və əhəmiyyətsiz şeylərdən
uzaqlaşma, təmiz və yüksək dəyərlərə sığınma
arzusunu ifadə edir. "Azadlığın
həmişə rədd
edildiyi İti bucaqlardan uzaq..." sətirləri cəmiyyətdəki
məhdudiyyətləri, sərt
qanunları və ya azadlığı boğan kənar təsirləri simvolizə
edir. Şair bu məhdudiyyətlərdən
uzaq durmağa çalışır.
Mən şüşəyəm,
sən özünü məndə
əks etdirirsən
və nə düşündüyümü
bilirsən.
"Mən şüşəyəm,
sən özünü
məndə əks etdirirsən" - şairin
şəffaflığı və dürüstlüyü
sayəsində başqalarının
da özünü onda
görə bilməsini
bəyan edir. Şairin bir ayna funksiyasını yerinə yetirməsi kimi səslənir bu şeir.
"Mən başqayam, ötədəyəm, mən
bir özgə yerdəyəm" misrasıyla
şeir başlanğıcdakı
mövqeyin təsdiqi və fərqlilik hissi ilə sona çatır.
Bu şeir, cəmiyyətdəki
qaydalara və rutinlərə qarşı
çıxan, özünü
daim axtaran və daxili mənəvi təmizliyində
qalan, buna can atan bir fərdin səsidir. Şüşə
metaforası vasitəsilə
şair həm fərdin özünün
şəffaflığını, həm də dünyanın qeyri-müəyyənlikləri
qarşısında nə
qədər həssas
olduğunu ustalıqla
çatdırır. Şeirin
ifadə tərzi lakonik, öz fikrinə köklənmiş
və daxili monoloq şəklindədir.
Klaudia Piççinnonun "Həyat
cığırında" şeiri isə olduqca güclü və simvolik məna daşıyan bir qadın obrazı yaradır. Bu lirik mən, məncə, Klaudianın özüdür. "Həyat
cığırında" şeiri, fərdi mübarizəni, dözümlülüyü
və ictimai normalara qarşı çıxan bir qadının daxili gücünü tərənnüm
edir. "Həyat cığırında, uçurumla
dar yolun arasında" sətirləri
o qadının həyatının
riskli, qeyri-müəyyənliklər
və çətinliklər
arasında keçdiyini
göstərir. Onun hər addımı bir seçim və ya məhv
olmaq təhlükəsi
altındadır. Uilyam
Şekspirin "Olum, ya ölüm" prinsipinə bənzər bir hekayə danışır bu şeir.
İz qoymadan
Atdı
addımlarını qadın.
Barmaqlarının ucunda yeridi
Səs çıxartmadan.
Bu şeirin lirik məni gizli, ehtiyatlı və görünməz mübarizə
içindədir. O, diqqəti
cəlb etmədən,
dayanmadan irəliləyir.
Bu, cəmiyyətdə qadınlara
tətbiq edilən səssizlik və məhdudiyyətlərin simvolu
ola bilər.
Kiçik burjua sıxıntısının
Panzəhəri.
Ona güc verən bir səs
Başdan
bəri üsyankar...
Bu misralar lirik mənin güc mənbəyini göstərir.
O, bu sıxıcı
və kiçik çərçivəyə salınmış
həyat tərzinə
qarşı çıxan
daxili bir səsin özüdür.
Bu səs onun şəxsiyyətinin təməlidir.
Və mövcud vəziyyətlə barışmamağın
ifadəsidir. Axına
qarşı üzənlərin
şeiridir bu şeir.
Var olduğu durumun hər sınağına qarşı
Ayinlərin səsiydi
Qulağında susmayan.
Çoxuna görə sərsəm,
Belzebut*
kimi,
Həzmi
bir az çətin.
Və qəlbini borc verəndə
Silinməyən ayaq izləri qalır
Addımlarının.
"Çoxuna görə sərsəm, Belzebut kimi" misralarıyla cəmiyyətin onun davranışlarını, yəni
səssiz üsyanını
və qeyri-adi yolunu "dəlilik" və ya hətta
"şeytani" bir
şey kimi (Belzebut şeytan) qiymətləndirir. Bu onun
cəmiyyətdə anlaşılmadığını
və kənarlaşdırıldığını
vurğulayan sətirlərdir.
"Və qəlbini borc verəndə..." lirik qadın özünə güvənib
irəliləyəndə əvvəlki
izsizlik başa çatır. Və beləcə arxasında silinməyən bir iz, miras və
ya əsər qoyur. Onun mübarizəsi
artıq gizli deyil, gələcək nəsillərə və ya cəmiyyətə bir örnək kimi qalır.
Klaudianın bütün şeirlərinin
arxasında böyük
bir daxili üsyan və çevrədəkilərə müqavimət gücü
dayanır. Onun şeirlərinin ruhunda cəmiyyətin gözləntilərinə
qarşı çıxan
və öz yolunu seçən bir qadın obrazı var. Bu obraz onun özüdür. Zərif olduğu qədər də, ehtiyatlı hərəkət
edən bir qadının böyük
daxili gücü və mənəvi aləmi açılır
oxucunun gözləri önündə. Klaudia Piççinnonun şeirləri
güclü və emosional bir qüvvəyə
sahibdir. Onu oxuyanlara sevdirən də bu xüsusiyyətlərdir
- dəmir iradə və həssas qəlb. Güclüylə
zərifin, cəsurla fədakarın sintezidir Klaudianın şeirləri.
Həyat ŞƏMİ
Ədəbiyyat qəzeti.- 2025.-
31 oktyabr, ¹40.- S.28-29.