Buker
mükafatını qazanan
ilk hindli qadın
yazıçı
Hindistan
yazıçısı Suzanna Arundhati Roy 24 noyabr 1961-ci ildə
Hindistanın Assam əyalətinin Şilonq şəhərində
dünyaya gəlib. Anası Meri Roy, Kerala ştatının
Aymanam şəhərindən olan və Yakobit Suriya məzhəbinə
mənsub malayalı xristian qadın hüquqları fəalı
idi. Atası Rajiv Roy Qərbi Benqaliyanın Kalkutta şəhərindən
olan çay plantasiyası meneceri Benqal xristianı idi.
Yazıçının 2 yaşı olanda valideynləri
boşanıb və o, anası və qardaşı ilə
Keralaya qayıdıb. Bir müddət ailə Royun ana
babası ilə Tamil Nadu ştatının Ooti şəhərində
yaşayıb. Yazıçı 5 yaşında olanda ailə
Keralaya qayıdıb və anası da orada məktəb
açıb. Elə yazıçı da anasının idarə
etdiyi məktəbdə oxuyub. 16 yaşında ailəsinin
yanından uzaqlaşaraq Yeni Dehli Planlaşdırma və
Memarlıq Məktəbində oxumağa gedib. Memarlıq təhsili
alsa da, heç vaxt memarlığı sevməyib. Orada oxuyarkən
memar Gerard da Kunya ilə tanış olub. Onlar 1978-ci ildə
ailə qurublar. 1982-ci ildə boşanmazdan əvvəl Dehlidə,
daha sonra isə Qoada yaşayıblar. Boşanandan sonra Dehliyə
qayıdan Roy Milli Şəhər İşləri
İnstitutunda işləməyə başlayıb. Daha sonra
İtaliyaya köçüb və ora getdikdən sonra
yazıçı olmağa qərar verib. Karyerasının əvvəlində
Roy televiziya və kino üzrə çalışıb.
İkinci həyat yoldaşı ilə birlikdə bir televizor
kanalı üçün Hindistanda tələbələrin həyatından
bəhs edən filmlər üçün ssenarilər
yazmağa başlayıb. Özünü həm də aktrisa
kimi sınayan yazıçı 1985-ci ildə "Massey
Sahib" filmində rol alıb. Bir neçə film ssenarisi
yazan Roy 1988-ci ildə "Annienin bunları verdiyi yer"
("İn which Annie gives it those ones") filminə görə
Milli Film Mükafatını qazanıb.
Roy ilk
romanı olan "Balaca şeylərin Tanrısı"nı
("The God of Small Things") 1992-ci ildə yazmağa
başlayıb və 1996-cı ildə tamamlayıb. Kitab
yarı-avtobioqrafikdir və əsas hissəsi Aymanamdakı
uşaqlıq təcrübələrini əks etdirir.
"Balaca şeylərin Tanrısı" Royu beynəlxalq
şöhrətə çatdırıb. Bu kitabla İngiltərədə
Buker mükafatını qazanıb və bu mükafata layiq
görülən ilk hindli qadın olub. "The New York
Times"ın ilin ən yaxşı kitablarından biri kimi
siyahıya alınıb. Kitab "The New York Times"ın
Müstəqil bədii ədəbiyyat üzrə ən
çox satılanlar siyahısında dördüncü yerə
yüksəlib. Kitab əvvəldən kommersiya
baxımından da uğurlu oldu: Roy yarım milyon funt sterlinq məbləğində
nəşr avansı alıb. Kitab may ayında nəşr
olunub və iyun ayının sonuna qədər 18 ölkədə
satışa çıxıb.
Siyasi
mövzuda da əsərlər yazır. "Küçədəki
insanın imperatorluq bələdçisi", "Ya çək
dəftərini, ya da Kruz raketini" adlı kitabları siyasi
mövzudadır. Roy 2002-ci ildə Lanan Mədəni Azadlıq
mükafatı, 2004-cü ildə Sidney Sülh
mükafatını qazanıb.
Yazıçının
2020-ci ildə verdiyi müsahibədən hissələr təqdim
edirik.
-
Hazırda ABŞ-da hindlilər mitinqlər keçirirlər.
Hindistanda ABŞ-dakı hərəkatı necə dəstəkləyirik
və Hindistanda etiraz edənlərə həmrəy olmaq istəyənlər
nə etməlidirlər?
- Bu hərəkatı
dəstəkləməyin ən yaxşı yolu əvvəlcə
onun mənşəyini anlamaqdır, məncə. Yəni,
köləliyin, irqçiliyin və vətəndaş
hüquqları hərəkatının tarixini,
uğurları və məğlubiyyətlərini
anlamaqdır. Şimali Amerikada afroamerikalıların
"demokratiya" çərçivəsində necə
hüquqlarından məhrum edildiyini, həbs edildiyini və
zorakılığa məruz qaldığını,
bütün bu zülümlərin bütün incəliklərini
anlamalıyıq. Mədəniyyətlər və kütlələr
arasında bu kütləvi qəzəb hərəkatını
yalnız öz dəyərlərimizə və hərəkətlərimizə
müəyyən dərəcədə dürüst
yanaşsaq, dəstəkləyə bilərik. Çünki
biz də hər hansı qardaşlıq, həmrəylik
hissindən məhrum cəmiyyətdə
yaşayırıq...
-
ABŞ-dakı Ku Klux Klanın və Hindistandakı hindu
kastası arasında hər hansı oxşarlıq
görürsünüz?
- Əlbəttə
ki, oxşarlıqlar var. Fərq ondadır ki, Amerikadakılar
cinayətlərini həyata keçirərkən bir az fərqli
səhnə qururlar. Bugünkü Milli Könüllü Təşkilatı
kimi Klan da bir vaxtlar ABŞ-ın ən nüfuzlu təşkilatlarından
biri idi. Onun üzvləri polis və məhkəmə sistemi də
daxil olmaqla, bütün dövlət qurumlarına
sızmışdılar. Klanın qətlləri sadəcə
qətllər deyildi, onlar terroru yaymaq və kimlərəsə
dərslər vermək məqsədi daşıyan ritual
tamaşalar idi. Bu, KKK tərəfindən qaradərililərin
linç edilməsinə, eləcə də hindu faşistləri
tərəfindən müsəlmanların və Dalitlərin
linç edilməsinə aiddir. Bu gün həm ağdərililərin,
həm də hinduların ali hakimiyyətinin yüksək vəzifələrdə
çalışan tərəfdarları (nəzakətlə
desək) var.
-
Hindistanlılar (Amerikadakı) qaradərililərə necə
baxırlar və biz hindlilər hansı stereotiplərə
sahibik?
-
Açıqdərililərə olan münasibətə
baxın, bəsdir. Məncə, bizdəki ən iyrənc
şey budur. Bollivud filmlərinə baxsanız, Hindistanın
ağdərililər ölkəsi olduğunu düşünərsiniz.
Hindistanın qaradərililərə qarşı irqçiliyi
ağdərililərdən daha pisdir. 2014-cü ildə Aam
Aadmi partiyasının Dehli seçkilərində
böyük fərqlə qələbə qazanmasından sonra
Ədliyyə naziri Somnat Bharti konqolu və uqandalı bir qrup
qadına qarşı gecə yarısı basqın təşkil
etməyi əmr edib. Bu qadınlar "əxlaqsız və
qanunsuz fəaliyyətlərinə" görə fiziki
hücuma məruz qalıb, təhqir olunub. 2017-ci ildə
narkotik satışı ilə ittiham edilən bir qrup
afrikalı tələbə Böyük Noida bölgəsində
irqçi kütlə tərəfindən hücuma məruz
qalaraq döyülüb. Hindistanda irqçilik müxtəlif
sferalarda çox geniş yayılıb.
- Niyə
qaradərililər hindlilərin təxəyyülündə,
dolayısı ilə media və əyləncə sənayesində
narkotik satıcıları, vəhşi və adamyeyən kimi
daim stereotipləşdirilirlər?
-
Çünki biz irqçi mədəniyyətik. Keçən
il "İbrahimin uşaqları" ("Abrahaminde
Santhathikal") adlı bir filmə (malayalam dilində)
baxdım. Bütün axmaq, cinayətkar, pis adamların
hamısı afrikalı qaradərililərdi və malayalı
icmasının içindən çıxan bir superqəhrəman
tərəfindən məhv edilirdilər. Hadisənin baş
verdiyi Keralada Afrika icması yoxdur, ümumiyyətlə, amma
rejissor bu irqçiliyi yarada bilsin deyə, onları ssenariyə
daxil edib! Bu, dövlət vəhşiliyi deyil. Bunu edən cəmiyyətdir;
insanlar, rəssamlar, rejissorlar, aktyorlar,
yazıçılardır. Şimali hindlilər tərəfindən
dərilərinin qaralığına görə lağa
qoyulan cənubi hindlilər eyni səbəbdən
afrikalılara nifrət edirlər. Bu, sanki dibsiz bir çuxura
düşmək kimidir.
-
ABŞ-dakı etirazlar zamanı Qandi heykəli də vandalizmlə
üzləşib. Sizcə, buna səbəb nə ola bilər?
- Bunu bilmək
çətindir. Aldığımız yeni məlumata görə,
heykəl zərər görüb, üzərinə qraffiti ilə
nələrsə yazılıb. Lakin fotolarda onun
örtüldüyü görünür, ona görə
üzərinə nə yazıldığı
görünmür. Bu, Qanada və başqa ölkələrdə
olduğu kimi, Qandinin Cənubi Afrikada keçirdiyi müddətdə
qara afrikalılara qarşı etdiyi irqçi
çıxışlar və Hindistandakı kasta sisteminə
dair mövqeyi ilə tanış olan insanlar tərəfindən
heykəllərinin vandalizmə məruz qalmasının bir
nümunəsidirmi? Yoxsa, Hindistan baş nazirinə və onun
Trampa qarşı olan sevgi dolu münasibətinə
qarşı ikrahlarını bildirmək istəyən insanlar
tərəfindən edilib? Bir çox etirazçının
zorakı olmayan vətəndaş itaətsizliyi
taktikalarında ilham mənbəyi, müəllim və mentor
olaraq gördüyünə dair tvitlər atdığı
doğrudur. Nəticə etibarilə, Qandi bu küçələrdə
daim müxtəlif formalarda mövcuddur.
- Ümumiyyətlə,
Hindistan hökuməti niyə Qandi heykəllərinin
ucaldılmasına dəstək olur?
-
Pis-yaxşı, Qandi Hindistanın dünyaya ixrac etdiyi ən böyük
məhsuldur. Onun zorakılıqdan imtina mesajları həmişə
Hindistan hökumətinin, demək olar ki, ölkənin hər
yerində ifrat zorakılığa və militarizmə əl
atmaq qabiliyyəti ilə çox yaxşı
uyğunlaşıb. Onlar üçün Qandi bir vasitədir,
bir pərdədir. Bəlkə də gözyaşardıcı
qazdır. Hətta sosial və intellektual baxımdan
özünü Qandiçi adlandırmaq belə, dominant
kastların kastanı qəbul etməsi və tətbiq etməsi
ilə ziddiyyət təşkil etmir. Bildiyimiz kimi, bu sistem
yalnız qanun pozucularına qarşı daimi zorakılıq -
dəhşətli fiziki zorakılıq - təhdid edən bir
mühitdə mövcud olmağa davam edə bilər. Bu
ikiüzlülük diqqətdən kənarda qalır.
- Sizcə, Hindistanda "Covid-19" ilə
mübarizə üçün karantin və digər fövqəladə
tədbirlər məqsədəuyğun idimi?
-
Hindistanda "Covid-19"-a ilk yoluxma halı yanvarın 30-da
qeydə alınıb. ÜST martın 11-də bunu pandemiya
elan etdikdən sonra belə, Səhiyyə naziri
sağlamlıqla bağlı heç bir xüsusi, fövqəladə
halın olmadığını elan etdi. Beynəlxalq hava
limanlarını bağlamalı və xaricdən gələn
sərnişinləri karantinə almalı idilər, amma etmədilər.
Yəqin ki, Trampın o vaxt, fevralın son həftəsi gələcəyi
üçün etməmişdilər onu. Minlərlə insan
"Namaste Tramp" tədbirində iştirak etmək
üçün ABŞ-dan Mumbay və Əhmədabada
uçdu, yüz minlərlə insan isə ölkə daxilindən
qatıldı. İndi görürük ki, koronavirus ən
çox bu iki şəhərdə yayılıb. Bu, təsadüf
ola bilərmi? Hökumət bu tədbiri yüksək vəzifələrdə
oturanlardan başlamaq yerinə, gözləməyi seçdi.
Bunun cəzasını işçi sinif çəkdi. Bu tam
planlaşdırma çatışmazlığı
insanlığa qarşı cinayətə gətirib
çıxardı. Hindistanda yalnız elita fiziki məsafəni
saxlaya bilirdi. Kasıblar fiziki olaraq
sıxışdırılmış vəziyyətdə idilər.
Gecəqondularda, kiçik evlərdə, avtobuslarda,
qatarlarda... Minlərlə insan karantin düşərgələrində
zorla saxlanıldıqdan sonra sərbəst buraxıldı və
onlar evə qayıdarkən avtobuslara, qatarlara minərək
virusu özləri ilə bir yerdə ora-bura apardılar.
Bütün bunlar seçkilərdə qalib gəlmək
üçün hiyləgərlik edən Baş nazirin idarə
etdiyi ölkə haqqında heç bir fikri
olmadığını göstərdi. Ekspert məsləhəti
almaq üçün heç bir cəhd olmayıb bu müddət
ərzində - Əsl fəxr ediləsi hadisədir! 1.38
milyard insan dörd saatlıq xəbərdarlıqdan əvvəl
xəbər verilərək karantinə salındı. Karantin
boyu yoluxma hallarının sayı xeyli artdı. Rəqəmlər
yüksəlməyə davam edib pik həddə çatanda -
200000-dən çox adam yoluxmuşdu - və iqtisadiyyat tamamilə
çökdükdən sonra karantinə son qoyuldu. Xoşbəxtlikdən xəstələrin
böyük əksəriyyəti simptomsuzdur və ölüm
sayı ABŞ və Avropa ölkələrindəkindən
xeyli aşağıdır - əlbəttə ki, rəqəmlərə
etibar edə bilsək. Gəl ki, milyonlarla insan işsizdir.
Aclıq hər yerdədir. İnsanların geri
qayıtdığı o qəsəbələrdə nə
baş verir? Kasteizm, feodalizm, seksizm... qorxu, ümidsizlik və
tələbat dövründə insanlar bütün bunları
necə idarə edəcəklər? Lakin Modi (Narendra Modi -
Hindistanın baş naziri) hələ də yüz milyonlarla
dolları qırıcı təyyarələr almaq və
Dehlinin mərkəzi yerlərini yenidən dizayn etmək
üçün xərcləmək istəyir. Yeri gəlmişkən,
o, fəlakətlərin idarə olunmasını karantin qərarı
verərkən heç vaxt məsləhətləşmədiyi
əyalətlərin idarəçilərinə həvalə
edəcək, lakin bütün hallarda xaosa görə məsuliyyəti
özü daşıyacaq.
P.S. Müsahibənin orijinal
variantı 8 iyun 2020-ci ildə "Dalit Camera" kanalında
yayımlanıb, bizim tərcümə edib təqdim etdiyimiz
variant müsahibənin "Montly Review" jurnalında
yayımlanan (13 iyun 2020) qısaldılmış
variantıdır.
Tərcümə
etdi: Nilufər Hacılı
Ədəbiyyat
qəzeti.- 2025.- 31 oktyabr, №40.- S.31.